Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1703/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilərək, xx.xx.2022-ci il tarixdən 36 il 05 ay 19 gün qulluq stajına uyğun ədliyyə orqanı əməkdaşı kimi pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13380/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasının qanunsuz hesab edilərək, xx.xx.2022-ci il tarixdən 36 il 05 ay 19 gün qulluq stajına uyğun ədliyyə orqanı əməkdaşı kimi pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-2003-cü illər ərzində dövlət qulluğunda və 2003-cü ildən 2022-ci ilədək isə ədliyyə orqanlarında qulluq etmişdir. Son işlədiyi yer isə Culfa rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kommissiyasının 30 iyun 2022-ci il tarixli Protokoluna əsasən onun 01 iyul 2022-ci il tarixə qulluq illərinin cəmi 36 il 05 ay 19 gün təşkil etmişdir. O, 31 may 2021-ci il tarixli, 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında“ Qanununa əlavə edilmiş 22.7-1-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda xidmət illərinin dövlət qulluğunun xüsusi növündə xidmət illərinə daxil edilərək pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh isə 28 sentyabr 2022-ci il tarixdə imtina verərək Qanuna edilmiş dəyişikliklərə əsasən qaydalar və şərtlər hələlik müəyyən edilmədiyindən ədliyyə orqanı əməkdaşı kimi ona hazırda pensiya təyin edə bilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdehin hazırki imtinası tamamilə qanunvericiliyin tələblərinə ziddir. Çünki iddiaçının pensiya hüququ Qanunla yarandığı halda hansısa qayda və şərtin olub-olmamasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Hər bir qayda və şərt Qanuna əsaslanır. Qanun isə birmənalı olaraq onun dövlət qulluğunda işlədiyi dövrü dövlət qulluğunun xüsusi növündə olan qulluq illərinə daxil edilməsini müəyyən edib. Uzun illər xidmət etmiş bir əməkdaşı heç bir əsas olmadan pensiya təyin edilməməsi konstitusion hüquqlarının pozulmasına və maddi sıxıntılara səbəb olmuşdur. O, hazırda heç bir yerdə işləmir, hüququ olan pensiyanı isə təyin etmirlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13380/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-13380/2022 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati orqan iddiaçının müraciətinə əsasən pensiyanın təyin edilməsi və hesablanması qaydaları və şərtləri müəyyən edilmədiyi üçün müvafiq pensiyanın təyin edilməsinin mükünsüzlüyünü qeyd etmişdir. Lakin sözügedən qayda Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmədiyindən iddiaçıya pensiyanın təyin edilməsi mümkün deyildir. Həmçinin, məhkəmə qərarda qeyd etmişdir ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.8-ci maddəsinə əsasən yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri pensiya hüququna malik olduğundan iddiaçının pensiya hüququ vardır. Lakin məhkəmə iddiaçının müvafiq orqandan qulluq keçdiyi dövrlərin dövlət qulluğunun xüsusi növündə qulluq olub-olmaması ilə bağlı müvafiq orqana (X5) sorğu verərək araşdırmamışdır. Bir daha aydındır ki, iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddia təmin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1964-cü ildə doğulmuşdur. Ədliyyə Nazirliyinin ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə Komissiyasının 37 nömrəli, xx.xx.2022-ci il tarixli iclas protokolunda qeyd olunmuşdur: Komissiya, Culfa rayon Qeydiyyat şöbəsinin rəisi İddiaçı əmək kitabçasını və digər təsdiqedici sənədlərini nəzərdən keçirib müəyyən etdi ki, onun qulluq illəri aşağıdakı kimidir: Hərbi xidmət – xx.xx.1985-xx.xx.1987-ci illər – 01 il 07 ay 17 gün; Dövlət qulluğunda – xx.xx.1987-xx.xx.2003-cü illərdə - 15 il 05 ay 05 gün; Ədliyyə orqanlarında – xx.xx.2003-xx.xx.2022-ci illərdə - 19 il 04 ay 27 gün; Qulluq illərinin cəmi – 36 il 05 ay 19 gün; Qərara alındı: Culfa rayon Qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri İddiaçı qulluq illərinin cəmi 01 iyul 2022-ci il tarixə 36 (otuz altı) il 05 (beş) ay 19 (on doqquz) gün təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, “31 may 2021-ci il tarixli, 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında” Qanuna əlavə edilmiş 22.7-2-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Sözügedən qaydaların və şərtlərin hazırlanması Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli, 1398 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bununla əlaqədar olaraq ərizənizdə qeyd etdiyiniz dövlət qulluğunda işlədiyiniz dövrün ədliyyə orqanlarında qulluq stajınızın hesablanması zamanı nəzərə alınaraq Sizə ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin edilməsi məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxıla bilər”. İT ******* nömrəli iddiaçının əmək kitabçasına əsasən iddiaçı Culfa rayon RİC-də xx.xx.1987-xx.xx.1987-ci illərdə mühasib işləmiş, xx.xx.1987-ci ildən Culfa rayon XDS İcraiyyə Komitəsinin plan komissiyasına böyük iqtisadçı təyin edilmiş, xx.xx.1993-ci ildən sosial iqtisadi inkişaf şöbəsinin baş mühasibi təyin edilmiş, xx.xx.1994-xx.xx.2003-cü illərdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Culfa rayon İcra Hakimiyyətində baş mühasib vəzifəsində işləmiş, xx.xx.2003-cü ildən Naxçıvan MR Ədliyyə Nazirliyi üzrə Culfa rayon X1 Dövlət Qeydiyyatı şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə Naxçıvan MR Ədliyyə Nazirliyi üzrə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 48 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin strukturu və ştat cədvəlində dəyişiklik edilməsi ilə əlaqədar Culfa rayon X1 Dövlət Qeydiyyatı şöbəsinin müdiri tutduğu vəzifədən azad edilərək Culfa rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Əmək kitabçasının xx.xx.2022-ci il tarixdə aparılan 9-cu qeydinə əsasən Naxçıvan MR Ədliyyə Nazirliyi üzrə “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.9, 40.1.1-ci maddələrinə əsasən (əmr № 186-K, xx.xx.2022-ci il) Culfa rayon Qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə Komissiyanın iclas protokoluna əsasən İddiaçı qulluq illərinin cəmi 36 (otuz altı) il 05 (beş) ay 19 (on doqquz) gün təşkil etmişdir. İnzibati işdən müəyyən olunur ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 58 yaşı tamam olmuş, o yaş həddinə çatanadək (60 yaşına) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifədə 35 ildən çox qulluq stajına malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. - 9.7-ci maddəainə əsasən Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Dövlət qulluğu haqında” Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. - 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. - 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaşdır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, tutduqları vəzifəyə və ədliyyə orqanlarında stajına uyğun olaraq ədliyyə orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir: 20.1.1. Ali xüsusi rütbələr: - həqiqi dövlət ədliyyə müşaviri; - İ dərəcəli dövlət ədliyyə müşaviri; - İİ dərəcəli dövlət ədliyyə müşaviri; - İİİ dərəcəli dövlət ədliyyə müşaviri. 20.1.2. Böyük xüsusi rütbələr: - baş ədliyyə müşaviri; - ədliyyə müşaviri; kiçik ədliyyə müşaviri. Azərbaycan Respublikasi Prezidentinin 14 iyul 2021-ci il tarixli, 1398 nömrəli Fərmanı ilə təsdiq edilmiş edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın: -7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. - 8-ci maddəsinə əsasən dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir. - 9-cu maddəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. - 10-cu maddəsinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir. İddiaçıya məxsus əmək kitabçasına və Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə Komissiyanın iclas protokoluna əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə 36 ildən çox qulluq stajının olması təsdiq olunur. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.8-ci maddəsinə əsasən yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Həmin Qanunun 23.10-cu maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İşin faktiki hallarına əsasən, iddiaçının xx.xx.2022-ci il tarixdə 58 yaşı tamam olmuş, o yaş həddinə çatanadək (60 yaşına) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifədə 35 ildən çox qulluq stajına malikdir. Cavabden imtinasında iddiaçının dövlət qulluğunda işlədiyi dövrün ədliyyə orqanlarında qulluq stajının hesablanması zamanı nəzərə alınaraq ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin edilməsi məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxılacağını bildirmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 42-ci bəndində qeyd edilmişdir ki, “inzibati orqan icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinin müddəalarına istinad etməklə aydın şəkildə əsaslandırmağa borcludur. Bu zaman sadəcə müvafiq maddələrə istinad olunması yetərli sayıla bilməz. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarının niyə məhz o cür təfsir edildiyini qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Şəxsin müraciəti üzrə icraatı həyata keçirməli olan inzibati orqan, o cümlədən cavabdeh də işin hallarını tam və hərtərəfli araşdırdıqdan sonra qərar qəbul etməyə borcludur”. Həmin qərarın 43-cü bəndində qeyd olunur ki, “inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti iddiaçıya verilən imtina ilə oxşar məzmunda əsaslandırılaraq inzibati orqan iddiaçının müraciətinə pensiyanın təyin edilməsi və hesablanması qaydaları və şərtləri müəyyən edilmədiyi üçün müvafiq pensiyanın təyin edilməsinin mümkünsüzlüyünü qeyd etmişdir. Lakin sözügedən qayda Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmədiyindən iddiaçıya pensiyanın təyin edilməsi mümkün olmadığı qeyd edilmişdir. Halbuki, sadalanan normalardan görünür ki, qanunvericilik dövlət qulluğunun xüsusi növünü və ədliyyə orqanlarında qulluqkeçən xüsusi rütbəli şəxsləri müəyyən etmiş, onların pensiya hüququna malik olması şərtləri və qaydaları müvafiq qanun normalarında öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona xx.xx.2022-ci il tarixdən 36 il 05 ay 19 gün qulluq stajına uyğun ədliyyə orqanı əməkdaşı kimi pensiyanın təyin edilməsini tələb etməkdə haqlı olduğu üçün cavabdehin pensiyanın təyin edilməsi və hesablanması qaydaları və şərtləri müəyyən edilmədiyi üçün müvafiq pensiyanın təyin edilməsinin mümkünsüzlüyünü əsas götürməklə iddiaçıya güzəştli şərtlərlə qulluq stajına görə əmək pensiyasını təyin etməkdən imtinasının qanunsuz olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13380/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1703/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1703/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver