Məhkəmə qərarları › İş №2-1(103)-17/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-17/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-17/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-832/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1500 kv.m torpaq sahəsini mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 130 saylı qərarı ilə Goradil bağ massivində yerləşən 1500 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə tərəfindən tərtib və təsdiq edilmişdir. Lazımı sənədləri toplayıb qanuni istifadəsində olan 1500 kv.m. torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə xx.xx.2022- ci il tarixdə ********** saylı ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli **********05 saylı cavab məktubu ilə imtina etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyə əsasən iddiaçıya məxsus torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 130 saylı qərar ilə Goradil bağ massivi ərazisində 1500 kv.m. torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərək, həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir, vaxtı-vaxtında bələdiyyə vergilərini ödəyir. Lakin mülkiyyət hüquqları qeydə alınmadığından əmlakı üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən qanuni istifadəsində olan torpağın hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı cavabdehin imtina məktubunu əsassız və qanunsuz hesab edir və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. Həmçinin iddiaçıya torpaq sahəsi qanunvericlikdə nəzərdə tutulduğundan artıq ayrılmışdır. Bundan başqa, İdarənin mütəxəssislərinə iddia olunan torpaq sahəsinə yerli baxış keçirilməsinə şərait yaradılmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-832/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən sahəsi 1500 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 130 nömrəli xx.xx.2007-ci il tarixli qərarına əsasən Binəqədi rayonu Goradil bağ massivində Bələdiyyənin ehtiyyat torpaq fondundan 1500 kv.m. torpaq sahəsi vət. İddiaçı mülkiyyətinə ayrılmışdır. - Binəqədi rayon Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında 16 nömrəli 02 may 2007-ci il tarixli müqaviləyə əsasən satan Binəqədi rayon Binəqədi Bələdiyyəsi mülkiyyətindəki torpaq sahəsini, Goradil bağ massivində 1500 kv.m olan torpaq sahəsini ümumi iclasının 12 mart 2007-cı il tarixli qərarına əsasən fərdi bağ evi üçün alıcı İddiaçı təklif edir, alıcı fərdi bağ evi üçün təklif edilən sahəni qəbul edir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 130 nömrəli xx.xx.2007-ci il tarixli qərarı əsasında İddiaçı fərdi bağ evi tikdirmək üçün Binəqədi rayon Binəqədi Bələdiyyəsinin mülkiyyətində olmuş 1500 kv.m ölçüdə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən torpaq sahəsi ayrılmış, həmin qərar əsasında tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçıya ayrılmış 1500 kv.m ölçüdə torpaq sahəsinə dair bələdiyyə tərəfindən situasiya planı tərtib edilmişdir. Yəni iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcuddur ” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. ... «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyrihökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 130 nömrəli xx.xx.2007-ci il tarixli qərarı ilə fərdi bağ evi tikdirmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1500 kv.m ölçüdə torpaq sahəsi ayrılmış, həmin qərar əsasında tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmışdır.İddiaçı göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə cavabdehin əsas dəlilləri kimi - təqdim olunan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmaması, iddiaçıya torpaq sahəsi qanunvericlikdə nəzərdə tutulduğundan artıq ayrılması və İdarənin mütəxəssislərinə iddia olunan torpaq sahəsinə yerli baxış keçirilməsinə şərait yaradılmaması göstərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı işin obyektiv, tam və hərtərəfli həlli məqsədi ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 130 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı mülkiyyətinə verilmiş Goradil bağ massivində yerləşən 1500 kv.m. torpaq sahəsi (naturada yerləşmə mövqelərinə əsasən koordinatları müəyyən olunaraq) bələdiyyəyə ayrılmış ərazinin hüdudları daxilində yerləşmişdirmi?

2. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 130 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı mülkiyyətinə verilmiş Goradil bağ massivində yerləşən 1500 kv.m. torpaq sahəsinin (naturada yerləşmə mövqelərinə əsasən koordinatları müəyyən olunaraq) faktiki yerləşmə ölçülərinə uyğun olaraq sahəsi nə qədərdir?

3. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 130 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı mülkiyyətinə verilmiş Goradil bağ massivində yerləşən 1500 kv.m. torpaq sahəsi (naturada yerləşmə mövqelərinə əsasən koordinatları müəyyən olunaraq) digər şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşürmü?” İnzibati iş xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ekspert vəsatətdə tədqiqat obyektinə yerli baxışın xx.xx.2024-cü il tarixə saat 16:00-a təyin olunması və müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması xahiş edilmiş, bununla əlaqədar olaraq məhkəmə tərəfindən iddiaçıya, onun nümayəndəsi və vəkili Vəkil1 və cavabdehə məktub ünvanlanmışdır. Lakin, inzibati iş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “təyin edilmiş tədqiqat obyektinə yerli baxış keçirilməsinin mümkün olmaması” səbəbindən ekspertizanın keçirilməsindən imtina edilərək, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda tədqiqat obyektinə texniki baxış keçirilmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə inzibati iş məhkəmə tərəfindən ekspertizanın keçirilməsi məqsədi ilə təkrarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ekspert vəsatətdə tədqiqat obyektinə yerli baxışın xx.xx.2024-cü il tarixə saat 14:00-a təyin olunması və müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması xahiş edilmiş, bununla əlaqədar olaraq məhkəmə tərəfindən iddiaçıya, onun nümayəndəsi və vəkili Vəkil1 və cavabdehə məktub ünvanlanmışdır. Lakin eyni əsasla Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın keçirilməsindən imtina edilərək, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Eyni zamanda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda telefon nömrəsi ilə əlaqə saxlamamaq mümkün olmadığından tədqiqat obyektinə texniki baxış keçirilmək və inventarlaşdırma işlərinin aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin obyektiv həlli məqsədi ilə əhəmiyyət kəsb edən ekspert rəyinin təqdim edilməsi iddiaçı tərəfin hərəkətsizliyi səbəbindən mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, inzibati iş Məhkəmə Ekspertiza Mərkəzindən qayıtdıqdan sonra şifahi məhkəmə baxışı xx.xx.2024-cü il tarixə saat 09:35-ə təyin edilmişdir. Lakin iddiaçı və onun nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclaslarında olduğu kimi (xx.xx.2023-cü il, xx.xx.2023-cü il , xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli) məhkəmə iclasında iştirak etmədiyindən iclas növbəti tarixə təxirə salınmışdır. Yalnız xx.xx.2024-cü il tarixdə iddiaçı nümayəndə və vəkili kimi Vəkil2 iştirakını təmin etmişdir. Bundan sonra məhkəmə tərəfindən cavabdehin mütəxəssislərinin iştirakı ilə tədqiqat obyektinə yerində baxış keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmiş və xx.xx.2025-ci il tarixli, 3- 21-3-30/2-6501/2025 saylı mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyində göstərilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi dörd tərəfdən mişar daş hasarla sərhədlənmişdir. Sahə üzərində iki tərəfdən yer səthi səviyyəsində tikilinin çöl divarları təməli (beton bünövrə) qoyulmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyətindədir. Bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Qonşu və ətraf sahələr bağ sənədləri ilə qeydiyyata alınmışdır. Həmçinin təqdim edilmiş cizgidə dəqiq istinad və istinad məsafələri qeyd edilməmişdir. Eyni zamanda perimetrik ölçülərdə fərqlər mövcuddur.” Məhkəmə kollegiyası qeyd edir ki, işin tədqiq olunan sübutlarla müəyyən olunan hallarından da göründüyü kimi mübahisənin həlli ilə bağlı məhkəmə tərəfindən təyin olunmuş məhkəmə mühəndis texniki ekspertizasının aparılması üçün qəbul olunmuş qərardadın icrası, iddiaçının (nümayəndəsinin) bu istiqamətdə müvafiq maraq və səy nümayiş etdirmədiyi üzündən, mümkünsüz olmuşdur. Lakin buna baxmayaraq, iş üzrə müvafiq mütəxəssis rəyi əldə olunmuşdur ki, kollegiya bu qəbildən olan işlər üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəylərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən həyata keçirilən baxış, sərhəd ölçmələri, qiymətləndirmə və digər hərəkətləri nəticəsində hazırlanmış mütəxəssis rəylərində olan məlumatlar əsasında tərtib olunmasını vurğulayır. Qeyd edilməlidir ki, təqdim edilmiş mütəxəssis rəyində hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində olması və qonşu və ətraf sahələr bağ sənədləri ilə qeydiyyata alındığını göstərilmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq, mübahisəli bağ sahəsinə qonşu və ətraf sahələrin bağ sənədləri ilə qeydiyyata alınması barədə hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmiş, sorğuya cavab olaraq iddia edilən torpaq sahəsinin ətrafında və qonşuluğunda yerləşən **********24-11301 və **********41-11301 reyestr nömrəli torpaq sahələrinin qeydiyyata alınmasına əsas olmuş müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş RX seriyalı, ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 2007g saylı 0.0898 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 mülkiyyətində olmuş, daha sonra xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 mülkiyyətinə verilmişdir. Hüquqların ilkin dövlət qeydiyyatına alınması üçün əsas kimi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 №li sərəncamı əlavə edilmişdir. Həmçinin təqdim edilmiş digər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1705Ğ saylı 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X6 məxsus olmuş, daha sonra xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Feng Xin (Çin Xalq Respublikası) mülkiyyətinə verilmişdir. Hüquqların ilkin dövlət qeydiyyatına alınması üçün əsas kimi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2007ci il tarixli 143 №-li sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Başçısı X1 İnkişafı və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli 40166 №-li bağın istifadəyə verilməsi haqqında müqavilə göstərilmişdir. Beləliklə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən hazırkı iş üzrə mübahisəli bağ sahəsinin qonşuluğunda olan bağ sahələrinin dövlət mülkiyyətində olduğu və İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə vətəndaşlara ayrıldığı müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, dövlət mülkiyyətində olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı bələdiyyə qərarına istinad edilməsi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; ... 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi bələdiyyə qərarı səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən etibarsız inzibati akt olmaqla, həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. Qeyd olunanlar nəzərə alınmaqla, qanunvericiliyin tələbləri araşdırıldıqda müəyyən olunur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlıdır. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsi isə onu nəzərdə tutur ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Yuxarıda qeyd edlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka dair hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğundan və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edilmədiyindən, iddiaçının sözügedən daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 832/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-832/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı « Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1500 kv.m torpaq sahəsini mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi » tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar