Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1711/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2- 1(112)-1409/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi üçün canlı şəxsin tibbi müayinə edilməsi üsulu ilə yoxlanılaraq onun barəsində komissiya tərəfindən müvafiq qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . Şəki İnzibati Məhkəməsinin 2-1(116)-355/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1989-1991-ci illərdə SSRİ SQ-də həqiqi hərbi xidmətdə olmuşdur. 1994-cü ildə könüllü olaraq hərbi xidmətə daxil olaraq Azərbaycan Respublikası SQ-də hərbi xidmətdə olmuşdur. 2005-ci il tarixinədək Azərbaycan Respublikası SQdə müxtəlif vəzifələrdə hərbi xidmət keçmişdir. 1994-cü ilin aprel ayının son günlərində N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərminin onların olduğu səngərdə partlaması nəticəsində hərbi xidmət vəzifələrinin icrası zamanı müxtəlif bədən xəsarətləri almışdır. Bədəninin müxtəlif yerlərində bu gündə çoxsaylı mərmi qəlpələri gəzdirir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrdə hərbi xidmət keçdiyi dövrdə döyüşlərdə düşmənlə təmas xəttində yaralanmış və sağlamlığını itirmişdir. Aldığı hərbi travma və stresslər səbəbindən ağır xəstələnmiş və hərbi xidmətini davam etdirə bilməmişdir. İmkansızlıqdan o, keyfiyyətli müalicələr ala bilməmişdir. Hal-hazırda sağlamlığı pis vəziyyətdədir. Onun barəsində dəfələrlə sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə 3 dəfə təqdim edilsə də bu günədək müsbət qərar qəbul edilməmişdir. Qarabağ döyüşlərində müxtəlif bədən xəsarətləri almağıyla əlaqədar olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi- Ekspertiza və X4 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin şəhadətləndirilmələr nəticəsində onun xəstəliyinin səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Zərdab rayonu Həkim Məsləhət Komissiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına (VSEK-ə) 88 nömrəli forma təkrar olaraq 3 dəfə təqdim edilmişdir. Lakin müsbət heç nə əldə edə bilməmişdir. Artıq onun haqqında elektron qaydada göndərilən forma 88-ə 3 dəfə imtina edilmişdir. 3 dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində qəbulu həyata keçirən mütəxəssislərin qəbulunda olsa da bir nəticə əldə edə bilməmişdir. Onun müalicəsini və müayinəsini düzgün təşkil edə bilmir. Dəfələrlə müayinələr keçirilsə də heç bir nəticə yoxdur. Artıq 3 dəfə 88 nömrəli forma Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim edilib. Zərdab rayon Mərkəzi Xəstəxanasının həkim mütəxəssisləri tərəfindən tərtib edilmiş 88 nömrəli formaya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 3 dəfə imtina cavabı verilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacı olması göstərilmişdir. Amma bu ona əlillik dərəcəsinin verilməsinə maneəçilik etmir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1409/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1409/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)- 1409/2022 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş və İddiaçı qiymətləndirildiyi 07 dekabr 2019-cu il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2633/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-ci il tarixli, 2- 1(103)-731/2023 nömrəli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “iddianı təmin edən məhkəmə yalnız xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişdə göstərilən “qaraciyərin fibrozu və sirrozu” diaqnozunu əsas gətirərək, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci maddəsində nəzərdə tutulmuş xəstəliklərin K74 kodu ilə əks olunmasını bildirmişdir. Məhkəmə kollegiyası həmin nəticəni əsaslı hesab etmir. Belə ki, səhiyyə müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixli göndərişdə qaraciyərin sirrozu diaqnozu qeyd edilsə də, lakin sonrakı xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli göndərişlərdə həmin diaqnoz öz əksini tapmamış, sonuncu ekspert rəyindən də müəyyən olunduğu kimi həmin göndərişlərdə olan patologiyalar ürək xəstəlikləri ilə əlaqədardır. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə mübahisənin düzgün həllinə mane olan qeyd edilən ziddiyyəti aradan qaldırılması istiqamətdə müvafiq araşdırma aparmamışdır. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPMnin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir. İşə təkrar baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq səhiyyə müəssisəsinin göndərişləri arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq araşdırma aparmalı və bundan sonra qanuni və əsaslı qərar qəbul etməlidir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1409/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019- cu il tarixli 0260003AAFKZ saylı göndərişinə əsasən iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və - “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.0 - Delta amil ilə gedən xroniki virus mənşəli В hepatiti; Diaqnoz: Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, - Xr.hepatitin kəskinləşməsi. Assit, Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu. Pankreatik steatoreya, Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, - “Odlu silah mərmi partlayışından sonrakı sol əlin İİ barmağının distal falanqasının ovuc səthində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqası nahiyəsində bir ədəd, sağ dirsək oynağında bir ədəd, sağ pəncənin alt səthində bir ədəd köhnə çapıq toxumalar, sağ əlin İİ barmağının yumşaq toxumalarının yad cismi (metal qəlpə)”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə müsəssisəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. - Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişi əsasən iddiaçının əlillik vəziyyəti xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.9 - Dəqiqləşdirilməmiş xroniki virus hepatiti; Diaqnoz: B18.9 Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Qaraciyərin sirrozu-dekompensasiya mərhələsində. Qaraciyər - hüceyrə çatmamazlığı, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb” səbəbi ilə imtina edilmişdir. - Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyəti həmin tarixdə qiymətləndirilmiş və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ21 - Miokard infarktı => İ21.1 - Miokardın aşağı divarının kəskin transmural infarktı; Diaqnoz: Miokardın aşağı divarının kəskin transmural infarktı. Sol mədəcik çatmamazlığı. Essensial [birincili] hipertenziya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanmasından az vaxt keçib, stasionar müalicə müddəti yetərli deyil, həkim statusu səthi yazılıb. Əvvəlki göndərişdəki diaqnozla indiki diaqnoz tam fərqlidir. İxtisaslaşmış klinikada stasionar müayinə və müalicə təyin olunur” səbəbi ilə imtina verilmişdir. - Sonuncu dəfə iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AALXW saylı göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX X2 İİİ FS. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, Angioplastik stend əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma İ25 Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ağırlaşma İ50 Ürək çatmamazlığı, üç İ F.S. Ağırlaşma H90.5 Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, sağ tərəfli neyrosenser ağır eşitmə İİİ-İV dərəcə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7972/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə əlaqədar məhkəməyə ünvanlanmış cavabdehin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci ildə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “X2 İİİ fs. Angioplastik stend əməliyyatından sonrakı vəziyyət. Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ürək çatışmazlığı” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı verilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1409/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 tərəfindən verilmiş T 197/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı adına iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişlərində göstərilən diaqnozlar klinik, laborator-instrumental müayinələr əsasında düzgün təyin edilmişdir. xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişdə qeyd edilən “İ20.0-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, X2 İİİ F.S. Ağırlaşma: koronar angioplastik implantatın və transplantatın olması; angioplastik stent əməliyyatından sonrakı vəziyyət; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, ürək çatışmazlığı, İ F.S” diaqnozu nəzərə alınmaqla əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərdən əziyyət çəkən xəstələr stent əməliyyatından sonra təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edir və vəziyyəti ilə əlaqədar kardioloqa müraciət edirlər. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 2-1(103)- 731/2023 nömrəli qərardadının icrası ilə əlaqədar verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 tərəfindən verilmiş T 198/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1,2. Vətəndaş İddiaçı adına iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişlərində göstərilən diaqnozlar klinik, laborator-instrumental müayinələr əsasında düzgün təyin edilsə də, xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişdə qeyd edilən diaqnozlarla, digər iki (xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW) göndərişlərində qeyd edilən diaqnozlar tam fərqli diaqnozlardır. Belə ki, İ göndərişdə olan diaqnozlar “Qaraciyər patologiyasıdır, son iki göndərişdə olan patologiyalar isə “İ20.0-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, X2 İİİ F.S. Ağırlaşma: koronar angioplastik implantatın və transplantatın olması; angioplastik stent əməliyyatından sonrakı vəziyyət; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, ürək çatışmazlığı, İ F.S” isə ürək xəstəlikləri ilə əlaqədardır. Son göndərişdəki xəstəliklərlə əlaqədar o, “X8”ə göndərilərkən onun həmin xəstəliklərdən əziyyət çəkməsi instrumental müayinədə də təsdiq olundu. 3. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarının səlahiyyətlərinə aiddir. 4. Qeyd edilən xəstəliklərin tam reabilitasiyası mümkün deyildir. Belə xəstələr stent əməliyyatından sonra təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edir və vəziyyətinin ağırlığı ilə əlaqədar istər stasionar, istərsə də ambulator müalicəyə cəlb oluna bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə əsasın ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın -2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı tibbi göndərişlərin hər birində fərqli diaqnozlar olmaqla əlavə müalicəyə ehtiyacın olması, göndərişin natamam doldurulması, sonuncu dəfə xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişində isə diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə cavabdehə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, İş materiallarında olan iddiaçı barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 tərəfindən verilmiş T 197/2022 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya sonuncu dəfə xx.xx.2021-ci il tarixli 0274003AALXW tibbi göndərişdə qoyulmuş “İ20.0-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, X2 İİİ F.S. Ağırlaşma: koronar angioplastik implantatın və transplantatın olması; angioplastik stent əməliyyatından sonrakı vəziyyət; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, ürək çatışmazlığı, İ F.S” diaqnozun əyani müayinəsində iddiaçıda aşkar edilmiş patomorfoloji dəyişikliklər nəticəsində əlillik dərəcəsinin təyininə əsas vermədiyi nəticəsinə gəlinmişdir. Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə İddiaçı hazırkı sağlamlıq vəziyyətinin ona əlillik təyinatına əsas verib-verməməsinin yoxlanılması məqsədilə canlı müayinəsinin həyata keçirilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə həvalə edilmişdir. Qərardadın icrası ilə əlaqədar olaraq məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin 30 iyul 2024 -cü il tarixli, 3-17-4/2-20556/2024 saylı məktubunda qeyd edilmişdir ki, “Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.” Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçı cavabdeh inzibati orqan tərəfindən yenidən əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən nzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1409/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1409/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1711/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1711/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver