Məhkəmə qərarları › İş №2-1(103)-1710/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1710/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1710/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə “cavabdehin qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2423/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Binəqədi rayon Binəqədi bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 10 iyul 2007ci il tarixli 400 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında iddiaçıya məxsus qarajın altındakı 24 kv.m. torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçının icarəsinə verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında abadlaşdırma tədbirləri ilə bağlı mövcud müvəqqəti qurğular, qarajlar başqa sahələrə köçürülmüş, podratçı təşkilat tərəfindən həmin ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. İddiaçı ona məxsus qarajın cavabdeh tərəfindən qanunsuz söküldüyünə istinad edərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və cavabdehin qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması, qarajın bərpa edilərək təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyul 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında ona məxsus qaraj olmuşdur. 2012-ci ilədək həmin qaraj və onun altındakı torpaq sahəsi istifadəsində olmuş, ondan istifadə etmişdir. Lakin 2012-ci ilə o, Bakıdakı evində olmadığı vaxt Binəqədi RİH-in əməkdaşları tərəfindən həmin qaraj sökülmüşdür. Həmin şəxslər onun yaxın ailə üzvlərinə bildirmişlər ki, ona bunun əvəzində başqa yerdən qaraj veriləcəkdir. Həmin vaxtdan xeyli müddət ötsə də, ona qaraj verilməmişdir. Lakin, başqa şəxslər qarajla təmin olunmuşdur. Bununla bağlı dəfələrlə müraciət etsə də, məsələ nəticəsiz qalmışdır. O, bələdiyyəyə torpaq vergisini də ödəmişdir. Binəqədi RİH-ə müraciətinə Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon MKT Birliyi tərəfindən 17 avqust 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qarajın bərpası tikintiyə icazə verən təşkilat tərəfindən həyata keçiriləcəkdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına görə iddiaçı hər hansı bir hüquqmüəyyənedici sənədi olmayan və cavabdeh təşkilatın təqsirini sübut edən halı təqdim etmədən qarajın Binəqədi RİH tərəfindən söküldüyünü iddia edir. İş materiallarından göründüyü kimi, iddiaçı məhkəmədənkənar pretenziya məktubu kimi müraciətinə Binəqədi Rayon MKTB cavab versə də, cavabdeh qismində Binəqədi RİH cəlb olunmuş və RİH-in üzərinə öhdəlik qoyulması xahiş edilir. İddiaçı ona məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir aktın olması barədə və cavabdeh təşkilat tərəfindən onun hüquq və azadlıqlarını pozan hərəkətlərin edilməsi barədə heç bir sübut təqdim etmədən iddia tələbi irəli sürmüşdür. Belə ki, iş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan Binəqədi RİH tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçıya məxsus qarajın sökülməsi ilə əlaqədar olaraq hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi RİH hər hansı qanunsuz hərəkətə yol vermədiyindən, məsuliyyət daşıya bilməz. İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də, məhkəməyə təqdim etdiyi sözügedən qaraja dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmamışdır. İş materiallarına yalnız Binəqədi rayon bələdiyyəsinin 10 iyul 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin surəti əlavə olunmuşdur. İddiaçı tərəfindən sözügedən qarajın onun mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Hazırkı iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(112)-2423/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Binəqədi RİH-in iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş 24 kv.m ölçüdə qarajın sökülməsi hərəkətləri qanunsuz sayılmış və həmin qarajın bərpa edilərək iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə araşdırılması zamanı, həm şahid ifadələri, həm də Binəqədi bələdiyyəsi və Binəqədi Rayon MKT Birliyindən alınmış yazılı məlumatlar, eləcə də bələdiyyə ilə bağlanmış 10 iyul 2007-ci il tarixli müqavilə və digər sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında iddiaçıya məxsus qaraj mövcud olmuşdur və həmin qaraj ərazidə abadlıq, yaşıllaşdırma və s. məsələlərin həyata keçirilməsini təmin edən, eləcə də bu sahədə nəzarəti həyata keçirən müvafiq səlahiyyətli qurum kimi Binəqədi RİH tərəfindən sökülmüşdür. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi barədə iddia irəli sürməsi və cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması tələbi əsassızdır. İddiaçı həmin qarajın Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər hansı bir dəlil təqdim etməmişdir. İşin materiallarında da göründüyü kimi, Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında yerləşən Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 400 saylı müqavilə ilə icarəyə verilmiş 24 m2 ölçüdə torpaq sahəsində qaraj mövcud olmuşdur. Yuxarıda sözügedən müqavilə həmin torpaq sahəsinə və üzərində mövcud olmuş qaraja dair mülkiyyət hüquqlarını olmasını sübut edən sənəd hesab olunmur. Qarajın mövcud olduğu torpaq sahəsinə dair bələdiyyə tərəfindən icarə müqaviləsinin tərtib olunması hələ həmin torpaqın və üzərindəki qarajın iddiaçının mülkiyyətində olmasını təsbit etmir. Həmin qarajı öz şəxsi mülkiyyəti kimi təqdim edərək, onun sökülməsinə görə həmin qarajın bərpa edilərək iddiaçıya təhvil verilməsini tələb etmək hüququna iddiaçı malik deyildir. iddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də, məhkəməyə bunu təsbit edən hər hansı sənəd təqdim etməmişdir. Dövlət Reyestri tərəfindən Texniki Pasport tərtib olunur ki, bu da qarajlara dair mülkiyyət hüquqlarını olmasını sübut edən sənəd hesab olunmur, Texniki Pasport, adından da göründüyü kimi, qarajların yalnız texniki göstəricilərini özündə əks etdirir. Qeyd olunanlardan əlavə, iddiaçının Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş 24 m2 ölçüdə qarajın bərpa edilərək iddiaçıya təhvil verilməsi Binəqədi Rayon İcra Hakimiyyətindən tələb oluna bilməz. Azərbaycan Respublikası İPM-nin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2- 1(103)-1674/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2423/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2784/2023 saylı 15 dekabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 21(103)-1674/2023 nömrəli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq cavabdeh və 3-cü şəxs nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Bakı şəhər Binəqədi rayon Binəqədi bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı tələbi “cavabdehin qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və qarajın bərpa edilərək təhvil verilməsi” ilə bağlıdır. İşdən görünür ki, iddiaçının hər iki tələbi üzrə birinci instansiya məhkəməsi mahiyyəti üzrə araşdırma apararaq iddia tələblərinin təmin edilməsi qənaətinə gəlmişdir. İşin birinci dəfə apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının mövqeyi birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olsa da, nəticə etibarilə məhkəmə kollegiyası tərəfindən də hər iki iddia tələbi mahiyyəti üzrə araşdırılmışdır. İş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan məsələlər işin təkrar apellyasiya baxışı zamanı yenidən araşdırılmışdır. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında əvvəllər iddiaçıya məxsus qarajın mövcud olduğu yerə məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdu ki, iddiaçının qarajının yerləşdiyi yerin göstərildiyi ərazi hazırda xüsusi dövlət orqanı tərəfindən mühafizə olunan zonadır, həmin ərazidə yaşıllıq salınmış və hazırkı vəziyyətdə iddiaçının iddia etdiyi qarajın məhz həmin yerdə bərpası qeyri-mümkündür. Odur ki, qeyd olunan halın iddiaçının “qarajın bərpa olunub ona təhvil verilməsi” barədə tələbinə mahiyyəti üzrə baxılmasını da mümkünsüz etdiyini nəzərə alaraq məhkəmə kollegiyası tərəfindən 21 avqust 2024-cü il tarixli qərardadla Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2423/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qərarı qismən, “qarajın bərpa edilərək təhvil verilməsi” barədə iddia tələbinin təmin edildiyi hissədə ləğv edilmiş və həmin hissədə iddia tələbi qeyri-mümkün sayılmışdır. İddiaçının “cavabdehin qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması” barədə tələbinə münasibətdə isə qeyd olunur ki, iddiaçının həmin tələbi inzibati prosessual qanunvericiliyin tələbləri baxımından mümkünlük şərtlərini ödədiyi üçün mümkündür. Həmin iddia tələbinin mahiyyətinə gəldikdə isə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən həmin tələb əsaslı hesab olunaraq təmin edilmişdir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, Binəqədi rayon Binəqədi bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 10 iyul 2007-ci il tarixli 400 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında iddiaçıya məxsus qarajın altındakı 24 kv.m torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçının icarəsinə verilmişdir. İddiaçının qanuni istifadəsində olan qaraj cavabdeh inzibati orqanın qurumu tərəfindən həmin ünvanda aparılan abadlaşdırma tədbirləri ilə bağlı sökülmüşdür. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ifadələrində bildirmişlər ki, 85 saylı binanın yaxınlığında həqiqətən də iddiaçıya məxsus narıncı rəngdə qaraj olmuşdur, həmin qaraj iki mişar daşı hündürlüyündə tikilmiş, qalan hissəsi isə dəmirdən olmuşdur. Həmin ərazidə qarajlar, o cümlədən iddiaçıya məxsus qaraj da abadlıq tədbirləri nəticəsində sökülmüş və onların sahiblərinin qarajla təmin olunacaqları söz verilmişdir. Bakı şəhər Binəqədi rayon Binəqədi bələdiyyəsinin birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixli müraciət məktubunda bildirilmişdir ki, iddiaçı bələdiyyələrin avtomatlaşdırılmış məlumatlar sistemində icarəçi kimi qeydiyyatdadır, o, xx.xx.2007-ci il tarixli 400 nömrəli müqavilə ilə ayrılan torpaq sahəsindən əvvəllər qaraj kimi istifadə etmişdir. Lakin hazırda sözügedən torpaq sahəsi üzərində qaraj mövcud deyildir. Qarajın kimlər tərəfindən və hansı məqsədlə götürülməsi bələdiyyəyə məlum deyildir. Birinci instansiya məhkəməsinin sorğusuna Bakı ŞİH Binəqədi Rayon MKT Birliyi cavab olaraq məhkəməyə ünvanlanmış 19 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında vətəndaş İddiaçı məxsus qaraj mövcud deyil. Göstərilən ünvanda ümumrayon abadlaşdırma tədbirləri ilə bağlı mövcud müvəqqəti qurğular, qarajlar başqa sahələrə köçürülmüş, podratçı təşkilat tərəfindən həmin ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Beləliklə, iş üzrə aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, iddiaçıya məxsus qaraj məhz iddiaçının razılığı olmadan, onu xəbərdar etmədən cavabdeh inzibati orqanın qurumu tərəfindən həmin ünvanda aparılan abadlaşdırma tədbirləri ilə bağlı sökülmüşdür. Avropa İnsan hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ.Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ.Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ.Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ.Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Sadalanan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. İstinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və proseduralar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydada tələblərə və şərtlərə də əməl olunması zəruridir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2784/2023 saylı 15 dekabr 2023-cü il tarixli qərarında da göstərilmişdir ki, “.... söküntü ilə bağlı cavabdehin hərəkətlərinə İnzibati icraat haqqında Qanunun tələbləri baxımından hüquqi qiymət verilmədən cavabdehin söküntü ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddiaçının tələbi rədd edilmişdir. Rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə qarajın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımından işin təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarındakı hüquqi mövqe də nəzərə alınmaqla yenidən aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçının “inzibati orqanının söküntü ilə bağlı hərəkətinin qanunsuz sayılması” barədə tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən həmin iddia tələbi düzgün olaraq təmin edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 7.1 ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.10-cu bəndinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir. 4.9.3-cü bəndinə əsasən, müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verilməsi yerli icra hakimiyyəti başçısının səlahiyyətidir. 4.9.14-cü bəndinə əsasən yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarının hazırlaması və həyata keçirilməsi yerli icra hakimiyyəti başçısının səlahiyyətidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya aid qarajın sökülməsi zamanı qanunvericliyin tələbləri pozularaq iddiaçının hüquqları və qanunla qorunan maraqlarına müdaxilə olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsi cavabdehin qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılmasına dair hissədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsaəsn əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya onu da qeyd edir ki, iddiaçının inzibati orqan tərəfindən ona məxsus qarajın onu məlumatlandırmadan və əvəzi ödənilmədən söküntüsü ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi barədə iddia tələbi uğurlu olub təmin edilsə də bunun, onun pozulmuş hüquqlarının bərpasını tam təmin etməyəcəyini nəzərə alaraq məhkəmə kollegiyası tərəfindən iddiaçıya “kompensasiya” tələbi ilə bağlı müraciət etmək hüququnun da olduğu izah edilmişdir. İşin apellyasiya baxışı zamanı iddiaçının belə tələblə cavabdeh inzibati orqana müraciət etməsi müəyyən edilməmiş və buna görə də iddiaçı bu tələbi dəqiqləşdirilmiş tələb kimi də məhkəməyə təqdim etməmişdir. Kollegiya yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçının “inzibati orqanın söküntü ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi” barədə tələbinin təmin olunması ilə onun pozulmuş hüquqlarının bərpası tam əhatə olunmadığından bu məqsədlə iddiaçının cavabdehdən kompensasiya da tələb etmək hüququ vardır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti “iddiaçının birinci- “inzibati orqanın söküntü ilə bağı hərəkətinin qanunsuz hesab edilməsi” tələbinin təmin edilməsi barədə məhkəmə qərarının ləğv edilməsi” hissəsində təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2423/2022 saylı 19 oktyabr 2022ci il tarixli qərarı “Bakı şəhəri Binəqədi RİH-in İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş 24 kv.m. ölçüdə qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması” barədə tələbin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin apellyasiya şikayəti “iddiaçının birinci- “inzibati orqanın söküntü ilə bağı hərəkətinin qanunsuz hesab edilməsi” tələbinin təmin edilməsi barədə məhkəmə qərarının ləğv edilməsi” hissəsində təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2423/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qərarı “Bakı şəhəri Binəqədi RİH-in İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş 24 kv.m. ölçüdə qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması” barədə tələbin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X6 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar