Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1705/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının verilməsi üçün siyahının göndərilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11501/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2020-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır. Xidmət etdiyi hərbi hissə N saylı hərbi hissə olub. xx.xx.2020-ci il tarixində müharibə başladığı vaxt iddiaçı N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Daha sonra o, Tərtər rayonu Suqovşan istiqamətinə göndərilmiş və orada xidmət etmişdir. İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-11501/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin olunmuş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissənin tərkibində “Vətən müharibəsi” zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək məhkəmədən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-10.11,2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Yevlax rayonu, Malbinəsi kəndində) zədələnmiş raket artilleriya silahlarında təmir işlərinin yerinə yetirilməsində iştirak etmişdir. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdən də görünür ki, N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Yevlax rayonu, Malbinəsi kəndində) xidməti vəzifələrini icra etmiş və o, döyüş əməliyyatlarına cəlb edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışda iddiaçının döyüş əməliyyatları zamanı xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tərtər rayonunun Talış kəndi Suqovuşan qəsəbəsi ərazisində Maddi-Texniki Təminat üzrə tapşırıqları yerinə yetirdiyi qeyd olunasa da, sözügedən fəaliyyətlər hərbi hissənin müvafiq əmrləri ilə təsdiq olunmur. Qeyd olunan arayışda iddiaçının Talış və Suqovuşan ərazilərində döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilsə də, möhtəbər sayıla bilməz. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı həmin ərazilərdə olmamış, yalnız ezamiyyətdə olduğu N nömrəli hərbi hissədə (Yevlax rayonu, Malbinəsi kəndində) zədələnmiş raket artilleriya silahlarında təmir işlərini apararaq xidməti vəzifələrini yerinə yetirmişdir. İddiaçının həmin ərazilərdə iştirak etməsi üçün onun prosedur olaraq həmin ərazidə döyüşən hər hansı bir hərbi hissəyə ezam olunması və ya xidmətini davam etdirməsi üçün həmin hərbi hissəyə köçürülməsinə dair hərbi hissə komandirinin müvafiq əmri ilə təsdiq olunmalıdır. Göründüyü kimi, iddiaçının həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı bir nizami hissə üzrə əmrlə təsdiq olunmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən Əsanamənin 10-cu bəndinin tələbləri pozulmuş və məhkəmə hərbi hissə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 100 nömrəli arayışı əsas gətirərək iddianı təmin etməklə qanunsuz və əsassızdır qərar qəbul etmişdir. Yevlax rayonu Malbinəsi kəndi istiqaməti üzrə yerləşmiş hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Yevlax rayonunun Malbinəsi kəndində olmuşdur. Göründüyü kimi, Yevlax rayonu Malbinəsi kəndi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına cəlb edilməmiş, döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirməmiş və Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamış, yalnız xidməti vəzifələrini icra etmişdir. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında geyd olunan ərazilərdə olmamışdır. Apellyasiya baxışı zaman məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Barənizdə təqdim olunmuş arayış-məlumata əsasən ezam olunduğunuz N nömrəli hərbi hissənin Yevlax rayonu ərazisində olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə fəaliyyətiniz təsdiq olunmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 340 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 100 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər İddiaçı həqiqətən 19 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək (əmr № 269, xx.xx.2020-ci il, əmr № 297, xx.xx.2020-ci il, əmr № 299, xx.xx.2020-ci il, əmr № 312, xx.xx.2020-ci il) N nömrəli hərbi hissəyə ezam olunmuş və N nömrəli hərbi hissənin təmir və təxliyyə qrupları ilə birlikdə döyüş əməliyyatları zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ərazisində Maddi-Texniki Təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş meydanında sıradan çıxmış, zədələnmiş raket artilleriya silahlarında təmir işlərinin yerinə yetirilməsində iştirak etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 269 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçularının xidməti zərurətlə əlaqədar olaraq 30 (otuz) gün müddətinə ezamiyyətə gəlmiş və hərbi hissənin qazan təminatına qoyulmuş hesab edilmişlər: 11. əsgər İddiaçı. Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 1695 nömrəli ezamiyyət vəsiqəsi. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 297 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçularının ezamiyyət müddətləri başa çatdığı üçün hərbi hissənin qazan təminatından çıxarılaraq getmiş hesab edilmişlər: 11. əsgər İddiaçı. Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 1695 nömrəli ezamiyyət vəsiqəsi. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 299 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçuları döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə 29 (iyirmi doqquz) gün müddətinə ezamiyyətə gəlmiş və hərbi hissənin qazan təminatına qoyulmuş hesab edilmişlər: 1. əsgər İddiaçı. Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 1837, 1838, 1839, 1840 və 1841 nömrəli ezamiyyət vəsiqələri. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 312 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçularının ezamiyyət müddətləri başa çatmadan hərbi hissənin qazan təminatından çıxarılaraq getmiş hesab edilmişlər: 8. əsgər İddiaçı. Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 1837, 1838, 1839, 1840 və 1841 nömrəli ezamiyyət vəsiqələri. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə tam tərkibdə, N nömrəli hərbi hissənin texniki reqlament işləri bölüyü döyüş əməliyyatlarında iştirak etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 10-cu və 11-ci abzalarına əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş, N nömrəli hərbi hissənin ezamiyyət vəsiqələrinə və N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək və xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N nömrəli hərbi hissəyə ezam olunmuş və N nömrəli hərbi hissənin təmir və təxliyyə qrupları ilə birlikdə döyüş əməliyyatları zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ərazisində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş meydanında sıradan çıxmış, zədələnmiş raket artilleriya silahlarında təmir işlərinin yerinə yetirilməsində iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin həmin əmrlərindən çıxarışlar hərbi hissə tərəfindən məhkəməyə təqdim edilmişdir. Öz növbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə tam tərkibdə, N nömrəli hərbi hissənin texniki reqlament işləri bölüyü döyüş əməliyyatlarında iştirak etmişdir. Göründüyü kimi, iddiaçının hərbi qulluqçusu olduğu hərbi hissənin texniki reqlament işləri bölüyü, ezam olunduğu hərbi hissə isə tam tərkibdə döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı məhz müharibə dövründə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək və xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N nömrəli hərbi hissəyə ezam olunmuş, N nömrəli hərbi hissənin təmir və təxliyyə qrupları ilə birlikdə döyüş əməliyyatları zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ərazisində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş meydanında sıradan çıxmış, zədələnmiş raket artilleriya silahlarında təmir işlərinin yerinə yetirilməsində iştirak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11501/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1705/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1705/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver