Məhkəmə qərarları › İş №2-1(103)-1705/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1705/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1705/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Kərimli İlham Əziz oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-1230/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 avqust – 02 sentyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli və 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi və iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdikdən sonra cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli qərarı ilə İddiaçı ASC-yə 54500.05 manat (beş min dörd yüz manat beş qəpik) əlavə vergi hesablanmışdır. Həmin qərarda göstərilmişdir ki, “tərəflərindən 2020-ci ilin aprel ayına "xxxx" MMC (VÖEN: **********) şirkətindən EBAJ 028126 saylı e-qaimə fakturası üzrə 30 000.00 manat əsas, 57400.0 manat ƏDV məbləği ilə mallar əldə edilmişdir. Lakin, "xxxx" MMC (VÖEN: **********) şirkəti tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da, olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, tərəflərindən əmtəəsiz mal alışının həyata keçirildiyi müəyyən edilmişdir.” İddiaçı ASC müxtəlif avadanlıqların sifarişi əsasında istehsalını həyata keçirir. Müəssisə daha çox müxtəlif dövlət təşkilatlarının sifarişləri əsasında işləyir. "xxxx" QSC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BM/TD/SM-19-51 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC tərəfindən elektrik avadanlıqlarının təmiri, çuqun və çuqunun fasonlu tökmələr və tunel tikintisində istifadə olunan ağır (6 tonluq) çuqun həlqələrin istehsalı həyata keçirilmişdir. Təbiidir ki, qeyd edilən çuqun həlqələr müvafiq xammaldan istifadə edilərək hazırlana bilər və bu xammalın, yəni çuqun kütləsinin əldə edilməsi üçün "xxxx" MMC şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqavilə imzalanmış, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAİ 267424 saylı e-qaimə əsasında 86.000.00 manat əsas, 15480.09 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BM/TD/SM-19-51 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC, "xxxx" MMC Şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAJ 028126 saylı e-qaimə əsasında 30.000,00 manat əsas 5400.00 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. İddiaçı ASC real istehsalçıdır və istehsal prosesinə əsasən elektrik enerjisi istifadə edir, istehsal qaimələrinə və naryadlarına (sənədlərinə) əsasən əmək haqqı hesablanır, hazır məhsulun mexaniki emalı edilir, əsas və köməkçi xammal və materialları (texniki kalkulyasiyaya əsasən) istifadə edir. "xxxx" QSC üçün çuqun həlqələrin istehsalı üçün əldə edilən xammalın, yəni çuqun kütlənin alışı bütün zəruri sənədlərlə həyata keçirilmiş, bununla bağlı Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinin (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə) təqdim edilmiş elektron qaimə-faktura əsasında ödənişlər aparılmışdır. İddiaçı ASC-nin "xxxx" MMC şirkəti ilə bağladığı əqd yalan əqd, yəni başqa bir əqdi pərdələmək niyyəti ilə bağlanan əqd olmamış, bu əqd tam real olmaqla, onun əsasında real mallar (xammal) alınmış, həmin mallar (xammal) əsasında yeni məhsul yaradılaraq "xxxx" QSC-yə satılmış, bu əməliyyatlar üzrə bütün vergilər ödənilmişdir. Hesab edirlər ki, bu əməliyyatın həqiqi olub-olmadığının müəyyən edilməsi üçün vergi orqanının yalnız "xxxx" MMC şirkəti tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxlərdən alınmadığı, eyni zamanda mal qalığında da, olmadığının əsas götürülməsi doğru olmamışdır və İddiaçı ASC qeyd edilən əmtəələri "xxxx" MMC şirkətindən alarkən hardan (qara bazardan, sənəd əsasında və ya sənədsiz almasını) yoxlamalı və ya araşdırmalı deyil. Onlar istehsalçı olaraq istehsal üçün zəruri olan malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq alırlar, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satırlar. Bunun üçün vergi orqanı həm də, alınmış xammal əsasında yeni məhsulun həqiqətən istehsal edilib-edilmədiyini, həmin məhsulun real olub-olmadığını, yeni məhsulun həqiqətən "xxxx" QSC-yə satılıb-satılmadığını müəyyən etməli idi. Bunu isə yalnız "xxxx" QSC ilə bağlanış müqavilələrin və həmin müqavilələr üzrə əməliyyatların da araşdırılması yolu ilə müəyyən etmək olardı. Vergi orqanı isə araşdırmanı düzgün aparmamış, ümumi və birtərəfli mülahizələr əsasında, yəni "xxxx" MMC şirkətinin onlara satdığı məhsulların alınma mənbəyini göstərə bilmədiyinə görə qərar qəbul etmişdir ki, bu qərar yanlış olmuşdur. Belə ki, "xxxx" MMC-nin İddiaçı ASC-yə satdığı əmtəələrin özündə düzgün sənədləşdirməməsi İddiaçı ASC üçün hər-hansı məsuliyyət doğura bilməz, çünki İddiaçı ASC aldığı məhsulun (xammalın) satıcı təşkilatda hansı qaydada əldə edildiyini yoxlamaq səlahiyyətinə malik də deyildir və onun sənədləşdirmələri ilə bağlı məsuliyyət daşıya bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5405/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1230/2021 saylı, 04 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 15300,05 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********358300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qərarında qeyd edir ki, "xxxx" MMC tərəfindən iddiaçıya satılmış malların mənbəyinin göstərilə bilməməsi səbəbindən "xxxx" MMC tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da olmamasının əsas götürülməsi iddiaçı üçün hər-hansı bir məsuliyyət doğura bilməz. Məhkəmə qeyd edilən dəlili ilə bağlı bildirilir ki, qeyd edilən dəlil iddia ərizəsinin əsaslarından biridir və göründüyü kimi məhkəmə iddiaçının dəlillərinin qərarda əks etdirməklə kifayətlənmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H. Həmidov və Cahangir Yusifov ) xx.xx.2021-ci il tarixli, 2-1(103)- 1435/2021 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-184/2022 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1435/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İşə təkrar apellyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan "xxxx" QSC və İddiaçı ASC arasında bağlanmış BM/TD/SM19- 51 saylı, xx.xx.2019-cu il tarixli mallar (işlər və xidmətləri) üzrə satınalma müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetinə əsasən tərəflər təsdiq etmişlər ki, sifarişçi "xxxx" QSC bu müqavilənin xüsusi şərtlərində “Spesifikasiya”-ya uyğun, “X1”-nda göstərilən qiymətlərlə tyubinqlərin satın alınmasına dair icraçı İddiaçı ASC-nin 2 721 443,39 (iki milyon yeddi yüz iyirmi bir min dörd yüz qırx üç manat 39 qəpik) manat ƏDV daxil məbləğində tender təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə "X1”-nda göstərilən malların təhvil verilməsini öhdəsinə götürmüş, göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi – a) “Spesifikasiya”; b) “X1”-dur. İş materiallarında olan BM/TD/SM-19-51 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin xüsusi şərtlərindən görünür ki, tərəflər təsdiq etmişlər ki, icraçı İddiaçı ASC aşağıda qeyd olunan “Spesifikasiya”-da və “X1”nda göstərilən nomenklaturaya, saya və qiymətə əsasən tyubinqləri satmağı, sifarişçi "xxxx" QSC isə onun dəyərini ödəməyi və Malı (Malları) qəbul etməyi öhdəsinə götürmüşdür. Malların hər vahidinin qiymətinə bütün daşınma xərcləri də daxildir. Müqavilədə göstərilən “Spesifikasiya”-da mexaniki emaldan sonra bir həlqə tyubinqin çəkisi, tonla 5443 müəyyən edilmişdir. “X1”na əsasən yekun 2 721 443.39 (iki milyon yeddi yüz iyirmi bir min dörd yüz qırx üç manat 39 qəpik) manat ƏDV daxil olmaqla məbləğ müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmış 024/19 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin predmetinə əsasən satıcı "xxxx" MMC, alıcı İddiaçı ASC-yə müqaviləyə əlavədə göstərilən malmaterialları satır, alıcı İddiaçı ASC həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. İş materiallarında olan İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmış 024/19 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əlavə - xx.xx.2020-ci il tarixli Razılaşdırma Protokolundan görünür ki, satıcı "xxxx" MMC, alıcı İddiaçı ASC-yə neft mənşəli koks (azkükürdlü), qəlib qumu 2KO2-2K315, qəlib qili DN-2, DN-3, qrafit, sancaq, çuqun (polad) qırma, kvarsit, bor turşusu, odadavamlı kərpiç, asbest vərəqəsi, dekstrik, əlif, çuqun elektrod, cila daşı Ø 180×6×22, KVS (əlaqəyaradıcı), bitum, yüksək gərginliyi kabel Ø 185 mm (6 kVt) satır. Həmin malların ümumi dəyəri 18 % ƏDV məbləği daxil olmaqla 101 480.59 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MM, xx.xx.2019-cu il tarixli, 024/19 saylı müqaviləyə əlavəyə əsasən İddiaçı ASC-yə malları təslim etmişlər. İş materiallarında olan EBAİ seriyalı, 267424 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən "xxxx" MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə əsas 86.000,00 manat, 15480.09 manat ƏDV, cəmi yekun məbləğ 101480.59 manat qeyd edilmişdir. İş materiallarında olan EBAİ seriyalı, 235362 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən "xxxx" MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə yekun məbləğ 148442.37 manat qeyd edilmişdir. İş materiallarında olan EBAİ seriyalı, 244959 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən "xxxx" MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə yekun məbləğ 37110.59 manat qeyd edilmişdir. İş materiallarında olan İddiaçı ASC və "xxxx" MMC arasında bağlanmış 024/19 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əlavə - xx.xx.2020-ci il tarixli Razılaşdırma Protokolundan görünür ki, satıcı "xxxx" MMC, alıcı İddiaçı ASC-yə qəlib gili DN-2, DN-3; qrafit; sancaq; çuqun (polad) qırma; bor turşusu; odadavamlı kərpiç; asbest vərəqəsi; dekstrik; əlif; cila daşı Ø 180×6×22; KVS (əlaqəyaradıcı); hava kompressorun porşen; əlcək qalın; əlcək oda davamlı; yastığ 3524; yastığ 6410; qaynaq çubuqları 0.5 mm; lampa DRL 500 v; polad ərsin; polad buraz Ø 18 mm, kipgəc satır. Həmin malların ümumi dəyəri 18 % ƏDV məbləği daxil olmaqla 35400 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MM, xx.xx.2019-cu il tarixli, 024/19 saylı müqaviləyə əlavəyə əsasən İddiaçı ASC-yə malları təslim etmişlər. İş materiallarında olan EBAİ seriyalı, 028126 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən "xxxx" MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə əsas 30000.00 manat, 5400.00 manat ƏDV, cəmi yekun məbləğ 35400.00 manat qeyd edilmişdir. İş materiallarında olan EBAİ seriyalı, 523606 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, qaimənin növü – malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, qaiməni təqdim edən "xxxx" MMC, alıcı İddiaçı ASC olmaqla, qaimədə yekun məbləğ 160812.56 manat qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin Nizamnaməsinin surətindən görünür ki, Nizamnamənin 3-cü bəndinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. İş materiallarında olan "xxxx" MMC tərəfindən təsdiq edilmiş 31 mart 2020-ci il tarixli alış aktının surətindən görünür ki, "xxxx" MMC tərəfindən 600 kq sancaq, dəyəri 5220 manat, 20 ton qəlib gili DN-2, DN-3, dəyəri 11600 manat, 25 qəlib qumu, dəyəri 7000 manat; 3 neft mənşəli koks (azkükürdlü), dəyəri 585 manat olmaqla cəmi 24405 (iyirmi dörd min dörd yüz beş) manat məbləğində mallar alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən təsdiq edilmiş 31 mart 2020-ci il tarixli digər alış aktının surətindən görünür ki, "xxxx" MMC tərəfindən 101 metr yüksək gərginlikli kabel, dəyəri 2727 manat; 50 kq bitum, dəyəri 190 manat; 259 kq KVS (əlaqəyaradıcı), dəyəri 3496.50 manat; 2000 ədəd cila daşı Ø 180×6×22, dəyəri 9400 manat; 5 qutu çuqun elektrod, dəyəri 450 manat; 150 litr əlif, dəyəri 570 manat; 300 kq dekstrin, dəyəri 2910 manat; 110 ədəd asbest vərəqəsi, dəyəri 4807 manat; 1500 ədəd odadavamlı kərpiç, dəyəri 6450 manat; 99 kq bor turşusu, dəyəri 336.50 manat; 3 ton kvarsit, dəyəri 2040 manat; 4 ton çuqun (polad) qırma, dəyəri 17880 manat; 1000 kq qrafit, dəyəri 7800 manat olmaqla cəmi 59057 (əlli doqquz min əlli yeddi) manat məbləğində mallar alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən təsdiq edilmiş 22 aprel 2020-ci il tarixli alış aktının surətindən görünür ki, "xxxx" MMC tərəfindən 50 litr əlif, dəyəri 200 manat; 100 kq dekstrin, dəyəri 840 manat; 20 ədəd Asbest vərəqəsi, dəyəri 854 manat; 1100 odadavamlı kərpiç, dəyəri 4180 manat; 20 kq bor turşusu, dəyəri 58 manat; 2 ton çuqun (polad) qırma, dəyəri 9400 manat; 100 kq qrafit, dəyəri 730 manat; 6 ton qəlib gili DN-2, DN-3, dəyəri 34820 manat olmaqla cəmi 19742 (on doqquz min yeddi yüz qırx iki) manat məbləğində mallar alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının surətindən görünür ki, 2020-ci ilin mart ayı vergi dövrü üçün 15.300.05 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının surətindən görünür ki, 2020-ci ilin aprel ayı vergi dövrü üçün 5400.05 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İşdən görünür ki, iddiaçı hazırki tələblə cavabdeh orqanın qeyd olunan qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin müvafiq müqavilə bağlamaqla, təhvil-təslim aktı əsasında aldığı mala görə e-qaimə əsasında ödəniş etməklə həyata keçirdiyi əməliyyat, əmtəəsiz əməliyyat hesab edilə bilməz. Belə ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçıya kameral qaydada verginin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərarlar əsassız olmaqla ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya) Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 78-ci maddəsinin tələblərinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı ASC müxtəlif avadanlıqların sifariş əsasında istehsalını həyata keçirir. İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BM\TD/SM-19-51 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC tərəfindən elektrik avadanlıqlarının təmiri, çuqun və çuqunun fasonlu tökmələ və tunel tikintisində istifadə olunan ağır (6 tonluq) çuqun həlqələrin istehsalı həyata keçirilmişdir. Həmin çuqun kütlələrinin əldə edilməsi üçün "xxxx" MMC şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqavilə imzalanmış, həmin müqavilə əsasında xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr alınmış və təqdim edilmiş EBAİ 267424 saylı e-qaimə əsasında 86.000.00 manat əsas, 15480.09 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BM\TD/SM-19-51 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq, İddiaçı ASC "xxxx" MMC şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAJ 028126 saylı e-qaimə əsasında 30000.00 manat əsas, 5400.00 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. İddiaçı, "xxxx" QSC üçün çuqun həlqələrin istehsalı üçün əldə edilən xammalın, yəni çuqun kütlənin alışını bütün zəruri sənədlərlə həyata keçirmiş, bununla bağlı Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinin (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə) təqdim edilmiş elektron qaimə-faktura əsasında ödənişlər aparılmışdır. Göründüyü kimi, iddiaçı xammalın alınmasını çuqun həlqələrin hazırlanması ilə əlaqələndirmişdir. Belə olan halda isə, vergi orqanı iddiaçı tərəfindən həqiqətən çuqun həlqələrin hazırlanıb-hazırlanmadığını, müqavilə üzrə "xxxx" QSC-ə təhvil verilibverilmədiyini və ya xammalın iddiaçının mal qalığı kimi qalıb-qalmadığını araşdırmalı olduğu halda bunu etməmiş, yalnız "xxxx" MMC tərəfindən istehsal edilmədiyinə, idxal edilmədiyinə və ya digər şəxslərdən alınmadığına, eyni zamanda mal qalığında da olmadığına, əlavə olaraq "xxxx" MMC tərəfindən idxal edilmiş malların qida məhsulları olduğuna istinad edərək iddiaçının əmtəəsiz əməliyyat apardığı nəticəsinə gəlmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC-nin müvafiq müqavilə bağlamaqla, təhvil-təslim aktı əsasında aldığı mala görə e-qaimə əsasında ödəniş etməklə həyata keçirdiyi əməliyyat, əmtəəsiz əməliyyat hesab edilə bilməz. Belə ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya kameral qaydada verginin hesablanması zamanı işin faktiki və hüquqi halları düzgün araşdırılmamış, İddiaçı ASC-nin "xxxx" MMC ilə bağlanan müqavilə (əqd) tam real olmaqla, onun əsasında İddiaçı ASC tərəfindən real mallar (xammal) alınmış, həmin mallar (xammal) əsasında yeni məhsul yaradılaraq "xxxx" QSC-yə satılmış və iddiaçı tərəfindən bütün əməliyyatlar üzrə vergilər ödənilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində təsbit olunmuş inzibati icraatda işin hallarının obyektiv araşdırılması prinsipinə görə, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması inzibati orqanın xidməti vəzifəsinə aiddir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bundan əlavə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir və inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Cavabdeh orqan iddiaçıya əlavə dəyər vergisinin hesablanmasını "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə satılmış malların mənbəyinin göstərilə bilməməsi və rəsmi sənədləşdirməməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mal aldığı "xxxx" MMC-nin satılan malları rəsmi sənədləşdirməməsi iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Belə ki, İddiaçı ASC qeyd edilən əmtəələri "xxxx" MMC şirkətindn alarkən, həmin malların haradan alınmasını yoxlamalı və ya araşdırmalı deyil, onlar istehsalçı olaraq istehsal üçün zəruri olan malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq almış, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satmış və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün əməliyyatlar üzrə vergi əməliyyatlarını rəsmiləşdirmişdir. Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, işə baxan apelyasiya instansiya məhkəməsi mübahisələndirilən kameral yoxlamanın aparılması zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilib-edilməməsinə qiymət verməmişdir. Belə ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli qərarla 2020-ci ilin mart ayının ƏDV üzrə, xx.xx.2020-ci il tarixli qərarı ilə isə 2020-ci ilin aprel ayının ƏDV üzrə əlavə vergi məbləğləri hesablanmışdır. Lakin məhkəmə iddiaçı tərəfindən həmin aylar üzrə bəyannamənin (və ya sonuncu dəqiqləşmiş bəyannamənin) nə vaxt təqdim edildiyini müəyyən etməmiş və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilib-edilməməsini araşdırmamışdır. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişləri nəzərə alınaraq araşdırma aparılmış və iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2020-ci ilin mart ayı üzrə bəyannamə xx.xx.2020-ci il tarixdə, 2020-ci ilin aprel ayı üzrə bəyannamə isə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Zamana görə qüvvədə olmuş Vergi Məcəlləsində aşağıdakılar nəzərdə tutulmuşdur: -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; -37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir; - 37.2-1 maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir; -37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər; - 37.4-cü maddəsinə əsasən, kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Maddələrin mənasına görə kameral vergi yoxlaması verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Maddələrin mənasına görə kameral vergi yoxlaması verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələbləri işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərdiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. İşin hallarına görə iddiaçı tərəfindən 2020-ci ilin aprel ayı üzrə bəyannamə xx.xx.2020ci il tarixdə təqdim edilsə də vergi orqanı tərəfindən kameral qaydada vergilərin hesablanmasına əsas olan 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar üzrə kameral vergi yoxlamasının aparılması qanunvericilikdə nəzərdə tutulan 30 günlük müddətə riayət edilməmişdir. Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə bir halda ki, cavabdeh iddiaçı tərəfindən əldə olunmuş malların "xxxx" MMC tərəfindən istehsal edilmədiyinə, idxal edilmədiyinə və ya digər şəxslərdən alınmadığına, eyni zamanda mal qalığında da olmadığına, əlavə olaraq "xxxx" MMC tərəfindən idxal edilmiş malların qida məhsulları olduğuna istinad edərək, iddiaçı tərəfindən əmtəəsiz mal alışının həyata keçirildiyini hesab edərək, iddiaçıya 2020-ci ilin mart ayı vergi dövrü üçün 15.300.05 manat və 2020-ci ilin aprel ayı vergi dövrü üçün 5400.05 manat məbləğində əlavə dəyər vergisi hesablanmasını iddia edir, o halda bunu konkret sənədlərlə və dəlillərlə sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli və 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli qərarlarının ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-1230/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar