Məhkəmə qərarları › İş №2-1(103)-171/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-171/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-171/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1005/2023 saylı, 04 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun ikinci dərəcəli əlilliliyinin təsdiq edilərək, ona ikinci dərəcə əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 06 may 2016-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcə əlilliyə görə təminat xərclərinin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə 31 may 2021-ci il tarixədək ödənilmişdir. Sonuncu pensiya ödənişi 497,88 (dörd yüz doxsan yeddi manat, 88 qəpik) manat təşkil etmişdir. Bundan sonra Agentlik tərəfindən ona təyin edilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyinin etibarlılıq müdəti 6 may 2021-ci il tarixədək olduğu üçün pensiya ödənişi 1 iyun 2021-ci il tarixdən dayandırılmışdır. O, əlillik dərəcəsinin təkrar təyin edilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə əsasən bütün prosedurları görmüşdür. Bu, onun Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ünvanladığı müraciətə cavab olaraq 13 yanvar 2022-ci il tarixli məktubunda göstərilmişdir. xx.xx.2022-ci il tarixli 20/02- 89 saylı məktubda göstərilmişdir ki, əlillik dərəcəsinin təyin edilməsi məqsədilə 2021-ci ilin aprelmay ayları ərzində müalicə müəssisəsində müayinələrdən keçirilmişdir və sağlamlıq durumu qiymətləndirilmişdir. Müayinənin və müalicənin nəticələri Agentliyin sisteminin elektron məlumat bazasına daxil edilmişdir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Tibb İdarəsinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Keçirilmiş acıq kəllə-beyin travmasının qalıq əlamətləri. Keçirilmiş acıq kəllə-beyin travması nəticəsində tez-tez təkrarlanan epileptiform tutmalar. Kəskin asteno-nevrotik vəziyyət; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Kəllədaxili travmaların nəticələri, generalize olunmuş epileptik qıcolma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2006- 2018-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, instrumental müayinələr ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1005/2023 saylı 04 may 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir araşdırma aparmadan, işin faktiki hallarının müəyyən etmədən, səlahiyyətli şəxslərdən zəruri sənədləri tələb etmədən, formal olaraq qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazirki iş üzrə cavabdeh tərəfindən belə bir aktın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçı ona təyin edilmiş pensiya dayandırıldıqdan sonra digər bir quruma məktubla müraciət etmiş, həmin qurum tərəfindən ona təyin edilmiş əlilliyin müddətinin bitməsi əsası ilə pensiya məbləğinin ödənişinin dayandırıldığı barədə məlumat verilmişdir. Sonuncu inzibati orqanın 31 mart 2022-ci il tarixli cavab məktubundan sonra iddiaçı cəza çəkdiyi 9 saylı Cəzaçəkmə müəssisəsi vasitəsilə hazırki iddia tələbini irəli sürmüşdür. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cəzaçəkmə müəssisəsində olması, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırki işdən görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən verilmiş 160 №-li Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı ildə DİN-in Bakı Metropolitenində PŞ-nin göndərişinə əsasən şəhadətləndirilərkən onda (XBT 10) F07.9 “Keçirilmiş açıq kəllə-beyin travması nəticəsində tez-tez təkrarlanan epileptiform tutmalar. Kəskin asteno-nevrotik vəziyyət” diaqnozu və travmanın DİO-da xidmət keçmə dövründə alındığı müəyyən olunmuş, XHKnın xidmətə yararlılıq haqqında qərarına əsasən DİN-in 25 saylı xx.xx.2022ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin İİ qrafasının 14b maddəsinə əsasən DİO-da Xidmətə yararsız hesab olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0001 №-li qərarının surətindən müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə keçirilmiş açıq kəllə-beyin travmasının qalıq əlamətləri. Keçirilmiş açıq kəllə-beyin travması nəticəsində tez-tez təkrarlanan epileptiform tutmalar. Kəskin asteno-nevrotik vəziyyət diaqnozu ilə ikinci dərəcə əlilllik təyin olunmuşdur. Növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd olunmuşdur. Əlilliyin müəyyən olunması meyarı kimi: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegeqativ və hərəkikoordinator funksiyasının pozuntuları ilə müşaiyət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı CÇMnin TSH tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tibbi arayışda məhkum İddiaçı xx.xx.2020-ci il tarixdən 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi, istintaq təcridxanasında olarkən Epilepsiya diaqnozu ilə qeydiyyata götürüldüyü, 9 saylı cəzaçəkmə müəssisəsində olduğu müddət ərzində mütəmadi olaraq KBT-nin qalıq əlamətləri, generalizə olunmuş qıcolma sindromu, xroniki qastrit qalıq əlamətləri, presbiopiya diaqnozları ilə stasionar və ambulator müalicə kurslarına cəlb olunduğu, halhazırda da səhhətin həkim nəzarətində saxlanıldığı və ambulator müalicəsinin davam etdirildiyi qeyd olunmuşdur. İddiaçı əlillik dərəcəsinin təyin olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə müəssisəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 4449003AABEH №li Forma 088-də görünür ki, o, müəssisədə xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır, Onda müəyyən olunan xəstəliklər: a) əsas diaqnoz- T90.5 Kəllədaxili travmaların nəticələri....; b) ağırlaşma – T90.5 Kəllədaxili travmaların nəticələri generalizə olunmuş epileptik qıcolma; c) yanaşı xəstəliklər H52.4 Presbiopiya OU. xroniki qastritdir. TSEK-ə göndərilməsi üçün əsas əlillik müddətinin qurtarması-yenidən baxmaq. Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının xx.xx.2021-cı il tarixli xxxxxxx0002 №-li qərarının surətindən müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı aid Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə müəssisəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 4449003AABEH №li Forma 088 əsasında (“X1: XİX sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T90-Başın.... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Kəlləsaxili travmaların nəticələri, generalizə olunmuş epileptik qıcolma.) aparılmış əlilliyin qiymətləndirilməsinə dair aşağıdakı nəticəyə gəlinmişdir: - İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimim rəyi: 2006-2018-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, instrumental müayinələr ətraflı qeyd olunsun. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 164/2023 saylı (ekspertizanın başlanma tarixi 23 yanvar 2023-cü il, başa çatma tarixi 29 mart 2023-cü il) rəydən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Birliyin Təkrari ekspertizalar şöbəsində TSEK-in ekspertləri ilə birgə müayinədən keçirilmiş və ekspertlər aşağıda qeyd olunan nəticəyə gəlmişlər:

1. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin Müalicə müəssisəsi tərəfindən göndərilmiş xx.xx.2021- ci il tarixli 4449003AABEH №-li Forma 088 göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Kəllədaxili travmaların nəticələri, generalizə olunmuş epileptik qıcolma” diaqnozu xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır.

2. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı M.Hüseynov adına Bakı 3 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 275000AAF9A saylı Forma 088 göndərişində qeyd edilmiş diaqnozu təsdiq edən instrumental müayinələrin nəticələri olmadığından hazırda diaqnozun təsdiq və inkarı barədə fikir söyləmək mümkün olmadı. Lakin həmin diaqnozu təsdiq edən (MRT, EEQ-monitorinqlə, xəstəliyi ilə əlaqədar qəbul etdiyi dərman preparatlarının qanda ümumi miqdarının təyin) aparılmaqla əlillik vəziyyətinin təyini tibb müəssisəsində yeni forma 088 doldurulmaqla dəyərləndirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra iddiaçıya münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Başqa sözlə, məlumatların natamam olması səbəbindən cavabdeh imtina etməkdə haqlı sayıla bilməz. Bu eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar kateqoriya işlər üzrə icmal məktubunun 22-ci bəndində qeyd edilir ki, bu baxımdan, məhkəmələr tərəfindən qeyd edilən halda əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə işlərə baxarkən ilk növbədə göndərişdəki məlumatların natamamlığının va ya yanlışlığının nəyi ehtiva etdiyi aydınlaşdırılmalıdır: Əgər həqiqətən belə bir natamamlıq və ya yanlışlığın olması müəyyən edilərsə, bu halın TSEK tərəfindən aradan qaldırılmasının mümkünlüyü nəzərə alınmaqla diferensiasiyası aparılmalı, belə bir imkanın mövcudluğu halında, məhkəmə İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində təsbit edilən imkandan istifadə etməklə göndərişdə olan natamamlıq və ya yanlışlığın aradan qaldırılmasının təmin edilməsi və şəxsin əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi üçün müəyyən müddət təyin etməlidir. Əgər imtina qərarında göstərilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı natamamlıq və ya yanlışlıq kimi bildirilən halların mövcud olmadığı müəyyən edilirsə, bu halda, cavabdehin hərəkəti əlilliyin müəyyən edilməsindən imtina kimi qiymətləndirilməli və mübahisəyə mahiyyəti üzrə baxılmaqla müvafiq qərar qəbul olunmalıdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı yuxarıda qeyd edilənlərlə bağlı xx.xx.2021-ci il tarixli 4449003AABEH saylı göndərişdə göstərilənlər nəzərə alınmaqla iddiaçıya əlilliyinin təyin olunmasının mümkünlüyünün həm həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan (2022-ci il iyulun 1-dən qüvvəyə minmiş) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən yenidən araşdırma aparılaraq müvafiq qərar qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin İ00108498FGZ nömrəli göndərişi əsasında cəzaçəkmə müəssisəsində 7 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimi tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X6sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, işin mabahisəsiz halıdır ki, iddiaçı xx.xx.2016-cı ildə DİN-in Bakı Metropolitenində PŞ-nin göndərişinə əsasən şəhadətləndirilərkən onda (XBT 10) F07.9 “Keçirilmiş açıq kəllə-beyin travması nəticəsində tez-tez təkrarlanan epileptiform tutmalar. Kəskin asteno-nevrotik vəziyyət” diqanozu və travmanın DİO-da xidmət keçmə dövründə alındığı müəyyən olunmuş, XHK-nın xidmətə yararlılıq haqqında qərarına əsasən DİN-in 25 saylı xx.xx.2022-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin İİ qrafasının 14b maddəsinə əsasən DİO-da Xidmətə yararsız hesab olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2016-cı il tarixli qərarı ilə ona xx.xx.2016-cı il tarixdə keçirilmiş açıq kəllə-beyin travmasının qalıq əlamətləri. Keçirilmiş açıq kəllə-beyin travması nəticəsində tez-tez təkrarlanan epileptiform tutmalar. Kəskin asteno-nevrotik vəziyyət diaqnozu ilə ikinci dərəcə əlilllik təyin olunmuş, xx.xx.2021-ci il tarixədək əlillik təyinatı qüvvədə olmuşdur. Cavabdehin növbəti dəfə əlillik təyinatından imtinasının əsasında göndərişin natamam doldurulması durur. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab etmiş və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, İddiaçı TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iddiaçıya təyin edilmiş ilkin əlillik zamanı onda olan diaqnoz, sonrakı göndərişdə də mövcuddur. Belə ki, ilkin təyinat zamanı keçirilmiş açıq kəllə-beyin travmasının qalıq əlamətləri. Keçirilmiş açıq kəllə-beyin travması nəticəsində tez-ez təkrarlanan epileptiform tutmalar. Kəskin asteno-nevrotik vəziyyət diaqnozu ilə ikinci dərəcə əlilllik təyin olunmuşdur. İş materiallarında olan sənədlərdən də aydın olur ki, iddiaçıda hazırda da kəllədaxili travmaların nəticələri. Kəllədaxili travmaların nəticələri, generalizə olunmuş epileptik qıcolma diaqnozu mövcuddur. İddiaçı barəsində göndərişin göndərildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”dən aydın olur ki, baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri, epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə müşaiyət olunan xəstəliklər ikinci dərəcə əlilliyin təyininə əsas verirdi. Həmçinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda da T90-baş travmalarının nəticələri və onların ağırlaşmaları (qiymətləndirmələri) qeyd edilmişdir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə də inkar edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2705/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının hal-hazırda mövcud olan xəstəliklər və qüsurlarının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 801/2023 saylı (ekspertizanın başlanma tarixi 16 oktyabr 2023-cü il, başa çatma tarixi 17 noyabr 2023-cü il) rəydən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Birliyin Təkrari ekspertizalar şöbəsində TSEK-in ekspertləri ilə birgə müayinədən keçrilmiş və ekspertlər aşağıda qeyd olunan nəticəyə gəlmişlər: -1,2,3. N.LDədəcanovun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, 4449003AABEH №-li Forma 088 göndərişinə əsasən o, “Kəllədaxili travmaların nəticələri, kəllədaxili travmaların nəticələri, generalizə olunmuş epileptik qıcolma” diaqnozunda olan xəstəliklərdən əziyyət çəkir və diaqnoz stasionarda müalicəsi zamanı xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər-hansı bir qeydiyyat aparılmamışdır. -4. Əsas xəstəlik onda xx.xx.2006-cı il tarixdən başlamış və epileptik qıcolmalarla ağırlaşmış, xroniki gedişata keçmişdir. Xəstəliyin tam müalicəsi yoxdur. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2016-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliyin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2016-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh də həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Göründüyü kimi, cavabdeh tərəfindən imtinanın səbəbi kimi səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişinin natamam doldurulduğu bildirilsə də, məhkəmə tərəfindən həmin göndərişlərin lazımi qaydada doldurulduğu, iddiaçının xəstəliyi ilə bağlı ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətlərin və məlumatların göndərişdə tam nəzərdə tutulduğu müəyyən olunmuşdur. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2016-cı il tarixdə əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz (T90) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2016-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Beləliklə, kollegiya hesab edir ki, iddiaçının Bakı ƏN Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, eyni diaqnozla iddiaçıya ilkin olaraq əlillik dərəcəsi təyin edildiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslı olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya 2-ci dərəcə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1005/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 2-ci dərəcə əlilliyin (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti) müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar