Məhkəmə qərarları › İş №2-1(103)-1705/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1705/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1705/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Suraxanı rayon Polis İdarəsinə qarşı “elektron vasitəsi olan qolbağın dəyişdirilməsi, onun daha rahat, kiçik, əlverişli, standartlara uyğun elektron nəzarət vasitəsi ilə əvəz edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4529/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Suraxanı rayon Polis İdarəsinə qarşı “elektron vasitəsi olan qolbağın dəyişdirilməsi, onun daha rahat, kiçik, əlverişli, standartlara uyğun elektron nəzarət vasitəsi ilə əvəz edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib və onun saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilmişdir. İddiaçı hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək faktiki yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmuşdur. Daha sonra Bakı şəhər Suraxanı rayon Polis bölməsi tərəfindən iddiaçının ayağına elektron nəzarət vasitəsi olan qolbaq taxılmışdır. Qeyd edilən qolbaq Ədliyyə Nazirliyinin İcra şöbələri tərəfindən barəsində şərti cəza tətbiq edilən məhkumlara taxılan elektron qolbaqlardan fərqlənir. Həmin qolbaq daha iri olduğundan onun sərbəst hərəkət etməyinə mane olur və ayağında yaraların, şişlərin əmələ gəlməsinə səbəb olmuşdur. İcra Şöbələri tərəfindən tətbiq edilən elektron qolbaqlar standartlara uyğundur və daha kiçikdir, lakin polis bölmələri tərəfindən istifadə edilən elektron qolbaqların hansı standartlara uyğun olması sual altındadır. Hazırda iddiaçının bütün bədənində səpgilər əmələ gəlmişdir. Əvvələr onda belə səpgilər olmamışdır, ehtimal edir ki, elektron nəzarət vasitəsinin şüa yayınmasından və ayağını sıxmasından belə səpgilər əmələ gəlib. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4529/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Suraxanı rayon Polis İdarəsinə qarşı “elektron vasitəsi olan qolbağın dəyişdirilməsi, onun daha rahat, kiçik, əlverişli, standartlara uyğun elektron nəzarət vasitəsi ilə əvəz edilməsi” tələbinə dair iddia tələbi mümkün hesab edilməmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığını bildirdi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlər arasında mübahisə cinayət təqibi ilə bağlı qəbul edilmiş qərarın icrası ilə bağlı olduğu üçün iddiaçının iddia tələbinə inzibati icraat qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 3.1-ci maddəsində əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi iddia tələbi cinayətin törədilməsində təqsirləndirilən şəxs qismində onun barəsində seçilmiş həbs qətimkan tədbirlərinin ev dustağlığı növündə qətimkan tədbiri ilə əvəz edilməsi nəticəsində gəzdirməli olan elektron vasitəsi olan qolbağın dəyişdirilməsi, onun daha rahat, kiçik, əlverişli, standartlara uyğun elektron nəzarət vasitəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156-1.1-ci maddəsinə əsasən, elektron nəzarət vasitələri bu Məcəllənin 163-cü maddəsinə əsasən barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilir. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 156-1.2-ci maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 156-1.3-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan hallarından da göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında mübahisə cinayət təqibi ilə bağlı qəbul edilmiş qərarın icrası ilə bağlıdır. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. İddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq isə publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Bundan başqa məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1- ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Suraxanı rayon Polis İdarəsi tərəfindən iddiaçının iddia tələbində göstərilən tələbin araşdırılması ilə bağlı həyata keçirilən fəaliyyətilə bağlı hüquq cinayət prosessual fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki, iddiaçı ilə cavabdeh arasındakı mübahisəyə məhz cinayət mühakimə icraatı çərçivəsində məhkəmə nəzarəti qaydasında ümumi məhkəmədə baxılmalıdır. Ona görə də apellyasiya şikayəti əsaslı hesab ediləək təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4529/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4529/2021 saylı, 19 mart 2021ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar