Məhkəmə qərarları › İş №2-1(103)-171/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-171/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-171/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı vəzifə maaşında artım və vəzifə maaşına əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-651/2020 saylı qərarından iddaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-651/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim P.Hüseynov). Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Məhkəmələr və hakimlər» haqqında Azərbaycan Respublikası Qanununun 106-cı maddəsində nəzərdə tutulan Azərbaycan Respublikası Ali Məhkəmə instansiyasının hakiminin vəzifə maaşında xx.xx.2019-cu il tarixdən olan artımı və ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni də nəzərə alaraq ona təyin olunmuş əmək pensiyasının yenidən hesablayaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi cavabdehlər sırasından çıxarılmış, cavabdeh qismində yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali məhkəmə instansiyasının sabiq hakimi kimi 2012-ci ildən əmək pensiyaçısıdır və bu müddətdən də hal-hazırda da cavabdehdə qeydiyyatda olmaqla pensiya alır. Məlum olduğu kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş yeni redaksiyasında göstərilir ki, Ali Məhkəmənin sədrinə Milli Məclisin sədrinin vəzifə maaşı həcmində, bütün məhkəmələrin hakimlərinə isə müvafiq məhkəmə sədrinin maaşlarının 80% həcmində vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Bunun xx.xx.2019- cu il tarixdən qüvvəyə minməsi onun - fiziki şəxsin, pensiyaçının hüquqi vəziyyətini yaxşılaşdıran bir hal olduğuna baxmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə məhəl qoymadan onun pensiyasına bu əlavələri cavabdeh şamil etməmiş, aylıq pensiyasını buna müvafiq yenidən hesablamamışdır. Eyni zamanda nəzərə alınmamışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (2017 ilədək olan redaksiyasında) 20.1.4-cü maddəsinə əsasən qulluq stajina görə əmək pensiyasına əlavələr əmək pensiyasına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29.3-cü maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış və bu yaşa çatanadək əmək pensiyasına əmək haqqından sonraki artımlar da nəzərə alınır, onların - hakimlərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajina görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Cavabdeh bunu etmədiyindən o, xx.xx.2019-cu il tarixdə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Buna baxmayaraq, 1 (bir) aydan çox müddətdir ki, cavabdehə etdiyi müraciətinə heç bir cavab almamış, sonuncu tərəfindən isə heç bir hərəkət (yenidən aylıq pensiya məbləğinin hesablanması) həyata keçirilməmiş və keçirilmir. Bu səbəbdən o, məhkəməyə müraciət etməyə məcburdur. Cavabdehin hərəkətini, hərəkətsizliyini aşağıdakılara görə əsassız və qanunsuz hesab edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İ-İİ hissələrinə görə Konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsinə görə isə dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyələr üçün məcburidir. Həmin normanın - 149-cu maddənin Vİİ hissəsinə görə, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının bu imperativ tələblərinə, normalarına cavabdeh riayət etməmiş, həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarını, həm dərc edilərək xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin yeni redaksiyasının tətbiqindən və icrasından, buna heç bir əsas olmadan boyun qaçırmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli, 2- 1(102)-597/2018 saylı və xx.xx.2016-cı il tarixli, 2-l(102)-917/2016 saylı, birbaşa ona və cavabdehə aid Qərarlarında da göstərilir ki, mövcud qanunvericiliyin tələblərinə görə “pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib sürətdə yenidən hesablanmalıdır”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsində nəzərdə tutulmuş aylıq vəzifə maaşında artım ona pensiya məbləğinin hesablanmasında nəzərə alınmışdır, lakin həmin maddədə müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə isə ona pensiya məbləğinin hesablanmasında nəzərə alınmamışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarını tətbiq etməli olduğu halda, bunu etməmişdir. İddiaçı və cavabdeh arasında pensiya ilə bağlı münasibətlər 2012-ci ildən yaranmış, davam etmiş, o cümlədən cavabdehin hərəkətsizliyindən ərizə/şikayət, sonradan isə məhkəmədə iddia icraatına başlanması 2019-cu ilin oktyabr-noyabr aylarına təsabüf edir. Birinci instansiya məhkəməsi bu dövrə aid maddi normaları və ilk növbədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarını, xx.xx.2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin yeni redaksiyasını tətbiq etməli idi. Əksinə əsassız olaraq birinci instansiya məhkəməsi cavabdehin və iddiaçının hüquq münasibətinin yarandığı zaman qüvvədə olmayan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına istimad etmiş, öz qanunsuz qərarını bununla əsaslandırmışdır. Qeyd olunanlara əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətininin dəlillərini araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2012-ci tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixdən vəzifə maaşında edilmiş dəyişikliklər nəzərə alınaraq əmək pensiyası yenidən hesablanmışdır. xx xxxx 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci bəndinə əsasən 106-cı maddə üzrə birinci hissəyə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri əlavə edilmişdir. Həmin Qanunun 1.1.2-ci bəndinə əsasən 106-cı maddə üzrə birinci hissənin ikinci abzasında “2280 manat” sözləri “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci hissəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Birinci instasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2012-ci tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı xx xxxx 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən həmin Qanuna edilmiş dəyişikliyə uyğun olaraq aylıq vəzifə maaşlarında olan artımın və bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Lakin iş materiallarından və proses iştirakçılarının məhkəmə baxışı zamanı verdikləri izahatlardan görünür ki, qeyd olunan dəyişikliyə əsasən aylıq vəzifə maaşlarında olan dəyişiklik nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası xx.xx.2019-cu ildən yenidən hesablanmışdır (iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl). Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Birinci instasiya məhkəməsi iddia tələbinin qeyd olunan dəyişikliyə əsasən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması hissəsi ilə əlaqədar qeyd etmişdir ki, hakimlərin bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni nəzərdə tutun dəyişiklik xx.xx.2019cu il tarixdən qüvvəyə minmişdir. İddiaçıya isə həmin tarixdən əvvəl pensiya təyin edilmişdir və iddiaçı işlədiyi dövrdə həmin əlavəni almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni işlədiyi dövrdə almadığı üçün həmin əlavə iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Bu səbəbdən də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi qərarında özü də qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunda, hakimlərin bir aylıq vəzifə maaşında və həmin vəzifə maaşı həcmində ona edilən əlavəni nəzərdə tutan dəyişiklik - xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. İş materiallarına əsasən isə müəyyən olunur ki, cavabdeh tərəfindən həmin dəyişikliyə uyğun olaraq iddiaçının əmək pensiyası yenidən hesablanmamışdır. Qeyd olunanlardan göründüyü kimi, xx.xx.2019-cu il tarixindən etibarən iddiaçının tutuduğu vəzifə üzrə əmək haqqında (tutduğu vəzifə maaşında olan artım və həmin vəzifə maaşı həcmində ona edilən əlavə) artım baş verdiyi işin mübahisələndirilməyən hallarıdır. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələbi isə nəzərdə tutur ki, Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Qanunun qeyd olunan nomasının tələbindən göründüyü kimi, xx.xx.2019-cu il tarixindən iddiaçının əmək haqqında baş verən artım nəzərə alınmaqla, onun əmək pensiyası yenidən hesablanması qanunun imperativ tələbi kimi cavabdeh orqanın üzərinə düşən vəzifəsidir. Birinci instansiya məhkəməsi tərəfindən isə Qanunun qeyd olunan tələbi nəzərə alınmamış, adıçəkilən artımlar nəzərə alınmaqla, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə də göstərilənlərəi nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-651/2020 saylı qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-651/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı «Məhkəmələr və hakimlər» haqqında Azərbaycan Respublikası Qanununun 106-cı maddəsində nəzərdə tutulan Azərbaycan Respublikası Ali Məhkəmə instansiyasının hakiminin vəzifə maaşında xx.xx.2019-cu il tarixdən olan artımı və ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni nəzərə alaraq ona təyin olunmuş əmək pensiyasının yenidən hesablayaraq verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar