Məhkəmə qərarları › İş №2-1(103)-170/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-170/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-170/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-cı il tarixli əmri ilə iddiaçıya ayrılmış 0,07 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətindən imtina etmişdir. İddiaçıbildirir ki, həmin torpaq sahəsinin ona ayrılması və onun istifadəsində olması müvafiq əmr ilə təsdiqlənmiş, torpaq sahəsinin yeri yerləşmə cizgisi ilə müəyyən olunmuşdur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-ci il tarixli əmri ilə iddiaçıya ayrılmış (təqdim edilmiş cizgi və xəritədən çıxarış əsasında) 0,07 ha torpaq sahəsinin faktiki istifadəsində olan 440 kv.m sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi Donuzkökəltmə sovxozuna ayrılmış ərazinin ayrıc aktından 274 metr kənarda yerləşir. Torpaq sahəsinin sənəd üzrə sahəsi 700 kv.m, faktiki ölçüsü isə 440 kv.m –dir. Həmçinin torpaq sahəsinin ayrılması ilə əlaqədar ilkin yerləşmə cizgisi təqdim edilməmişdir (təqdim edilmiş yerləşmə cizgisi xx.xx.2021-ci iltarixdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddia təmin edilmiş və Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-ci il tarixli əmri ilə iddiaçıya ayrılmış (təqdim edilmiş cizgi və xəritədən çıxarış əsasında) 0,07 ha torpaq sahəsinin faktiki istifadəsində olan 440 kv.m sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: - 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 12.1.Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır. 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

14. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında” Əsasnamənin;

1. Bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir.

2. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında payı olan subyektlərə düşən orta torpaq payı fiziki sahə (hektarla) və torpaq qayiməsi ilə müəyyən olunan torpaq dəyəri (manatla) formasında hesablanır.

7. Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının sərhədini dövlət yerquruluşu xidməti yer üzərində göstərir, mərzlə ayırır, torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirildikdən sonra onlara təqdim edir. (xx.xx.2006-cı il tarixədək olan redaksiyası) Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 25 may 2006-cı il tarixli 411 №-li Fərmanının 2.3-cü bəndi ilə həmin Fərmanla təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 7-ci bəndində “torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirildikdən sonra” sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayır və” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, dövlətə məxsus olan daşınmaz əmlakın istifadəsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslardan biri sayılır ki, bu əsas vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tənzimləyən Qanunun 8.0-ci maddəsinin əhatə dairəsinə düşmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, imtina məktubundan və etiraz ərizəsinin surətindən görünür ki, iddiaçının müraciətinə qiymət verilərkən cavabdeh imitna üçün 3 halı əsas götürmüşdür:

1. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin Donuzkökəltmə sovxozuna ayrılmış ərazinin ayrıc aktından 274 metr kənarda yerləşməsi;

2. Torpaq sahəsinin faktiki və sənəd üzrə ölçülərinin fərqli olması;

3. Torpaq sahəsinin ayrılması ilə əlaqədar ilkin yerləşmə cizgisinin təqdim edilməməsidir. Məhkəmə imtinanın birinci əsası ilə bağlı qeyd edir ki, Abşeron rayon Dövlət Arxivində mühafizə edilən və hazırki iş materiallarına əlavə olunan Abşeron rayon Donuzkökəltmə Sovxozunun 135 saylı, 12 iyul 1990-cı il tarixli əmrindən çıxarışın görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989- cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkərlar Komitəsi ilə X5 birgə ümumi iclasında qəbul edilmiş, 10 iyul 1990-cı il tarixli 23 saylı qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. Əmrdən çıxarışda torpaq sahəsinin İddiaçı ayrıldığı göstərilmişdir. Göründüyü kimi, iddiaçının torpaq sahəsinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahının 2.5-ci yarımbəndində nəzərdə tutulmuş sənədə malik olması təsdiq olunur ki, bu da öz növbəliyində onun iddia olunan torpaq sahəsinə gözlənilən mülkiyyət hüquqlarının yarandığını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddia olunan torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə Sovxozunun ayrıc aktından 274 metr kənarda yerləşməsini mübahisələndirir. Baxmayaraq ki, cavabdeh inzibati orqan torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi ilə bağlı mülahizələr irəli sürsə də, istinad etdiyi ayrıc aktına dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həmin ünvan altında yerləşən və Abşeron rayon Donuzkökəltmə Sovxozunun əmrləri ilə ayrılan torpaq sahələri üzərində digər fiziki şəxslərin mülkiyyət hüquqları qeydə alınmışdır. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sənədlər toplusundan görünür ki, həmin ərazidə yeləşən torpaq sahələri üzərində X2, X6, X3 mülkiyyət hüquqları qeydə alınmışdır ki, bu hüquqların qeydə alınmasının kökündə məhkəmə qərarları dayanır. Həmin qərarların surətindən görünür ki, cavabdeh inzibati orqan eyni əsas ilə, yəni torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə Sovxozunun ayrıc aktından kənarda yerləşməsi əsası ilə torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi həmin şəxslərin xeyrinə iddia tələbini təmin edərək cavabdeh tərəfindən irəli sürülən əsasın öz təsdiqini tapmadığını, başqa sözlə desək Abşeron rayon Donuzkökəltmə Sovxozunun ayrıc aktının təqdim olunmaması əsası ilə cavabdehin imtinalarını əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan torpaq sahələrinin Abşeron rayon Donuzkökəltmə Sovxozunun ayrıc aktından kənarda yerləşməsini təsdiq edən sübutları məhkəmə icraatı zamanı təqdim edə bilmədiyindən imtinanın göstərilən dəlili əsassız olmuşdur. Cavabdehin imtinasının ikinci əsasını təşkil edən torpaq sahəsinin faktiki və sənəd üzrə ölçülərinin fərqli olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vaxtı ilə qüvvədə olmuş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında” Əsasnamədəm görünür ki, hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının sərhədlərinin göstərilməsi, mərzlə ayrılması, torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədlərinin hazırlanması dövlət yerquruluşu xidməti tərəfindən həyata keçirilirdi ki, həmin dövrdə dövlət yerquluşu xidmətinin keçirilməsi ilə bağlı səlahiyyət keçmiş Dövlət Torpaq Komitəsinin tabeçiliyinə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutuna məxsus idi. Məhkəmə bildirir ki, cavabdeh imtina əsası kimi torpaq sahəsinin ayrılması ilə əlaqədar ilkin yerləşmə cizgisinin təqdim edilmədiyini bildirsə də, bu hal vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, yaranmış bu hal iddiaçının iradə ifadəsindən asılı olmayan haldır və bu hal iddiaçının qanuni əsaslar ilə yaranmış mülkiyyət hüquqlarının reallaşdırılmasından məhrum etməməlidir. Çünki, həmin dövrdə yerləşmə cizgisinin verilməsi dövlət yerquluşu xidmətinin keçirilməsini təmin edən Dövlət Torpaq Komitəsinin tabeçiliyinə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təmin edilirdi. Nəzərə alınmalıdır ki, baxmayaraq ki, ilkin yerləşmə cizgisi məhkəmə icraatı zamanı təqdim olunmasa da, Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş yerləşmə cizgisi təqdim olunmuşdur. Göründüyü kimi Xəzər rayon İcra Hakimiyyəti öz səlahiyyətləri çərçivəsində Abşeron rayon Donuzkökəltmə Sovxozunun 135 saylı, 12 iyul 1990-cı il tarixli əmrinə əsasən torpaq sahəsinin yerləşmə cizgisini təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi ikinci əsas da imtina əsası qismində çıxış edə bilməz. İmtinanın üçüncü əsası ilə bağlı qeyd edilməlidir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş müayinə aktından da göründüyü kimi, vətəndaş tərəfindən göstərilən torpaq sahəsinin faktiki ölçüsü 440 kv.m olduğu halda, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 700 kv.m təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı ona ayrılmış 700 kv.m torpaq sahəsindən artıq torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatını yox, məhz faktiki olaraq istifadəsində olan, yəni hüquqmüəyyənedici sənədtə göstərilən ölçüdən daha az ölçüdə (440 kv.m) torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatını tələb etmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə formal xarakter daşıyır və iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını məhdudlaşdıra bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək üçün hüquqmüəyyənedici sənədə malik olduğundan, həmçinin cavabdehin imtina məktubunda göstərilən əsaslar təkzib olunduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1702/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar