Məhkəmə qərarları › İş №2-1(103)-1700/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1700/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1700/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 və X2 iştirakı ilə İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6643/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1104 nömrəli sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1104 nömrəli sərəncamı ilə İddiaçı firmasına Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə kərpic istehsalı üçün sex layihələndirilməsi və tikintisi üçün 0,124 ha torpaq sahəsi ayrılmış, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan torpaq sahəsinin ayrıc aktı tərtib edilmiş, həmin sahənin M 1:500 miqyasda cizgisi tərtib edilmişdir. Eləcə də qeyd olunan sərəncamın icrası ilə əlaqədar aidiyyəti dövlət qurumlarından müvafiq razılıq məktubları alınmış, bununla bağlı tərtib edilmiş "xxxx" Bakı şəhərinin baş memarı tərəfindən təsdiq edilmişdir. Firma tərəfindən ümumi sahəsi 524 kv.m. olan qeyri-yaşayış sahəsi inşa edilmiş, hal-hazırki vaxtadək həmin tikililərdən təyinatı üzrə istifadə olunur. Qeyd olunan torpaq sahəsinin bir hissəsi zəbt olunmuş, istifadədə olan torpaq sahəsi 993,1 kv.m təşkil edir. Qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi ilə əlaqədar cavabdehə ərizə ilə mürciət edilmiş, həmçinin bütün hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilmişdir. Cavabdehin rəsmi məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. Halbuki, qeyd olunan torpaq sahəsi 4 tərəfdən hasara alınmaqla, dəqiq koordinatları təqdim etdiyi sənədlərdə dəqiq qeyd olunmuşdur. Həmçinin, torpaq sahəsi ətrafında fəaliyyəti uzun illərdir ki, mövcud olmayan bir boru keçir ki, həmin borudan ümumiyyətlə təbii qaz verilmir. Həmçinin cavabdehin istinad etdiyi kimi ərazidən hər hansı yüksək gərginlikli elektrik xətti keçmir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanlanmış etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binası və torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, göstərilən faktiki topraq sahəsinin 58,0 kv.m. ərazisi 35,0 kV-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Torpaq sahəsinin cənubundan 325 mm-lik qaz borusu keçir. Bundan əlavə, yerləşmə sxemində dəqiq istinadlar qeyd edilməyib və konfiqurasiya, perimetrik ölçülər faktiki sahə ilə uyğunsuzluq təşkil edir. Bundan başqa göstərilən faktiki sahə “Ağ şəhər” kompleksinin tikintisi layihəsi çərçivəsində "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış 222,8407 hektar torpaq sahəsinin daxilində yerləşir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6643/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin qərarında göstərilir ki, Bakışəhər İcraHakimiyyəti başçısının 11 iyun 1993-cü il tarixli 1104 saylı sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədətorpaq sahəsi müvəqqəti olaraq – Babək prospektində yenidənqurma işləriaparılana qədər kərpicistehsalı üçün sex layihələndirilməsi vətikintisi üçün verilmişdir. Yəniiddiaçının iddiaərizəsində göstərilən qeyri-yaşayış sahəsinin inşaedildiyi torpaq sahəsiiddiaçıya müvəqqəti istifadə üçün verilmişdir, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə və yaicarəsinə verilməsinə dair müqavilə və ya mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir.” İşə baxan məhkəmənin bu mövqeyi əsassızdır. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dəkmüvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmazəmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin139-1.1.10.1cimaddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitamverilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. İşə baxan məhkəmətam qanunsuz və əsassız olaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,2210-cu məhəllədə torpaq sahəsinin İddiaçıfirmasının istifadəsinə verilməsibarədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 11 iyun 1993-cü il tarixli, 1104 saylı sərəncamını daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası hesab etməmişdir Həmçinin məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Cavabdeh mübahisəli tikintinin “Ağ Şəhər”layihəsinin həyata keçirildiyinizonayadüşdüyünü göstərsə də, məhkəmətərəfindənmüvafiq sorğular verilərək, buməsələyəaydınlıq gətirilməmişdir. Cavabdeh etirazında iddiaçının iddiasının qanunuz vəəsassız olduğunu göstərsə də, bunu məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Məhkəmənin iddianın təmin edilməməsi ilə bağlı qərar qəbul etməsi işin halları ilə uyğun deyildir. Belə ki, işdən göründüyü kimi iddiaçı özünə məxsus tikiliyə aid bütün qanunamüvafiq sənədləri cavabdehə təqdim etsə də, cavabdeh qeyri-yaşayış sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından və dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. İşə baxan məhkəməisə bu qanunsuzluğu aradan qaldıran qərar qəbul etməmişdir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi B.Nəcəfov apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi N.Rzazadə isə obyektin qeydə alınması üçün qanuni əsasların mövcud olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı firması cavabdeh qeydiyyat orqanına qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia qaldıraraq, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1104 nömrəli sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə yerləşən torpaq sahəsində inşa edilmiş qeyriyaşayış sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi rədd edilmişdir. Məhkəmə bu qənaətə gələrkən aşağıdakıları qeyd etmişdir: “...Qanunvericiliyin tələbinə əsasən iddiaçının qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün iddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı cavabdehə təqdim edilməli oidi. Lakin işin faktiki hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 11 iyun 1993-cü il tarixli 1104 saylı sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə torpaq sahəsi müvəqqəti olaraq – Babək prospektində yenidənqurma işləri aparılana qədər kərpic istehsalı üçün sex layihələndirilməsi və tikintisi üçün verilmişdir. Yəni, iddiaçının iddia ərizəsində göstərilən qeyri-yaşayış sahəsinin inşa edildiyi torpaq sahəsi iddiaçıya müvəqqəti istifadə üçün verilmişdir, həmin torpaq sahəsinin iddiaçının istifadəsinə və ya icarəsinə verilməsinə dair müqavilə və ya mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu isə iddia olunan qeyri-yaşayış sahəsinə mülkiyyət hüşququnu qeydə alınmasını zəruri edən aşağıdakı əsasların mövcudluğu tələb olunur: - 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.9-cı maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: 8.1. 9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.1. 9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.1. 9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.1. 9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.10-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1dən) sonra inşa edilən tikililərə dair: 8.1. 10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.1. 10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Qanunun qeyd olunan 8.0.9.2-ci və 8.0.10.2-ci maddələrinin tələblərindən göründüyü kimi, AR Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə münasibətdə - qeyri-yaşayış binasının qeydə alınması üçün icarə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı qeydiyyat üçün əsasdır. Digər tərədən, Qanunun 10.2-ci maddəsi tələb edir ki, həmin əsaslarla yanaşı icarəyə verilmiş torpaq sahəsinin planı və ölçüsünün də qeydiyyat orqanına təqdim olunması tələb olunur ki, reyestrdə qeydiyyatın aparlıması mümkün olsun. Lakin, Bakı şəhər İcra Hşakimiyyətinin Başçısının işə əlavə olunmuş 1104 saylı xx.xx.1193-cü il tarixli sərəncamından görünür ki, torpaq sahəsi firmaya konkret şərt qoyulmaqla, Babək prospektində yenidənqurma işləri aparılanadək müvəqqəti verildiyi aydın ifadə tərzində qeyd olunmuşdur. Yəni, torpaq sahəsi nə daimi istifadəsinə, nə də ki icarəsinə verilmişdir. Həmin vaxt (27 fevral 2001-ci ilədək) qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsində müvəqqəti istifadəyə verilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi nəzərdə tutulmurdu. Hazırda (27 fevral 2001-ci il tarixdən) qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsi isə nəzərdə tutur ki, 2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır... Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən isə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. İddiaçı tərəfindən qeyd alınması tələb olunan qeyri yaşayış sahəsinin isə yerləşdiyi torpaq sahəsinin onun daimi istifadəsinə və ya icarəsinə verilməsini və yaxud satın alınmaqla, dövlət tərəfindən firmanın xeyrinə özgəninkləşdirilməsini təsdiqedici hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Qeyd olunmalıdır ki, həmin sənədləriin mövcudluğu halında belə, mübahisəli qeyi-yaşayış sahəsinin işə əlavə olunmuş 2010-cu ildə tərtib olunmuş eskiz layihəsi də müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış, eyni zamanda, obyektin tikintisinə icazə sənədi və istimara qəbul aktının da mövcudluğu müəyyən olunmur. Başqa sözlə, qanunvericilikdə sadalanan sənədlərin tam dosyesi (torpağa dair qərar, razılaşdırılmış eskiz layihə, tikintiyə icazə sənədi, istismara qəbul aktı ) nə qeydiyyat orqanına, nə də ki məhkəməyə təqdim olunmuşdur. Beləliklə də iddiaçı tərəfindən, ona məxsus mübahisəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınması ilə bağlı müraciət olunan hüququn qeyd alınmasını zəruri edən şərtlərin mövcudluğu sübuta yetirilmiir. “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsi isə nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, qeydiyyatdan imtina edilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin qeydiyyatdan imtina etməsi qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarının pozması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsi qərarından da, məhz, görünür ki, məhkəmə tərəfindən iş hərtərəfli araşdırılmış, işin halları qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş və iddianın rədd olunması barədə maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlinmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6643/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6643/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar