Məhkəmə qərarları › İş №2-1(103)-1713/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1713/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1713/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6317/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X1 və İstismarı Birliyi ilə bağlanmış 98560 saylı xx.xx.2006-cı il tarixli müqavilə ilə Ləhiş ərazisində ona ayrılmış sahəsi 0.12 ha olan “1318a” nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X1 və İstismarı Birliyi ilə bağlanmış 98560 saylı xx.xx.2006- cı il tarixli müqavilə ilə Ləhiş ərazisində ona ayrılmış sahəsi 0.12 ha olan “1318a” nömrəli bağ sahəsi ona ayrılmışdır. Həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə digər bağların və bağlararası yolun ərazisinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı əraziyə digər şəxsin də, müraciəti daxil olmuşdur. Bu səbəbdən də, müraciətinin həllindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilərək qanuni istifadəsində olan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının reyestrdə qeydə alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Belə ki, ona ayrılaraq təhvil verilmiş bağ sahsinin bir hissəsindən bağlararası yol kimi istifdə olunur və bundan onun məlumatı vardır. Bağların bölgü sxemində nəzərdə tutulmamış həmin hissənin gələcəkdə yol kimi istifadə edilibedilməməsinə razılıq verilməsi onu səlahiyyətlərinə aiddir. O, həmin yolu bağlamaq istəməmmişdir. Bağ sahəsinin qalan hissəsini daş hasara alaraq bugünədək mübahisəsiz istifadə edir. Onun ərazisinə digər şəxsin müraciətinin olması yəni kiminsə onun yerini səhvən cavabdehə öz yeri kimi təqdim etməsi, onun müraciətinin həllindən imtina üçün əsas deyildir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********65 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, əraziyə digər şəxsin (X3) müraciəti olmuşdur. Vahid elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sematik xəritəyə əsasən digər bağların və bağlararası yolun ərazisinə uyğun gəlir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd olunsa da, faktiki olaraq ümumi sahə 1698 kv.m təşkil edir və göstərilən torpaq sahəsi digər sahə ilə ümumi hasar daxilindədir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6317/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X1 və İstismarı Birliyi ilə bağlanmış 98560 saylı xx.xx.2006-cı il tarixli müqavilə ilə Ləhiş ərazisində İddiaçı ayrılmış sahəsi 0.12 ha olan “1318a” nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6317/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 98560 saylı xx.xx.2006-cı il tarixli “bağ sahəsinin istifadəyə verilməsi barədə” müqaviləyə əsasən Ləhiş ərazisində ona sahəsi 0.12 ha olan “1318a” nömrəli bağ sahəsi ayrılmışdır. - cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-9958/2024 **********58 nömrəli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 ha sahəsi olan 1318 a saylı bağ sahəsinə dair sənədlərin, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 274 saylı sərəncamından çıxarışın və göstərilən əraziyə müraciəti daxil olmuş X4 ünvanlanmış **********27 nömrəli, xx.xx.2021-ci il tarixli bildirişin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, mərhum Ramazan İmamverdi oğluna məxsus olmuş 1445/1318 nömrəli bağ sahəsinin yarısı, mərhumun vərəsələrinin razılığına əsasən İddiaçı, digər yarısı isə, X4 verilmişdir. Bununla bağlı Bakı şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2006-cı il tarixli 274 saylı ““Vətəndaşların rəsmi notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin təhkim edilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X1 və İstismarı Birliyinin 15 sentyabr 2006-cı il tarixli 116 nömrəli protokolunun təsdiq edilməsi barədə” sərəncam qəbul edilmişdir. Həmin sərəncamla təsdiq edilmiş protokola əlavə edilmiş siyahıda İddiaçı və X4 “1318” saylı bağ sahələrinin ayrılması barədə məlumat öz əksini tapmışdır. Bundan sonra İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X1 və İstismarı Birliyi arasında “1318a” saylı bağ sahəsinə dair 98560 saylı xx.xx.2006-cı il tarixli “bağ sahəsinin istifadəyə verilməsi barədə” müqavilə bağlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planalma aparılan anda ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir”, 5-ci bəndinə əsasən “Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlanıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”, 6-cı bəndinə əsasən “Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir”, 8-ci bəndinə əsasən “Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir”. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşlarlın mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Hazırkı işin hallarından müəyyən edilir ki, mərhum Ramazan İmamverdi oğluna məxsus olmuş 1445/1318 nömrəli bağ sahəsinin yarısı, mərhumun vərəsələrinin razılığına əsasən İddiaçı, digər yarısı isə, X4 verilmişdir. Bununla bağlı Bakı şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2006-cı il tarixli 274 saylı ““Vətəndaşların rəsmi notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin təhkim edilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X1 və İstismarı Birliyinin 15 sentyabr 2006-cı il tarixli 116 nömrəli protokolunun təsdiq edilməsi barədə” sərəncam qəbul edilmişdir. Həmin sərəncamla təsdiq edilmiş protokola əlavə edilmiş siyahıda İddiaçı və X4 “1318” saylı bağ sahələrinin ayrılması barədə məlumat öz əksini tapmışdır. Bundan sonra İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X1 və İstismarı Birliyi arasında “1318a” saylı bağ sahəsinin iddiaçının istifadəsinə ayrılması barədə 98560 saylı xx.xx.2006-cı il tarixli “bağ sahəsinin istifadəyə verilməsi barədə” müqavilə bağlanılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmiş, bundan sonra isə iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, əraziyə digər şəxsin (X3) müraciəti olmuşdur. Vahid elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sematik xəritəyə əsasən digər bağların və bağlararası yolun ərazisinə uyğun gəlir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd olunsa da, faktiki olaraq ümumi sahə 1698 kv.m təşkil edir və göstərilən torpaq sahəsi digər sahə ilə ümumi hasar daxilindədir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əassızdır. Belə ki, cavabdeh inzibati orqan özü məhkəməyə təqdim etdiyi İdarənin arxivində olan sənədlərə nəzər yetirdikdə müəyyən edə bilərdi ki, iddiaçının iddia etdiyi bağ sahəsi əvvəllər Ramazan İmamverdi oğluna məxsus olmuş, sonuncu vəfat etdikdən sonra vərəsələrinin razılığı əsasında bağ sahəsinin yarısı İddiaçı və X4 ayrılmışdır və bu hal, Bakı şəhər İcra Hakimiyyəti başçının xx.xx.2006-cı il tarixli 274 saylı sərəncamı ilə təsdiq edilməklə, iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X1 və İstismarı Birliyi arasında “1318a” saylı bağ sahəsinin iddiaçının istifadəsinə ayrılması barədə 98560 saylı xx.xx.2006-cı il tarixli müqavilə bağlanılmışdır. Bu səbəbdən digər şəxs X3 da, həmin ərazidə yerləşən bağ sahəsinə dair İdarəyə müraciəti olmuşdur. Belə ki, işdə olan sənədlərdən göründüyü kimi, “1318” saylı bağ sahəsinin yarısı İddiaçı, digər yarısı isə X4 ayrılmışdır və İddiaçı ayrılmış hissə, sonradan X1 və İstismarı Birliyi ilə arasında bağlanmış müqaviləyə əsasən “1318a” saylı bağ sahəsi adlandırılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən işin halları hərtərəfli və obyektiv araşdırılmamış, işin hallarına düzgün qiymət verilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sxematik xəritəyə əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sematik xəritəyə əsasən digər bağların və bağlararası yolun ərazisinə uyğun gəlməsi iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, sxematik xəritədə olan uyğunsuzluğun aradan qaldırılması da, elə cavabdehin özünün öhdəliyidir. Həmçinin cavabdeh bağ sahəsinin faktiki ölçüsünün sənəd üzrə ölçüsündən artıq təşkil etməsinə istinad etsə də, iddia tələbindən göründüyü kimi, iddiaçının istifadəsində olan əlavə torpaq sahəsinə dair hər hansı bir iddiası yoxdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil etməklə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə təkzib edilmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6317/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6317/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar