Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1701/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja texniki pasportun verilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13616/2023 №-li xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 758 nömrəli nömrəli sərəncamı ilə X5 tərəfindən tikilmiş, sahəsi 46,5 kv.m olan qeyri-yaşayış binasının mərhum X4 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 1999-cu il tarixli, 758 nömrəli sərəncamı ilə Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ev 1, mənzil 46-da yaşayan atası X4 öz bağında köhnədən tikdirdiyi təsərrüfat binasından fərdi avtomobilini saxlamaq üçün qaraj kimi istifadə etməyinə icazə verilmişdir X9 17 yanvar 2010-cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra, miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş, həmin notariat ofisində vərəsəlik işi açılmış və hüquqmüəyyənedici sənədin verilməsi üçün cavabdeh İdarəyə yazılı məktub göndərilmişdir. Həmçinin, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən də həmin qaraja baxış keçirilərək bildirilmişdir ki, miras qalmış 40 kv.m sahəsi olan fərdi qaraj üçün sərəncam verilərkən, qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yerquruluşu orqanları yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə, müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu, həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur. Həmin qaraja texniki pasportun almaq məqsədilə cavabdehə etdiyi müraciətinə cavab olaraq, 01 avqust 2023-cü il tarixli məktubla əsassız olaraq bildirilmişdir ki, “tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1- ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 758 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı qeyri-yaşayış binasının isifadəsinə icazə verilməsi ilə bağlı olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binası yaşayış binasından 13.8 m və 11.0 m məsafədə yerləşməklə, faktiki ölçüsü 46.5 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair texniki pasport tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13616/2023 №-li xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə iş üzrə hallara düzgün və ədalətli qiymət verməyərək, iddianı əsassız olaraq təmin etməmişdir. sözügedən qeyri yaşayış sahəsindən müvafiq olaraq sərəncamdan sonra qaraj kimi istifadə edilməyə başlanılmış və bu günə qədər istifadədədir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 1999-cu il tarixli, 758 nömrəli sərəncamı ilə Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ev 1, mənzil 46-da yaşayan X1 tikdirdiyi təsərrüfat binasından fərdi avtomobilini saxlamaq üçün qaraj kimi istifadə etməyinə icazə verilməsi barədə sərəncamın verilməsi ilə, həmin vaxtı artıq mövcud olmuş təsərrüfat binasına da, hüquq tanınmışdır. Əgər həmin təsərrüfat binasına hüquq tanınmasaydı, onda müvafiq sərəncam da, verilməzdi. Qaradağ Rayon İcra hakimiyyəti vaxtilə sözügedən sərəncamı verərkən, artıq tikilmiş və mövcud olan təsərrüfat binasına hüquq tanımışdır ki, həmin binanın qaraj kimi istifadə edilməsinə icazə verilmişdir. İcra hakimiyyəti tikilinin mövcud olmasını nəzərə alıb, vətəndaşın istifadə hüququnu tanımışdır və həmin tikilidən qaraj kimi istifadə edilməsini məqsədəmüvafiq hesab edərək, icazə vermişdir. Deməli həmin sərəncamla həmçinin tikiliyə hüquq da, tanınmışdır. Həmin sərəncam hüquqmüəyyənedici sənəddir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsinə görə, yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Həmin Əsasnamənin 6.9-ci maddəsinə görə, yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasmın (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, cavadehin nümayəndəsi isə onunla razılaşmamış, imtina məktubu və iddia ərizəsinə etirazda göstərənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin qərarında iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir. “...Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının “təsərrüfat binasından qaraj kimi istifadə edilməsinə icazə verilməsi haqqında” xx.xx.1999-cu il tarixli 758 saylı Sərəncamına əsasən Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 1, mənzil 46-da yaşayan X4 öz bağında köhnədən tikdirdiyi təsərrüfat binasından fərdi avtomobilini saxlamaq üçün qaraj kimi istifadə etməyinə icazə verilmişdir. Məhkəmə nəzərə alır ki, müvafiq sərəncamda təsərrüfat binasından qaraj kimi istifadəyə icazə verilməsi nəzərdə tutulmuş, qaraj tikilməsi ilə bağlı hər hansı icazə qeyd olunmamışdır. Odur ki, həmin sərəncam həmin tikilinin inşasına icazə ilə ilə bağlı olmdığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd olunmuş hüquqmüəyyənedici sənəd kimi qiyymətləndirilə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən iddiaçının qeyd edilən qaraja mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir...” Məhkəmə kollegiyası aşağıdakılara görə birinci istansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Birincisi, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 758 saylı Sərəncamı ilə iddiaçının məruhum atası X4, öz bağında köhnədən tikdirdiyi təsərrüfat binasından fərdi avtomobilini saxlamaq üçün qaraj kimi istifadə etməsinə icazə verilmiş, bununla da, yerli icra hakmiyyəti faktiki olaraq onun həmin tikiliyə istifadə hüququnu tanımışdır. Sözügedən sərəncamın qəbul olunduğu vaxt qüvvədə olmuş, keçmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 13-cü maddəsinin 1-ci hissəsinə əsasən icra hakimiyyəti başçısı səlahiyyətləri daxilində sərəncamlar və əmrlər verir. Həmin Əsasnamənin 31-ci maddəsinə əsasən:
1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək; 2) müvafiq ərazidə öz vəsaitləri və ya pay qaydasında iştirak əsasında sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini təşkil etmək, həmin obyektlərin tikintisinin sifarişçisi kimi çıxış etmək; ...; İş materiallarından görünür ki, iddiaçının müraciətinə əsasən Azərbaycan Respublikasının Dövlət Arxivinin 2 may 2023-cü il tarixli məktubu ilə Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 758 saylı Sərəncamının arxiv çıxarışı da ona təqdim olnmuşdur. Qaradağ rayon İcra Hakimiyyətinin işə əlavə olunmuş iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli məktubunda da görünür ki, sərəncamın hal-hazırda da qüvvədə olduğu təsdiq olunur. Eyni zamanda işdən görünür ki, cavabdeh orqanın mütəxəssisləri tərəfindən qaraja baxış keçirilərkən tərtib edilmiş, həmin qarajın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən yaşayış binasından 13,8 m aralıda yerləşən və ümumi sahəsi 46,5 kv m olan mübahisəli qarajın koordinatları, o cümlədən, tikilinin planı və onun şərti istinad planı tərtib olunmuşdur. Başqa sözlə, qaraj yerindədir, koordinatlarına görə yerini də müəyyən etmək mümkündür. Qüvvədə olan “Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-79.1.4-cü maddələrinə əsasən: hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kub metr olan su çənləri qüllələrinin - tikintisinə icazə tələb olunmur. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.5-cı maddəsinə əsasən 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından məhkəmə kolegiyası hesab edir ki, iddiaçıaya, mübahisəli qaraja dair mərhum atası tərəfindən tikilmiş və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 758 nömrəli nömrəli sərəncamı ilə onun adına rəsmiləşdirilməsi qərarı alınmış sahəsi 46,5 kv.m olan qeyri-yaşayış binası mövcud olduğu və hal-hazırda vərəsə olaraq iddiaçının faktiki istifadəsində olduğu halda, həmin qeyri-yaşayış sahəsinin mərhum atasına məxsus olması barədə arayış verilməməsi cavabdeh orqanın fəaliyyət istqaməti və vəzifə funksiyaları ilə müəyyən olunan öhdəliklərinin pozulması kimi qiymətləndirilməlidir (İşdən görünür ki, 8 saylı Notariat Kontorunun cavabdeh idarəyə ünvanlanmış 16 yanvar 2015-ci il tarixli məktubundan görünür ki, iddiaçı qanun üzrə vərəsə kimi tanınaraq, notariat kontoru tərəfindən mübahisli qeyri-yaşayış binasının onun mərhum atasına məxsus olması barədə çıxarış verilməsi barədə cavabdehə orqana yazlı müraciət ünvanlanmışdır)
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 2.0-cı maddəsinə əsasən DƏDKR-in fəaliyyət istiqamətlərinə əsasən: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; ...; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. ...; Beləliklə də cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini və bu Qanunun 22.2-ci maddəsində mərhuma məxsus daşınmaz əmlaka dair texniki pasport tərtib edilməsi nəzərdə tutlmadığını əsas gətirərək, iddiaçıya onun mübahisəli qeyri-yaşayış banasının mərhum atasına məxsus olması barədə ərizəsinin təmin edilməsindən imtina olunması əsassızdır və onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması işin sübutlarla müəyyyən edilən hallarına, maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız oluduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13616/2023 №-li xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməsi, iddiaçıya - Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 758 nömrəli nömrəli sərəncamına müvafiq olaraq, mərhum atası X5 tərəfindən tikilmiş, sahəsi 46,5kv.m olan qeyri-yaşayış binasının mərhuma məxsus olması barədə arayış verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13616/2023 №-li xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı - Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 758 nömrəli nömrəli sərəncamına müvafiq olaraq, onun mərhum atası X5 tərəfindən tikilmiş, sahəsi 46,5 kv.m qeyri-yaşayış binasının mərhuma məxsus olması barədə arayış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.