Məhkəmə qərarları › İş №2-1(103)-1705/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1705/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1705/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “çıxarışın ləğv edilməsi və yaşayış sahəsinin təyinatının dəyişdirilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9226/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ.İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli,********** nömrəli çıxarışının ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırmışdır: Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol 16 aprel 2019- cu il tarixdə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənərək X4 ünvan 1 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli, 122 nömrəli sərəncamı ilə qeyd edilən ünvandakı yaşayış sahəsi xidməti mənzillər fondundan çıxarılaraq, vətəndaş X4 ilə daimi kirayə müqaviləsi bağlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanındakı yaşayış sahəsinə X2 adına çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli digər sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli, 122 nömrəli sərəncamı ləğv edilmişdir. İddiaçı müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli, **********88 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********16 saylı yazılı etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə Əmlak Xidmətləri Məkanına və ya "ASAN xidmət" mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxıla bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9226/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Qərardad qanunsuz və əsassızdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi normanın tətbiqində səhvə yol vermiş, hazırkı mübahisəyə düzgün tətbiq etməmiş, bu da iddia tələbinin mümkünsüz sayılması barədə qərardadın qəbulu ilə nəticələnmişdir. “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsi inzibati orqanlar arasında səlahiyyət və aidiyyətlə bağlı mübahisəyə baxılması qaydasını əzərədə tutduğundan, hazırkı mübahisənin əsas predmeti orqanın qəbul edildiyi inzibati aktın ləğv olunması ilə bağlıdır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin cavabdehə ünvanlanmış 23 dekabr 2021-ci il tarixli məktubda Yasamal rayon İcra Hakimiyyəti Başçısının 17 may 2019- cu il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139 və 140 saylı sərəncamlarının ləğv olunduğu qeyd olunmuş, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyyəti Başçısının xx.xx.2020-ci il tarixli 224 №-li sərəncamına əsasən yaşayış sahələrinə aid vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi zərurəti yarandığı bildirilmiş, sonuncu isə 19.01.201-cu il tarixli cavab məktubunda müvafiq məhkəmə qərarı və və hüquqdan imtina barədə vətəndaşın ərizəsinin təqdim ediləcəyə təqdirdə ərizəyə baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, iddia tələbi əsassız olaraq mümkünsüz hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçı və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qyvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir Qanunun qeyd olunan tələbindən göründüyü kimi, qanunla başqa aidiyyət qaydası müəyyən edildiyi təqdirdə inzibati mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müdafiə Nazirlyinin iddia tələblərindən göründüyü kimi, birinci tələbi üçüncü şəxsə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli,********** nömrəli çıxarışının ləğv olunmasını tələb edir. İddiaçının həmin tələbi üzrə DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi Nizamnaməsi ilə üzərinə düşən öhdəlik baxımından cavabdehliyi müəyyən edilsə də, həm iddiaçının, həm də cavabdehin, yəni hər iki orqanın inzibati orqan statusuna malik olması, iddianını prosessual qanunvericiliyin tələbləri çərçivəsində inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Çünki, “İnzibati icraat” haqqında Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. Qeyd olunanlardan göründüyü kimi, qanunvericiliklə iki inzibati orqan arasındakı mübahisənin başqa icraat qaydası müəyyən olunmuşdur. Belə olan halda, İPM-in 2.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, iddiaçının birinci tələbinə inzibati məhkəmə icraatında baxıla bilməz. İddiaçının, “yaşayış sahəsinin təyinatının dəyişdirilərək, xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi haqqında” 2-ci tələbinə gəldikdə isə cavabdeh qeydiyyat orqanının, ümumiyyətlə, qanunla müəyyən edilən belə bir səlahiyyəti mövcud deyildir ki, belə olan halda da, o həmin tələb üzrə əsl cavabdeh qismində çıxış edə bilməz (Cavabdehliyi müəyyən edilsə belə, qeyd edildiyi kimi hər iki orqan inzibati olduğundan, inzibati məhkəmə icraatına aidiyyəti isttisna olunur). Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən iddianın mümkünlüyü ilə bağlı hərtərəfli araşdırma aparılaraq iddiaçının tələblərinə ayrıarılıqda qiymət verilmiş və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlinmişdir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hüquq normalarının düzgün tətbiq edilmədiyini və iddianın mümkün sayılmaması barədə qanunsuz və əsassız qərardad çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9226/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9226/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar