Məhkəmə qərarları › İş №2-1(103)-170/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-170/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-170/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “cavabdeh tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin- zirzəminin dəyişdirilərək yaşayış üçün yararlı olan mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “cavabdeh tərəfindən verilmiş zirzəminin dəyişdirilərək yaşayış üçün yararlı olan mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-166/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2 otaqlı mənzillə təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürcaiət edərək, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin- zirzəminin dəyişdirilərək yaşayış üçün yararlı olan mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdə ailə üzvləri ilə birlikdə Laçın rayonundan məcburi köçkün düşərək əvvəlcə Sumqayt şəhərində, sonradan Saatlı şəhərində, yenidən Sumqayt şəhərində, daha sonra isə 2003-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən təcili yardımın 9 mərtəbəli yarımçıq binasında 7-ci mərtəbədə 2 otaqlı mənzili təmir edərək təkbaşına məskunlaşmışdır. 2011-ci ildə isə bacısı X6 və anası X2 həmin binada 8-ci mərtəbədə 1 otaqlı mənzili zəbt edərək yaşamağa başlamışlar. 2012-ci ildə həmin binada yanğın baş vermiş, onun təmir etdiyi 2 otaqlı və bacısının məskunlaşdığı 1 otaq tamamilə yanaraq yararsız hala düşmüşdür. Bundan sonra onlar məcburi köçkün olduqları üçün və təsərrüfatları ayrı olduğu üçün cavabdeh orqan tərəfindən ayrı-ayrılıqda ev növbəsinə alınmış, 2012-ci ildə onlara evlər paylanmışdır. Lakin bacısının adı texniki səhv nəticəsində Şəfiqə kimi yazıldığı üçün ona ev verilməmişdir. Təsərrüfatları ayrı olsa da, onlar üç nəfər olmaqla eyni yerə, yəni ünvan 3, mənzil 10 a ünvanında qeyri-yaşayış sahəsinə, zirzəmiyə yerləşdirmişlər. O, dəfələrlə cavabdehə öz etirazını bildirsə də heç bir nəticəsi olmamışdır. Laçın rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 04 saylı xx.xx.2007-ci il tarixli iclas protokolundan çıxarışda da bu öz təsdiqini tapmış və onun təsərrüfatı çıxarışa əsasən ayrılmışdır. Onlar ayrı-ayrı ailələr olsalar da, iki otaqlı qeyri-yaşayış sahəsinə köçürmüş və hal-hazırda birlikdə yaşayırlar. Dəfələrlə ailə daxili mübahisələr olmuş, bununla əlaqədar DİN-nin 102 məlumat mərkəzinə şikayətlər olmuşdur. Bacısının və anasının mənzildən çıxarılmaları barədə Abşeron rayon Məhkəməsində iddia qaldırsa da, iddia təmin olunmamış, apellyasiya və Ali Məhkəmə qətnaməni dəyişdirmədən qüvvədə saxlamışdır. Yaşadığı qeyri-yaşayış sahəsinin mətbəxində qaz xətti yoxdur. Qaz xətti otaqda təhlükəli yerdə quraşdırılmışdır. Hər an təhlükə baş verə bilər. Qeyri-yaşayış sahəsinin hətta havalandırması yoxdur. Ümumiyyətlə binanın layihəsində onların sığındığı yer otaq kimi yox, zirzəmi kimi nəzərə alınmışdır. Bütün bu faktlar cavabdeh tərəfindən nəzərə alınmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-166/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-166/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddianı təmin etməməklə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə qərarında göstərilmişdir ki, bu zirzəmi mənzil kimi qeydiyyata alınmşdır. Halbuki, zirzəmi mənzil kimi qeydiyyata alına bilməz. Mənzil zirzəmidən yuxarıda birinci mərtəbədən başlayır. Əgər yerli baxış keçirilsəydi zirzəmi ilə birinci mərtəbənin fərqi görünərdi. Belə ki, zirzəmi ilə birinci mərtəbənin layihəsi tamamilə başqadır. Birinci mərtəbənin sanitar qovşağı və mətbəxi ayrıca layihələndirilmişdir. Lakin zirzəmidə qaz xətti otaqda müvəqqəti olaraq quraşdırılmışdır. Bu hal isə çox ciddi təhlükə yaradır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdi ki, yaşayış sahəsi mənzil deyil, zirzəmidir. Ona zirzəmi mənzil adı ilə təklif edilmişdir. Cavabdeh orqandan dəfələrlə yaşayış sahəsinin layihəsini tələb etsə də, təqdim edilməmişdir. Bununla bağlı İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, iddiaçının məskunlaşdığı binada yanğın baş verdiyindən onun köçürülməsi təşkil edilmişdir. İddiaçı iki nəfər ailə üzvü ilə birlikdə mənzil olan yaşayış sahəsinə yerləşdirilmiş, belə ki, həmin sahəni Komitə MTK-dan mənzil adı ilə almışdır. Vətəndaşla bağlanan müqavilədə də yaşayış sahəsinin mənzil olduğu göstərilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı tələbi “cavabdeh tərəfindən verilmiş zirzəminin dəyişdirilərək yaşayış üçün yararlı olan mənzilin verilməsi” barədə olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin faktiki hallarına görə, xx xxxx 2012-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Babaşov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı 9 mərtəbəli binanın 6-cı mərtəbəsində baş vermiş yanğın hadisəsi zamanı İddiaçı 7-ci mərtəbədə məskunlaşdığı 2 otaq və ona aid məcburi köçkün vəsiqəsi yanmışdır. Cavabdeh inzibati orqanın 1579 saylı xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün inşa olunmuş Gənclər şəhərciyində bina 7, mənzil 10A saylı mənzilində məskunlaşmışdır. 7/10A saylı xx xxxxxx 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 61 kv.m.-dən ibarət 2 otaqlı 10A saylı mənzili müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə vermişdir. Kirayəçinin ailə üzvləri olaraq X2 və X3 adı qeyd olunmuşdur. İddiaçının ailə üzvləri olan X2 və X3 ünvan 3 ünvanında yerləşən 10a saylı mənzildən istifadə hüquqlarının itirilməsi və həmin mənzildən çıxarılmaları barədə iddia tələbi Abşeron rayon Məhkəməsinin 2(012)-79343/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. İddiaçı ona verilmiş mənzilin dəyişdirilməsi üçün cavabeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 226 saylı xx xxxxx 2019-cu il tarixli imtina məktubunda onun Abşeron rayonu ərazisində məcburi köçkün ailələri üçün inşa olunmuş “Mehdiabad Gənclər şəhərciyi”ndə 3 nəfərlik ailə tərkibinə uyğun olaraq 7 saylı binada 2(iki) otaqlı, 10 saylı mənzillə təmin olunması və mənzilinin dəyişdirilməsinin imkan xaricində olması qeyd edilmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası rədd edilmişdir. Belə ki, işə birinci instanisiya qaydasında baxmış məhkəmə iddiaçının istifadə və sahibliyinə verilmiş ünvan 3 ünvanında yerləşən 61 kv.metrdən ibarət 2 otaqlı 10A saylı ünvanında yerləşən daşınmaz əmlakın zirzəmi kimi deyil, mənzil kimi qeydiyyata alınmasına, mənzilin uzun illərdir fasiləsiz olaraq iddiaçının ailə üzvləri ilə birlikdə istifadəsində olmasına, həmin mənzilin yaşayış üçün yararlı olmasına, həmçinin məhkəməyə təqdim edilmiş fotoşəkilə baxış zamanı mənzilin yerləşdiyi binanın layihə üzrə 1-ci mərtəbəsinin giriş blokundan aşağıda yerləşməsinə baxmayaraq, birinci mərtəbə üzrə təbii işıqlandırma üçün çölə baxan pəncələrin yerləşdirilməsinə, belə olan halda göstərilən sahələrin zirzəmi olaraq deyil, yaşayış sahələri olaraq nəzərdə tutulduğuna istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddia tələbini qərardadında qeyd olunanlarla bağlı rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Kollegiya hesab edir ki, məhkəmənin qərarında qeyd etdiyi hallar iddianın rədd edilməsi üçün yetərli deyildir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının tələbləri əsasında birinci instansiya məhkəməsi sonadək zəruri araşdırmanı aparmamışdır. Belə ki, məhkəmə iddiaçının tələbini əsaslandırdığı dəlillərdən biri olan yaşayış sahəsi adı ilə ona verilmiş sahənin mənzil deyil, zirzəmi olmasını aydınlaşdırmaq üçün binanin layihəsini tələb edib həmin layihədə mübahisəli sahənin hansı adla qeydə alındığına əmin olmamış, bunun üçün həmin sahəyə zərurət vardırsa yerində baxış keçirməmiş, sanitar qovşağın və qaz xəttinin düzgün olmayan yerdə quraşdırılması faktını araşdırmamış, sadəcə 7/10A saylı xx xxxxxx 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə və imtina məktubunda həmin sahənin mənzil kimi qeyd edilməsinə, eyni zamanda birinci mərtəbə üzrə təbii işıqlandırma üçün çölə baxan pəncələrin yerləşdirilməsinə əsaslanaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının məskunlaşdığı sahənin mənzil olması ilə bağlı izahatında həmin sahənin mənzil adı altında müvafiq MTK-dan alındığını bildirmişdir. Həmin dəlilin də mübahisənin mahiyyəti üzrə həll edilməsində əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Kollegiya hesab edir ki, həm iddiaçı, həm də cavabdeh tərəfin irəli sürdüyü dəlillər bir daha bu dəlilləri irəli sürən şəxslər tərəfindən əsaslandırılıb müvafiq sübutlar təqdim olunmalı, zərurət vardırsa məhkəmənin təşəbbülü ilə əlavə sübutların təqdim olunması təklif edilməklə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-166/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar