Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1699/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin olunması tələbi barədə inzibati mübahisəyə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 17.09.2018-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (cavabdeh idarənin indiki adı) tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi üzrə Bakı İnzibati Kollegiyasının 2-1(103)-3234/18 saylı, 04.03.2021-cı il tarixli qərardadından cavabdeh (Filial) tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2-1(81)-3234/2018 №-li qərarı ilə iddia təmin edərək İddiaçı 01.01.1984-cü ildən 31.07.1988-ci ilə qədər işlədiyi dövrü ümumi iş stajına, 01.02.1989-cu ildən 30.12.2004-cü ilədək, 31.03.2005-ci ildən 29.12.2005-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilmiş və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 13.12.2018-ci il tarixli, 2-1(103)-2711/2018 №-li qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır . Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.05.2019-cu il tarixli, 2-1(102)- 1278/2019 №-li qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 13.12.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2018-ci il tarixli qərarı qanuni qüvvəsini almış və 16.07.2019-cu il tarixdə icra edilməsi üçün həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə göndərilmişdir. Lakin cavabdeh 27.01.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2-1(81)-3234/2018 №-li qərarının ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh yeni açılmış hallarla bağlı ərizəsində “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinin tələblərini göstərməklə aşağıdakıları qeyd etmişdir: «…İddiaçı pensiya işinə əlavə olunmuş əmək kitabçasına əsasən iddiaçı 1984-1988ci illərdə İlisu kənd “Kirov” adına kolxozda 01.02.1989-cu ildən 20.06.1990-cı ilə qədər “Ulduz” İstehsalat birliyinin 12 N-li sexində plasmas məhsullarının emalı və preslənməsi işində fəhlə köməkçisi, 20.06.1990-cı ildən 01.03.1994-cü ilə qədər həmin sexdə plasmas məhsullarının emalı və preslənməsi işinə 1-ci dərəcəli fəhlə, 01.03.1994-cü ildən 30.12.2004-cü ilə qədər 2-ci dərəcəli fəhlə vəzifəsində, 31.03.2005-ci ildən 29.12.2005-ci ilə qədər 05.01.2006-cı ildən 29.12.2010-cu ilə qədər və 01.03.2011-ci ilə qədər “xxxx” ASC-də sarıma boyama sexində quruducu vəzifəsində çalışmışdır. Belə ki, iddiaçıya iş yerindən onun ağır və zərərli işlərdə işləməsini təsdiq edən müvafiq izahlı arayış verilməmiş, məhkəmə proseslərində həmin arayış tələb edilməmiş, məhkəmə qərarları qəbul edilərkən iddiaçının ağır və zərərli işlərdə işləməsi, peşəsi barədə tədqiqat aparılmamış, Azərbaycan Respublikası Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiqlənmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li Siyahısı”na, habelə “Əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li Siyahısı”na, habelə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğunluğu ümumiyyətlə araşdırılmamışdır. Daha sonra Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü maddəsinə istinad olunarəq ərizənin təmin olunması xahiş olunur. Bakı İnzibati Kollegiyasının 2-1(103)-3234/18 saylı, 04.03.2021-cı il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə qərardadın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir (Daha sonra yeni açılmış hallarla bağlı ərizədə göstərilənlərə istinad olunur və şikayətin təmin olunması məhkəmədən xahiş edilir). Məhkəmə kolegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı 3 ilə yaxın onun işinin uzadıldığını və məhkəmə qərarının icra edilmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qeyd olunan prosessual hüquq norimasının mənasından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən o halda təzələnə bilər ki, birincisi, sonradan yeni sübutlar və ya hallar aşkarlansın; 2-si isə həmin sübutlar və ya hallar ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilməsin. Başqa sözlə, qanunun imperativ tələbinə görə yeni açılmış hallar, yalnız və yalnız işdə mövcud olmayan, sonradan aşkar edilən sübutlarla və hallarla əhatə oluna bilər. İş üzrə cavabdeh inzibati orqanın yeni açılmış hallarla bağlı ərizəsində istinad etdiyi yeni açılmış hallar aşağıdakılardan ibarətdir: - əmək kitabçasına əsasən iddiaçı 1984 - 2011-ci illərdə müxtəlif vəzifələrdə çalışmış, lakin iş yerindən onun ağır və zərərli işlərdə işləməsini təsdiq edən müvafiq izahlı arayış verilməmiş, məhkəmə proseslərində həmin arayış tələb edilməmiş, məhkəmə qərarları qəbul edilərkən, iddiaçının ağır və zərərli işlərdə işləməsi, peşəsi barədə tədqiqat aparılmamış; - iddiaçının həmin illərdə çalışdığı v peşə və vəzifələrin Azərbayjan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il 320 saylı və 23.01.2007-ci il tarixli 12 saylı Qərarları ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğunluğu məhkəmələr tərəfindən yoxlanılmamışdır. Lakin iş üzrə qəbul olunmuş məhkəmə qərarlarından və cavabdehin həmin məhkəmə qərarlarından verdiyi şikayətlərində ifadə olunan etiraz və dəlillərindən görünür ki, onun istinad etdiyi əmək kitabçası və həmin əmək kitabçasının qeydləri üzrə müəyyən olunan hallar (iş stajı) məhkəmə araşdırmalarının predmetini təşkil etmiş, həmin hallara hüquqi qiymət verilərək, cavabdehin bu sarıdan olan etiraz və dəlilləri əsassız hesab edilmişdir. Beləliklə də, əslində, cavabdeh yeni açılmış hallarla bağlı ərizəsində dolayısı ilə, qanuni qüvvəsini almış məhkəmə qərarlarının qanunsuz və əsassız olduğunu mübahisələndirdiyi aydın görünür. Belə olan halda, ərizəçinin istinad etdiyi sübutların və halların yeni açılmış hallar kimi qiymətlənlirilməsi istisna edilir. Başqa sözlə, İPM-in 100-cü maddəsində nəzərdə tutulan əsasları özündə əks etdirən halların mövcudluğu ərizəçi tərəfindən sübuta yetirilmir. İPM-in 106.2-ci maddəsinin məzmunundan da aydın görünür ki, icraatın təzələnməsi haqqında məhkəmə o zaman qərardad qəbul edir ki, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilsin. İddiaçının ərizəsində isə göstərilənlər belə hallara yozula bilməz. Belə olan halda, İPM-in 106.3-cü maddəsinin tələbinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiysı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin rədd olunması qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayətinin məhkəmə tərəfindən qərardad qəbul olunarkən, maddi və prosessual hüquq normalarının pozulduğuna istinad olunan dəilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Kollegiyasının 2-1(103)-3234/18 saylı, 04.03.2021-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Kollegiyasının 2-1(103)-3234/18 saylı, 04.03.2021-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1699/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1699/2021
21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver