Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-170/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3062/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147104 №-li qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia aşağıdakılarda əsaslandırmışlar: “...Cavabdehin xx.xx.2020-ci il tarixli **********140132 saylı qərarına əsasən MMC-də səyyar vergi yoxlaması həyata keçirilmiş, xx.xx.2021-ci il tarixli **********140169 nömrəli yoxlama aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında da cavabdehin xx.xx.2021-ci il tarixli **********147104 saylı qərarı ilə iddiaçı vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı hesab edir ki, həmin cavabdehin qərarı əsassızdır. Belə ki, yoxlanılan dövrdə Cəmiyyət geyimlərin və qismən aksesuarların idxal edilərək pərakəndə satışı, ictimai iaşə və daşınmaz əmlakın icarəyə verilməsi xidmətlərini göstərmişdir. Yoxlama aktına əsasən Cəmiyyətin geyim mağazaları üzrə təqdim etdiyi mal qalığı barədə arayışa əsasən xx.xx.2018-ci il tarixə mövcud olmuş malların dəyəri ƏDV-siz 190000,0 manat, il ərzində idxal edilən malların dəyəri ƏDV-siz 661862,62 manat, xx.xx.2019-cu il tarixə mal qalığı isə 414197,23 manat təşkil etmiş, bununla da 2018-ci ildə satılmış malların alış dəyəri 437.665,39 manat təşkil etmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş izahata əsasən pərakəndə satışa tətbiq edilmiş ticarət əlavəsi 100,0 faiz təşkil etdiyi, lakin həmin məbləğlərə 70,0-80,0 faiz endirimlər edildiyi qeyd olunmuş, yoxlama zamanı isə, endirimlər nəzərə alınmamış bütün ticarət əlavəsi tətbiq edilməklə satış məbləği kimi müəyyən olunmuşdur (47665,39 x 2(100 faiz) = 875330,78). Eyni zamanda, cəmiyyətin Səbail rayonu, Neftçilər prospekti, 131 ünvanında yerləşən icarəyə verilmiş obyektinin icarə qiymətinin güya bazar qiymətindən 30 faizdən çox fərqləndiyi "xxxx" MMC-nin ekspert kimi səlahiyyəti olmayan şəxs tərəfindən verilən rəy verilmiş qanunsuz rəy əsasında müəyyən edilmişdir. Belə ki, icarə müqavilələrində əmlakın icarə dəyəri real bazara uyğun olaraq 1000,0 manat göstərilsə də, verilən rəy ilə həmin məbləğ 3,5 dəfə artırılaraq 3500,0 kimi göstərilmiş, həmçinin yoxlama dövrü üzrə Cəmiyyətin dövriyyəsi şişirdildiyi üçün əvvəlki illərin zərəri hesabına mənfəət vergisi üzrə əlavə hesablama aparılmasa da, zərərin məbləği əsassız şəkildə azaldılmışdır ki, bu da növbəti illərin mənfəət vergisinə təsir edəcək. Aparılmış qanunsuz hesablama ilə bağlı yuxarı vergi orqanına və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayətlər edilmiş və hər iki qurumun əsassız qərarları ilə qərar qüvvədə saxlanmışdır. Apellyasiya Şurasının məktubu Cəmiyyətə xx.xx.2021 -ci il tarixdə göndərilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırmışdır: “Yoxlama ilə vergi ödəyicisinin mənfəətinin 2018- ci il üzrə 1.131.328,56 manat, 2019-cu il üzrə isə 266.782,97 manat müəyyən edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilmiş və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilmişdir. Bu maddənin tələbindən irəli gələrək əvvəlki illərin növbəti illərə keçirilmiş zərəri hesabına müəssisəyə mənfəət vergisi hesablanmamışdır. Yoxlama ilə ƏDV üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr əhatə olunmuşdur. Müəssisənin yoxlanılan dövr ərzində gəlirləri geyim mallarının satışı, ictimai iaşə obyektlərinin fəaliyyəti və daşınmaz əmlakın icarəyə verilməsindən formalaşmışdır. ƏDV məqsədləri üçün aylar üzrə dövriyyəsinin müəyyən edilməsi icarə gəlirləri üzrə ekspert qiymətləri əsasında (ƏDV məbləği çıxılmaqla aylıq 3500 manat/1,18=2966,1), ictimai iaşə fəaliyyətindən əldə edilən gəlirlər müəssisənin təqdim etdiyi obyektlər üzrə dövriyyə məlumatlarına əsasən, geyimlərin satışından əldə edilən gəlirlər isə dövrün əvvəlinə, hər ilin sonuna və yoxlama dövrünün sonuna mal qalığının dəyəri (ƏDV-siz) və həmin müvafiq dövrlər üzrə X4ndə idxal məlumatlarına əsasən geri qaytarılan mallar da nəzərə alınmaqla həmçinin Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələbləri nəzərə alınaraq həyata keçirilmişdir. Bununla yanaşı HZ seriyalı 374084 nömrəli EVHF üzrə 68,2 manat ƏDV məbləği ödənilmədiyi üçün 2019-cu ilin iyun ayında həmin məbləğ və İC seriyalı 766420 nömrəli EVHF ləğv edildiyi üçün 2019-cu ilin iyul ayında əvəzləşdirilmiş 328,73 manat məbləğ əvəzləşmədən çıxarılmışdır. Beləliklə, qeyd edilənlərə əsasən yoxlama ilə vergi ödəyicisi tərəfindən 156.046,25 manat ƏDV-nin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 78.023.13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə yoxlanılan dövr ərzində ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Ekspertin təqdim etdiyi rəyə əsasən ünvan 2 ünvanda, ünvan 3üş daşınmaz əmlakların icarəsinin icarə müqaviləsində göstərilən qiymətlərinin bazar qiymətlərinə uyğun olduğu (30 faizdən az fərq etdiyi), Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 131 ünvanda yerləşən icarəyə verilmiş daşınmaz əmlakın və ünvan 5 ünvanda yerləşən, fiziki şəxsdən icarəyə götürülmüş daşınmaz əmlakın icarə qiymətinin isə bazar qiymətlərindən 30 faizdən daha çox fərqli qiymətə icarə müqaviləsinin bağlandığı müəyyən edilmişdir.Belə ki, müəssisə ünvan 5 ünvanda yerləşən daşnmaz əmlakı 2018-ci il üzrə 800 manata, 2019-cu ildən başlayaraq 2400 manata icarə müqaviləsi bağlayaraq icarəyə götürmüş və restoran fəaliyyəti ilə məşğul olmuşdur. Lakin ekspert rəyinə əsasən həmin obyektin real bazar qiymətlərinin 6.000.0 manat olduğu müəyyən edilmişdir. Bununla da, Vergi Məcəlləsinin 14.3.5-ci, 124.4-cü maddələrinə uyğun olaraq bazar qiymətləri nəzərə alınmaqla müəssisəyə ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci ilin 3-cü və 4-cü rübləri üçün hər rübə görə 2184.0 manat, 2019-cu ilin bütün rübləri və 2020-ci ilin 1-ci rübü üçün hər rübə görə 1.512.0 manat əlavə vəsait hesablanmışdır. Vergi Məcəlləsinin 124-cü, 222.5-ci və 224.6-cı maddələrinə əsasən pandemiya ilə əlaqədar 50% azaldılan vergi məbləği nəzərə alınmaqla 2.870.0 manat (41.000*14%*50%) ödəmə mənbəyində vergi hesablanmışdır. Bununla da yoxlanılan dövr ərzində artıq hesablanmış və azaldılmış vergi məbləğləri nəzərə alınmaqla müəssisəyə ödəmə mənbəyində tutulan vergi üzrə ümumilikdə, 7.700.0 manat əlavə vergi və həmin verginin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 5.964 manat maliyyə sanksiyası hesablanmışdır. Müəssisə yoxlanılan dövr ərzində əmlak vergisinin ödəyicisi olmuşdur. Məcəllənin 202.0.1-ci maddəsinə əsasən müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. 2019-cu ilin əvvəlinə müəssisənin əsas vəsaitlərinin dəyərinin 73.302,12 manat, ilin sonuna 363.585,64 manat olduğunu nəzərə alaraq 2019-cu il üçün müəssisənin əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 218.443,88 manat (73302.12 + 363585.64)/2) təşkil etdiyi müəyyən edilmişdir. Məcəllənin 198.2-ci maddəsinə əsasən bəyan edilməyən əmlak vergisi üzrə müəssisəyə 2019-cu il üçün 2184.44 manat (218443,88 * 1%) əlavə vəsait hesablanmışdır. Nəticədə yoxlanılan dövr üzrə 2184,44 manat əmlak vergisinin yayındırılmasına görə Vergi Məcəlləsinin 50%-i miqdarında 1.092,22 manat maliyyə sanksiyası tətbiq edilmişdir Beləliklə, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərara əsasən 156.046,25 manat ƏDV-nin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 78.023,13 manat maliyyə sanksiyası, ÖMV üzrə 7.700,0 manat verginin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 5.964 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə 2.184,44 manat verginin yayındırılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.092,22 manat maliyyə sanksiyası tətbiq edilmişdir...” Bakı İnzibati Məhkəməsinin Məhkəməsi tərəfindən aşağıdakı nəticə ilə 2-1(112)- 3062/2022 saylı xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir: “İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147104 №li qərarı qismən İddiaçınə (VÖEN **********) 156.046,25 manat əlavə dəyər vergisinin azaldılmasına görə 156.046,25 manat əlavə dəyər vergisinin əlavə hesablanması və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 78.023,13 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv olunsun. İddia qalan hissədə təmin olunmasın.” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın, iddia təmin olunmuş hissədə ləğv olunması və iddianın tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Məhkəmə qeyd edir ki, məhkəmə araşdırmasına əsasən səyyar vergi yoxlaması keçirilərkən və həmin aktın nəticəsi rəsmiləşdirilən zaman vergi orqanı VM-nin 38 və 43-cü maddəsinin tələblərini pozmuş və göstərmişdir ki, vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadan və həmin sənədləri qanuni əsaslarla əldə olunması üçün tədbirlər görmədən ƏDV və mənfəət üzrə əlavələlərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmiş, yoxlama üçün əhəmiyyət kəsb edəcək sənədlərin götürülməsi üçün məhkəməyə müraciət olunmamış və SYV-nı iddiaçının iştirakı olmadan, eləcə də iddiaçıya məxsus hər hansı sənəd əldə etmədən yekunlaşmışdır. Məhkəmənin bu yanaşmasına münasibətdə bildiririk ki, qeyd olunanlar həqiqəti əks etdirmir belə ki, səyyar vergi yoxlaması həyata keçirilən zaman iş materiallarından da aydın olduğu kimi, iddiaçının iştirakı təmin edilmiş və iş materiallarına əlavə olunmuş izahat onun yoxlama prosesində iştirakı ilə alınmışdır və yoxlama aparılan zaman iddiaçının təqdim etdiyi sənədlər nəzərə alınmış və iddiaçı tərəfindən hər hansı bir əlavə sənəd təqdim olunmamış və iddiaçı tərəfindən hər hansı bir sənədin təqdim edilməsindən imtina olunmaması məhkəməyə müraciət edilməmişdir. Məhkəmənin gəldiyi nəticə vergi orqanı tərəfindən göstərilmiş qiymətlərin real və düzgün olmamasının iddia olunması və bununla bağlı hər hansı sübut təqdim edilməməsi, cavabdehin “instagram” sosial şəbəkəsində mənbəyi hər hansı sənədlə təsdiqini tapmayan səhifədən əldə edilmiş 3 (üç) sayda görüntü ilə iddiaçının müxtəlif çeşidli mallarının satış qiymətinin daha yüksək olduğunu ehtimal edərək hər birinə 100 faiz ticarət əlavəsini tətbiq etməsidir. Məhkəmə bu qənaətinə tək tərəfli olaraq, iddiaçının göstərdiyi idxal olunmuş malların mənşə ölkəsinə, keyfiyyətinə, görünüşünə görə digər xüsusiyyətlərinə görə fərqlənməsi, iddiaçının fəaliyyət göstərdiyi obyektlərdə pos-terminal vasitəsilə aparılan nağdsız alğı-satqı əməliyyatlarını təsdiq edən bank hesablarından çıxarışları və yoxlama dövrünün nəzarət-kassa aparatından çıxarışları məhkəməyə təqdim etməsi nəticəsində gəlməsidir və məhkəmə iş materiallarına istinad edərək, iddiaçının nümayəndəsinin malların endirimlər edilərək satılmasını bildirməsinə baxmayaraq, cavabdehin inzibati aktı qəbul edən zaman bu xüsusatı nəzərə almaması, iddiaçının satdığı mallara dair müəssisə daxili müraciətlərinin olması və bununla bağlı vergi orqanına sənədlər təqdim olunsa da nəzərə alınmamasını bildirir. Qeyd olunanlarla bağlı bildirilir ki, iş materiallarına əlavə olunan sənədlərə əsasən, iddiaçı tərəfindən idxal olunmuş mallar X4 (YGB) ilə rəsmiləşdirilir. Həmin bəyannamələrin tərkib hissəsi olan invoyslardakı kodlar sırf müvafiq məhsula aiddir. İş materiallarına aydın olur ki, satış zamanı iddiaçı tərəfindən 500-600 faiz arası ticarət əlavəsi tətbiq olunmuşdur. Məhkəmənin birtərəfli olaraq iddiaçının göstərdiklərinin təsdiq etməsinin əksinə, cavabdeh tərəfi yoxlama keçirilən zaman iddiaçı tərəfindən təqdim olunmuş məhsullarla bağlı endirimləri nəzərə almış və bununla bağlı azalmalar hesablanmışdır. Nəzərə alsaq ki, həmin endirimlər ümumi məhsulun kiçik bir hissəsini əhatə edir, lakin vergi orqanı bütün geridə qalan məhsullara 100 faizlik ticarət əlavəsi hesablamaqla endirimləri artıqlaması ilə nəzərə almışdır. Endirim olunsa belə, satışı 500-600 faizlik ticarət əlavəsi tətbiq edilməklə satılan məhsula 70%-lik endirimlə hərbir halda 100 faizlik ticarət əlavəsinə münasibətdə 80 % artıq ticarət əlavəsi deməkdir ki, bu halda da iddiaçı zərər çəkməmiş əksinə gəlir götürmüşdür. Əlavə olaraq, “instagram” üzərindən mənşəyi bəlli olmayan səhifəyə münasibətdə, hər bir əlavə edilmiş görüntü üzərindəki satış kodları B&G Store Mağazacılık A.Ş. ilə Mozaik Qrup MMC arasında olmuş ticarət invoysundakı kodlarla üst-üstə düşür və satış zamanı istehlakçılar məhz həmin kodlara münasibətdə sifarişlərini verirlər. Bu da ona dəlalət edir ki, instagram üzərindən paylaşılmış məhsulların mənbəyi bəllidir, etibarlıdır və özbaşına hesablanma edilərək nəzərə alınmamışdır. Bildiririk ki, idxal olunmuş malların mənşə ölkəsinə, keyfiyyətinə, görünüşünə görə digər xüsusiyyətlərinə görə fərqlənməsi, iddiaçının fəaliyyət göstərdiyi obyektlərdə pos-terminal vasitəsilə aparılan nağdsız alğı-satqı əməliyyatlarını təsdiq edən bank hesablarından çıxarışları və yoxlama dövrünün nəzarət-kassa aparatından çıxarışlarla sırf hansı mallara endirim olunaraq satılması halının müəyyənləşdirilməsi qeyri-mümkündür. Çünki, müvafiq çıxarışlarda həmin mallar göstərilmir, sadəcə həmin məbləğ qeyd olunur və bank çıxarışında sadəcə satış məbləğləri görünür, iddiaçının göstərdiyi hər hansı müəssisə daxili müraciət isə vergi orqanına daxil olmamışdır. Məhkəmənin ehtimal üzərindən vergi hesablanması qənaəti tamamilə əsassızdır. Məhkəmə qərarda xx.xx.2022-ci ildə şahid qismində dindirilən Asif Əlizadənin ifadəsində bildirdiyi və yuxarıda qeyd olunan xüsusatları nəzərə almamış və bunların əsassız olaraq, verilmiş suallara əsaslandırılmamış cavab kimi hesab etmişdir. Həmçinin məhkəmə tərəfindən şahidin ifadəsində göstərdiyi məlumatların və "instagram" üzərində əks olunmuş görüntülərin rəsmi məlumat kimi qəbul edilməməsi tamamilə yanlışdır və qərarın indiki halda ədalətli baxış prinsipinin pozularaq bir tərəfli şəkildə çıxarılması ilə nəticələnməsinə gətirib çıxarmışdır. Sonda bildiririk ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********052400 nömrəli sənədlə "xxxx" MMC-nin direktoru X2 barəsində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi əsasında daxil olmuş cinayət işi şəxsin bu əməli ilk dəfə törətməsi, dövlət büdcəsindən yayındırılmış 98729,90 manat məbləğində tam şəkildə dövlət büdcəsinə ödənilməsi və şəxsin bu barədə ərizə ilə müraciəti (ŞHV-ə məlumatlarına əsasən fakt öz təsdiqini tapmışdır) əsasında cinayət işinin başlanmasının rədd olunması barədə Qərar çıxarılmışdır. Bu isə öz növbəsində vergi ödəyicisi tərəfindən qəsdən vergilərin yayındırılması faktını təsdiq edir və vergi öhdəliklərindən boyun qaçırmasının bariz sübutudur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Qəniyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarını iddianın təmin olunmuş hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İPM-in 82-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin apellyasiya şikayəti həddində, yəni, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunan hisssinə baxılıb hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsinin qərarında iddianın təmin olunan hissəsini isə cavabdehin xx.xx.2021-ci il tarixli qərarının - 156.046,25 manat əlavə dəyər vergisinin əlavə hesablanması və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 78.023,13 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv edilməsi təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilərək həmin hissədə cavabdehin qərarını ləğv etməsini düzgün nəticədir. Belə ki, iş materiallarına (cavabdehin səyyar vergi yoxlaması aktına və iddia ərizəsinə dair etirazına) əsasən müəyyən olunur ki, səyyar vergi yoxlaması ilə ƏDV üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr əhatə olunmuşdur. Səyyar vergi yoxlaması aktına görə yoxlanılan dövr üzrə: - cəmiyyətin 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb edilən dövriyyəsi ümumilikdə 27.280.23,35 manat; -müəssisənin geyim mağazaları üzrə təqdim etdiyi mal qalığı barədə arayışa əsasən yoxlanılan dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə mövcud olmuş malların ƏDV-siz dəyəri 350103,47 manat, həmin tarixdən ilin sonuna, yəni xx.xx.2018-ci il tarixədək satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 395489,29 manat, xx.xx.2019-cu il tarixə mal qalığının ƏDV-siz dəyəri 414197,23 manat - təşkil etmişdir. -bundan əlavə, xx.xx.2018- xx.xx.2018 dövrü ərzində iaşə xidmətindən əldə edilən gəlirləri təqdim edilmiş obyektlər üzrə dövriyyə cədvəlinə əsasən 243594,82 manat olmuş; -eyni zamanda, X4nə əsasən: xx.xx.2019-xx.xx.2019-də satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 608488,71 manat, geri qaytarılan malların ƏDV-siz dəyəri 9100,56 manat, xx.xx.2020-ci il tarixə müəssisənin mal qalığının ƏDV-siz dəyəri 262702,12 manat; -qeyd edilən xx.xx.2019-xx.xx.2019 dövr ərzində iaşə xidmətindən əldə edilən gəlirləri təqdim edilmiş obyektlər üzrə dövriyyə cədvəlinə əsasən 524403,01 manat; -X4nə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 172390,03 manat, geri qaytarılan malların ƏDV-siz dəyəri 13470,16 manat, dövrün sonuna, yəni, xx.xx.2020-ci il tarixə müəssisənin mal qalığının ƏDV-siz dəyəri 196714,0 manat - təşkil etmişdir - xx.xx.2019-cu il tarixdən xx.xx.2019-ci il tarixədək satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 608488,71 manat, geri qaytarılan malların ƏDV-siz dəyəri 9100,56 manat; -xx.xx.2020-ci il tarixə müəssisənin mal qalığının ƏDV-siz dəyəri 262702,12 manat; xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək satış məqsədi ilə idxal edilən malların ƏDV-siz dəyəri 172390,03 manat, geri qaytarılan malların ƏDV-siz dəyəri 13470,16 manat, dövrün sonuna, yəni, xx.xx.2020-ci il tarixə müəssisənin mal qalığının ƏDV-siz dəyəri 196714,0 manat; - eyni zamanda, müəssisənin qeyd edilən (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) dövr ərzində iaşə xidmətindən əldə edilən gəlirləri təqdim edilmiş obyektlər üzrə dövriyyə cədvəlinə əsasən 136.076,77 manat - təşkil etmişdir. -bundan başqa, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövr ərzində iaşə xidmətindən əldə edilən gəlirləri təqdim edilmiş obyektlər üzrə dövriyyə cədvəlinə əsasən 136.076,77 manat olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən ƏDV məqsədləri üçün aylar üzrə müəssisənin dövriyyəsinin müəyyən edilməsi "xxxx" MMC-nin ekspertinin müəyyən etdtyi qiymətlər əsasında (ƏDV məbləği çıxılmaqla aylıq 3500 manat/1,18=2966,1), ictimai iaşə fəaliyyətindən əldə edilən gəlirlər müəssisənin təqdim etdiyi obyektlər üzrə dövriyyə məlumatlarına əsasən, geyimlərin satışından əldə edilən gəlirlər isə dövrün əvvəlinə, hər ilin sonuna və yoxlama dövrünün sonuna mal qalığının dəyəri (ƏDV-siz) və həmin müvafiq dövrlər üzrə X4ndə idxal məlumatlarına əsasən geri qaytarılan mallar da nəzərə alınmaqla, həmçinin Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələbləri nəzərə alınaraq, həyata keçirilmiş və 2018-ci ilin ƏDV-nə “18 faiz” dərəcə ilə cəlb edilən dövriyyəsi, ümumilikdə, 3.589.634,57 manat təşkil etdiyi müəyyən edilmişdir: Beləliklə yoxlanılan dövrdə cavabdeh vergi orqanı 2018-ci ilin iyun-dekabr, 2019-cu ilin yanvar-iyun və 2020-ci ilin yanvar-mart və iyun-iyul ayları üzrə ümumilikdə, 156046,25 manat məbləğində kənarlaşma müəyyən edərək mübahisələndirilən qərarı ilə iddiaçıya həmin məbləğdə əlavə ƏDV hesablamış və həmin məbləğin yarısı qədər də ona maliyyə sanksiyası təbiq etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəolləsinin 24.1.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, əksi sübuta yetirilməyincə, vergitutma məqsədləri üçün malların qiyməti tərəflərin əməliyyatda təsbit etdikləri qiymət tətbiq olunmalıdır. Qanunvericiliyin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası cavabdeh vergi orqanı tərəfindən yoxlama ilə iddiaçıya məxsus təsərüüfat sübuyektlərində 100,0 faiz ticarət əlavəsi ilə satışa qoyulmuş mallara tətbiq edilən endirimlər nəzərə aılnmadan, 2018-2020-ci illər üzrə tam ticarət əlavəsindən hesablanmaqla, ümumilikdə ona 156046,25 manat ƏDV məbləği hesablaması qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməz. Belə ki, Mülki Məcəllənin 6.1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.7-ci maddəsinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləridir. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 622.1-ci maddəsinə əsasən əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur. Mülki qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçı mülki hüquqlarını sərbəst iradəsi ilə və maneəsiz həyata keçirə bilər və o, istədiyi şəxslə müqavilə bağlamaqla icrası zamanı tərəflə qiymət razılığına gəlməkdə, o cümlədən pərakəndə satış zamanı malların satış qiymətini elan etməkdə sərbəstdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın həmin maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan tələbləri baxımından, vergi orqanının səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən malların pərakəndə satışına təbiq etdiyi endirim qiymətlərin nəzərə alınmaması və ona 100 faiz ticarət əlavəsi tətbiq olunmaqla, mübahisələndirilən dövr üzrə ona 156046,25 manat məbləğində ƏDV hesablaması və maliyyə sanksiyası əsassızdır. Ən azından, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən müxtəlif çeşidli bir çox mallar idxal edilmiş və bu malların satış qiymətləri də mənşə ölkəsinə, keyfiyyətinə, görünüşünə və digər xüsusiyyətlərinə görə fərqlənir. Digər tərəfdən işdə olan iddiaçının fəaliyyət göstərdiyi obyektlərdə pos-terminal vasitəsilə aparılan nağdsız alqı-satqı əməliyyatlarını təsdiq edən bank hesablarında və yoxlama dövrünün nəzarət-kassa aparatından çıxarışları satış əməliyyatlarında təsbit olunan qiymətlərin həqiqiliyini təsdiq etdiyi halda, iddiaçının nümayəndəsinin (baş mühasibi X5) cavabdehə təqdim etdiyi yazılı izahat məktubunda (2-cild i.v.109) qeyd edilən malların 100 faiz ticarət əlavəsi ilə satılması və “instagram” sosial şəbəkədən iddiaçı ilə bağlılığı sübuta yetirilməyən, yalnız üç çeşiddə malın qiymətini əsas götürərək idxal olunmuş bütün mallara 100 faiz ticarət əlavəsi tətbiq edilmişdir. Digər tərəfdən isə işdən görünür ki, müəssədaxili təqdimatlarda (2-ci cild 166-168) eləcə də, sosial “instagram” şəbəkəsində (2-ci cild 7-9) mallara dair endirimlərin tətbiq olunması ilə bağlı məlumatları cavabdeh görməməzliyə salmmışdır. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə də cavabdehin mübahisələndirilən qərarının iddiaçıya əlavə dəyər vergisi hesablanması hissəsində maddi və inzibati icraat haqqında maddi hüquq normalarına uyğun olmadığı sübuta yetirilir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də qeyd olunanlar nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3062/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3062/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-170/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-170/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver