Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1708/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Ceyhun Bəşir oğlu və X10 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14711/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair X4 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il təvəllüdlü oğlu X4 doğum haqqında şəhadətnaməsində qanunsuz dəyişiklik olunaraq oğlunun ana adı əsassız olaraq dəyişdirilmiş və doğum haqqında şəhadətnamədə oğlunun anası olaraq doğma X2nın adı qeyd edilmişdir. Oğlunun qəyyumluğa verilməsi və ya doğum şəhadətnaməsində hər hansı dəyişikliyin olunması barədə nə iddiaçının məlumatı olmuş, nə də hər hansı dövlət orqanında bununla bağlı sənəd aşkar olunmamışdır. Görünür ki, hansısa maraqlardan irəli gələrək, onun razılığı alınmadan övladı öz doğma bibisinin övladlığına keçmişdir. Bu, tamamilə qanunsuz və əsassız olmuşdur. Hesab edir ki, övladının bunu etməsinə səbəb mərhum bacısının övladının olmaması və onun əmlaklarına vərəsə olması üçün nəzərdə tutulmuşdur. X2 tənha və xəstə olduğu üçün qızı bacısı vəfat etdiyi günədək onunla birgə yaşamışdır. Ona hər cür maddi və mənəvi kömək olmuş, zəruri ehtiyaclarını təmin etmişdir. Bacısı ona göstərdiyi qayğısını qiymətləndirərək mülkiyyətində olan mənzilini ona və qızına vəsiyyət etdiyini dəfələrlə qohumlar və qonşularla söhbətdə bildirmişdir. Mərhum bacısından adına vəsiyyətnamə tərtib olunması barədə danışıqlarında isə, o, Oqtay Məmmədovdan ehtiyatlandığını və buna görə də vəsiyyətnamə verməkdən qorxduğunu bildirmişdir. O, Oqtay Məmmədov tərəfindən hədələndiyini deyirdi. Oğlu ona qarşı düşmən mövqeyi tutur və heç bir şəkildə onlarla əlaqəyə girmir, danışığa gəlmir. X2 vəfat etdikdən bu günədək mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil onların istifadəsində və faktiki sahibliklərində olmuşdur. Oğlu Oqtay iddiaçının rayonda olmağından sui-istifadə edərək, istifadəsində olan ünvan 1 ünvanına xəbərsiz yerləşmiş və evə dair adına əsassız və qanunsuz çıxarış əldə etmişdir. Belə olduğu halda onun hüquqları pozulmuş olur. Mərhum bacısı ona göstərdiyi qayğını qiymətləndirərək mülkiyyətində olan mənzilini iddiaçıya vəsiyyət etdiyini dəfələrlə qohumlar və qonşularla söhbətdə bildirmişdir. Bu barədə onun video yazısı da vardır. Oğlu mərhum bacısının yas mərasimində iştirak etmək istəməmiş, yasın bütün xərcləri atası, iddiaçı və əmiləri tərəfindən qarşılanmışdır. Belə olduğu halda o, ləyaqətsiz vərəsə hesab olunur. Hesab edir ki, mənzilə dair onun adına verilmiş çıxarış tam qanunsuz və əsassızdır və çıxarışın ləğv olunması zəruridir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət edərək, oğlunun adına verilmiş qanunsuz çıxarışın ləğv olunmasını xahiş etsə də cavabdeh məhkəmə qərarı olmadan bunun mümkün olmayacağı barədə imtina etmişdir. Hesab edir ki, mübahisənin həlli yalnız məhkəmə qaydasında mümkündür. Bakı İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 2-1(112)-14711/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırda həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı maraqlı şəxs X4 adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edilmiş və məhkəmə çıxardığı 2-1(112)-14711/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianı mümkün saymamışdır. Hesab edir ki, iş üzrə çıxarılan qərardad tam qanunsuz və əsassızdır. Şikayətinin araşdırılaraq təmin olunması və nəticədə iddianın baxılaraq təmin olunması zəruridir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, xx.xx.1963-cü il təvəllüdlü oğlu X4 doğum haqqında şəhadətnaməsində qanunsuz dəyişiklik olunaraq oğlunun ana adı əsassız olaraq dəyişdirilmiş və doğum haqqında şəhadətnamədə oğlunun anası olaraq doğma X2nın adı qeyd edilmişdir. Oğlunun qəyyumluğa verilməsi və ya doğum şəhadətnaməsində hər hansı dəyişikliyin olunması barədə nə onun məlumatı olmuş, nə də hər hansı dövlət orqanında bununla bağlı sənəd aşkar olunmamışdır. Görünür ki, hansısa maraqlardan irəli gələrək, onun razılığı alınmadan övladı öz doğma bibisinin övladlığına keçmişdir. Bu, tamamilə qanunsuz və əsassız olmuşdur. Hesab edir ki, övladının bunu etməsinə səbəb mərhum bacısının övladının olmaması və onun əmlaklarına vərəsə olması üçün nəzərdə tutulmuşdur. X2 tənha və xəstə olduğu üçün qızı bacısı vəfat etdiyi günədək onunla birgə yaşamışdır. İddiaçı ona hər cür maddi və mənəvi kömək olmuş, zəruri ehtiyaclarını təmin etmişdir. Bacısı ona göstərdiyi qayğını qiymətləndirərək mülkiyyətində olan mənzilini ona və qızına vəsiyyət etdiyini dəfələrlə qohumlar və qonşularla söhbətdə bildirmişdir. Mərhum bacısından adına vəsiyyətnamə tərtib olunması barədə danışıqlarında isə o, Oqtay Məmmədovdan ehtiyatlandığını və buna görə də vəsiyyətnamə verməkdən qorxduğunu bildirmişdir. O, Oqtay Məmmədov tərəfindən hədələndiyini deyirdi. Oğlu onlara qarşı düşmən mövqeyi tutur və heç bir şəkildə onlarla əlaqəyə girmir, danışığa gəlmir. X2 vəfat etdikdən bu günədək mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil onların istifadəsində və faktiki sahibliyində olmuşdur. Oğlu Oqtay onun rayonda olmağından suiistifadə edərək, istifadələrində olan ünvan 2 ünvanına xəbərsiz yerləşmiş və evə dair adına əsassız və qanunsuz çıxarış əldə etmişdir. Belə olduğu halda onların hüquqları pozulmuş olur. Hazırkı iş üzrə məhkəmə isə qeyd olunan halları araşdırmaq əvəzinə əsassız olaraq maraqlı şəxsin və cavabdehin xeyrinə iddianı guya onun iddianı irəli sürməyə subyektiv hüququnun olmamasını bildirərək mümkün saymamışdır. Hazırkı iş üzrə məhkəmə həqiqəti müəyyən etmək əvəzinə, məhkəmə onun iddia irəli sürməyə subyektiv hüququnun olmadığını iddia edərək iddianı mümkün saymamışdır. Bu, özülüyündə məhkəmənin işə hərtərəfli baxmadığını və araşdırmadığını sübuta yetirir. Sözügedən əmlak onun mərhum bacısına məxsus olmuşdur və hazırkı iş üzrə maraqlı şəxs onun doğma oğludur. Hazırkı mübahisə bilavasitə onun hüquqlarına toxunur. Belə ki, maraqlı şəxsin adına çıxarış verilməsə idi, iddiaçı birinci dərəcəli qohum olaraq mərhumun vərəsəsi elan edilə bilərdi. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxslərin əmlakdan istifadə hüququ vardır və bu, mülkiyyət hüququ ilə yanaşı, əmlak hüququ sayılır. Göstərilən normalardan görünür ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququnun formalarından biri olmaqla yanaşı, əmlak hüququ hesab edilir. Həmin əmlak uzun illər onun və qızının sahibliyində olmuşdur. Daha sonradan mərhum bacısı vəfat etdikdən sonra oğlu onların rayonda yas mərasimində olmağından istifadə edərək əmlakı qanunsuz əməllərlə öz adına özəlləşdirmişdir. Məhkəmə isə qeyd olunan məsələyə nəzər yetirmədən, işi araşdırmadan öz mülahizəsinə uyğun olaraq yekun qərara gəlmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci ildə vəfat etmiş X5 vərəsəsi - oğlu X7r və o, miras əmlakdan tam hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, ev 160, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 33.8 kv.m olan mənzildən ibarətdir. Həmin şəhadətnaməyə əsasən qeyd olunan mənzilə xüsusi mülkiyyət hüququ X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə xx.xx.2022-ci il tarixdə çıxarış verilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi **********74-05101-093001). İddiaçı hazırda X4 adına verilmiş həmin çıxarışın ləğvini xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, inzibati akt aşağıdakı əlamətlərlə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt hesab edilmir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndinə əsasən: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. - Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. - Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. - Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. - Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati akt hesab edilmir. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Belə olan halda iddiaçının mübahisələndirdiyi çıxarışla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasının əsasını təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməlidir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas inzibati aktdırsa, həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Qeyd olunanlara əsasən hazıkı iddia tələbinə baxılması mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14711/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1708/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1708/2025
06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver