Məhkəmə qərarları › İş №2-1(103)-1700/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1700/2020

12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1700/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, cavabdeh Bakı Şəhəri Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı maddi və mənəvi kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1890/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona ödəniləcək 9 il mənzil kirayə pulunun dəyərinin 15.120 manat, 10 il müddətdə kirayə mənzilə ödədiyi 24.000 manat və mənəvi ziyana görə 20.000 manat, cəmi 59.120 manat məbləğdə pulun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2630/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-1051/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətin təmin olunmamasını xahiş edərək, izahatında göstərmişdir ki, Nərimanov RİH başçısının “Mənzil növbəsindən çıxarılma barədə” xx.xx.2020-ci il tarixli 129 nömrəli sərəncamı və Əmək və X1 Nazirliyinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu ilə iddiaçının (siyahıda 88ci) xx.xx.2019-cu il tarixdə 3 otaqlı mənzillə təmin edilməsi təsdiq olunur. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə qərarın ləğvi hissədə qismən əsaslıdır. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunan normaların tələblərindən göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən, onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalı, məhkəmə də öz növbəsində bu hala qiymət verməlidir. Apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmazdan əvvəl iş üzrə mümkünlük şərtlərinin ödənilməsinə qiymət verməli olduğu halda, hazırki iş üzrə müvafiq araşdırma aparmayaraq tələb olunan məbləğdə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə ilkin müraciət edilməsini araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi işin mümkünlük şərtlərini araşdırmamış, yəni vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana (Cavabdehə) müraciət etməsi məsələsini araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmiş, bununla da adıçəkilən qanunun tələblərini pozmuşdur.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı ilk olaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin sübuta yetirilməsi yükü iddiaçının üzərindədir. Bu baxımdam məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-34.1, ikinci cümlə), sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir. “İnzibati icraat haqqında” AR Qanununun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin qeyd olunan tələblərin ziddinə, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə təsdiqini tapmır, cavabdehin nümayəndəsi də iddiaçının eyni tələblə onlara rəsmi müraciət etmədiyini bildirmişdir. İşin 38-ci vərəqində olan, xx.xx.2018-ci il tarixli teleqramında iddiaçı “Sonuncu dəfə 2017-ci il tarixdə tələb olunan sənədləri toplayıb mənzil şöbəsinə vermişəm. Kirayə pulu haqqında. Bu günə qədər heç bir cavab almamışam.” məzmunda cavabdehə müraciət etmişdir ki, bu da iddiaçının məhkəmədə iddia qaldırmazdan əvvəl 9 il mənzil kirayə pulunun dəyərinin 15.120 manat, 10 il müddətdə kirayə mənzilə ödədiyi 24.000 manat və mənəvi ziyana görə 20.000 manat, cəmi 59.120 manat məbləğdə pulun ona ödənilməsi tələbilə cavabdehə rəsmi müraciət etməsi demək deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçı mübahisə predmeti ilə bağlı rəsmi qaydada əvvəlcə cavabdehə müraciət etmədiyindən, onun indiki tələbə dair iddiası mümkün sayılmamalıdır. Şikayət verilən qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, prosessual hüquq normalarını pozmaqla, nəticədə səhv qərar qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə, onun mübahisənin bilavasitə mahiyyəti ilə bağlı olan dəlillərinin müzakirəsinə zərurət görmədən, prosessual hüquqi baxımdan qərarın ləğvi hissədə qismən razılaşır. Yekunda, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli (İPM-87.6), iddia mümkün sayılmamalı (İPM-35.1), apellyasiya şikayəti qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1890/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehə qarşı ona ödəniləcək 9 il mənzil kirayə pulunun dəyərinin 15.120 manat, 10 il müddətdə kirayə mənzilə ödədiyi 24.000 manat və mənəvi ziyana görə 20.000 manat, cəmi 59.120 manat məbləğdə pulun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələblərinə dair iddiası mümkün sayılmasın. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar