Məhkəmə qərarları › İş №2-1(103)-1702/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1702/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1702/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun pensiya hüququnun bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Xumar Afət qızı Mərdanova ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun pensiya hüququnun bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1746/2021 saylı 04 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 05.06.1970-ci il təvəllüdlüdür. 15/1010-001022 saylı pensiyaçının uçot vərəqəsindən görünür ki, İddiaçı 15/1010 saylı 14.05.2015-ci il tarixli qərarla 01.04.2015-ci il tarixdə 604.60 manat məbləğində yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əmək pensiyasının dayandırılması haqqında 02.03.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı təyn edilmiş pensiyanın ödənilməsi DSX 10/143m saylı 13.02.2020-ci il tarixli məktubuna əsasən dayandırılmışdır. 000564 saylı 01.04.2014-cü il tarixli məlumat vərəqəsindən görünür ki, iddiaçı 31.10.2007-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18 “e” hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə görə ehtiyata buraxıldığı, 555,00 manat məbləğində vəzifə maaşı, 130,00 manat məbləğində rütbə maaşı, 137,00 manat məbləğində xidmət illərinə görə əlavə, 64,00 manat məbləğində ərzaq payı əvəzinə kompensasiya, 55,50 manat məbləğində sərhəd qoşunlarında xidmətə görə, 83,25 manat məbləğində məharət dərəcəsinə görə, ümumilikdə 1024,75 manat məbləğində pul təminatı hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 02 mart 2020-ci il tarixli Qərarından görünür ki, Dövlət Sərhəd Xidmətinin 13 fevral 2020-ci il tarixli 10/143 saylı məktubuna əsasən əmək pensiyası dayandırılmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 10/143 m saylı 17 fevral 2020-ci il tarixli məktubundan görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin 30 oktyabr 2007ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin "e” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmış mayor İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1, 182.3.1, 182.3.2 və 310-cu maddələri üzrə təqsirli bilinərək Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 12 noyabr 2008-ci il tarixli hökmünə əsasən 13 (on üç) il müddətinə azadlıqdan məhrum edilmiş və “Mayor” hərbi rütbəsindən məhrum edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təqdimt göndərilməsi barədə qərar qəbul edilmişdir. Lakin Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 12 noyabr 2008-ci il tarixli hökmünün surəti, həmçinin ehtiyatda olan mayor F.Q.Lətifovun “Mayor” hərbi rütbəsindən məhrum edilməsinə dair təqdimat Dövlət Sərhəd Xidmətinə daxil olmadığına görə hökmün müvafiq bəndinin icrası təmin olunmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 182-ci maddəsinə (Ehtiyatda, yaxud istefada olan şəxslər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edildikdə, məhkəmənin hökmü ilə hərbi rütbələrdən məhrum edilə bilər) müvafiq olaraq ehtiyatda olan mayor İddiaçı Dövlət Sərhəd Xidməti Rəisinin 13 yanvar 2020-ci il 015 ş/h nömrəli əmri ilə “Mayor” hərbi rütbəsindən məhrum edildiyi bildirilmişdir. (Əsas: Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 12 noyabr 2008-ci il tarixli hökmü və İstintaq və Təhqiqat İdarəsi rəisinin 25 noyabr 2019-cu il tarixli 11622 nömrəli raportu). İddiaçı dayandırılmış pensiyanın ödənilməsinin bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı 09 iyul 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən daxil olmuş 002886 nömrəli məlumat vərəqəsinə əsasən 25 sentyabr 2008-ci il tarixində iddiaçıya İdarə tərəfindən yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilərək, 1 yanvar 2007-ci il tarixindən hesablanmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən daxil olmuş 000564 nömrəli məlumat vərəqəsinə əsasən 31 mart 2015-ci il tarixində pensiya ödənişi dayandırılmış və həmin məlumat vərəqəsində qeyd olunan məlumatlara əsasən 1 aprel 2015-ci il tarixindən iddiaçıya İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən İdarəyə təqdim olunmuş məktubda müvafiq məhkəmənin 12 noyabr 2003-ci il tarixli hökmü ilə hərbi rütbədən məhrum olunduğu qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ yoxdur. Buna görə də əmək pensiyası 29 fevral 2020-ci il tarixində dayandırılmışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “onun pensiya hüququnun bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1987-1992-cı illərdə Rostov Ali Hərbi Komanda-mühəndislər məktəbində fizika-energetika qurğularının istismarı üzrə mühəndis ixtisası üzrə təhsil almışdır. 1992-ci ildə leytenant rütbəsi almaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissənin energetiki vəzifəsində xidmətə başlamışdır. 16 dekabr 1992-ci il tarixdə Prezident yanında Xüsusi İdarənin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. 21.06.1993-cü ildə baş leytenant, 21.06.1996-cı il tarixdə kapitan hərbi rütbələri verilmişdir. 08.02.1999-cu il tarixdə könüllü olaraq pensiyaya çıxmışdır. 11.12.2003-cü il tarixdən Dövlət Sərhəd Xidmətində zabit kimi xidmətini davam etdirmişdir. 03.03.2006-cı il tarixdə mayor hərbi rütbəsi verilmişdir. 30.10.2007-ci il tarixdə xidmətdən tərxis olunmuşdur. 01.11.2007-ci il tarixdə həbs olunmuşdur. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin 12.11.2008-ci il tarixli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və əlavə cəza olaraq mayor hərbi rütbəsindən məhrum edilmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkmə müəssisəsində olduğu zaman pensiyasının Dövlət Sərhəd Xidmətində olan xidməti illərinin də nəzərə alınaraq yenidən hesablanmasına dair müraciət etmişdir. Mürcaiəti təmin edilmiş və cəza çəkdiyi müddət ərzində pensiyasını tam şəkildə almışdır. 24 aprel 2019-cu il tarixdə çəkilməmiş cəzanın qalan hissəsi şərti tətbiq olunaraq cəzaçəkmə yerindən buraxılmışdır. 2019-cu ilin dekabr ayında cəzanın şərti tətbiq olunması müddəti başa çatmışdır. 29 fevarl 2020-ci il tarixdən etibarən isə pensiyanın verilməsi dayandırılmışdır. Bununla əlaqədar olaraq tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət olunaraq pensiyanın verilməsinin bərpa edilməsi xahiş olunmuşdur. Ərizəyə cavab olaraq cavabdeh təşkilat bildirmişdir ki, 12 noyabr 2008-ci il tarixli məhkəmə hökmü ilə hərbi rütbədən məhrum olunduğu üçün “Əmək Pensiyaları haqqında Qanunun” 9.5-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ yoxdur. Cavabdeh təşkilatın imtinası ilə razılaşmayaraq bildirir ki, o, hərbi qulluqçu kimi pensiya hüququnu 08.02.1999-cu il tarixdə qazanmışdı. 2007-ci il tarixdə baş vermiş hadisəyə görə ona təyin edilmiş cəzanın icrası pensiya hüququndan məhrum edilmək üçün əsas deyildir. Məhkəmənin hökmündə ümumiyətlə hərbi rütbədən məhrum edilməyi qeyd olunmamışdır. Yalnız mayor hərbi rütbəsindən məhrum edilməsi barədə təqdimat verilməsi qərara alınmışdır. Nəzərə alınmalıdır ki, mayor hərbi rütbəsi almamışdan öncə kapitan hərbi rütbəsi ilə Prezident yanında Xüsusi İdarənin əməliyyat müvəkkili vəzifəsindən könüllü olaraq pensiyaya çıxmışdır. Belə olduğu halda cavabdeh təşkilatın Əmək Pensiyaları haqqında qanunun 9.5-ci maddəsinə istinad etməklə pensiya hüququndan məhrum edilməsi tamamilə əsassızdır. Həmçinin, qeyd edir ki, onun pensiya hüququ pensiyaya çıxan zaman qüvvədə olan Hərbi qulluqçuların pensiya təminatı haqqında qanunun tələblərinə əsasən yaranmışdır. Sözügedən qanunda isə hərbi rütbədən məhrum etmənin pensiya hüququndan məhrum edilməsi ilə nəticələnməsi barədə heç bir maddi hüquq norması mövcud deyildir. Eyni zamanda, qeyd edilməsi zəruridir ki, o, 11 il hərbi qulluqçu kimi dövlətə xidmət etmişdir. Hərbi qulluqçuların pensiyası onların təminat xərcliyindən hesablanır. Əmək Pensiyaları haqqında Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin tələbindən də görünür ki, təminat xərcliyinə hərbi rütbəyə görə əlavədən başqa digər ödənişlər də daxildir. Mayor hərbi rütbəsindən məhrum edilmiş olsa da, kapitan hərbi rütbəsi ilə 1999-cu il tarixdən pensiyaya çıxdığına görə pensiya hüququ bərpa edilməlidir. Yuxarıda göstərilən xüsusatlara görə hesab edir ki, mayor hərbi rütbəsindən məhrum olunmağı onun, ümumiyyətlə, hərbi qulluqçu kimi pensiya hüququndan məhrum edilməsinə əsas ola bilməz. Lakin cavabdeh orqan onun mayor hərbi rütbəsindən məhrum olunmasını əsas gətirməklə əsassız olaraq müraciətindən imtina etmiş, bununla onun pensiya almaq hüququnu pozmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın tərəfindən iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Bildirirlər ki, iddiaçının adına pensiya təyinatı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən “məlumat vərəqi” İdarəyə daxil olmuş və “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən 01.04.2015-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 13.02.2020-ci il tarixli məktubuna əsasən 07.03.2020-ci il tarixdən iddiaçıya əmək pensiyası dayandırılmışdır. Belə ki, DSX-nin məktubuna əsasən İddiaçı Oktay oğlu 13.01.2020-ci il tarixli 015 ş/h nömrəli əmri ilə “mayor” rütbəsindən məhrum edilmiş və bu səbəbdən “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə uyğun olaraq əmək pensiyası dayandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1746/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərar qəbul edərkən prosessual hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 09.07.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı iddia ilə məhkəməyə 15.09.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona kapitan hərbi rütbəsi ilə təyin edilmiş pensiya hüququnun bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5–ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, hərbi qulluqçuların hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Hazırki işdən görünür ki, iddiaçıya ilk dəfə 1999-cu ildə yaşa görə pensiya təyin olunmuşdur. Sonradan iddiaçı apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 1(091)-71/2008 saylı 12 noyabr 2008-ci il tarixli hökmü ilə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, həm də onun “mayor” hərbi rütbəsindən məhrum edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinə təqdimat göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-03 saylı 25 fevral 2009-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 1(091)-71/2008 saylı 12 noyabr 2008-ci il taixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı ona 1999-cu il tarixdən təyin edilmiş yaşa görə pensiyasını almaqda davam etmiş, lakin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanladığı 13.02.2020-ci il tarixli 10/143 m saylı məktubuna əsasən sonuncu tərəfindən ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Belə ki, apellyasiya baxışı zamanı məlum olmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında 02.03.2020-ci il tarixli qərar qəbul edilmişdir. Hazırda İddiaçı pensiya hüququnun bərpa edilməsini tələb edir və ona istinad edir ki, ona ilk dəfə pensiya təyin olunanda leytenant rütbəsi olmuş, sonradan 03.03.2006-cı ildə mayor rütbəsi almış və 30.10.2007-ci ildən xidmətdən tərxis olunaraq 01.11.2007-ci ildə həbs olunmuş, 12.11.2008-ci il tarixli hökmlə azadlıqdan məhrumedilmə cəzasına məhkum olunmaqla yanaşı, mayor rütbəsindən məhrum edilsə də, onun kapitan rütbəsi qaldığı üçün cavabdeh tərəfindən ümumiyyətlə hərbi qulluqçu kimi pensiya hüququndan məhrum edilməsi və pensiyasının dayandırılması əsassız olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:..... Göründüyü kimi, qanunvericiliyin tələbinə görə yaşa görə əmək pensiyası hüququ olan hərbi qulluqçular sırasına hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların adı daxil edilməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçı hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçu olduğuna görə ona əmək pensiyasının verilməsi düzgün olaraq dayandırılmışdır. İddiaçı tərəf hazırda cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması barədə 02.03.2020-ci il tarixli qərarını mübahisələndirməsə də, onun pensiya hüququnun bərpasını tələb edir ki, bu da yuxarıda adı çəkilən qanunun tələbinə görə mümkünsüzdür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının “onun mayor rütbəsindən məhrum olunmasına baxmayaraq kapitan rütbəsi qaldığı üçün pensiyasının dayandırılmasının mümkünsüzlüyü” barədə dəlilinə münasibətdə Kollegiya hesab edir ki, həmin dəlil əsassızdır və təmin olunmamalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı məhkəmə hökmü ilə əlavə cəza kimi mayor rütbəsindən məhrum edilməklə ümumiyyətlə hərbi rütbədən məhrum edilmiş sayılır. Ona görə də hazırki vəziyyətdə onun hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasını almaq hüququ yoxdur. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil etdiyi üçün və bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız sayır və qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1746/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1746/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar