Məhkəmə qərarları › İş №2-1(103)-1709/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1709/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1709/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (üçüncü şəxslər X19, X20, X21 oğlu, X14, X22, X4 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X9 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil Hüseyn qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12267/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1985-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.1992-ci il təvvəlüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X13, xx.xx.1955-ci il təvəllüdlü X2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 35 “B” ünvanından qeydiyyatdan çıxarılmalarından cavabdeh Qaradağ Rayon Polis İdarəsinin imtinasının əsassız hesab edilməsi və onların Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 35 “B” ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, ünvan 3 yerləşən ev mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 35 “B” ünvanında yerləşən evi o, 07 noyabr 2023-cü tarixdə X1, Bakı şəhəri 46 saylı dövlət notariat kontorunda alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Mənzil üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə adına xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********20- 10301, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Bildirilir ki, həmin evin tikintisi üçün torpaq sahəsi Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1082 №-li Sərəncamı ilə ayrılmışdır. X5 və ailə üzvləri qeydiyyatdan çıxmışlar. Alqı-satqı zamanı məlum olmuşdur ki, evdə qeydiyyatda əlavə olaraq, evə heç bir aidiyyəti olmayan, evin sahibi X3 icazəsi olmadan nəməlum əsaslarla 6 nəfər şəxs - X19, X20, X21, X14, X22, X4 qeydiyyata düşmüşlər. Həmin şəxslərin evə heç bir aidiyyətı olmadığı müəyyən edildikdən sonra notariusda alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı evi aldıqdan sonra həmin şəxsləri tapmışdır. Onlar Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən İnternat məktəbinin divar qonşuluğunda ayrıca tikilmiş sənədsiz evdə yaşayırlar. Həmin sənədsiz evlə iddiaçının evinin arasında bir dalan və 3 həyət evi vardır və onun girişi ayrıdır, iddiaçıya məxsus evlə heç bir divar və ya həyət qonşuluğu yoxdur. İddiaçı onların evdən qeydiyyatdan çıxmalarını tələb etmişdir. Onlar xahiş etmişlər ki, qeydiyyatdan çıxmaq üçün 1 ay vaxt verilsin, bunu isə evlərinə ünvan və çıxarış (“kupça”) alacaqları ilə əlaqələndirmişlər. Həmin müddətdən xeyli keçdikdən sonra, təxminən 8 ay ərzində iddiaçı bir neçə dəfə onlardan tələb etmişdir ki, evindən qeydiyyatdan çıxsınlar. Lakin hər dəfə müxtəlif əsassız bəhanələr gətirərək bu günə qədər qeydiyyatdan çıxmamışlar. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra iddiaçı ailəsilə həmin evə köçmüş, müvafiq olaraq həyat yoldaşı X6 ilə birlikdə pasport qeydiyyatına düşmüşdürlər. Qeyd olunan 6 nəfər kənar şəxs əvvəlki mülkiyyətçinin və yeni mülkiyyətçi kimi iddiaçının qohumu və tanışı deyildirlər, onlar bu evdə heç vaxt yaşamamışlar və evə heç bir mülkiyyət hüquqları olmamışdır və indi də yoxdur. Onlar Sahil qəsəbəsində həmişə özlərinin sənədsiz tikdikləri evdə yaşamışlar və indi də orada yaşayırlar. Əvvəlki mülkiyyətçi onların ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evinə necə, hansı yolla qeydiyyata düşdüklərini bilmir və ona razılıq verməmişdir. Üçüncü şəxslərin iddiaçıya məxsus olan evdə qeydiyyatları əsassız və qanunsuz olmaqla formal xarakter daşımış və indi də formal xarakter daşıyır, eyni zamanda da, mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Əvvəla, iddiaçı onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onlarla heç bir qohumluq əlaqəsi yoxdur ki, evində qeydiyyatda qalmalarına razılaşsın. Üçüncüsü isə, onların sözügedən evdə qeydiyyatda qalmaları iddiaçının həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. İddiaçı Qaradağ Rayon Polis İdarəsinə yuxarıda adları qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması barədə ərizə ilə müraciət etmişdir. Müraciətinə Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-48/2-M11757 saylı cavab məktubunda qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azəərbaycan Respublikası Qanununun tələblərinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası əsassız və qanunsuzdur.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X19, X20, X21 oğlu, X14, X22, X4 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.

4. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş və iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

5. Üçüncü şəxs X4 iddia tələbinə dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə bildirmişdir ki, pasport qeydiyyatından çıxarılmasının istənildiyi fərdi evdə, yəni iddiaçının mülkiyyəti olaraq dövlət reyestrində qeydiyyata alınmış evdə üçüncü şəxslər heç vaxt yaşamamışlar və ümumiyyətlə, bu iddianın onlara heç bir aidiyyəti yoxdur. Onların yaşadıqları evin ünvanı ünvan 2dına Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib və təsdiq olunmuş, “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsi barədə” Hesabat verilmişdir ki, həmin hesabatda torpaq sahəsinin eskizi, orada yerləşən fərdi evin sxemi və sair göstərilmişdir. Bundan başqa istifadəsində olan ərazinin (torpaq sahəsinin), Mehriban Ələsgərovanın adına ayrılması barədə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 03 sentyabr 1998-ci il tarixli Sərəncamı var. Şərh olunanlara və məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq iddianı üçüncü şəxslərə münasibətdə əsasız hesab edirlər.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12267/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata düşmələrinin əsası kimi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 984 saylı Sərəncamını əsas götürmüşlər. Həmin Sərəncamın əslinin əldə olunması üçün sorğu verilmiş və Azərbaycan Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Qaradağ rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli 984 saylı sərəncamı və keçmiş Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1989-cü il tarixli 13/713 saylı qərarı Dövlət Arxivinin Bakı Filialında yoxdur. Lakin, həmin sənədlərdə X4 barəsində heç bir məlumat yoxdur. Göründüyü kimi üçüncü şəxslər saxtalaşdırılmış sənəd təqdim etmişlər. Odur ki, onların iddiaçıya məxsus evdə qeydiyyatları əsassız və qanunsuz olmaqla formal xarakter daşımışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

10. Məhkəmədə iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və 3-cü şəxslərin iddiaçıya mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını məhkəmədən xahiş etdi.

11. Cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun: 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixli qərarında şərh etmişdir ki: 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir 2.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. 3“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir.

19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-15-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.

20. Belə ki, iddiaçı iddia tələbində mülkiyyət hüququ ilə ona məxsus ünvan 3 yerləşən mənzilindən üçüncü şəxslər X10, X11, X12, X8, X13 və X2 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır.

22. İş materiallarından göründüyü kimi İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı ünvan 4-nin (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi 176) mülkiyyətçisidir.

23. Məhkəmə kollegiyasının sorğusuna əsasən təqdim edilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3021/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından və qərara əlavə edilmiş sənədlrdən görünür ki, iddiaçı X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanındakı fərdi evin ünvan nömrəsinə düzəlişin edilməsini xahiş etmişdir. Məhkəmə iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinin ayrılması haqqında xx.xx.1998-ci il tarixli, 984 nömrəli Sərəncamdan görünür ki, həmin sərəncamla Sahil qəsəbəsi, Sahil küçəsi, ev 33, mənzil 10-da yaşayan X23 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsində istifadə etdiyi bağ sahəsindən 300 kv.metr torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Yəni iddiaçıya qeyd edilən ünvanda torpaq sahəsi ayrılması iş materialları ilə təsdiq edilmir. Eyni zamanda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi evin üçüncü şəxsin xüsusi mülkiyyətində olduğu müəyyən edilir. Yəni, həmin ünvan üçüncü şəxsə (hazırki iddia tələbi üzrə İddiaçı) məxsus fərdi evə aiddir və iddiaçıya hər hansı aidiyyəti yoxdur.

24. İşdə olan AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən İddiaçı, və 3-cü şəxslər X19, X20, X14, X22, X7 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 35 “B” ünvanında qeydiyyatdadır.Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, X4 və X21 yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatındadırlar. Həmçinin həmin şəxslərin qeyd olunan ünvanda pasport qeydiyyatında olmaları Qaradağ rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024cü il tarxili 3-13-48/2-M-11757/2024 saylı imtina məktubu ilə də öz təstiqini tapır.

25. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən o edilən hallar birmənalı olaraq onu deməyə əsas verir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə yaşamırlar və onların qeydiyyatı formal xarakterlidir. Onların formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları iddiaçının qanunvericiliklə müəyən olunan hüquqlarını pozur.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

27. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

28. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları barədə ərizəsinin təmin olunmasından imtina edilməsi, qanunla qorunan mülkiyyət hüquqlarını pozduğu sübuta yetirilir.

29. İPM-in 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

30. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işdə olan sübutlar hərtərəfli araşıdırılıb, onlara hüquqi qiymət verilməmiş, məhkəmənin iddianın rədd olunması barədə gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır.

31. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12267/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin edilərək üçüncü şəxslər X10, X11, X12, X8, X13, X2 İddiaçı mülkiyyətində olan - ünvan 3 yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsininin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12267/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin . X10, X11, X12, X8, X13, X2 İddiaçı mülkiyyətində olan ünvan 3 yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar