Məhkəmə qərarları › İş №2-1(103)-1702/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1702/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1702/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1715/N1 saylı, 10 fevral N1-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 avqust N0-ci il tarixli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1978-ci il təvəllüdlü iddiaçı 1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 2001-ci ildə həmin təhsil müəssisəsini “suüstü gəmilərin radiotexniki və rabitə vasitələri” ixtisası üzrə bitirmişdir. O, 2001–2002-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissənin Hidroqrafiya gəmiləri divizonunun rabitə və radiotexniki vasitələr üzrə mütəxəssisi, 2002–2006-cı illərdə həmin hərbi hissənin Müşahidə rayonu komandirinin texnika üzrə müavini, 2006 – 2007-ci illərdə N saylı hərbi hissənin Sex rəisinin müavini, 2007–2014-cü illərdə hərbi hissənin “X11”nin zabiti (hidroakustika üzrə), 2014-cü ilin fevral ayından iyul ayınadək həmin şöbənin rəisinin hidroakustika üzrə baş köməkçisi, 2014-cü ilin iyul ayından adıçəkilən şöbənin rəisi vəzifələrində xidmət etmişdir. İkinci dərəcəli kapitan rütbəsi daşıyır. İddiaçı xidmət dövründə 2002–2004-cü illərdə X3 “Beynəlxalq dəniz ixtisası” və “ingilis dili” üzrə kurslarına, 2004-cü ilin may və oktyabr aylarında Almaniyada “dəniz ixtisası üzrə irisürətli katerin taktikası, radiotexniki kəşfiyyat, rabitə və silah” kurslarına, 2008-ci ildə 1 ay müddətində NATO ilə Əməkdaşlıq Proqramı çərçivəsində X10 üzrə ABŞ-ın İraqda apardığı dənizdə neft platformalarının mühafizəsi üzrə tədbirə cəlb olunmuşdur. Bundan başqa, ikitərəfli əməkdaşlıq çərçivəsində bir çox dövlətlərdə (Türkiyə, Pakistan, Kanada və s.) müxtəlif tədbirlərdə iştirak etmişdir. 2019-cu ildə keçirilmiş sonuncu attestasiyanın nəticələrinə görə 98,14 bal qiymətləndirilmişdir. Müdafiə Nazirliyinin müvafiq əmrləri ilə təltif olunmuşdur. O, 15 avqust N0-ci il tarixdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0N nömrəli əmri ilə aşağı vəzifəyə, yəni N saylı hərbi hissənin X9 rəisinin köməkçisi vəzifəsinə təyin edilmiş, bundan narazı qalaraq cavabdehin həmin əmrinin ləğv edilməsini tələb etmişdir. Sonradan iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «cavabdehin 15 avqust N0-ci il tarixli 0N nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmiş və məhkəmə tərəfindən həmin ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, 15 avqust N0-ci il tarixli 0N nömrəli əmr iddiaçıya aid hissədə qanunidir və iddia tələbi əsassızdır. Belə ki, həmin əmr müvafiq hərbi hissə komandirinin təqdimatı əsasında verilmişdir. X5 aşağı (işgüzar keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan) vəzifəyə təyin edilməsi məqsədəuyğun hesab edilmiş və o, belə xarakterizə olunmuşdur: müntəzəm olaraq bilik və bacarığının artırılması üçün daim öz üzərində çalışmır, rəhbər sənədlərlə işləmək bacarığı zəifdir, edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmır, xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi kafidir, kollektivdə və yoldaşları arasında az hörmətə malikdir, hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onların tələbləri əsasında qurmaqda çətinlik çəkir, təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkir, təşəbbüskardır, vətənpərvərdir, dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1715/N1 saylı, 10 fevral N1-ci il tarixli qərarı ilə (hakim: R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin özü də qərarını mübahisəyə baxarkən formal və subyektiv mülahizələrə eləcə də özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır ki, bu hal qanunvericiliyin tələbləri ilə uzlaşmır. Təqdimatda iddiaçını səciyyələndirən müsbət və qeyri-müsbət keyfiyyətlər göstərilmişdir ki, bu da təqdimatın obyektiv, ədalətli və qərəzsiz olduğunu təsdiq edir. İşçinin işgüzar və mənəvi keyfiyyətinin xarakterizə edilməsi aparılmış peşəkar təhlillərə və mülahizələrə əsaslana bilər. Digər tərəfdən, təqdimatda göstərilənlərin düzgünlüyü iş materialları ilə də təsdiq edilir. İşçinin işgüzar və mənəvi keyfiyyətlərinin xarakterizə edilməsi aparılmış peşəkar təhlillərə və mülahizələrə də əsaslana bilər. İddiaçı barəsində qəbul olunmuş əmrə əsas olan təqdimatda göstərilənlərin düzgünlüyü, obyektivliyi iş materialları ilə də təsdiq olunur. İşdə olan N saylı hərbi hissənin komandirinin xx.xx.N0-ci il tarixli, 312 №-li əmri ilə xidmət zamanı buraxdıqları nöqsanlara, tabeliyində olanlara zəif nəzarət etdiklərinə və vəzifə borclarının icrasına laqeyd yanaşmalarına görə digər hərbi qulluqçularla yanaşı hərbi hissənin Dəniz Mühafizə şöbəsinin rəisi 2-ci dərəcəli kapitan İddiaçı da intizam məsuliyyətinə cəlb olunmuşdur. İşdə olan xx.xx.N0-ci il tarixli əmrdən də görünür ki, iddiaçı barəsində təkrarən intizam məsuliyyəti tətbiq olunmuşdur. Məhkəmənin sadalanan hallar məcmusunda onun xidmət etdiyi sahədə uğursuz nəticələri konkret bildirilməmişdir- qənaətinə gəlməsi əsassızdır. Məhkəmə qeyd olunan hallara diqqət yetirməmişdir ki, bu da nəticə etibarı ilə düzgün olmayan qərarın qəbul olunması ilə nəticələnmişdir. Digər tərəfdən məhkəmə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamışdır. Belə ki, işdə olan xx.xx.N0-ci il tarixində tərtib və təsdiq olunmuş söhbət vərəqindən görünür ki, iddiaçı ilə aparılmış söhbət zamanı ondan xidməti vəzifəsinə münasibəti soruşularaq məsuliyyətinin aşağı olduğu, tutuduğu vəzifə həcmində tələbkarlığının zəif olduğu edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmadığı, şəxsi intizam və işgüzarlığının qənaətbəxş olmadığı bildirilərkən, o, “tənqidlərdən nəticə çıxarmışam» kimi cavab vermişdir ki, bu onun etirafı kimi qiymətləndirilməlidir. İddiaçı xx.xx.N0-ci il tarixində növbəti söhbətdən imtina etmiş, bu fakt aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi qaydaları «İnzibati icraat haqqında» Qanunla deyil, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq maddələri ilə tənzimlənir. Bundan əlavə, məhkəmənin xx.xx.N0-ci il tarixli əmrin qəbul edilməsindən əvvəl ehtiyata buraxılması barədə ərizə ilə aidiyyəti üzrə müraciət etməsini bildirsə də, cavabdeh bunu təkzib edən heç bir sübut təqdim etməmişdir ifadəsi də əsassızdır. Çünki məhkəmə 12.1-12.2-ci maddəsinə müvafiq iddiaçının müraciət edibetməməsi barədə sübutları araşdırmamış, müvafiq sənədlərin əldə edilməsi üçün tədbir görməmişdir. Sadalanan xüsusatlardan göründüyü kimi iddia tələbi əsaslı deyil. İşdə olan mötəbər sübutlarla inkar edilir. Lakin məhkəmə heç bir əsası olmadan iddianı təmin etmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1592/N1 nömrəli 08 oktyabr N1-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1715/N1 saylı, 10 fevral N1-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-352/N2 saylı 08 fevral N2-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1592/N1 nömrəli 08 oktyabr N1-ci il tarixli nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təqdim edilmiş etiraz ərizəsini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş edərək, əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə hər hansı şəxsi qərəzlik aparılmamışdır, həmçinin iddiaçıdan başqa digər şəxslərə də töhmət verilmiş, lakin digər şəxslər onlara verilmiş töhmətdən dərs almış, işlərini məsuliyyətlə yerinə yetirmiş və əvvəlki vəzifələrinə yaxud başqa vəzifəyə keçirilmişdirlər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri aşağıdakılardan ibarətdir: - iddiaçı barəsində keçirilmiş sonuncu attestasiyanın nəticələrinə dair sənədlər tələb edilib, araşdırılmalı; - iddiaçı daha aşağı vəzifəyə keçirilmədən öncə bir neçə dəfə intizam məsuliyyətinə cəlb edilmiş və bunları mübahisələndirməmişdir. Bu hallar (intizam cəzasının tətbiqinə səbəb olmuş hallar, iddiaçının buna münasibəti, bu halların mübahisələndirilib-mübahisələndirilməməsi) və bu halların iddiaçının işgüzar və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə təsiri zamanı nəzərə alına bilməsi halı araşdırılmalı; - inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyəti mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilib-keçirilmədiyi, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı, inzibati orqanın öz qərarını əsaslandırarkən istinad etdiyi halların “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müddəaları baxımından mövcud olub-olmadığı araşdırılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında xidməti vəzifəsindən irəli gələn müvafiq araşdırma apararaq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci maddəsinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Əsasnamənin 81-ci maddəsinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda, b) hərbihəkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə, v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə, q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən, d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X2 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Hərbi qulluqçuların müvafiq heyətlərinin şərəf məhkəməsinin vəsatəti ilə aşağı vəzifəyə təyin edilməsi və iş həcmi az olan vəzifələrə keçirilməsi elə həmin rəislər tərəfindən yerinə yetirilir. Mübahisə predmeti cavabdehin 15 avqust N0-ci il tarixli 0625 saylı əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi ilə bağlıdır. İş materiallarında olan 15 avqust N0-ci il tarixli 0N nömrəli əmrin çıxarışından görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan aşağı vəzifəyə) müvafiq olaraq, N №-li hərbi hissənin “X11”nin rəisi, 2-ci dərəcəli kapitan İddiaçı tutduğu vəzifədən azad edilsin və N №-li hərbi hissənin “X11 rəisinin radiotexniki hazırlıq üzrə baş köməkçisi təyin olunsun.” İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının aşağı vəzifəyə keçirilməsi barədə 15 avqust N0-ci il tarixli 0N nömrəli əmr N №-li hərbi hissə komandirinin xx.xx.N0ci il tarixli təqdimatına əsaslanır. Həmin təqdimata əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar keyfiyytləri nəzərə alınaraq iş həcmi az olan) müvafiq olaraq aşağı vəzifəyə təyin olunmsı üçün təqdim olunur. 2-ci dərəcəli kapitan İddiaçı müntəzəm olaraq bilik və bacarığının artırılması üçün daim öz üzərində çalışmır. Rəhbər sənədlərlə işləmək bacarığı zəifdir. Edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmır. Xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi kafidir. Fiziki və mənəvi cəhətdən sağlamdır. Kollektivdə və yoldaşları arasında az hörmətə malikdir. Hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onların tələbləri əsasında qurmağa çətinlik çəkir. Təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən, verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkir. Təşəbbuskardır, vətənpərvərdir. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır.” İşin hallarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən təqdimatın verilməsinə əsas kimi iddiaçı barəsində xidməti fəaliyyəti zamanı tətbiq olunmuş intizam cəzaları çıxış edir. İ. Məhkəmə kollegiyası təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq iddiaçı barəsində Xidməti vərəqədə qeyd edilmiş intizam cəzalarının tətbiqinə səbəb olmuş halları, bu halların iddiaçının işgüzar və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə təsiri zamanı nəzərə alına bilməsi hallarını araşdırmışdır. Belə ki, iddiaçıya daha aşağı vəzifəyə keçirilmədən öncə xx.xx.2019-cu il tarixdə və xx.xx.N0-ci il tarixdə “Töhmət” intizam cəzası tətbiq edilmiş, xx.xx.N0-ci il tarixdə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Xidməti vərəqədən görünür ki, 2-ci dərəcəli kapitan İddiaçı şəxsi vəsiqəsini yararsız hala saldığına görə N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.2019-cu il tarixdə “Töhmət” intizam cəzası ilə cəzalandırılmışdır. Səngi-Muğan adasından Silahlı Qüvvələrin Baş klinik Hospitalına təxliyyə olunması zamanı fərqləndiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 316 nömrəli əmrinə əsasən xx.xx.2019-cu il tarixli “Töhmət” intizam cəzası üzərindən götürülmüşdür. Göründüyü kimi, qeyd edilən töhmət cəzası iddiaçı barəsində hazırki mübahisləndirilən əmr verilən zamanı üzərində olmamış, verildiyi tarixdən 2 ay sonra xidmətində fərqləndiyinə görə üzərindən götürülmüşdür. Xidməti vərəqədən göründüyü kimi, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli əmrinə əsasən həmin tarixdə verilmiş əmr və tapşırığı vaxtında icra etmədiyinə görə 2-ci dərəcəli kapitan İddiaçı barəsində “Töhmət” intizam cəzası tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı həmin intizam cəzası barədə məlumatlı olmadığını, bu səbəbdən mübahisələndirmədiyini, Xidməti vərəqə ilə 14 avqust N0-ci ildə axırıncı dəfə tanış olan zamanı həmin cəza barədə məlumatlı olduğunu qeyd etdi. Cavabdehin nümayəndəsi də öz növbəsində həmin intizam cəzasının şifahi formada elan edildiyini, həmin əmrlə bağlı hər hansı inzibati icraat materiallarının mövcud olmadığını sadəcə əmr elan edilən kimi rəhbərlik tərəfindən Xidməti vərəqədə qeydiyyat aparıldığını bildirdi. Eyni zamanda iddiaçının mütəmadi olaraq xidməti vərəqə ilə tanış olduğunu, əmrin mövcudluğundan xəbərdar olduğunu bildirdi. Məhkəmə kollegiyası da qeyd edilənlərlə bağlı iş materiallarına əlavə edilmiş Xidməti vərəqəyə baxış keçirmiş, bu zaman iddiaçı tərəfindən barəsində tərtib edilmiş xidməti vərəqə ilə sonuncu dəfə 14 avqust N0-ci ildə daha əvvəl isə 05 dekabr 2018-ci il tarixdə tanış olması halı təsdiqini tapmış, cavabdehin nümayəndəsi də öz növbəsində sözügedən əmrin şifahi elan olunduğunu, iddiaçının həmin anda məlumatlı olması barədə əlavə sübut təqdim edilməsinin mümkün olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N iyul N0-ci il tarixli 312 nömrəli əmrinin surətindən aydın olur ki, xx.xx.N0-ci il tarixində hərbi hissə komandirinin şifahi əmrinə əsasən hərbi hissənin Xudat şəhərinin Müqtədir kəndinin ərazisində yerləşən “X4 Postu”na və “Radiokəşfiyyat qovşağının radiokəşfiyyat məntəqəsinin radiokəşfiyyat stansiyası”na qəfil yoxlama keçirilərkən: - postların şəxsi heyətinin öz vəzifə borclarının icrasına laqeyid yanaşdığı və şəxsi heyətin intizamının çox aşağı səviyyədə olduğu aşkar olunmuş; - xidməti kunqlara baxış zamanı hər iki və bu zamanı xidməti heyətin kunqlardan icazəsiz yaşayış yeri kimi istifadə etdikləri, orada yemək yedikləri, istirahət etdikləri, tütün çəkdikləri kustar peçdən və kunqun server otağından server kimi istifadə etdikləri məlum olmuş; -kunqlarda natəmizlik antisanitarya aşkar olunmuş, növbə heyətin geyim formaları səliqəsiz və çirkli olmuş, nizamnamənin tələblərinə uyğun olmamış; iş ayaqqabılarının əvəzinə çəkələk və rezin qaloşlardan istifadə etdikləri və hərbi qulluqçuların bəziləri üzü tüklü olduğu və s. nöqsanlar aşkar olunmuşdur. Həmin əmrin 2.1-ci və 2.2-ci bəndlərindən görünür ki, intizam qaydasında qeyd olunan nöqsanlara görə hərbi hissənin iki hərbi qulluqçusuna şiddətli töhmət verilmiş, yeddi hərbi qulluqçusuna, o cümlədən, İddiaçı “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam tənbehi elan edilmişdir. Lakin iş materiallarına, o cümlədən, tərəflərin izahatlarına, habelə, hazırkı mərhələdə məhkəmənin tələbi əsasında cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, hərbi hissə komandirinin şifahi əmri ilə xx.xx.N0-ci il tarixində hərbi hissənin Xudat şəhərinin Müqtədir kəndinin ərazisində yerləşən “X4 Postu”nda yoxlama keçirilərkən və bundan xeyli əvvəl İddiaçı növbəti məzuniyyətdə olmuşdur. Belə ki, hərbi hissənin X9 rəisi vəzifəsini tutan İddiaçı hərbi hissə komandirinə xx.xx.N0-ci il tarixli raportla müraciət edərək, N0- ci il üçün nəzərdə tutulmuş məzuniyyəti hesabına xx.xx.N0-ci il tarixindən 15 gün müddətinə məzuniyyətə buraxılmasını və pul kompensasiyası ödənilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş və o, hərbi hissə komandirinin N iyul N0-ci il tarixli 186 nömrəli əmri əsasında N iyul N0-ci il tarixindən, Bakı şəhərində keçirməklə, 15 təqvim günü müddətinə məzuniyyətə getmiş hesab edilmişdir. Eyni zamanda, həmin hərbi hissə komandirinin birinci müavini - qərargah rəisinin (həmin vəzifəni icra edən) hərbi hissə komandirinə ünvanladığı xx.xx.N0-ci il tarixli raporta və hərbi hissə komandirinin N iyul N0ci il 194 nömrəli əmrinin sürətinə əsasən müəyyən olunur ki, İddiaçı məzuniyyətdən geri çağrılmış və o, N iyul N0-ci il tarixindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. Birincisi, cavabdeh tərəfi məhkəmənin təklifinə baxmayaraq, iddiaçının xx.xx.N0-ci il tarixdə hərbi hissəyə gəlişini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İkincisi isə, iddiaçının məhkəməyə verdiyi izahatına əsasən isə müəyyən olunur ki, məzuniyyətdən geri çağrılması barədə ona xx.xx.N0-ci il tarixində nahar vaxtından sonra telefon edilərək bu barədə bildirilmiş və o, səhəri gün xidmətdə olacağını demiş və səhəri, yəni xx.xx.N0-ci il tarixində hərbi hissəyə xidmətinə qayıtmışdır. Hər bir halda, tədqiq olunan sübutlarla müəyyən olunan hallar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı nəinki, yoxlama günü, hətta həmin gündən bir həftə əvvəl məzuniyyətə çıxmış, başqa sözlə mübahisəli yoxlama ərəfəsində ümumiyyətlə hərbi hissədə xidmət başında olmamışdır. Belə olan halda, ona xx.xx.N0-ci il tarixində hərbi hissənin Xudat şəhərinin Müqtədir kəndinin ərazisində yerləşən “X4 Postu”na və “Radiokəşfiyyat qovşağının radiokəşfiyyat məntəqəsinin radiokəşfiyyat stansiyası”na keçirilən qəfil yoxlamanın nəticələri üzrə aşkar olunan nöqsanlara görə vəzifə funksiyalarını lazımınca yerinə yetirmədiyinin irad tutulması formal xarakter daşıyır. Ən azından ona görə ki, iddiaçı hərbi hissədə olmadığı müddətdə, o cümlədən, məzuniyyətə buraxıldığı xx.xx.N0-ci il tarixindən xx.xx.N0-ci il tarixinədək olan 8 gün ərzində o, yoxlanılan posta nəzarət edə və həmin postda baş verənlərə görə onun cavabdehliyi və intizam məsuliyyəti müəyyən edilə bilməzdi. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, verilən əmrin tarixi iddiaçının məzuniyyət dövrünə təsadüf etsə də, yoxlama zamanı aşkar edilən pozuntular daha əvvəlki dövrlərdə olan və davam edən pozuntular olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qəfil yoxlamanın nəticəsi olaraq tərtib edilmiş əmrdə sadalanan nöqsanlardan da aydın olur ki, həmin nöqsanlar (kunqlarda natəmizlik antisanitarya aşkar olunması, növbə heyətin geyim formalarının səliqəsiz və çirkli olması, nizamnamənin tələblərinə uyğun olmaması, iş ayaqqabılarının əvəzinə çəkələk və rezin qaloşlardan istifadə etdikləri və hərbi qulluqçuların bəzilərinin üzü tüklü olması və s.) iddiaçı məzuniyyətə çıxdığı dövrdən sonra, hətta bir neçə gün ərzində də baş verə bilər. Mübahisəsiz haldır ki, iddiaçı yoxlamadan bir həftə əvvəldən məzuniyyətə çıxmış, yoxlama vaxtı məzuniyyətdə olmuşdur. Qeyd edilən nöqsanların daha əvvəllər olması, mütəmadi davam etməsi ilə bağlı cavabdeh hər hansı sübut təqdim edə bilməmişdir. Hərbi qulluqçuların statusunu tənzimləyən qanunvericilik normalarında hərbi qulluqçular məzuniyyətdə olduğu dövrdə onların intizam məsuliyyətinə cəlb oluna bilməsi ilə bağlı qayda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6cı maddəsinə əsasən isə bu Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Lakin, “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.2-ci maddəsi nəzərdə tutur ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Belə olan halda, Əmək Məcəlləsinin oxşar münasibətləri tənzimləyən 111-ci maddəsinin 1-ci bəndinin tələbinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan isə göründüyü kimi, iddiaçı məzuniyyətdə olarkən xidmət etdiyi hərbi hissə komandirinin əmrinə əsasən xx.xx.N0-ci il tarixində aparılmış yoxlamanın nəticələrinə görə ona, hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli əmri ilə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verilmiş və bu hal cavabdeh tərəfindən təkzib olunmur. Bundan əlavə əvvəlki apellyasiya baxışı zamanı olduğu kimi, təkrar apellyasiya baxışı zamanı da iddiaçının yoxlanılan postun onun “X11 rəisi” vəzifəsinin funksional vəzifələrinə aid olmadığını mübahisələndirilməsi ilə bağlı araşdırma aparılmışdır. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandiri və onun müavini - qərargah rəisi tərəfindən xx.xx.N0-ci il tarixində imzalanaraq hərbi hissənin möhürü ilə təsdiq olunmuş “X11 rəisinin funksional vəzifə borclarında - X4 postlarının döyüş və döyüşə hazırlığına, postların ümumi fəaliyyətinə rəhbərlik etmək, şəxsi heyətin nizam-intizamına nəzarət etmək kimi vəzifəsi təsbit olunmuşdur. Həmçinin, cavabdehin nümayəndəsi əvvəllər yoxlanılan postla bağlı verilmiş raportlarda iddiaçının imzalarının olduğunu qeyd etmiş, həmin raportları məhkəməyə təqdim etmişdir. İddiaçı isə buna münasibət bildirərkən qeyd etmişdir ki, əvvəla həmin raportlar N saylı hərbi hissənin Müşahidə Rayonunun komandiri tərəfindən tərtib olunmuş və sonuncunun xahişinə əsasən o, həmin raportları imzalamışdır. Bundan əlavə iddiaçı hərbi hissənin ştat strukturuna görə onun tutduğu “X11 rəisi” vəzifəsinin idarə heyətinə aid olub, hərbi hissənin təminat heyətinə aid olan funksional vəzifələrinə görə məsuliyyət daşımadığını bildirmiş, cavabdehin nümayəndəsi bunun əksini sübuta yetirə bilməmişdir. İİ.Təkrar apellyasiya baxışı zamanı Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iddiaçı barəsində keçirilmiş sonuncu attestasiyanın nəticələrinə dair sənədləri tələb etmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xx.xx.N2-ci il 1864 nömrəli arayışı təqdim etmişdir. Həmin arayışdan aydın olur ki, ehtiyatda olan 2-ci dərəcəli kapitan İddiaçı 2019-cu ilin attestasiya nəticələrinə görə 98,14 balla qiymətləndirilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da cavabdehin nümayəndələri attestasiyanın nəticələri ilə bağlı hər hansı bir mübahisələndirilən halın olmadığını, iddiaçının sonuncu attestasiyadan 100 baldan 98,14 balla qiymətləndirildiyini bildirdilər. Göründüyü kimi, iddiaçı barəsində mübahisələndirilən inzibati akt qəbul edilməzdən əvvəl keçirilmiş sonuncu attestasiyanın nəticələri yüksək olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin Attestasiyanın keçirilməsi haqqında 7-ci fəslinə diqqət yetirir: - 86. Hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir. Attestasiya zaman hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Hərbi qulluqçuların attestasiyası üzrə bütün işlər onların xidmətdə və davranışda şəxsi nümunəviliyini təmin etməyə, onlarda tapşırılmış iş üçün yüksək məsuliyyət hissi tərbiyə etməyə, şəxsi heyətin döyüş hazırlığı, qoşunların döyüş və səfərbərlik hazırlığı, hərbi intizamın möhkəmləndirilməsi vəzifələrinin həlli üzrə onların təşkilatçılıq bacarığının inkişafına yönəldilməlidir. - 87. Dinc dövrdə zabitlərin attestasiyası dörd ildə bir dəfə keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bütün hərbi qulluqçuların, yaxud ayrı-ayrı kateqoriyalarının attestasiyası başqa müddətlərdə də keçirilə bilər. Bu zaman zabitlərin attestasiyası aşağıdakı qaydada keçirilir: ali hərbi təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının zabitləri-dinləyiciləri (adyunktları) — hərbi təhsil müəssisələrini (adyunkturaları) bitirdikdə onlar yeni xidmət yerində hərbi təhsil müəssisəsini (adyunkturanı) bitirdikləri il attestasiya edilmirlər; ilk zabit rütbəsi almış, yaxud həqiqi hərbi xidmətə ehtiyatdan könüllü qaydada qəbul edilmiş zabitlər — onların bir il zabit vəzifələrində xidmət keçməsindən tez olmayaraq (əgər bu zabitlərin zabit vəzifələrində bir illik xidmət müddəti növbəti attestasiya müddəti sona yetənədək bitməyibsə, onlar sonrakı attestasiya müddətinə attestasiya edilirlər); ehtiyatdan həqiqi hərbi xidmətə 1 il 6 ay müddətinə çağırılmış zabitlər — kadr zabit heyətinə daxil edildikdə. -92. Attestasiya vərəqələri blankda tərtib edilir. Sərbəst formada yazılan attestasiya vərəqəsinin mətnində attestasiya ediləni xarakterizə edən aşağıdakı məsələlər əks olunmalıdır: özünə və tabeliyində olanlara tələbkarlıq, şəxsi intizam və icraçılıq; işdə mütəşəkkilliyi, yüksək döyüş və səfərbərlik hazırlığının təminatı vəzifələrini həll edərkən əsas istiqaməti müəyyənləşdirmək bacarığı, verilmiş tapşırıqları keyfiyyətlə yerinə yetirmək, təşəbbüs göstərmək, mürəkkəb şəraitdə oriyentiri tez müəyyən etmək və bacarıqla hərəkət etmək qabiliyyəti; tabeliyində olanlara rəhbərlik etmək keyfiyyəti, onları təlim və tərbiyə etmək, onlara qayğı göstərmək bacarığı; attestasiya edilənin komandirlik etdiyi bölmənin (hərbi hissənin birləşmənin, birliyin), yaxud cavabdeh olduğu iş sahəsinin vəziyyətinin qiymətləndirilməsi (intizam, döyüşə hazırlıq, döyüş və ictimai siyasi hazırlığı, hərbi texnikaya və silaha yiyələnmə, silahların, döyüş texnikasının və maddi vasitələrin vəziyyəti, istehsalat tapşırıqlarının yerinə yetirilməsi, komandir, peşə hazırlığı və tabeliyində olan zabitlərin ixtisas dərəcəsinin yüksəldilməsi ilə əlaqədar işin vəziyyəti, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək və s. üçün namizədlər ehtiyatının olması); əməliyyat-taktiki, peşə hazırlığı səviyyəsi, hərbi nizamnaməni, təlimatları, tutduğu vəzifə borclarını bilmək və onları yerinə yetirmək, komandir hazırlığı sistemində və müstəqil şəkildə peşə biliklərini təkmilləşdirmək və ixtisas dərəcəsi, elmi dərəcəsi və elmi adı, xarici dilləri bilməsi, qazanılan bilikləri təcrübədə tətbiq etmə bacarığı, attestasiya edilənin daha yüksək bacarıq nümayiş etdirdiyi və yüksək nəticələr əldə etdiyi fəaliyyət sahəsi, döyüş təcrübəsinin olması; öz fəaliyyətini tənqidi qiymətləndirmək, işə yaradıcılıqla yanaşmaq qabiliyyəti, xidməti vəzifələri yerinə yetirməkdə inadcıllıq; kollektivdə nüfuzu, dövlət sirrini qorumaq bacarığı; səhhətinin vəziyyəti və iş qabiliyyəti, eləcə də attestasiya ediləni xarakterizə etmək üçün vacib olan digər məsələlər. Beləliklə, məhkəmənin tələbinə baxmayaraq attestasiya sənədləri tam təqdim edilməsə də, təqdim edilmiş arayışdan aydın olur ki, iddiaçı sonuncu attestasiyanın nəticələrinə əsasən 100 baldan 98,14 bal toplamış, bu da onu göstərir ki, Əsasnamənin 92-ci bəndində qeyd edilən bütün nüanslar yoxlanılmış və müsbət qiymətləndirilmişdir. Cavabdeh tərəf isə bu halı mübahisələndirməmişdir. İİİ.Kassasiya instansiyası məhkəməsinin digər bir göstərişinə əsasən Məhkəmə kollegiyası tərəfindən inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyətini mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilibkeçirilməməsi, həmçinin diskresion səlahiyyətlərinin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı araşdırılmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Bilindiyi kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçını yuxarı vəzifədən aşağı vəzifəyə keçirən zamanı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 39 nömrəli və xx.xx.2017-ci il tarixli 695 nömrəli Sərəncamlarından göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi sahəsində dövlət qurumları, habelə dövlət və qeyridövlət qurumları arasında qarşılıqlı fəaliyyətin təmin olunması, dənizdə qarşılıqlı əməkdaşlıq üçün komanda və nəzarətin müəyyən edilməsi və vahid əlaqələndirmə prosedurunun yaradılması məqsədi ilə daimi əsasda fəaliyyət göstərən X6 üzvü olmuşdur. Həmçinin, iş materiallarından müəyyən olunur ki, iddiaçı xidmət dövründə 2002– 2004-cü illərdə X3 “Beynəlxalq dəniz ixtisası” və “ingilis dili” üzrə kurslarına, 2004-cü ilin may və oktyabr aylarında Almaniyada “dəniz ixtisası üzrə irisürətli katerin taktikası, radiotexniki kəşfiyyat, rabitə və silah” kurslarına, 2008-ci ildə 1 ay müddətində NATO ilə Əməkdaşlıq Proqramı çərçivəsində X10 üzrə ABŞ-ın İraqda apardığı dənizdə neft platformalarının mühafizəsi üzrə tədbirə cəlb olunmuşdur. Bundan başqa, ikitərəfli əməkdaşlıq çərçivəsində bir çox dövlətlərdə (Türkiyə, Pakistan, Kanada və s.) müxtəlif tədbirlərdə iştirak etmiş, 2019-cu ildə keçirilmiş sonuncu attestasiyanın nəticələrinə görə 98,14 bal qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən, həmçinin xidməti vərəqədən göründüyü kimi kifayət qədər həvəsləndirmə növlərinə layiq görülmüş təcrübəli və peşəkar bir zabit barəsində sözügedən nəticəyə gəlinməsi inzibati orqanın özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməməsi anlamına gəlir. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilmişdir. Cavabdeh inzibati orqan sözügedən əmrin verilməsinə əsas kimi götürdüyü təqdimatda qeyd edilən -müntəzəm olaraq bilik və bacarığının artırılması üçün daim öz üzərində çalışmaması, Rəhbər sənədlərlə işləmək bacarığının zəif olması, Edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmaması, Kollektivdə və yoldaşları arasında az hörmətə malik olması, gündəlik xidmətini Hərbi nizamnamələrin tələbləri əsasında qurmağa çətinlik çəkməsi, Təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən, verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkməsi – halları iddiaçının yuxarıda qeyd edilən xidməti meyarları və inzibati orqanın iddiaçıya əvvəllər mövcud olmuş münasibət ilə uzlaşmır. Məhz bundan qaynaqlanaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının aşağı vəzifəyə keçirilməsi üçün yuxarı komandanlığa təqdimat verilməsi və həmin təqdimat əsasında da onun aşağı vəzifəyə düşürülməsi barədə xx.xx.N0-ci il tarixli əmrin qəbul edilməsi əsaslı hesab oluna bilməz. İşin araşdırılmış halları apellyasiya şikayətinin dəlillərini təkzib edir. Bundan əlavə, apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki,-məhkəmənin xx.xx.N0-ci il tarixli əmrin qəbul edilməsindən əvvəl ehtiyata buraxılması barədə ərizə ilə aidiyyəti üzrə müraciət etməsini bildirsə də, cavabdeh bunu təkzib edən heç bir sübut təqdim etməmişdir ifadəsi də əsassızdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı sübuta yetirildi ki, iddiaçı barəsində sözügedən əmr verilməzdən daha öncə xx.xx.N0-cı il tarixdə N nömrəli hərbi hissənin nizami hissəsinə raportla müraciət etmişdir. Həmin raportla iddiaçı öz arzusu ilə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə qərargah rəisinə müraciət etmişdir. Cavabdeh həmin raportun mövcudluğunu etiraf etmiş, lakin N nömrəli hərbi hissənin şəxsi heyət İdarəsinin (A1) nizami bölmənin məsul icraçısı vəzifəsində xidmət edən, miçman X7 öz vəzifə borcuna laqeyd yanaşması nəticəsində, müvafiq tələbləri pozması nəticəsində həmin raportun qərargah rəisinə aidiyyəti üzrə təqdim edilmədiyini, qanunamüvafiq qaydada baxılmadığını və bunun üçün hər hansı bir tədbir görülmədiyini qeyd etmiş və nöqsana yol vermiş əməkdaş 01 iyun N2ci il tarixli 261 nömrəli əmrlə cəzalandırılmışdır. Göründüyü kimi, sonuncu qeyd edilən əmrlə hər hansı bir əməkdaşın cəzalandırılması, iddiaçının müafiq raportla müraciət etməsi gerçəkliyini aradan qaldırmır. Apellyasiya şikayətinin dəlillərindən biri həmçinin, iddiaçı tərəfindən xx.xx.N0-ci il tarixli söhbət vərəqəsində qeyd edilənlərlə bağlıdır. Bununla bağlı Məhkəmə kollegiyası bildirir ki, iddiaçı ilə aparılmış söhbət zamanı “tənqidlərdən nəticə çıxarmışam» kimi cavab verməsi, heç də iddiaçı barəsində təqdimatda qeyd edilənlərin əsaslı olması, onun mənfi xarakterizə olunması anlamına gəlməməlidir. Bu hal yuxarıda araşdırılmış məqamlarla da təsdiqini tapır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, formal əsaslara söykənən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1715/N1 nömrəli 10 fevral N1-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cavid Hüseyn Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar