Məhkəmə qərarları › İş №2-1(103)-1711/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1711/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1711/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: "xxxx" MMC, "xxxx" MMC və X2) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9946/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsindəki, 4 otaqlı, 10 nömrəli mənzilə İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək məhkəmədən mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında (arayışın) çıxarışın iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə protokol qaydasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9946/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə müvafiq iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh orqan tərəfindən 02 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatət Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9946 2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilmiş, "xxxx" MMC və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X7 ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında 27 noyabr 2010-cu il tarixdə "xxxx" MMC - nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsindəki, 4 otaqlı, 10 nömrəli , 210 kv/m sahəli mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzilin tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər 1 kv/m üçün 681.90 manat həcmində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 143.200 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri X7 tərəfindən tam ödənilmiş və 27 noyabr 2010-cu il tarixli kassa mədaxil orderi ilə "xxxx" MMC-nin hesabına ödənilmişdir. Buna dair qeyd edilən müəssisə tərəfindən maliyyə arayışı verilmişdir. Tərəflər arasında bağlanmış müvafiq müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4 otaqlı, sahəsi 210 kv/m olan, 10 nömrəli mənzili tikib sifarişçi X4 təhvil verilməsini öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin şərtlərinə uyğun olaraq podratçı "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4 otaqlı, 210 kv/m sahəli, 10 nömrəli mənzilini tikib sifarişçi X4 təhvil vermişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 23 avqust 2021-ci il tarixli imtina məktubunda qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi "xxxx" MTK-nın göstərildiyi qeyd olunmuşdur. Həmin çoxmərtəbəli yaşayış binası Alyans-Z MMC-nin adına (Alyans-Z MTKnın hüquqi varisi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının aparıla biləcəyi bildirilmişdir. Əlavə olaraq mənzil üzərinə həbs qoyulması ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı imtina üçün digər bir əsas kimi iddiaçıya göstərilmişdir. İddiaçı cavabdehin imtinasının əsassız saymış, qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Bundan əlavə, Azərbayca Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK göstərilmiş, lakin vətəndaşın təqdim etdiyi müqavilədən görünür ki, müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Bundan başqa, mənzil üzərinə həbs qoyulması ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı barədə məlumat qeyd olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və aidiyyəti üzrə cavab məktubu ilə bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9946/2021 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsindəki, 4 otaqlı, 210 kv/m sahəli, 10 nömrəli mənzil üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında çıxarışın (arayışın) İddiaçı verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, əmlak üzərindən həbs götürülüb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən 3cü şəxslərin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" MMC ilə X7 arasında imzalanmış xx.xx.2010-cu il tarixli, 33 saylı müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4 otaqlı, 10 nömrəli 210 kv/m mənzili tikib X4 təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə qiyməti 143.200 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 "xxxx" MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4 otaqlı, 210 kv/m sahəsi olan 10 nömrəli mənzilə görə müqavilə üzrə 143.200 manat məbləğində ödəniş etmişdir. 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X7 ilə İddiaçı 07 sentyabr 2020-ci ildə nikah bağlamışlar. 15 dekabr 2020-ci il tarixdə Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X7 07 dekabr 2020-ci ildə ölmüşdür. Bakı şəhəri 11 saylı notariat ofisində vərəsəlik işi açılmış, 08 iyun 2021-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X3 arvadı İddiaçı verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə mənzil üzərinə həbs qoyulması ilə bağlı xx.xx.2020-ci il tarixli (007)- 1126/2020 qərardadı ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 04 oktyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə ünvanlanmış cavab məktubunda ünvan 1a yerləşən Alyans-Z MTK (Nəsimi-19 MMC) tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasına Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2019-cu il tarixli 246 nömrəli istismara icazə sənədi verildiyi bildirilmiş, sözügedən sənədin surəti məhkəməyə təqdim olunmuşdur. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən istismara icazə sənədində tikinti obyektinin sahibi kimi "xxxx" MTK-nın göstərilməsi və məhkəmə qərardadı ilə mənzil üzərində həbs olması əsas gətirilərək qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci -maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. İddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Faktiki iş üzrə üzərində mülkiyyət hüququnun qeydə alınması mübahisələndirilən müvafiq mənzilin yerləşdiyi binanın tikinti obyektinin istismara icazə sənədinin hansı şəxsin adına rəsmiləşdirilməsi iddiaçının iradə və imkanlarının təsirindən kənarda qalan haldır. Tikinti obyektinin istismara icazə sənədində "xxxx" MTK-nın ("xxxx" MMC) adının qeyd olunması "xxxx" MMC ilə sifarişçi arasında bağlanmış müqavilənin mötəbərliliyini şübhə altına almaq üçün əsas deyildir. İş materillarında olan kassa mədaxil qəbzinə və "xxxx" MMC ilə X7 arasında bağlanmış müqaviləyə birgə qiymət verildikdə, məlum olur ki, sifarişçi müqavilədə nəzərdə tutulmuş məbləğdə mənzilin dəyərini tam ödəmişdir. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin digər fiziki şəxsə satılması ilə bağlı müqavilə mövcud olmuşdur. Həmin fiziki şəxs X2 cavabdehlər "xxxx" MMC-yə və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İdeal-V” MMC və X7 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4 otaqlı, sahəsi 210 kv/m olan, 10 nömrəli mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə mülkiyyət hüququnun tanınmaqla, maneəsiz istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(007)-1126/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Sözügedən məhkəmə qətnaməsinə yuxarı instansiya məhkəmələri tərəfindən qiymət verilmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd olunan məhkəmə qətnamələri ilə sifarişçinin "xxxx" MMC ilə imzaladığı müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, 27 noyabr 2010-cu il tarixli müqavilənin etibarlılığını şübhə altına alan heç bir hal olmamış, qanuniliyi və mötəbərliyi qəbul edilmişdir. Öz növbəsində həmin müqavilə tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Cavabdehin qeyd olunan ünvanda inşa edilmiş istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" MTK göstərilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavab məktubundan məlum olmuşdur ki, ünvan 1a "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş yaşayış binasına istismara icazə sənədi verilmişdir. Cavabdehin mənzil üzərinə həbs qoyulması ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının mövcud olması ilə bağlı dəlili ilə bağlı isə qeyd etmək zəruridir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə mənzil üzərinə həbs qoyulması ilə bağlı xx.xx.2020-ci il tarixli (007)- 1126/2020 qərardadı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-2(102)- 158/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın təsviri hissəsindən görünür ki, "xxxx" MMC ilə "xxxx" MTK arasında əmlak üzərində hüquqların tanınması və pul tələbi ilə məhkəmə mübahisəsi mövcud olmuşdur. Məhkəmə icraatı zamanı məlum olmuşdur ki, 05 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmış, həmin müqaviləyə görə "xxxx" MTK-nın tapşırığı əsasında "xxxx" MMC mübahisəli mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının inşa edilməsini öz öhdəsinə götürmüş, "xxxx" MTK isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq "xxxx" MMC-yə təhvil verməyi öz öhdəsinə götürürmüşdür. Göründüyü kimi, mübahisəli mənzilin yerləşdiyi yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilsə də, binanın istismarına icazə sənədi "xxxx" MTK-ya verilmişdir. Bu hal iddiaçının mənzil üzərində olan hüquqlarının məhdudlaşdırılması üçün əsas vermir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismara icazə” sənədinin hansı şəxsin adına verilməsi, iddiaçının iradəsindən asılı hal deyildir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyinin tələbləri əsasında, tikintisi başa çatmış binaya istismara icazə sənədinin alınması ilə bağlı müraciət etmək hüququ sifarişçiyə məxsus olduğundan, hazırki mübahisəli mənzilin yerləşdiyi yaşayış binasına istismara icazə sənədi müvafiq olaraq sifarişçi qismində çıxış edən "xxxx" MTK-ya verilmişdir. Məhkəmə qətnamələri əsasında iddiaçının mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqları tanındığından,həmçinin müqavilədə nəzərdə tutulmuş məbləğdə mənzilin dəyəri ödənildiyindən, o cümlədən də, mənzil ilə bağlı digər fiziki şəxs ilə bağlanmış müqavilə etibarsız hesab edildiyindən, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan, İdeal-V MMC ilə sifarişçi X7 arasında 27 noyabr 2010cu il tarixdə bağlanmış 33 saylı müqavilə mənzil üzərində iddiaçının hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsindəki, 4 otaqlı, 210 kv/m sahəli, 10 nömrəli mənzil üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında çıxarışın (arayışın) İddiaçı verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9946/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9946/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar