Məhkəmə qərarları › İş №2-1(103)-1703/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1703/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1703/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərov və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8784/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən sahəsi 600 kv.m olan, 117 nömrəli torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən, sahəsi 600 kv.m. olan, 117 saylı bağ sahəsi, iddiaçıya XDS qərarı ilə X15 və X7 Bağçılıq Yoldaşlıq tərəfindən verilmişdir, verildiyi vaxtdan iddiaçının və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün o, cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, onun adı üzvlərin siyahısında aşkar edilməmişdir. Qeyd olunmalıdır ki, üzv olmuş və bundan imtina etmiş X3 bu torpaq verilmiş, daha sonra o, imtina etdiyindən həmin torpaq sahəsi iddiaçıya verilmişdir. Torpaq verilən vaxtdan iddiaçının istifadəsindədir, orada hasarlanma işləri aparılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, İdarənin arxivində mövcud olan müvafiq bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan əlavə idarənin arxivində bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi olmadığından torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8784/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tamamilə qərəzli olaraq iddianı təmin etməmişdir, belə ki iddiaç tərəfindən cəmiyyətin 1989-cu il tarixli sənədləri məhkəmə təqdim edilmişdir, həmin siyahıda İskakova Zibeydəyə torpaq sahəsinin verilməsi əksini tapmışdır. Cavabdeh orqan isə onda olan siyahını məhkəməyə təqdim etmişdir, ilkin siyahılar cavabdeh təşkilatda olmamışdır. Buna baxmayaraq məhkəmə əsassız olaraq işə yanaşmış və iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə müşahidə edilən qərar qəbul etmişdir. 1989-cu ilin siyahılarında 300-dən artıq üzvün adları olmuş sonradan çıxan üzvlər və torpaqların qeydə almış üzvlərin adları siyahıdan çıxarılaraq yeni siyahı tərtib edilmiş və siyahıda o və digər üzvlər də vardır ki, adları qeydə alınmamışdır. Buna dair bir sıra üzvlər vardır ki, adları siyahıda olmasa da cəmiyət tərəfindən verilmiş protokol və cizgi əsasında torpaqları dövlət qeydiyyatına alınmışdır. Bundan başqa oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının İdarənin arxivində aşkar olunmaması faktı, adətən, mübahisənin həlli zamanı iddiaçının ziyanına şərh edilmir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmədə iştirak etməyəcəyi nəzərə alınaraq, apellyasiya şikayətinə iştirakı olmadan baxılmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin faktiki halları ondan ibarətdir ki, işdə olan “X15 və İstehsalat Mərkəzi” ASC tərəfindən verilmiş 01 sentyabr 1999-cu il tarixli protokoldan çıxarışdan görünür ki, Bakı şəhər X8 İcraiyyə Komitəsinin 20 yanvar 1989-cu il tarixli 13/705 saylı qərarına əsasən Əzizbəyov rayonunun, Türkən qəsəbəsində 7/1194 saylı ərazisində X9 bölgü planına uyğun olaraq verilmiş 117 saylı 6 sot torpaq sahəsindən imtina etdiyinə görə torpaq sahəsi X5 verilmişdir. 117 №-li bağçının üzvlük kitabçasından görünür ki, “X15 və İstehsalat Mərkəzi” ASC tərəfindən verilmiş 01 sentyabr 1999-cu il tarixli protokoldan çıxarışa əsasən bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 117 №-li bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək, onun 117 saylı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edən birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1999-cu il tarixdə müvafiq qaydada bağçılıq-yoldaşlıq təsərrüfatına üzv qəbul olmuşdur. Bununla belə, həmin tarixdən sonra üzvlərin siyahısı xx.xx.2008-ci il tarixdə yaradılmış komissiya tərəfindən yenilənmişdir və yenilənmiş siyahıda iddiaçının adı öz əksini tapmamışdır. Bu hal, həm hüquqi etimad prinsipinə, həm də təqdim olunmuş protokolun bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin faktiki siyahısına uyğun olmadığına dair əsaslı və obyektiv şübhələr yaradır, məhkəmə bu zaman onu da nəzərə alır ki, işdə olan iddiaçının təqdim etdiyi xx.xx.1999-cu il tarixli protokoldan çıxarış "xxxx" Elmi-Tədqiqat və İstehsalat Mərkəzi ASC tərəfindən tərtib edilmiş, həm protokoldan çıxarış, həm də həmin tarixli üzvlük kitabçası ASC-nin möhrü ilə təsdiq edilmişdir, lakin işdən görünür ki, müəssisənin adı Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 171 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən "xxxx" Elmi-Tədqiqat və İstehsalat Mərkəzi ASC-yə çevrilmişdir. Belə olan halda aydındır ki, həmin sənədlər sonradan tərtib edilmişdir, beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının İdarənin arxivində saxlanılan yenilənmiş siyahıda adının olmaması, bağ sahəsinin ayrılması barədə protokoldan çıxarışın və üzvlük kitabçasının bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin faktiki siyahısına uyğun olmadığına dəlalət edir ki, bu əsasla onun həmin bağ sahəsi üzərində hüquqlarının qeydiyyatı Qanunun 8.0.7-ci maddəsinə əsasən həyata keçirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız hesab edir. Belə ki, işdə olan “X15 və İstehsalat Mərkəzi” ASC tərəfindən verilmiş 01 sentyabr 1999-cu il tarixli protokoldan çıxarışdan görünür ki, Bakı şəhər X8 İcraiyyə Komitəsinin 20 yanvar 1989-cu il tarixli 13/705 saylı qərarına əsasən Əzizbəyov rayonunun, Türkən qəsəbəsində 7/1194 saylı ərazisində X9 bölgü planına uyğun olaraq verilmiş 117 saylı 6 sot torpaq sahəsindən imtina etdiyinə görə torpaq sahəsi X5 verilmiş, həmçinin qeyd olunan torpaq sahəsi ilə bağlı iddiaçıya 117 №-li bağçının üzvlük kitabçası verilmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli ərazi ilkin olaraq X1 istifadəsinə verilmiş, 1989-cu ildə tərtib edilmiş üzvlərin siyahısında X1 adı mövcud olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə “Kimyaçı” bağçılıq yoldaşlığının arxiv qovluğunda mövcud olan müvafiq sənədlər təqdim edilmişdir. Həmin sənədlərdə olan xx.xx.2008-ci il tarixli 10 nömrəli əmrlə yaradılmış komissiya tərəfindən "xxxx" açıq səhmdar cəmiyyətinin əmək kollektivi üzvlərinin və şöbə müdirlərinin Həmkarlar ittifaqı Komitəsi ilə birlikdə keçirilmiş iclasın yekdil qərarı ilə təsdiq edilmiş siyahıdan görünür ki, Azərbaycan Dövlət ElmiTədqiqat "xxxx" institutunun, onun hüquqi varisi olan "xxxx" açıq səhmdar cəmiyyətinin əmək kollektivinə Bakı şəhər İcraiyyə Komitəsinin 20 yanvar 1989-cu il tarixli 13/705 nömrəli qərarı ilə Kollektiv bağçılıq təsərrüfatı yaratmaq məqsədi ilə Əzizbəyov rayonunun Türkən qəsəbəsinin ərazisində ayrılmış 10,54 hektar torpaq sahəsinin institutun HİK-i tərəfindən 1989-cu ildə əmək kollektivi üzvlərinin ərizələrinə əsasən 146 nəfərə bölünməsi barədə qərar qəbul edilmiş və siyahı HİK-nin sədri və institutun rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Siyahıda adları göstərilən şəxslərin bir hissəsi 1988-90-cı illərdə yaranmış vəziyyətlə bağlı Respublikadan köçüb getmişlər. Dəqiqləşdirilmiş siyahıda iddiaçının adı qeyd edilməmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş 1/106 nömrəli xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı Azərbaycan Dövlət Elmi-Tədqiqat "xxxx" İnistitunda xx.xx.1999-xx.xx.2003-cü ilədək anbardar vəzifəsində (Əmr 46-k, xx.xx.1999; Əmr 108-k, xx.xx.2003) əvəzçi işçi kimi işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC “KİMYAÇİ” bağçılıq-yoldaşlıq təsərrüfatının sonradan tərtib edilmiş siyahısında iddiaçının adının aşkar olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil və bu hal bağ sahəsinə hüquqların qeydiyyata alınmamasına əsas vermir. Məhkəmə kollegiyası onu da diqqətə alır ki, iddiaçı həmin idarədə 2003-cü ilədək işləmiş, siyahı isə daha sonralar- 2008-ci ildə tərtib edilmişdir. Hazırki iş üzrə iddiaçıya mübahisəli bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilməmiş, iddiaçının uzun müddətdir ki (1999-cu ildən), faktiki istifadəsində olan torpaq sahəsinə qarşı hər hansı üçüncü şəxs tərəfindən pretenziya irəli sürülməsi iş üzrə müəyyən olunmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş "xxxx" ASC “KİMYAÇİ” bağçılıq-yoldaşlığının xx.xx.2025-ci il tarixli arayışında da qeyd edilmişdir ki, 117 nömrəli, sahəsi 0.06 ha olan torpaq sahəsi ilk dəfə 1989-cu il tarixində əvvəlki üzv X3 verilmişdir, o, bu torpaq sahəsindən imtina etdiyindən, bağçılıq yoldaşlığına üzv qəbul edilmiş İddiaçı həmin torpaq sahəsi protokollaşdırılaraq, yeni üzvlük kitabçası açılaraq verilmişdir. Hal-hazırda İddiaçı istifadəsindədir. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbini rədd edərkən xx.xx.1999-cu il tarixli protokoldan çıxarışın "xxxx" Elmi-Tədqiqat və İstehsalat Mərkəzi ASC tərəfindən tərtib edilməsinə və ASC-nin möhürü ilə təsdiq edilməsinə baxmayaraq, müəssisənin adının yalnız Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 171 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən "xxxx" Elmi-Tədqiqat və İstehsalat Mərkəzi ASC-yə çevrilməsinə istinad etsə də iş materiallarında olan məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, oxşar məzmunda və formada (X12, X10, X4, X6 adına) tərtib edilmiş və 1999-cu ildə tərtib edilməsinə baxmayaraq, "xxxx" Elmi- Tədqiqat və İstehsalat Mərkəzi ASC tərəfindən tərtib və təsdiq edilmiş protokoldan çıxarışları da nəzərə alınmaqla digər şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bununla bağlı həmin şəxslərə çıxarışlar verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının iddiaçının adına qeyd olunan protokoldan çıxarış Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan protokol və üzvlük kitabçası hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də həmin protokol və protokol əsasında verilmiş üzvlük kitabçası iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir. Beləliklə, nə qədər ki, bağ sahəsinin digər şəxslərin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olmaması halı mövcud deyil, həmçinin iddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən sahəsi 600 kv.m olan, 117 nömrəli torpaq sahəsinin İddiaçı ayrılmasına dair müvafiq bağçılıq yoldaşlıq təsərrüfatının bağçının üzvlük kitabçası və protokoldan çıxarış (ona torpaq sahələrinin şərti bölgü planı əlavə edilmişdir) təqdim edildiyindən, etirazda qeyd edilənlər dövlət qeydiyyatına alınmadan imtina əsaslarından olmadığından, cavabdehin imtinası formal xarakterli olmaqla və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8784/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən sahəsi 600 kv.m olan, 117 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar