Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-171/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “Hərbi Vətənpərvərlik və X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) qarşı “məcburi sosial sığorta haqları üzrə borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(112)-1489/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “Hərbi Vətənpərvərlik və X4” MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin Nəsimi rayon 1 nömrəli Filialına aidiyyəti olmayan 11.315,13 manat borcun silinməsi öhdəliyinin cavabdeh DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) 14 iyun 2012-ci il tarixdə özünün növbədənkənar X qurultayında könüllü olaraq özünün ictimai statusundan imtina edərək və əmlakının dövlətə verilməsinə dair qərar qəbul etdi. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X4” MMC yaradılmış və ləğv edilmiş Cəmiyyətin əmlakı təhvil-təslim aktı əsasında həmin Cəmiyyətin balansına verilmişdir. “Hərbi Vətənpərvərlik və X4” MMC-nin sədrinin 6 may 2013-cü il tarixli 1 nömrəli qərarı ilə Cəmiyyətin Nəsimi rayon 1 nömrəli filialı yaradılmışdır. Cəmiyyətin Nəsimi rayon filialı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentində qeydiyyatdan keçmişdir. Həmin vaxtdan bu günədək məcburi dövlət sığorta haqları filial tərəfindən gecikmələrlə olsa da Departamentə ödənilmişdir. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ləğv edilərkən Cəmiyyətin Nəsimi X9 DSMFyə 1 iyul 2012-ci il tarixə 11.315,13 manat borcu yaranmışdır. «Sosial sığorta haqqında» AR Qanununda, AR Vergi Məcəlləsində edilmiş dəyişikliyə görə 1 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqqı üzrə hesablaşmaların aparılması Vergilər Nazirliyinə (hazırda Dövlət Vergi Xidməti) həvalə edilmişdir. Nəsimi rayon 1 nömrəli filialının sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqində 14 iyun 2012-ci il tarixdə ləğv edilmiş “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti”nin Nəsimi X9 DSMF-yə olan 11.315.13 manat borcu (11.153,12 manat m.d.s.s. haqqı, 162,01 manat peniya məbləği) Nəsimi rayon 1 nömrəli filialının borcunun üzərinə əlavə olunmuşdur. DSMF-nin 16 oktyabr 2018-ci il tarixli bildirişində Nəsimi rayon 1 nömrəli filialının borcu 5.917,43 manat göstərilir. MMC DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə əsassız borcun onun nümayəndəsinin iştirakı ilə araşdırılması və ləğv edilməsi ilə bağlı rəsmi müraciət etmişdir. Lakin Baş İdarədən quruma cavab verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. DSMF filiala göndərdiyi 10 iyun 2019-cu il tarixli məktubunda borc məbləğinin 21.910,44 manat olduğunu, həmin məbləğin 11.315.13 manat hissəsinin AR Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin X13 Klubuna aid borc olduğunu bildirir. DSMF "xxxx" MMC-ni KHVTİC-nin hüquqi varisi sayır. Həmçinin hesab olunur ki, həmin borcu "xxxx" MMC ödəməlidir. Lakin "xxxx" MMC KHVTİC-nin hüquqi varisi deyildir. Bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF tərəfindən iddiaçıya ünvanlanmış 10 iyun 2019-cu il tarixli **********0 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2012-ci il 13 iyul tarixli 681 saylı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X4” MMC-nin yaradılması haqqında Fərman imzalanmışdır. Həmin Fərmanın İİİ hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın İ hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X6” MMC-yə verilsin. Bu səbəbdən də, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Nəsimi X9 2012-ci il 1 iyul tarixinə yaranmış 11.315,13 manat borcu hüququ varisi olaraq yaranmış “Hərbi vətənpərvərlik və X4” MMC-nin Nəsimi rayon 1 nömrəli filialının borcunun üzərinə əlavə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, 2018-ci il 1 oktyabr tarixinə Nəsimi rayon 1 nömrəli filialının DSMF-yə 21.910,44 manat (20.515,97 manat m.d.s.s. haqqı, 1.394,47 manat peniya məbləği) borcu vardır. Göründüyü kimi “Hərbi Vətənpərvərlik və X4” MMC-nin Nəsimi rayon 1 nömrəli filialı Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki idman Cəmiyyətinin Nəsimi X9 hüquqi varisi olduğundan sonuncunun hüquq və vəzifələri “Hərbi Vətənpərvərlik və X4” MMC-nin Nəsimi rayon 1 nömrəli filialına keçmişdir. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üçün Dövlətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X4” MMC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında məhkəmənin qeyd etdiyindən fərqli olaraq Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin ləğv edilməsi öz əksini tapmamışdır. Həmin Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X4” MMC-yə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(112)-1489/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, “Hərbi Vətənpərvərlik və X4” MMC-nin 1 nömrəli Filialına yazılmış 11.315,13 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin borcun daxil olduğu hesabatlar təqdim edilsə də, borcu qəbul etməyiblər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanının 1-ci bəndi ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X4” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Fərmanın 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Bununla əlaqədar olaraq, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin 2012-ci il 1 iyul tarixinə yaranmış 11.315,13 manat borcu hüququ varisi olaraq yaranmış “Hərbi vətənpərvərlik və X4” MMC-nin Nəsimi rayon 1 nömrəli filialının borcunun üzərinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirməməsinin, yaxud lazımi qaydada yerinə yetirməməsinin yenidən təşkili başa çatanadək hüquqi varisə (hüquqi varislərə) məlum olub-olmamasından asılı olmayaraq yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini onun hüquqi varisi (hüquqi varisləri) yerinə yetirməlidir. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə hüquqi şəxsin yenidən təşkil edilməsi onun vergi öhdəliklərinin bu hüquqi şəxsin hüquqi varisi (hüquqi varisləri) tərəfindən yerinə yetirilməsi müddətlərini dəyişdirmir Həmin Məcəllənin 80.8-ci maddəsinə görə bir hüquqi şəxs təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə digər hüquqi şəxsə çevrildikdə, onun vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi yeni yaranan hüquqi şəxs sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi»nin: (3.0.6) Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin etmək; (3.0.7) vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək; (3.0.8) hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının uçotunu aparmaq və bu barədə hesabatın Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi məqsədilə Nazirliyə məlumat vermək. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanının 1-ci bəndi ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X4” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Fərmanın 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanının müddəaları həmin Fərmanın 1-ci bəndinə əsasən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və X4” MMC-nin Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin hüquqi varisi qismində çıxış etməsini nəzərdə tutmur. Belə ki, Fərmanın 3-cü bəndi ilə sonuncunun könüllü olaraq dövlətə verdiyi əmlakının yeni yaradılmış adıçəkilən quruma (MMC-yə) verilməsi hüquqi varisliyi təsbit etmiş olmur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin məcburi dövlət sosial sığorta haqları üzrə borcu üçün Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X4” MMC və ya onun filialı öhdəlik daşıya bilməz və həmin borcun hazırkı iddiaçıya aid edilməsi qanunvericiliyə ziddir. Apellyasiya baxışı zamanı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavabdehin apellyasiya şikayətinə münasibətdə göstərmişdir ki, Fond tərəfindən iddiaçıya ünvanlanmış 10 iyun 2019-cu il tarixli **********0 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2012-ci il 13 iyul tarixli 681 saylı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X4” MMC-nin yaradılması haqqında Fərman imzalanmışdır. Həmin Fərmanın İİİ hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın İ hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X6” MMC-yə verilsin. Bu səbəbdən də, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Nəsimi X9 2012-ci il 1 iyul tarixinə yaranmış 11.315,13 manat borcu hüququ varisi olaraq yaranmış “Hərbi vətənpərvərlik və X4” MMCnin Nəsimi rayon 1 nömrəli filialının borcunun üzərinə əlavə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, 2018-ci il 1 oktyabr tarixinə Nəsimi rayon 1 nömrəli filialının DSMF-yə 21.910,44 manat (20.515,97 manat m.d.s.s. haqqı, 1.394,47 manat peniya məbləği) borcu vardır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X4” MMC-nin yaradılması haqqında Azərbaycan Respublikasının Fərmanında məhkəmənin qeyd etdiyindən fərqli olaraq Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin ləğv edilməsi öz əskini tapmamışdır. Əlavə olaraq, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi məqsədilə hər bir sığortaolunanın (vətəndaşların) stajı, əmək haqqı (gəliri) və ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları Fondun məlumatlar bazasına işlənilməsi təsbit olunmuşdur. Sığortaolunanlara təyin ediləcək pensiyanın məbləğinin sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğindən asılı olaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən məhkəmədə borcun silinməsinə dair qaldırılan iddia tələbi şirkətdə çalışan işçilərin pensiya və digər sosial müdafiə hüquqlarının kobud surətdə pozulması deməkdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2182/2019 saylı qərarından görünür ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər 1 nömrəli filialına qarşı “istifadə edilməmiş məzuniyyətə görə kompensasiya haqqının verilməsi, əvvəlki işinə qaytarılaraq müqavilə bağlamasının öhdəsinə qoyulması, pensiya fonduna ödənilməmiş sığorta haqqının tam ödənilməsi, dəymiş mənəvi ziyana görə kompensasiya verilməsi tələbinə dair iddia ərizəsi Sumqayıt şəhər məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Sumqayıt şəhər məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı qərarı ilə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, işin araşdırılan hallarından görünür ki, iddiaçının 1992-ci ildən 2012-ci ilədək işlədiyi Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti könüllü olaraq özünün ictimai statusundan imtina etmiş və bununla əlaqədar ona məxsus əmlak dövlətə verilmişdir. İddiaçının hazırki iş üzrə cavabdeh qismində göstərdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər 1 nömrəli filialı isə həmin cəmiyyətin hüquqi varisi deyildir və belə olan halda sonuncunun öhdəlikləri üçün cavabdehlik daşıya bilməz. Bundan başqa, apellyasiya baxışı zamanı təqdim edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-2621/2016 saylı qərarından görünür ki, iddiaçı “Hərbi Vətənpərvərlik və X4” MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə qarşı iddiası təmin edilmiş, “Hərbi Vətənpərvərlik və X4” MMC-yə aidiyyəti olmayan xx.xx.2012-ci il tarixə hesablanmış 86214,16 manat borcun silinməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüququ varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Kollegiya qeyd edir ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ləğv edildiyindən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin öhdəlikləri üçün "xxxx" MMC-nin Nəsimi rayon 1 nömrəli Filialı cavabdehlik daşıya bilməz, odur ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinə aid olmuş 11.315,13 manat borcun "xxxx" MMC-nin Nəsimi rayon 1 nömrəli Filialı borcunun üzərinə əlavə olunması qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(112)-1489/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-171/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-171/2022
02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver