Məhkəmə qərarları › İş №2-1(103)-1704/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1704/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1704/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)- 6303/2017 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2009-cu il tarixindən (50 yaşından) “X2” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixdə qüvvədə olan tələbləri əsasında, 2004-2005-ci illərin əmək haqqısı nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, xx.xx.2009-cu il tarixindən iddiaçıya ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6303/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “İddiaçı xx.xx.2009-cu il tarixindən (50 yaşından) “X2” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixdə qüvvədə olan tələbləri əsasında, 2004-2005-ci illərin əmək haqqısı nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, xx.xx.2009-cu il tarixindən iddiaçıya ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi” haqqında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarının icrasını təmin etmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialından 500 manat məbləğində cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-6303/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və həmin qərardadla müəyyən edilmiş 500 (beş yüz) manat məbləğində cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6303/2017 saylı qərarında ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan təyin edilməsi, pensiyanın hüququ yarandığı vaxt qüvvədə olmuş qanunvericilik normaları əsasında hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən icra olunmuşdur. Sonradan pensiyanın dayandırılmasına əsas olan şübhələr yaranması və bunun nəticəsində pensiyanın dayandırılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. Həmçinin araşdırmanın nəticəsi olaraq adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 01 avqust 2022-ci il tarixli **********2 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-161mat-22/2921 nömrəli məktuba əsasən sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunmuşdur. Buna görə də məhkəmənin inzibati orqanı 500 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6303/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin araşdırılmış hallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarı xx.xx.2018-ci ildə qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci ildə icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2018-ci il tarixli 10/129 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı adına çıxarılmış xx.xx.2017-ci il tarixli 2-1(81)- 6303/2017 saylı qərar icra edilmişdir. Məktub xx.xx.2018-ci ildə məhkəməyə daxil olmuşdur. Lakin iddiaçı 16 avqust 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarının icrasının nəzarətə götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6303/2017 saylı qərarı əsasında iddiaçıya təyin edilmiş pensiya məbləğinin ödənilməsi 2020-ci ilin noyabr ayından əsassız olaraq dayandırılmışdır. Bundan sonra Bakı İnzibati məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi barədə xəbərdar edilmişdir. Lakin məhkəmə qərarı cavabdeh tərəfindən icra edilmədiy üçün Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 6303/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehə 500 (beş yüz) manat məbləğində cərimə təyin edilmiş və cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 24 noyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiyanın ödənişi dayandırılmışdır. Araşdırmanın nəticəsi olaraq adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 avqust 2022-ci il tarixli **********2 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-161mat-22/2921 nömrəli məktuba əsasən sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı əmək pensiyasının bərpa edilməsi məsələsinə sözügedən cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 04 dekabr 2017-ci il tarixli 2-1(81)-6303/2017 saylı qərarı əvvəlcə icra edilməsinə baxmayaraq, daha sonra inzibati orqan faktiki xarakterli hərəkətlərlə məhkəmə qərarının icrasını dayandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (maddə 15.1). Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2). Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (maddə 15.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair» 4 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4-cü maddəsinə əsasən cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əgər iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda pensiyanın dayandırılması məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarı cavabdeh tərəfindən icra edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına əsas vermir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6303/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar