Məhkəmə qərarları › İş №2-1(103)-1700/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1700/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1700/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 (XX.XX.1952-ci il tarixində Biləsuvar rayonunun Fioletovka kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-2365/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı X3 28.10.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 sentyabr 2020-ci il tarixli **********8 saylı cavab məktubunun qismən əsassız hesab edilməsi və onun üzərinə iddiaçının hüququnun yaranan gündən yəni 02 may 2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X6 DİN-nin yüksək rütbəli qulluqçusu olduğuna görə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından pensiya alırdı. 02 may 2020-ci il tarixində o vəfat etdikdən sonra ona ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün sənədləri ərizə ilə birlikdə 31.05.2020-ci il tarixində Mərkəzi Filiala təqdim edərək ona hüququ yaranan gündən, yəni 02 may 2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. X8 əməkdaşları tərəfindən ona 01.07.2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilmişdir. O, 27 iyul 2020-ci il tarixində təkrar ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona hüququ yaranan gündən, yəni 02 may 2020-ci il tarixindən Ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru vəzifəsini icra edən Şahin Əliyevin imzaladığı 21.09.2020-ci il tarixli **********8 saylı cavab məktubunda qeyd edildiyi kimi ona 01.07.2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilmişdir. X10 27.07.2020-ci il tarixli təkrar müraciətindən sonra ona 01.06.2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilmiş və hesablanmış fərq məbləği 14.09.2020-ci il tarixində ödənilmişdir. Mərkəzi Filial cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci “Əmək pensiyasından payın ayrılması" maddəsinə istinad edərək qeyd edir ki, ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Hesab edir ki, Mərkəzi Filialın 21.09.2020-ci il tarixli **********8 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə iddiaçıya hüququnun yaranan gündən yəni 02.05.2020-ci tarixindən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, inzibati orqanın cavab məktubunda "Əmək pensiyaları haqqında" Qanunun 35.2-ci maddəsinə istinad edildiyi üçün həmin maddənin ona ailə başçısını itirən kimi təyin edilməli olan əmək pensiyasına heç bir aidiyyəti yoxdur. Çünki həmin maddə ilə təyin edilmiş əmək pensiyasından payın ayrılması tənzimlənir. Əmək pensiyasından payın ayrılması o deməkdir ki, təyin edilmiş əmək pensiyasında iki və daha artıq şəxsin payı ola bilər. Bu halda hər bir şəxs həmin pensiyadan öz payının ayrılmasını tələb etdiyi halda onun payı ərizə ilə müraciət etdiyi növbəti ayın 1-dən ayrılmalıdır. İddiaçının isə müraciəti əlilliyə görə əmək pensiyasından ailə başçısını itirən kimi əmək pensiyasına keçirilməyindən ibarətdir. Bu isə “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi ilə tənzimlənir. 34-cü maddə isə Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə adlanır. Həmin maddədə deyilir: “Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu Qanunun 31.2-ci maddəsinə uyğun aparılır”. Qanunun istinad etdiyi 31.2-ci maddədə isə deyilir ki, Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Göründüyü kimi Qanunun 31.2-ci maddəsində əmək pensiyasının təyinatının müraciətin qeydə alındığı aydan sonrakı ayın 1-dən aparılması barədə heç bir göstəriş yoxdur. Ona görə ki, Qanunun 32-ci maddəsi ilə Əmək pensiyasının təyin edilməsi müddətləri tənzimlənmişdir. 32.1-1-ci maddədə deyilir: “Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilən müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiya ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.3-cü maddəsində isə deyilir ki, Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Beləliklə qanunun bu maddələrinin tələbindən də göründüyü kimi ona ailə başçısını itirən kimi əmək pensiyası hüququnun yaranan gündən yəni 02 may 2020 tarixindən təyin edilməlidir. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21.09.2020-ci il tarixli **********8 saylı cavab məktubundan görünür ki, inzibati orqan ailə başçısını itirən kimi əmək pensiyasını hüququnun yaranan gündən yəni 02.05.2020-ci il tarixindən təyin edilməsindən əsassız olaraq imtina edir. Ona görə də hesab edir ki, Mərkəzi Filialın 21.09.2020-ci il tarixli **********8 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə hüququnun yaranan gündən yəni 02 may 2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-2365/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 sentyabr 2020-ci il tarixli **********8 saylı cavab məktubunun qismən əsassız hesab edilməsi, və X2 hüququnun yarandığı gündən, yəni 02 may 2020-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 17.05.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsindən aldığı əmək pensiyası 30.06.2020-ci il tarixdən dayandırılmış və ərizəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2,34, 35.2-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə növbəti ayın 1-dən əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)- 2365/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 XX.XX.1952-ci il tarixdə Biləsuvar rayonunun Fioletovka kəndində anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. - AZ-İİ seriyalı, 051308 saylı, 07.05.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 may 2020-ci il tarixdə vəfat etmişdir, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 05-ci ayının 04-cü günündə 329 nömrə ilə qeyd edilmişdir, öldüyü yer-Bakı, qeyd edilən yer-Binəqədi rayonu qeydiyyat şöbəsi. - **********2 saylı, 10.07.2020-ci il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərardan görünür ki, X2 01.07.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə ömürlük 1972,40 manat əmək pensiyası təyin edilmişdir - əmək pensiyasının yenidən hesablanması haqqında 10.09.2020-ci il tarixli qərardan görünür ki, X2 01.07.2020-ci il tarixdə ailə başçısını itirməyə görə təyin edilmiş pensiyası yenidən hesablanaraq, iyun ayı üçün 1739,20 manat məbləğ müəyyən edilərək ödənilməsi nəzərdə tutulmuşdur. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21 sentyabr 2020-ci il tarixli, **********8 saylı məktubdan görünür ki, iddiaçının ərizəsinə baxılaraq bildirilmişdir ki, iddiaçı 31 may 2020-ci il tarixində Mərkəzi Filiala ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 20 iyun 2020-ci il tarixli **********64 nömrəli məktubunda əlilliyə görə əmək pensiyasının 30 iyun 2020-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. Bu səbəbdən 1 iyul 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşı X4 təminat xərcliyinin (2465,50 manat) 80 faizi-1972,40 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələblərinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Buna görə də əmək pensiyası 1 iyun 2020-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə iyun ayı üçün hesablanmış 1739,20 manat fərq məbləğinin 14 sentyabr 2020-ci il tarixində əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürüldüyü bildirilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən dayanır. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası ödənilən X5 02 may 2020-ci il tarixində vəfat etmiş, lakin vaxtında Mərkəzi Filiala məlumat verilmədiyindən onun müvafiq kart hesabına may ayı köçürülmüşdür. Bu səbəbdən də vəsait ödənilmişdir. Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətə əsasən yuxarıda qeyd olunan Qanunun 42.2-ci maddəsinə uyğun olaraq iddiaçıya ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1308,59 manat məbləğində pul vəsaiti isə cari ilin iyul ayından etibarən hissə-hissə əmək pensiyasından çıxılmaqla tutulur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçıya 01.07.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə ömürlük 1972,40 manat əmək pensiyası təyin edilmiş, sonradan 10.09.2020-ci il tarixli qərara əsasən iddiaçıya 01.07.2020-ci il tarixdə ailə başçısını itirməyə görə təyin edilmiş pensiyası yenidən hesablanaraq, iyun ayı üçün 1739,20 manat məbləğ müəyyən edilərək ödənilməsi nəzərdə tutulmuşdur. Hazırda iddiaçı “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə istinad etməklə haqlı olaraq ona ailə başçısını itirməyə görə hüququ yarandığı tarixdən, yəni 02 may 2020-ci il tarixindən əmək pensiyası təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası, onun hüququnun yarandığı gündən, yəni mərhum həyat yoldaşının vəfat etdiyi gündən, 02 may 2020-ci il tarixindən təyin edilməsi barədə iddia tələbi əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1, 14.1.2-ci maddələrinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü 7-ci maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi , cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsi ilə bağlı qeyd edir ki, qeyd edilən maddi hüquq norması “əmək pensiyası üzrə payın ayrılması” barədə olmaqla, hazırkı iddia tələbi həmin normanın təsir dairəsinə düşmür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-2365/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-2365/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar