Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1713/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2244/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 7 avqust 1993-cü il tarixdən 12 aprel 1994-cü il tarixədək N nömrəli hərbi hissələrin tərkibində olmaqla, uzun müddət Azərbaycan Respublikasının Ermənistanın hücümlarına qarşı apardığı müharibə zamanı xidmət etmiş və həmin vaxt dəfələrlə döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 554 saylı 12 mart 2018-ci il tarixli qərarına əsasən 12 aprel 1994-cü il tarixdə döyüş əməliyyatlarında iştirak edərkən aşağıda göstərilən diaqnozla 5 nömrəli Şəhər Klinik Xəstəxanasında müalicə olunmuşdur: diaqnoz: “sağ pəncənin İ və İİ barmaqlarının İV dərəcəli donması və “quru” qanqrenası. Babasil (hemorroy.).” Həmin qərara əsasən həmin xəsarətlər – travmalar “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Buna baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qurumundan əldə edilmiş 9/2- 5455 saylı 18 avqust 2015-ci il tarixli məktubda bildirilir ki, onun N nömrəli hərbi hissə komandirinin yanvar – fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı hesab edir ki, mərkəzi arxivin arayışı hədsiz, natamam formada tərtib edilmiş, yəni onun xidmətinin 26 fevral 1994-cü il tarixdən 12 aprel 1994-cü il tarixədək olduğunu qeyd etdiyinə baxmayaraq, mərkəzi arxiv 1994-cü ilin yanvar və fevral aylarında verilmiş əmrlərin və məlumatların olmadığını bir cümlə ilə bildirməklə məsələyə səthi yanaşmışdır. Odur ki, məhkəmə cavabdeh Müdafiə Nazirliyinə arxiv məlumatlarının 26 fevral 1994-cü il tarixdən 12 aprel 1994-cü il tarixədək məlumatların yenidən tələb edilməsinə zərurət yaranmışdır deməklə cavabdehə bu və ya digər məlumatların dəqiqləşdirilməsi məqsədilə sorğu göndərməlidir. Daha sonra məhkəmə döyüş əməliyyatlarında iştirak etməyinin inkar edilməz formada sübut olunduğunu və sair məsələləri nəzərə alıb ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxartmalıdır (döyüş əməliyyatları zamanı aldığı travmalara dair sənədlərin, yəni 268/144 saylı epikris-xəstəlik tarixi və hərbi komissarlığın tərtib etdiyi şəxsi kartoçkanın surəti ərizəyə əlavə edilir). Hərbi biletini naməlum şəraitdə itirdiyindən, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsindən 24 iyul 2017-ci il tarixli 165 saylı arayış alınmışdır. Müdafiə Nazirliyinin Arxiv İdarəsinin arayışında qeyd edilənlərə baxmayaraq, iddiaçı xidmətdən qanuni əsaslarla tərxis olunmuş, lakin hansı səbəbdənsə, mərkəzi arxivdə həmin məlumatların, həmçının onun xidməti barədə məlumatların aşkar olunmadığı qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh Müdafiə Nazirliyi nəinki onun xidmətdən qanuni əsaslarla xaric olunması barədə, hətta xidməti barədə məhkəməyə təqdim etdiyi yazılı sübutlara baxmayaraq zəruri məlumatları özündə əks etdirmir. Bununla da cavabdehin imtina məktubunun əsassızlığı və qanunsuzluğunu iddiaçı sübut etmiş olur. Məhkəməyə təqdim edilən “ASAN” Xidmətdən əldə edilmiş Daxili İşlər Nazirliyinin 369- 14183X3221 nömrəli 9 avqust 2021-ci il tarixli arayışına əsasən onun (iddiaçının) məhkumluğu yoxdur. Artıq qeyd edildiyi kimi, cavabdeh Müdafiə Nazirliyinin onun xidmətdən qanuni əsaslarla tərxis olunmağını əks etdirən məlumatlara malik olmaması onun qanuni əsaslarla xidmətdən xaric olunmadığı anlamına gəlmir, DİNnin məhkumluğun olmamasına dair arayışı onu bir daha sübut edir ki, iddiaçı qanuni əsaslarla xidmətdən xaric edilsə də, cavabdeh Müdafiə Nazirliyində bu məlumatlar yoxdur. İddiaçı cavabdeh Müdafiə Nazirliyinin imtina məktubunu 2 avqust 2021-ci il tarixdə əldə etmişdir. Göstərilənlərə və İPM-in 2.1, 2.2, 33, 68 – 73-cü maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2244/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual normaların pozuntusu ilə qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərarını onunla əsaslanmışdır ki, guya iddiaçının məhkəmə təqdim etdiyi hərbi biletində olan müvafiq qeydlər və döyüş zonasında hərbi xidmət keçərkən hərbi travma aldığını barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 12 martı 2018-ci il tarixli, 554 nömrəli qərarında 26 fevral 1994-cü il tarixdən 12 aprel 1994-cü il tarixə kimi həmin hərbi travmaya görə müalicə olunmağı barədə qeydlərin olduğuna baxmayaraq, iddiaçı hərbi hissəni özbaşına olaraq tərk etmişdir və qanuni əsaslarla hərbi xidmətdən tərxis olunmadığına görə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənim üçün müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsi əsaslı hesab edilir. Əslində isə məhkəmə nəzərə almamışdır ki, o döyüş əməliyyatlarında iştirak edərkən yaralanmış və müalicə olunmuş, müalicədən sonra hərbi hissənin olduğu yerə qayıtsa da, həmin hərbi hissənin yeri dəyişdirildiyinə görə hərbi hissəni tapa bilməmiş, hərbi komissarlığına gedərkən isə ona gözləməyi təklif etmişlər, gözləmiş, müharibədən sonra isə hamı kimi ona tərxis olunduğu bildirilmiş və o da tərxis olunma barədə qeydin gərəkli olduğunu bilmədiyinə görə bunu qeyd elətdirə bilməmişdir. O vaxtdan indiyə kimi onu nə hərbi hissədən, nə də hərbi komissarlıqdan çağıran olmamışdır. Hərbi hissəni özbaşına tərk etməmişdir, ona görə ki, işdə onun məhkum olunmağım barədə DİN-nin müvafiq arayışı vardır. Beləliklə, məhkəmə işin tam, obyektiv və hərtərəlli araşdırılmasını təmin edə bilməmiş, toplanmış sübutlara qeyri-obyektiv və ədalətsiz qiymət vermiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı 18 yanvar 1994-cü il tarixdə hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti zamanı 26 fevral 1994-cü il tarixdə döyüş zonasında xəsarətdən 12 aprel 1994-cü il tarixədək müvafiq tibb müəssisəsində müalicə alsa da, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin müvafiq məkrubuna əsasən onun həmin dövrdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumatlar arxiv materiallarında aşkar olunmamışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Belə olan halda isə məhkəmənin qənaətinə görə İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2244/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1713/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1713/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver