Məhkəmə qərarları › İş №2-1(103)-1699/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1699/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1699/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “yazılı müraciətin araşdırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5042/2022 saylı, 02 mart 2022- ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27.11.2021-ci il tarixli yazılı müraciətinin araşdırılması öhdəliyinin cavabdeh rqanın üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublika Ali Məhkəməsi İnzibati-İqtisad Kollegiyasının 05 dekabr 2017-ci il tarixli qərardadı ilə uzun müddət ərzində çalışdıgı Naxçıvan Dövlət Universiteti Elmi Şurasının barəsində olan 03 mart 2015-ci il tarixli qərarının ona təqdim olunması qərara alınmışdır. 27 dekabr 2017-ci il tarixdə isə qərardad rəsmi qaydada tərəflərə göndərilmişdir. Dövlətin adından çıxarılan və icrası məcburi olan məhkəmə qərarına heç bir məhəl qoymayan və onu lazımsız kağız parçası adlandıran qarşı tərəf müxtəlif bəhanə və vasitələrlə barəsindəki sözügedən qərarı bu günə kimi ona təqdim etməkdən qərəzli məqsədlə yayınır. Bununla bağlı uzun müddətdir şikayətlər edir. Son olaraq 27 noyabr 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Naziri, Məhkəmə Hüquq Şurasının Sədri F.Məmmədov cənablarına müraciət etmişdir. Həmin orqan tərərfindən ona verilən 03 dekabr 2021-ci il tarixli müvafıq cavabdan bəlli olur ki, cavabdeh tərəf əvvəlki ənənəsinə bir daha sadiq qalaraq yenə də müraciətini baxılmaq üçün qanunsuz hərəkətlərindən şikayət etdiyi orqana göndərmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia tələbinin “məhkəmədən xahiş edirəm” hissəsi üzrə göstərmiş olduğu “27 noyabr 2021-ci il tarixli yazılı müraciətinin araşdırılması öhdəliyi” sözünün “Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisad Kollegiyasının 05.12.2017-ci il tarixli qərardadının icraya yönəldilməsinin təmin olunması öhdəliyinin” sözü kimi qəbul edilməsini xahiş etmiş və məhkəmənin 24 fevral 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5042/2022 saylı, 02 mart 2022- ci il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, iddia tələbini qeyri-mümkün hesab edən birinci instansiya məhkəməsi yanlış mövqe nümayiş etdirərək “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” AR Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenum Qərarına istinad etmişdir. İddiaçı hesab etmişdir ki, birinci instansiya məhkəməsi qismində əvvəllər işə baxmış Naxçıvan MR İnzibati-İqtisati Məhkəməsi çoxsaylı müraciətlərinə baxmayaraq AR Ali Məhkəməsinin Qərarını icra etməkdən yayınmış və o, məcbur qalaraq məhkəmələrdə İcra intizamına nəzarət edən yuxarı orqana müraciət etmişdir. Həmin orqan isə şikayətlərini baxılması üçün yenə də birinci instansiya məhkəməsinə göndərmişdir. Odur ki, qərardad əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd edilmişdir ki, “İddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdeh qismində göstərilmiş inzibati orqan hər hansı cavabdehlik daşımadığından, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1986/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-1(087)- 90/2017 nömrəli, 20 iyun 2017-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Dövlət Universitetinə qarşı qərarın təqdim olunması öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(108)- 17/2017 nömrəli, 15 avqust 2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Naxçıvan Muxtar Respublikası İnzibati- İqtisadi Məhkəməsinin 2-1(087)- 90/2017 nömrəli, 20 iyun 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)- 1986/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(108)-17/2017 nömrəli, 15 avqust 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 03 mart 2015-ci il tarixli qərarının İddiaçı təqdim edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi İcra və probasiya şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 16.07.2021-ci il tarixli, 710 №-li məktubdan görünür ki, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş 03 iyun 2021-ci il tarixli müraciətinə cavab olaraq bildirilir ki, ərizəsində göstərdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2017-ci il tarixli, 2-1(102)-1986/2017 saylı qərardadı ilə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının barəsində olan 03 mart 2015-ci il tarixli qərarının ona təqdim olunmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin icra və probasiya şöbə və bölmələrinin icraatına heç bir icra sənədi daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir. Göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı məsələlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1986/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qərarına əsasən Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 03 mart 2015-ci il tarixli qərarı İddiaçı təqdim edilməlidir. İddiaçı həmin məhkəmə qərardadının icra edilməməsi ilə bağlı cavabdeh orqana müraciətlər etmişdir və onun hazırki iddia tələbi qeyd olunan məhkəmə qərardadının icraya yönəldilməsinin cavabdeh tərəfindən təmin edilməsindən ibarətdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdeh qismində qeyd edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cavabdehlik daşımadığından qeyd edilən əsaslardan çıxış edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5042/2022 saylı, 02 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar