Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1707/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi, Kadrlar idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1949-cu il tarixində Naxçıvan MR-in Qahab kəndində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki yaşadığı ünvanın- ünvan 2ı Baş Prokurorluğuna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin saxtalığının müəyyən edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-1(112)- 2319/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 26.10.2020-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmrin saxtalığının qeyd edilməsi, qanuni əsaslarla öz ərizəsi əsasında işdən azad edilməsi, məcburi işburaxmaya görə əmək haqqının verilməsi və eyni əsasla pensiyanın yenidən hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o,1989-cu il avqust ayının sonuna qədər Azərbaycan Respublikası Prokurorluğunda işləmiş, həmin tarixdən saxta əmrlə işdən azad edilmişdir. Əmrin saxtalığı onunla ifadə olunmuşdur ki, sözügedən əmrə M.Babayev “İ.O.Prokurora Respubliki” kimi imza etmişdir, halbuki o, Respublika Prokurorunun səlahiyyətlərini icra etmirdi və onu işdən azad edə bilməzdi. Həmin saxta əmrin ucbatından bir çox hüquqlardan məhrum olunmuşdur və vaxtında pensiyaya çıxa bilməmişdir, qanuni pensiyadan məhrum edilmişdir. Respublika prokuroru İ.A.İsmayılov vəzifə başında idi, amma əmr o qədər qanunsuz və ədalətsiz idi ki, onu imzalamağı özünün vicdanına sığdırmırdı. Daha sonra iddiaçı vəsatət təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən işə baxan hakim Rüstəm Kərimliyə qarşı etiraz təqdim edilmişdir. 03.03.2021-ci il tarixli qərardad ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsi qərara alınmışdır. 03.03.2021-ci il tarixli qərardad ilə (məhkəmənin sədri A.Hüseynov) etirazın təmin edilməsi, inzibati işin baxılması üçün hakim X3 icraatına verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-1(112)-2319/2021 nömrəli qərardadı ilə (hakim H.Ağalarov) iddia mümkün sayılmamışdır. 18.05.2021-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq birinci instansiya məhkəməsində ona yardım olunmadığını, tələblərinin bir-biri ilə bağlı olduğundan tələblərinə bir icraatda baxılmasını bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X5 izahat verərək, apellyasiya şikayətinə etiraz etdiyini və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətinə etiraz etdiyini və onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq iddiaçıya işin birinci instansiyada icraatı zamanı yardım təklif olunduğunu, lakin iddiaçının iki cavabdehin qalmalı olmasını qeyd etdiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia tələbini əmrin saxtalığının qeyd edilməsi, qanuni əsaslarla öz ərizəsi əsasında işdən azad edilməsi, məcburi işburaxmaya görə əmək haqqının verilməsi və eyni əsasla pensiyanın yenidən hesablanaraq ödənilməsi təşkil edir. İşin hallarında müəyyən edilir ki, mübahisə predmeti olan 29.08.1989-cu il tarixli 323 nömrəli əmr xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuş və iddiaçı tərəfindən qeyd edilən akt mübahisələndirilməmişdir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanunu ilə qüvvədən düşmüşdür) 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 29.08.1989-cu il tarixli, 323 nömrəli əmr 30 ildən artıq müddət sonra mübahisələndirildiyindən birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının digər iddia tələblərinə münasibətdə qeyd edir ki, digər tələblər 29.08.1989-cu il tarixli, 323 nömrəli əmrin mübahisələndirilməsi ilə bağlı olduğundan həmin tələbin mümkün sayılmaması digər iddia tələblərinin də mümkün hesab olunmaması üçün əsas yaradır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadında birinci iddia tələbinin 29.08.1989-cu il tarixli 323 nömrəli əmrə münasibətdə (əmrin etibarsız sayılması haqqında) irəli sürüldüyü qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının birinci iddia tələbi qeyrimüəyyən olsa da, iddia tələbi üzrə ehtiva edilən məna, iradə ifadəsi əmrə münasibətdə iddiaçı həmin əmrin qanunsuz hesab edilərək, yeni əsaslarla işdən azad edilməsi olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-1(112)-2319/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1707/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1707/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver