Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1707/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin cizgi sxeminin çəkilməsi və təsdiqlənməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin cizgi sxeminin çəkilməsi və təsdiqlənməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2628/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 980 № li sahədə yerləşən 1200 m2 torpaq sahəsinin cizgi sxeminin çəkilməsinin və təsdiqlənməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov RİH başçısının (indiki Xəzər RİH) Buzovna qəsəbəsi üzrə nümayəndəliyinin 26 iyul 1993-cü il tarixli, 31 № li Sərəncamına əsasən, İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün Əzizbəyov rayonu (indiki Xəzər RİH), Buzovna qəsəbəsi, 980 № li sahədə 1200 m2 torpaq sahəsi ayrılmışdır. Halhazırda həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. Qeyd olunan torpaq sahəsi mişar daşı ilə hasarlanmış və fərdi yaşayış evi inşa edilmişdir. Əzizbəyov RİH başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyi “Əzizbəyovneft" NQÇİ-nin (indiki “X3” MMC) xx.xx.1989-cu il tarixli, 3187/01-4 № li və Bakı şəhər XDS İK-nin 04 10.1989-cu il tarixli, 7- 7192/7 № li məktublarını rəhbər tutaraq 26 iyul 1993-cü il tarixdə 31 № li Sərəncamı vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət edərək Bakı şəhəri Əzizbəyov RİH Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 31 № li X1 təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına 17 may 2023-cü il tarixli, 3- 48-2F/2-P-03332/2023 № li arayışında Əzizbəyov RİH Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi bildirilir. xx.xx.2023-cü il tarixdə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 980 № li sahədə yerləşən 1200 m2 torpaq sahəsinin cizgi sxeminin çəkilməsi və təsdiq edilərək ona təqdim olunması üçün cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-12/2-Ə-107-091/2023 № li cavab məktubu ilə sözü gedən sahəyə cizgi sxeminin çəkilməsinin və xəritədən çıxarışın verilməsini məqsədəuyğun saymadığı üçün imtina etmişdir. İmtinaya səbəb kimi isə İddiaçı uzun illər istifadəsində olan torpaq sahəsi “X3" MMC-nin ərazisində yerləşdiyi qeyd edilmişdir. Azərbaycan SSR X4 tabeliyində yaradılan Azərbaycan Neft Komitəsinə (“Azneftkom”) adı verilib, 1 sentyabr 1921-ci ildə X5 Birliyi ilə əvəz edilib. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 1991-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni təsis olunub. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni və "xxxx" İB-nin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaradılıb. Beləliklə, SOCAR (ARDNŞ) "Azərineft" Dövlət Konsernin hüquqi varisi olduğu kimi, " X3" MMC də "Əzizbəyovneft” NQÇİ-nin hüquqi varisi hesab edilir. Buzovna qəsəbə inzibati ərazi dairəsində yerləşən " X3" MMC-nin "ərazilərində” minlərlə fərdi yaşayış evləri inşa edilib. Torpaq sahələrinin və evlərin bir hissəsi Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. Beləliklə, iddiaçı hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası əsassız və qanunsuzdur.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2628/2024 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəmənin 2-1(103)-2055/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2628/2024 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli qərardadı ləğv edilərək İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin cizgi sxeminin çəkilməsi və təsdiqlənməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İKİNCİ İCRAAT:
6. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2628/2024 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Qərar onunla əsaslandırılmışdır ki, torpaq ayırma səlahiyyəti olmayan qanunvericiliklə nəzərdə tutulmayan inzibati orqan tərəfindən qəbul edilmiş sərəncam (inzibati akt) əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi barədə iddia qanunsuz və əsassızdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
8. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHƏKMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qəsəbə nümayəndələrinin torpaq ayırma səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmadığından sözügedən sərəncamın hüquqi əsası yoxdur" qeyd olunsa da, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli cavab məktubunda istifadədə olan torpaq sahəsinin "X3" MMC-nin ərazisində yerləşdiyindən sözügedən sahəyə çizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı qeyd edilmişdir. Əgər cavabdeh orqanda həmin sənədlər yoxdursa, bəs nə üçün məhkəmə qərarında sərəncamın hüquqi qüvvəsinin olmamasını əsas gətirmirdi? İmtinaya səbəb sadəcə olaraq sözügedən torpaq sahəsinin "X3" MMC-nin ərazisində yerləşdiyi olmuşdur. Lakin, torpaq sahəsinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilməmişdir. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsindəki nümayəndəsi tərəfindən verilmiş 26 iyul 1993-cü il tarixli, 31 nömrəli sərəncamında sərəncamın baxılması üçün Əzizbəyov Rayon İcra Hakimiyyətinə göndərilməsi qeyd olunsa da, onların İcra Hakimiyyətinə göndərilməməsi vətəndaşın təqsirli hesab edilməməli və ehtimal olunan mülkiyyət hüquqlarının alınmasına mane olmamalıdır. Tərəflərin izahatları: 10.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 12.İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
İŞİN HALLARİ:
14. Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsindəki nümayəndəsinin xx.xx.1993-cü il tarixli, 31 nömrəli sərəncamından görünür ki, iddiaçının ərizəsi nəzərə alınaraq və “Əzizbəyovneft” NQÇİ-nin 3187/01-4 nömrəli 2/X-89-cu il Bakı şəhər XDS İcraiyyə Komitəsinin 7-7192/7 nömrəli, 4/X-89-cu il tarixli məktubları rəhbər tutularaq İddiaçı Buzovna qəsəbəsində 980 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
15. Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 5-12/2-Ə-107-091/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması barədə Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizə tapşırığa əsasən RİHB-nın Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Nümayəndəlikdən verilən məlumatda bildirilir ki, istifadəsində olan torpaq sahəsi “X3” MMC-nin ərazisində yerləşdiyindən sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır.
16. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-07684/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Buzovna qəsəbə nümayəndəliyinin arxiv sənədləri, o cümlədən xx.xx.1993-cü il tarixli, 31 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
17. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-12/2- 125/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Qeyd olunanlara əsasən İddiaçı Buzovna qəsəbəsində torpaq sahəsinin ayrılması barədə sərəncamın, ona aid digər sənədlərin və Bakı şəhər XDS İK- nin xx.xx.1989-cu il tarixli, 3187/01-4 №-li məktubunun təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.
18. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 14 may 2024-cü il tarixli, 5-12/2-1046/2024 nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001 -ci il tarixli 96-//QD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Məcəllənin tələblərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək, torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq, torpaq kadastrının aparılmasını təşkil etmək, torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq və s. rayon, şəhər xalq deputatları Sovetlərinin və Azerbaycan Respublikasının rayonlarında, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il, 372 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” təsdiq edilmiş (16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür) Əsasnaməyə görə torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Belə ki, 1993-cü il üzrə verilmiş sərəncamlar Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 31 nömrəli nömrəli sərəncamının hansı əsaslarla verildiyini müəyyən etmək mümkün olmamışdır.
19. Bakı şəhəri Cavabdeh 5-12/2-735/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə əsasən Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məlumata əsasən torpaq sahəsinin "X3” MMC-nin ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2000-ci il tarixli, 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə törədə biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(112)-2628/2024 nömrəli qərardadı ilə hazırkı tələb üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh ilə iddiaçı arasında hər hansı inzibati mübahisə yaranmadığından iddiaçı cavabdeh tərəfindən onun hansı hüquqlarının pozulduğunu və onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetrilmədyini əsaslandıra bilməməsi ilə bağlı düzgün qənaətə gələrək iddia mümkün sayılmamışdır. Bundan əlavə, "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qeyd olunanları nəzərə alaraq İddiaçımın Cavabdehnə qarşı torpaq sahəsinə cizgi sxeminin verilməsi öhdəliyinin Bakı şəhəri, Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadının qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 20.Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-12/2- 2872/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsindəki nümayəndəsi tərəfindən verilmiş 26 iyul 1993-cü il tarixli, 31 nömrəli sərəncam, ona aid digər sənədlər Cavabdehndə mövcud olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Qəsəbə nümayəndələrinin torpaq ayırma səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmadığından sözügedən sərəncamın hüquqi əsası yoxdur. İddiaçı Cavabdeh tərəfindən torpaq sahəsi ayrılmamışdır. 21.Bakı şəhəri Cavabdeh başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-12-5/2- 522/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, vətəndaş İddiaçı torpaq sahəsinin ayrılıbayrılmaması ilə bağlı Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hər hansı bir məlumat mövcud deyildir. Qeyd olunan sənədlərin əldə olunması ilə bağlı Arxiv İdarəsinə müraciət oluna bilər.
TƏTBİQ EDİLƏN HÜQUQ:
22.Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.
23. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
24. Azərbaycan Respublikasının İnzibati İcraat Haqqında Qanunu: Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: .... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materiallar ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
27. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
29. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov RİH başçısının (indiki Xəzər RİH) Buzovna qəsəbəsi üzrə nümayəndəliyinin 26 iyul 1993-cü il tarixli, 31 nömrəli Sərəncamının ksero-surətindən müəyyən olunur ki, İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün Əzizbəyov rayonu (indiki Xəzər RİH), Buzovna qəsəbəsi, 980 No li sahədə 1200 m2 torpaq sahəsi ayrılmışdır. İddiaçı cavabdehə müraciət edərək qeyd olunan torpaq sahəsinin cizgi sxeminin çəkilməsinin və təsdiqlənməsini xahiş etsə də, tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır.
30. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir.
32. Həmin normalara görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
33. Siyahının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur.
34. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən 5-12/2- 2872/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsindəki nümayəndəsi tərəfindən verilmiş 26 iyul 1993-cü il tarixli, 31 nömrəli sərəncam, ona aid digər sənədlər Cavabdehndə mövcud olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Qəsəbə nümayəndələrinin torpaq ayırma səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmadığından sözügedən sərəncamın hüquqi əsası yoxdur. İddiaçı Cavabdeh tərəfindən torpaq sahəsi ayrılmamışdır.
35. Bakı şəhəri Cavabdeh başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-12-5/2-522/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, vətəndaş İddiaçı torpaq sahəsinin ayrılıbayrılmaması ilə bağlı Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hər hansı bir məlumat mövcud deyildir. Qeyd olunan sənədlərin əldə olunması ilə bağlı Arxiv İdarəsinə müraciət oluna bilər.
36. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli torpaq sahəsini iddiaçıya ayıran orqan Xəzər RİH başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyi olmuş, lakin həmin nümayəndəliyə Cavabdeh tərəfindən belə bir səlahiyyətin verilməsinə dair sərəncam (qərar) müəyyən edilməmişdir.
37. Kollegiya onuda qeyd edir ki, Xəzər RİH başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyin qərarında müvafiq icra hakimiyyətinin sərəncamına (qərarına) istinad edilməməsi də belə bir səlahiyyətin nümayəndəliyə verilməməsinə dəlalət edir.
38. Halbuki, yuxarda qeyd olunan normalardan görünür ki, inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən torpaq sahəsinin ayrılması, səlahiyyəti yerli icra hakimiyyəti başçısının qərarının verilməsi ilə şərtləndirilmişdir.
39. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçı faktiki olaraq sahiblik və istifadə etdiyini iddia etdiyi torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Torpaq sahəsinə faktiki sahiblik isə, mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir.
40. İPM-nin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
41. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçının apelyasiya şikayəti isə formal mülahizələrə söykəndiyindən, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2628/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.