Məhkəmə qərarları › İş №2-1(103)-1712/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1712/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1712/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1951-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-1518/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 27 avqust 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 3 saylı Şəhər Xəstəxanasının həkimtravmatoloqu işlədiyi zaman 1992-ci ilin 24 fevral - 04 mart tarixlərində Şuşa şəhər xəstəxanasında döyüş təyinatlı məsələlər ilə əlaqədar müharibədə yaralanmış hərbiçilərə yardım göstərilməsi üçün Səhiyyə Nazirliyinin 17.01.1992-ci il tarixli 15 nömrəli əmri ilə və 1992-ci il 02 - 09 noyabr tarixlərində Ağdərə rayonunun hərbi hospitalında, həmçinin döyüşlər zamanı yaralanan hərbiçilərə qaynar nöqtələrdə yardım göstərmək üçün ezam edilmişdir. Bu faktı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi A.Abdullayevin 16 saylı, 09.01.2009-cu il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mehmandarov adına Şuşa rayon xəstəxanasından verilən 119 saylı, 29.10.2020-ci il tarixli arayışları və digər sənədlər təsdiqləyir. Müharibə dövründə xidmətlərinə görə veteran adının verilməsi üçün o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Həmin Xidmətdən və Səbail rayon şöbəsi tərəfindən imtina məktubu verilmişdir. Hesab edir ki, imtina məktubu əsassız və ədalətsizdir. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-1518/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. 28.04.2021-ci ildə cavabdeh qərardan apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2- 1(112)-1518/2021 nömrəli qərarının ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən və məhkəmə gedişi zamanı sorğularla əldə edilmiş sənədlərdən onun döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi və ya döyüş təminatı ilə bağlı ezamiyyətdə olması müəyyən edilməmişdir. İddiaçının müharibə şəraitində olan rayonlara ezam olunması yaralılara ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi məqsədi daşımış, döyüş təminatı ilə bağlı olmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabehin nümayəndələri X6 və X2 izahat verərək, apellyasiya şikayətini müdafiə etdiklərini bildirmişlər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 09.10.2019-cu il tarixli məktubda qeyd olunur: “Sizin “X4” vəsiqəsi verilməsi ilə bağlı 23.07 2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə etdiyiniz müraciətinizə cavab olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik Hazırlığı və Səfərbərlik Baş İdarəsinin “Veteran adlarının və X3 Komissiyası"nın 17.09.2019- cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Səbəb olaraq Sizin tərəfinizdən təqdim olunmuş sənədlərdə döyüş əməliyyatlarında iştirak etməyinizə dair təsdiqedicı hüquqi sənədlərin olmaması əsas göstərilmişdir”. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 06.03.2020-ci il tarixli məktubda qeyd olunur: “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinə daxil olmuş ərizənizə baxılmışdır. Bildiririk ki, əvvəllər təqdim olunmuş sənədlərinizə 17.09.2019-cu il tarixdə Xidmətin Aparatı nəzdındə fəaliyyət göstərən «Veteran adlarının və X3 komissiyası»nın iclasında baxılmış və döyüş əməliyyatlarında iştirakınızı sübut edən əsasverici sənəd olmadığı üçün Sizə müharibə veteranı adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Əlavə olaraq, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar Sizə Xidmətin Səbail rayon İdarəsi tərəfindən 09.10.2019-cu il tarixli 640 nömrəli məktubla cavab verilmişdir. Bu səbəbdən sənədləriniz ünvanınıza geri qaytarılır”. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 27.06.2019-cu il tarixli məktubda qeyd olunur: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 06 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə "Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimata uyğun olaraq 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək doyuş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi uçun ezam olunmuş hərbi qulluqçulara arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı subut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı və vəsiqəsi Müdafiə Nazirliyinin Aparatı nəzdındə fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi uzrə komıssıya"sının qərarı əsasında verilir. Hərbi qulluqçu statusuna malik olmadığınızdan Sizə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyiniz məqsədəuyğundur”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı Şəhər Klinik Xəstəxanası tərəfindən Respublika Hərbi Komissarı Ə.Hüseynova ünvanlanmış 16 saylı 09.01.2009-cu il tarixli məktubdan görünür ki, 3 saylı xəstəxanasının həkim - travmatoloqu İddiaçı 1992-ci ilin 24 fevral 04 mart aylarında Şuşa şəhər xəstəxanasında müharibədə yaralılara yardım göstərmək üçün Səhiyyə Nazirliyinin 17.01.1992-ci il tarixli, 15 №-li əmri ilə və 1992-ci ilin 02 - 09 noyabr ayında Ağdərə rayonunda hərbi hospitalda yaralılara yardım göstərmək üçün ezamiyyətdə olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Mehmandarov adına Şuşa Mərkəzi Rayon Xəstəxanasının 119 saylı 29.10.2010-cu il tarixli arayışının (Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov tərəfindən imzalanmışdır) surətindən görünür ki, Bakı şəhər 3 №li Kliniki xəstəxananın həkim travmatoloqu İddiaçı həqiqətən 24 fevral 1992-ci il tarixdən 04 mart 1992-ci il tarixə kimi Şuşa Mərkəzi Rayon Xəstəxanasında xidməti ezamiyyətdə olmuşdur. Həmin müddətdə cəbhə xətti Şuşa Mərkəzi Rayon Xəstəxanasının ərazisindən keçdiyi səbəbdən həkim İddiaçı yaralılara döyüş sahəsində birbaşa tibb yardım göstərməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həkim kimi iştirak etmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şuşa rayon Mərkəzi Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış 26.11.2020-ci il tarixli, 660 saylı məktubdan (Şuşa rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kamalə Səfərova tərəfindən imzalanmışdır) görünür ki, Şuşa şəhərinin işğalı zamanı arxiv materialları Şuşada qalmışdır. İddiaçı verilmiş 22.10.2010-cu il tarixli 119 №li arayış həqiqətən Şuşa RMX-nın poliklinikası tərəfindən verilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi 3 nömrəli Şəhər Klinik Xəstəxanası publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 03.12.2020-ci il tarixli 1472 saylı məktubdan görünür ki, vətəndaş İddiaçı həqiqətən 22.09.1975-ci il tarixdən 01.06.2016-cı ilə kimi xəstəxananın Travmatologiya və ortopediya şöbəsində həkim travmatoloq vəzifəsində çalışmışdır. İddiaçı xəstəxananın baş həkiminin əmri ilə hərbi döyüşlərdə yaralılara yardım məqsədi ilə həkim travmatoloq kimi birinci dəfə 24.02.1992-ci il tarixdən 04.03.1992-ci il tarixə kimi və ikinci dəfə 02.11.1992-ci il tarixdən 09.11.1992-ci il tarixə kimi X8 Vilayətinə ezam edilmişdir. - Həmin məktuba əlavə edilmiş 3 nömrəli Bakı şəhər Klinik Xəstəxanasının 25 nömrəli 24 fevral 1992-ci il tarixli əmrindən görünür ki, xəstəxananın Travmatologiya və ortopediya şöbəsində həkim travmatoloq İddiaçı yaralılara yardım məqsədi ilə 24.02.1992-ci il tarixdən 04.03.1992-ci il tarixə kimi X8 Vilayətinə ezam edilmişdir (əsas Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17.01.1992-ci il tarixli 15 nömrəli əmri). - Həmin məktuba əlavə edilmiş 3 nömrəli Bakı şəhər Klinik Xəstəxanasının 134 nömrəli 04 noyabr 1992-ci il tarixli əmrindən görünür ki, xəstəxananın Travmatologiya və ortopediya şöbəsində həkim travmatoloq İddiaçı yaralılara yardım məqsədi ilə 04.11.1992-ci il tarixdən X8 Vilayətinə ezam edilmişdir (əsas İddiaçı ərizəsi). Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Hazırkı iş üzrə iddiaçı 3 saylı Şəhər Xəstəxanasının həkim-travmatoloqu işlədiyi zaman 1992-ci ilin 24 fevral - 04 mart tarixlərində Şuşa şəhər xəstəxanasında döyüş təyinatlı məsələlər ilə əlaqədar müharibədə yaralanmış hərbiçilərə yardım göstərilməsi üçün Səhiyyə Nazirliyinin 17.01.1992-ci il tarixli 15 nömrəli əmri ilə və 1992-ci il 02 - 09 noyabr tarixlərində Ağdərə rayonunun hərbi hospitalında, həmçinin döyüşlər zamanı yaralanan hərbiçilərə qaynar nöqtələrdə yardım göstərmək üçün ezam edilməsini əsas gətirərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan arayışlara əsasən hərbi döyüşlərdə yaralılara yardım məqsədi ilə həkim travmatoloq kimi X8 Vilayətinə ezam edilməsi, həmçinin Şuşa Mərkəzi Rayon Xəstəxanasında xidməti ezamiyyətdə olması, həmin müddətdə cəbhə xətti Şuşa Mərkəzi Rayon Xəstəxanasının ərazisindən keçdiyi səbəbdən iddiaçı yaralılara döyüş sahəsində birbaşa tibb yardım göstərməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həkim kimi iştirak etdiyi qeyd edilsə də, o, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər, həmçinin özünümüdafiə dəstələrinin tərkibində döyüşməsi barədə heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şuşa rayon Mərkəzi Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış 26.11.2020-ci il tarixli, 660 saylı məktubda Şuşa şəhərinin işğalı zamanı arxiv materialları Şuşada qaldığı qeyd edilsə də, İddiaçı verilmiş 22.10.2010-cu il tarixli 119 №li arayış həqiqətən Şuşa RMX-nın poliklinikası tərəfindən verildiyi göstərilmişdir. Göründüyü kimi Şuşa rayon Mərkəzi Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış 26.11.2020-ci il tarixli, 660 saylı məktubu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Mehmandarov adına Şuşa Mərkəzi Rayon Xəstəxanasının 119 saylı 29.10.2010-cu il tarixli arayış arasında ziddiyyət mövcud olmaqla yanaşı, Şuşa RMX tərəfindən verilmiş, 22.10.2010-cu il tarixli 119 №li arayışın hansı əsaslarla verilməsi iş materiallarında öz əksini tapmamışdır. Ümumiyyətlə 29.10.2010-cu il tarixli 119 №li arayışda poliklinika ilə bağlı hər hansı qeyd yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 3 nömrəli Bakı şəhər Klinik Xəstəxanasının 134 nömrəli 04 noyabr 1992-ci il tarixli əmrindən iddiaçının yaralılara yardım məqsədi ilə 04.11.1992-ci il tarixdən X8 Vilayətinə ezam edildiyi göstərilsə də, konkret olaraq hansı rayona ezam olunması qeyd edilməmiş, bu barədə ezam olunduğu rayonun müvafiq icra hakimiyyəti orqanının və ya hərbi komissarlığının, Müdafiə Nazirliyinin, tibb müəssisəsinin hər hansı arayışı və ya qeydi iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, irəli sürülən faktlar iddiaçı tərəfindən sübut edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, ziddiyətli məqamları müəyyən etməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması sübut olunmadığından, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri və cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-1518/2021 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-1518/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ona “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar