Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1711/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən nömrəsiz mənzilin (yeni qaydalarla: ünvan 2 fərdi yaşayış evi olaraq qeydiyyata alınması və mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla həm həmin mənzilə (fərdi yaşayış evinə), həm də torpaq sahəsinə münasibətdə vahid əmlaka dair iddiaçıya çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6872/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus ünvan 1 ünvanında yerləşən nömrəsiz mənzilin (yeni qaydalarla: ünvan 2 fərdi yaşayış evi olaraq qeydiyyata alınması; həmin əmlakın yerləşdiyi torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququna dair reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsiniə müraciət etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin ikinci bəndinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilərək, iddia ərizəsi iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən nömrəsiz mənzilin (yeni qaydalarla: ünvan 2 fərdi yaşayış evi olaraq qeydiyyata alınması və mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla həm həmin mənzilə (fərdi yaşayış evinə), həm də torpaq sahəsinə münasibətdə vahid əmlaka dair İddiaçı çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi üzrə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1, mənzil - (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 7/79 saylı sərəncamı ilə Bakı şəhərinin Yasamal rayonununda 12-ci Xrebtovı küçəsinin adı dəyişdirilməklə Rahib Tağıyev adlandırılmış və ünvan 1 ünvanında yerləşən nömrəsiz mənzil sahəsinə ünvan 4 ünvan rekviziti təyin edilmişdir. Lakin çıxarışda əmlakın olduğu yer ünvan 1 nömrəsiz mənzil kimi göstərilmişdir. Çıxarışda ünvan kimi yeni qaydalarla ünvan 6d edilmişdir. Halbuki, qeyd edilən əmlak mənzil deyil, fərdi yaşayış evidir. Həmçinin, cavabdeh tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışda həmin əmlakın yerləşdiyi torpaq sahəsi barəsində məlumatlar da qeyd edilməmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 59, M1, m1 ünvanında yerləşən əmlak mənzil yox, fərdi yaşayış evidir və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən qeydə alınmalıdır. Bu barədə iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********61 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin fərdi yaşayış evi kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, sözügedən daşınmaz əmlakın faktiki sahəsi 246.6 kv.m. təşkil etməklə 8 otaqdan ibarətdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6872/2024 saylı qərarı ilə (hakim E.A. Abdullayev) iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 6872/2024 saylı qərarı mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mövqeyini əsaslandırarkən qeyd edir ki, Mülki Məcəllə, Torpaq Məcəlləsi və “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilmişdir. Qeyd edilir ki, “İddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərdən də görünür ki, həmin yaşayış sahəsi mənzil kimi göstərilmişdir. Həmin yaşayış sahəsinin fərdi yaşayış evi olmasına dair hər hansı bir qeyd mövcud deyildir”. Məhkəmə mövqeyində haqlı və ədalətli olmamışdır. Belə ki, mənzilin çoxmənzilli evdə müstəqil yaşayış sahəsinə və ayrıca girişə malik olduğu, bir və ya bir neçə otaqdan və müxtəlif təyinatlı yardımçı sahələrdən ibarət olduğu da nəzərə alındıqda, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin mənzil kimi qeyd olunmasına rəğmən, həmin mənzil hazırkı mübahisəyə münasibətdə fərdi yaşayış evi kimi qiymətləndirilməli və qəbul edilməlidir. Məhkəmə tərəfindən mütəxəssis rəyi alınması üçün cavabdeh quruma göndərilmişdir. Tərtib olunmuş rəydən görünür ki, əmlak ayrıca tikilidir. Cavabdehin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən göstərilən mənzil ümumi sahəsi 163.0 kv.m. (4 otaq yaşayış sahəsi 101.0 kv.m, köməkçi sahə 62.0 kv.m) olmaqla **********77- 05101-093001 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil birmərtəbəli ayrı tikilidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə 210.0 kv.m. təşkil edir. Məhkəmə 2004-cü il tarixli məhkəmə qərarına istinad edərək orda əmlakın fərdi yaşayış evi qeyd edilməsinə dair fakt axtarır. İddiaçı həmin məhkəmə qərarında tələbi tamamilə başqa olmuş və həmin qərarda qeyd edilməməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməli idi və işin hazırki halları ilə zidiyyət təşkil etməməli idi. Digər tərəfdən fərdi yaşayış evini və mənzili ayırmaq üçün yerli baxış da təyin edilə bilərdi. Məhkəmə yerli baxış da etməyə ehtiyac duymamışdır. Nəticə etibarilə iddianın digər hissəsini də təmin etməmişdir. Burdan görünür ki, məhkəmə qərarı Qanuna uyğun yox rədd etmək üçün bəhanəyə uyğun tərtib edilmişdir. Qərarda qeyd edilir ki iddiaçı tərəfindən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə aid hissədə də təmin edilməməlidir. Halbuki “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil məhkəməyə bildirdi ki, yuxarı yoldan daxil olması mümkün olan sahə çıraxışda əks olunan sahədir. Ərazi yamac formasındadır. Ərazinin ön hissəsi torpaq üzərindədir. Ərazinin aşağı hissəsi isə yamac olduğu üçün tədricən boşalır. Orada əlavə tikili vardır. Həmin tikilinin isə çıxarışı yoxdur. İddiaçı sadəcə olaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyəti hüququnun tanınmasını istəyir. İddiaçıya müəyyən sahəyə görə çıxarış verilmişdir. Evin yola ayrıca çıxışı var və kiminsə gediş-gəliş və yaşayış sahəsinə maneçilik törətmir. İddiaçının həyatyanı torpaq sahəsi və ya ərazidə yerləşən əlavə tikililərə münasibətdə hər hansı iddiası yoxdur. Çıxarışa nəzər saldıqda “mənzil” qeydinin qarşısında “tire (-)” qeyd olunmuşdur. Deməli, sözügedən ev mənzil olsa idi, ona mənzil qeydi verilərdi. Evin başqa yaşayış sahələri ilə ümumi girişi yoxdur və həmçinin başqa yaşayış sahələri ilə bir damın altında yerləşmir. Deməli, iddiaçıya məxsus yaşayış sahəsi ayrıca bir tikilidir. Bu halda yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının şikayətində göstərdiyi “ ... Digər tərəfdən fərdi yaşayış evini və mənzili ayırmaq üçün yerli baxış da təyin edilə bilərdi. Məhkəmə yerli baxış da etməyə ehtiyac duymamışdır” iradı məhkəmə tərəfindən nəzərə alınmış və 21 may 2025-ci il tarixdə İddiaçı vəkili Vəkil və cavabdehin təqdim etdiyi mühəndis X1 iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, baxış keçirilən yaşayış sahəsi 2 mərtəbədən ibarətdir. Ərazidə 1 damın altında 3 ayrı yaşayış sahəsi yerləşir. Sağ tərəfdə birinci və ikinci mərtəbədə yerləşən yaşayış sahələri iddiaçı tərəfin sözlərinə görə onlara məxsusdur. Sol tərəfdə birinci mərtəbədə isə iddiaçının qohumu yaşayır. Birinci mərtəbədə yaşayış sahələri fərqli olsa da, ikinci mərtəbə tam olaraq bir yaşayış sahəsindən ibarətdir. Evin ikinci mərtəbəsində yerləşən yaşayış sahəsinə yuxarı küçədən də giriş var. Eyni zamanda həmin sahəyə ümumi həyətdən pilləkanla da qalxmaq olar. Digər iki yaşayış sahəsinə yalnız aşağı hissədən giriş var. Yuxarı hissədə həyətyanı torpaq sahəsi mövcud deyil, yaşayış sahəsinin qapısı birbaşa yola açılır. Aşağıda isə evin qabağında ətrafı hasarlanmış və ümumi bir darvazası olan həyət mövcuddur. Yerində müayinənin keçiriləcəyi yerin girişi olaraq da həmin darvaza məhkəmə kollegiyasına fotoşəkil vasitəsilə təqdim edilmiş və yerində müayinə həmin nöqtədən başlanılmışdır. Yerində müayinə zamanı məhkəmə kollegiyası tərəfindən müşahidə edilənlərin prizmasından iddiaçının reyestrdə adına qeydi aparılmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması tələbinin təmin olunma imkanının yoxlanılması üçün sözügedən “mənzil”in “fərdi yaşayış evi” anlayışına cavab verib-verməməsi araşdırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin bəzi müddəalarını diqqətə çəkir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, yaşayış sahələri mənzil hüququnun obyektidir. Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə görə, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Mənzil Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə müvafiq olaraq, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Mənzil Məcəlləsinin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. Yuxarıda qeyd olunduğu kimi, yerində müayinə zamanı mübahisəli daşınmaz əmlakın yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş ev olması öz təsdiqini tapmamışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 526 saylı Sərəncamına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-1089/2004-6 saylı qətnaməsi icra edilmiş, İddiaçı yaşadığı 12- ci Xrebtovı küçəsi, 11 b saylı evin yaşayış sahəsi 163,1 kv.metr olan 8 otaqlı mənzili və 116 kv.metr qeyriyaşayış sahəsi yaşayış fondu balansına götürülmüş və ona order verilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1, mənzil – (Yeni qaydalarla: ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir. - "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, göstərilən mənzil ümumi sahəsi 163.0 kv.m. (4 otaq yaşayış sahəsi 101.0 kv.m., köməkçi sahə 62.0 kv.m.) olmaqla **********77-05101-093001 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil birmərtəbəli ayrı tikilidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə 210.0 kv.m. təşkil edir. Torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Sözügedən sahənin yarıdan çox hissəsi yeraltı su xəttinin mühafizə zolağında yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 19 mart 2024cü il tarixli məktubuna əsasən, ünvan 1 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 59, M1, m 1) yaşayış sahəsində yenidənqurma işlərinin aparılmasına Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməsinə dair hər hansı bir məlumat aşkar edilmədiyindən xahişin icra edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.4 və 8.0.11.). İddiaçı hazırkı tələbində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin səhvən daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydə alındığını, əslində həmin yaşayış sahəsinin fərdi yaşayış evi olduğunu bildirərək, həmin yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydə alınmasını, yaşayış sahəsinin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun qeydə alınmaqla, evə və torpaq sahəsinə vahid əmlak kimi çıxarış verilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, 12-ci Xrebtovı küçəsində yerləşən, yaşayış sahəsi 163,1 kv.metr, köməkçi sahə 116 kv.metr olan səkkiz otaqlı 11B saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanması öhdəliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnaməyə əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli sərəncamı əsasında iddiaçıya order verilməsi qərara alınmışdır. İddiaçı bundan sonra həmin ünvana dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq göstərmişdir ki, iddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərdən də görünür ki, həmin yaşayış sahəsi mənzil kimi göstərilmişdir. Həmin yaşayış sahəsinin fərdi yaşayış evi olmasına dair hər hansı bir qeyd mövcud deyildir. Mənzilin yerləşdiyi torpaq sahəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinə əsas olan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən torpaq sahəsi üzərində hüquqların əldə edilməsi üçün əsas kimi aşağıdakı sənədlər öz əksini tapmışdır: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.). Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.) Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.). İddiaçı tərəfindən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Eyni zamanda yerində müayinə zamanı müşahidə edilən hallardan da müəyyən edildiyi kimi, hazırkı vəziyyətdə (*altında digər yaşayış sahələri yerləşdiyi halda) iddiaçının (*********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa istinadən) torpaq sahəsinə mülkiyyət hüququnun tanınması ağlabatan deyil. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, birinci instansiyası məhkəməsi cavabdeh inzibati orqanın imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə uyğun olması və iddiaçının hüquqlarını pozmaması barədə qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 6872/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6872/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1711/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1711/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver