Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1701/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzilə ehtiyacı olan müharibə veteranı və əlil kimi mənzil uçotuna götürülməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2041/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunun (inzibati aktının) qanunsuz hesab edilməsi və mənzilə ehtiyacı olan müharibə veteranı və əlili kimi onun mənzil uçotuna götürülməyi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü ildə Bərdə rayonunun Yenidaşkənd kəndində anadan olmuşdur. İddiaçı xx.xx.2024-cü ildə xx.xx.2002-ci il təvəllüdlü X16 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından onların üç uşağı anadan olmuşdur: xx.xx.2019-cü il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X8. İddiaçı əvvəllər Tərtər rayonunda qeydiyyatada olmuşdur. Qarabağ müharibəsi başlanan zaman həmin rayonun səfərbərlik xidməti oraqanı tərəfindən hərbi xitmətə çağırılmış və Vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı döyüşlərin birində ağır xəsarət almışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiasının rəyi əsasında ona üçünçü dərəcəli əlillik verilmişdir və əlil kimi ona pensiya təyin edilmişdir. “Müharibə veteranları haqqında” Qanuna əsasən Vətən müharibəsi əlilləri mənzil növbəsinə götürülməkdə üstünlük hüququna malikdirlər və birinci növbədə mənzillə təmin edilirlər. Tərtər Rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən iddiaçı Vətən müharibəsi əlili kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. Lakin sonradan yaşayış yerini dəyişdiyi üçün və daimi əsaslarla Bakı şəhərində məskunlaşdığı üçün, o, Tərtər Rayon İcra Hakimiyyətinə ərizə verib mənzil uçotundan çıxarılmağını xahiş etmişdir. Tərtər Rayon İcra Hakimiyyətinin 26 aprel 2024-cü il tarixli sərəncamı ilə məzil növbəsindən çıxarılmışdır. Bundan sonra iddiaçı qeydiyyatda olduğu ünvan üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə verib Vətən müharibəsi əlili kimi onun güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müraciətindən imtina edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti 26 iyul 2023-cü il tarixli cavab məktubunda göstərmişdir ki, Bakı şəhəri X11 xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” əsas götürməklə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülülr. Həmin Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülə bilərlər. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin istinad etdiyi Bakı şəhəri X11 xx.xx.1989-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” hazırda qüvvədə deyil. Vətəndaşların mənzil uçotuna götürülməsi qaydaları 2009-cu ildə qəbul edilmiş və hazırda qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənir. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Mənzil Məcəlləsinin 51.3-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Mənzil Məcəlləsinin 51.3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar mənzil uçotuna yaşayış yeri üzrə qeydiyyata alınırlar. Məcəllədə vətəndaşların mənzilə ehtiyacı olan şəxslər kimi mənzil uçotuna alınması üçün 7 il müddətində Bakı şəhərində qeydiyyatda olması tələbi mövcüd deyil. Belə bir şərtin qoyulması vətəndaşların hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-2041/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mənzil uçot siyahısına alınması barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, onun müharibə veteranı və əlili kimi mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilmiş və İddiaçı mənzil uçot siyahısına alınması barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti qərarla razılaşmır. İddiaçı Rayon İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixli 5-78/2-435/2024 saylı ərizə ilə müraciət edərək, mənzil növbəsi məsələsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçıya bildirilmişdir ki, qüvvədə olan Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989cu il tarixli qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” əsas götürülməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Qaydaların 8ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən Bakı şəhəri Binəqədi rayonunda xx.xx.2024-cü il tarixdən qeydiyyata düşdüyü müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən iddiaçının müraciətində qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Rayon İcra Hakimiyyəti iddiaçının müraciətlərinə rədd cavabı verməmiş, cavablarda müraciətlərdə qaldırılan məsələ ilə əlaqədar olaraq qüvvədə olan qanunvericiliyin tələbləri barədə müvafiq izahatlar verilərək, mövcud nöqsanlar aradan qaldırıldıqdan sonra müraciətinə yenidən baxılacağı barədə bildirilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış, iş üzrə mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarından kənara çıxılaraq əsassız qərar qəbul edilmişdir. İddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən qərar qəbul edilərkən qeyd edilən hallar nəzərə alınmamış və bununla da mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməyərək əsassız qərar qəbul olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: Qüvvədə olan Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” əsas götürülməklə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Sizin təqdim etdiyiniz sənədlərdən yaşayış yeri üzrə daimi qeydiyyatınızın Tərtər rayonunda olduğu, lakin Bakı şəhəri Binəqədi rayonunda xx.xx.2024-cü il tarixdən qeydiyyata düşdüyünüz müəyyən edilmişdir. Sizin Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatınızın 7 (yeddi) ildən az olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. İş materiallarında olan Tərtər Rayonu İcra Hakimiyyəti Başçısının “Tərtər rayonunda yaşayan bir qrup şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin, birinci Qarabağ müharibəsi əlilinin və hərbi xidmət əlillərinin rayon İcra hakimiyyətində mənzil növbəsinə götürülməsi barədə” xx.xx.2022-ci il tarixli 105 nömrəli Sərəncamının surətindən görünür ki, Tərtər RİH-in mənzil məsələlərinə baxan daimi komissiyasının qərarında adları göstərilən şəhid ailələri, Vətən müharibəsi əlilləri, birinci Qarabağ müharibəsi əlili və hərbi xidmət əlilləri Tərtər Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşlər: İddiaçı - Vətən müharibəsi əlili, ailə üzvlərinin sayı -3. İş materiallarında olan Tərtər Rayonu İcra Hakimiyyəti Başçısının “İddiaçı rayon icra hakimiyyətində mənzil növbəsindən çıxarılması” barədə xx.xx.2024-cü il tarixli 48 nömrəli Sərəncamının surətindən görünür ki, Tərtər şəhər qeydiyyatında olmuş üçüncü dərəcəli Vətən müharibəsi əlili İddiaçı ərizəsi nəzərə alınmış, üçüncü dərəcəli Vətən müharibəsi əlili İddiaçı Tərtər Rayon İcra Hakimiyyətində mənzil növbəsindən çıxarılması, İddiaçı Tərtər Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin sənədlərinin Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı üçüncü dərəcəli əlildir (əlillik səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusion quruluşunun müdafiəsi ilə əlaqədar). İş materiallarında olan İ-3587 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2353 nömrəli Sərəncamı ilə İddiaçı «Cəsur döyüşçü» medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-3823 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 nömrəli Sərəncamı ilə İddiaçı «Laçının azad olunmasına görə» medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-60196 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə İddiaçı «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı, X10, X1, X3, X5 mülkiyyətində olan qeydiyyatdan keçmiş daşınmaz əmlaklara dair ətraflı məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmış və sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlildir. İddiaçı Tərtər Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 105 nömrəli Sərəncamına əsasən birinci Vətən müharibəsi əlili kimi 3 nəfər ailə tərkibi ilə Tərtər Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. Daha sonra Tərtər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 48 nömrəli Sərəncamına əsasən iddiaçının ərizəsi nəzərə alınaraq onun Tərtər Rayon İcra Hakimiyyətində mənzil növbəsindən çıxarılması və Tərtər Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin sənədlərinin Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Hazırda iddiaçı onun üçüncü qrup Vətən müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıdakı şəxslərin (ailələrin) 2021-2030cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotun aparılması qaydalarının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməməsi vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə alınmasından imtina üçün əsas ola bilməz. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin ev iddiaçının mülkiyyətində deyildir. İddiaçının və ailə üzvlərinin mülkiyyətində və ya qanuni istifadəsində hər hansı daşınmaz əmlak yoxdur. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub-olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İşin faktiki hallarından görünür ki, iddiaçının adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Deməli, iddiaçı qanunvericiliyin istinad olunan tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı xx.xx.2022-ci ildən Tərtər rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmüşdür. İddiaçının mənzilə növbəsinin Binəqədi rayonuna göndərilməsi ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin qəbul etdiyi inzibati akt hesab edilən xx.xx.2024-cü il tarixli 48 nömrəli Sərəncamının preyudisial əhəmiyyəti var və mənzil növbəsinə alınması haqqında xx.xx.2022-ci il tarixli 105 nömrəli Sərancamı qüvvədədir. Tərtər rayon İcra Hakimiyyəti mənzil növbəsinin davam etdirilməsi üçün növbəni Binəqədi rayon İcra Hakimiyyətinə göndərmişdir. Belə olduğu tədqirdə Binəqədi rayon İcra hakimiyyətinin 7 illik daimi pasport qeydiyyatı ilə bağlı gətirdiyi arqument əsasız olur. Bundan başqa, mənzil növbəsinə götürülmək üçün qoyulmuş tələblər iddiaçının Konstitusiyada təsbit edilmiş “sərbəst hərəkət etmək” hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin hər yeni gəldiyi yaşayış yeri üzrə ən azı 7 il müddətinə daimi qeydiyyatda qalmasının məcburiliyi mənzil növbəsinə durmaq prosedurunu əhəmiyyətsiz etmiş olur. Mənzilin növbəsinə götürülmüş şəxsin müəyyən müddətə başqa əraziyə köçməsi nəticəsində orada da bir neçə il müddətinə pasport qeydiyyatında qalmasına lüzum yoxdur. Çünki burada məqsəd şəxsin bir neçə il müddətinə pasport qeydiyyatında qalması deyil, növbəyə götürülmüş şəxsin evlə təmin edilməsidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir. Bu isə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsinə əsas verir. Bu səbəbdən də cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2041/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1701/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1701/2025
20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver