Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1714/2022 26.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-7476/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 23-26 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə doğulmuşdur, 1970-ci ildə Bakı Dəmiryol Nəqliyyat Texnikumuna daxil olmuş və 1974-cü ildə həmin Texnikumun “Dəmir yollarının elektrikdartma təsərrüfatı” əyani şöbəsini bitirmişdir. Onun adına xx.xx.1973-cü il tarixdə əmək kitabçası açılmışdır. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş SSR-nin Silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis edilmişdir. Hazırda yaşı tamam olduğundan, əmək pensiyası təyin olunması ilə bağlı müraciət etsə də, ona xx.xx.1973-cü il tarixdən xx.xx.2006-cı il tarixədək sığorta stajı 20 il 10 ay müəyyən edilmişdir. O, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-ci il tarixədək "xxxx" kiçik müəssisəsində sürücü vəzifəsində işləmiş, lakin həmin qurumun faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından, qeyd olunan dövr onun sığorta stajına əlavə edilməmişdir. Bundan başqa, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" müəssisəsində sürücü kimi işləmişdir. Həmin illər onun əmək kitabçasında olsa da, arxiv sənədlərinin olmaması əsası ilə ona pensiya təyin edilmir. Lakin həmin müddətlər ərzində işləmiş və bu barədə də əmək kitabçasında qeydiyyat aparılmışdır. O, hesab edir ki, pensiya yaşına xx.xx.2020-ci il tarixdə çatmışdır, onun 25 ildən artıq iş stajı vardır və həmin illər arayışlarla və əmək kitabçası ilə təsdiq olunur, həmin vaxtdan da ona yaşa görə əmək pensiyası təyin edilməlidir. DSMF Sosial Ödənişlərin Təyinatı İdarəsinin imtinası əsassızdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə – Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qaydaların 4.3.3-1-ci (Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 29 avqust 2013-cü il tarixli İİ nömrəli qərarı ilə əlavə edilmişdir) bəndinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qaydaların 4.3.3-cü yarımbəndində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-7476/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: R.Kərimli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, işin faktiki hallan ilə məhkəmənin gəldiyi nəticə arasında heç bir əlaqə yoxdur. Belə ki, məhkəmə inzibati orqanı tərəfindən yol verilmiş aşkar qanunsuzluqların aradan qaldırılmasını təmin etmək əvəzinə onun hüquqlarını pozmuş və əsassız olaraq onun 25 ildən artıq iş stajını nəzərə almamışdır. Hazırkı işdə iş üçün əhəmiyyətli olan hallar ondan ibarətdir ki, onun əmək kitabçasında iş stajı tam olaraq qeyd edilmiş, məhkəmənin hansı əsasa görə həmin illəri nəzərə almaması aydınlaşdırlmamışdır. Yol verilmiş bu qanunsuzluqlar görə onun hüquqları pozulmuşdur. Halbuki məhkəmə bu hüquqların həyata keçirilməsi üçün iddia tələbini təmin etməli idi. Cavabdeh apellyasiya şikayətinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh etirazda qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı işlədiyini iddia etdiyi "xxxx" firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması, "xxxx" müəssisəsinin isə arxiv sənədlərinin Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilməməsi səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. İş materiallarından aydın olur ki, iddiaçıya məxsus xx.xx.2020-ci il tarixli 260 nömrəli arayış ilə iddiaçının xx.xx.1974-xx.xx.1976-cı ilə kimi müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrü 1 il 11 ay 25 gün təşkil edir. İş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən, hərbi xidmət dövrü və təhsil illəri ilə birlikdə 21 il 09 ay 22 gün sığorta stajının olduğu müəyyən edilmişdir. Məsələnin obyektiv araşdırılması üçün tərəflərindən Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sorğu göndərilmişdir. Müraciətlərinə verilən Milli arxiv idarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda "xxxx" firmasının arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Müraciətlərinə verilən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Firması xx.xx.1996-cı il tarixində qeydiyyatdan keçmişdir. İddiaçı isə 1992-ci il tarixdən həmin müəssisədə işlədiyini iddia edir. İddiaçının yaşa görə pensiya hüququ qanunla nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 64 yaş 6 ayla xx.xx.2020-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1-ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. Beləliklə, iddiaçının mübahisələndirilən sosial sığorta stajı xx.xx.1992-xx.xx.1996-cı illərdə "xxxx" firmasında, xx.xx.2001-xx.xx.2004-cü illərdə isə “Sərnişin Nəqliyyat" müəssisəsində işlədiyini iddia etdiyi dövrlərdir ki, buda ümumilikdə 6 İİ 6 ay 27 gün təşkil edir. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1966-ct il tarixədək “Turan-94" firmasında işlədiyini iddia etdiyi halda həmin müəssisənin 1996-cı İİ tarixdə dövlət qeydiyyatına alınması "Turan-04" firmasında işlədiyi müddətin mötəbərliyini şübhə altına alır. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. 21 İİ 09 ay 22 günə münasibətdə İddiaçı 18323,51 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 28800 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçalarının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1973-cü il tarixdən başlamış və müxtəlif fəzifələrdə işləmişdir. İş materiallarında olan Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini tərəfindən verilmiş 39 nömrəli xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 1970-ci ildə Bakı Dəmiryol Nəqliyyatı texnikumuna daxil olmuş və 1974-cü ildə həmin texnikumun “Dəmir yollarının elektrikdartma təsərrüfatı” əyani şöbəsini bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 260 nömrəli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş SSR-nin Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş MA-175 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışın surətindən görünür ki, 05.12,1955-ci ildə anadan olmuş İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən xx.xx.1984-cü il tarixdən (xx.xx.1984-cü il tarixli, kş/108 №-li əmr) 2714 №-li Avtodəstəyə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1986-cı il tarixdən (xx.xx.1986-cı il tarixli, kş/65 №-li əmr) öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1992-ci il tarixdən (xx.xx.1992-ci il tarixli, kş/14 №-li əmr) 2 №-li Avtobus Parkına 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1992-ci il tarixdən (xx.xx.1992-ci il tarixli, kş/110 №-li əmr) Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (Turan kiçik müəssisəsinə) keçirilmə yolu ilə işdən azad edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2021-ci il tarixli **********5 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, təqdim etdiyiniz xx.xx.1973-cü il tarixində tərtib edilmiş əmək kitabçası və ona əlavə edilmiş sənədlərə əsasən sizin xx.xx.2006-cı il tarixinədək sığorta stajınız 20 il 10 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, X10, Daxili nəzarət və Monitorinq Departamentinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək işlədiyiniz "xxxx" firmasının faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılıb sığorta stajınıza əlavə edilməsi mümkün olmamışdır. Eyni zamanda xx.xx.2001-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" müəssisəsinin arxiv sənədləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arxivinə təhvil verilmədiyi üçün qeyd edilən dövrlərin araşdırılması mümkün olmamış və həmin dövrlər sığorta stajınıza əlavə edilməmişdir. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. O, 1970-1974-cü illərdə Bakı Dəmiryolu Nəqliyyatı Texnikumunda təhsil almış, 1974-cü ilin noyabr ayından 1976-cı ilin noyabr ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Onun əmək kitabçasında həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək isə, "xxxx" müəssisəsində işləməsi barədə qeydlər də aparılmışdır. İddiaçı təhsil illəri, hərbi xidmət dövrü və əmək kitabçasında əks olunan bütün iş stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi "xxxx" kiçik müəssisəsinin və "xxxx" müəssisəsinin müvafiq arxiv sənədləri arxiv materiallarında müəyyən edilmir, bununla da onun ümumi iş stajı 20 il 09 ay 22 gün həcmində toplamır, eləcə də pensiya təyinatı üçün tələb olunan 28.800 manat pensiya kapitalının qarşılığında 18.323,51 manat pensiya kapitalı mövcuddur. İşdən göründüyü kimi iddiaçı ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi qərarının əsaslandırıcı hissəsində qeyd etmişdir ki, məhkəmə icraatında iddiaçının qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilir, yəni yaşa görə əmək pensiyasının təyinatı üzrə tələb olunan 28.800 manat pensiya kapitalının qarşılığında onun 18.323,51 manat pensiya kapitalı mövcuddur. İddiaçının sosial sığorta stajına gəldikdə isə qeyd olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunan "xxxx" müəssisəsi və "xxxx" kiçik müəssisəsi ilə bağlı aidiyyəti qurumlara məhkəmə icraatında sorğular ünvanlanmış və onlardan müvafiq cavablar alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanlanmış 9 sentyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - "xxxx" X9 3 iyun 1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İdarədə olan reyestrdə "xxxx" Müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat verilməsi xahiş olunur. Hüquqi şəxsin fəaliyyət göstərməsi barədə məlumat «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin məhkəməyə ünvanlanmış 9 sentyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - "xxxx" müəssisəsinin və "xxxx" kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. "xxxx" müəssisəsi barəsində məlumat əldə etmək üçün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəməyə ünvanlanmış 10 sentyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - "xxxx" müəssisəsi Nazirliyin struktur idarəsi olmamışdır. Bu səbəbdən tələb olunan arxiv məlumatlarının verilməsi mümkün olmamışdır. Hazırkı məhkəmə icraatında yuxarıda qeyd olunan sənədlər əsasında məhkəmə müəyyən etmişdir ki, iddiaçının işlədiyi "xxxx" kiçik müəssisəsinin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması, yəni qanuni fəaliyyət dövrü 3 iyun 1994-cü il tarixə təsadüf edir. Əmək kitabçasında iddiaçının həmin qurumda əmək fəaliyyəti 1 iyul 1992-ci il tarixdən 15 mart 1996-cı il tarixədək olan dövrü əhatə etsə də, həmin dövrün 2 iyul 1992-ci il tarixdən 3 iyun 1994-cü il tarixədək olan dövründə kiçik müəssisə mövcud olmamış və həmin (1 il 11 ay) dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. "xxxx" müəssisəsinin fəaliyyəti barədə isə, hər hansı məlumat aşkar edilmədiyindən, habelə iddiaçının adıçəkilən müəssisədəki fəaliyyətinin böyük hissəsi 2002-ci ilin 1 yanvar tarixindən sonrakı dövrə aid olduğundan, əmək kitabçasındakı həmin qurumla bağlı qeydlər üzrə iş stajı onun sığorta stajı kimi qəbul oluna bilməz. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının fərdi hesabında “əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən” pensiya kapitalı qeydə alınmadığından və 25 il sığorta stajı toplanmadığından, ona yaşa görə əmək pensiyası təyinatından imtina edilməsi əmək qanunvericiliyinin müddəalarına zidd qiymətləndirilməməli və inzibati icraat cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» AR Qanununun 15, 17, 19 və 24-cü maddələrinin tələbləri gözlənilməklə aparılmış sayılmalıdır. İddiaçı qeyd olunan əsaslandırma ilə razılaşmayaraq apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə inzibati orqanı tərəfindən yol verilmiş aşkar qanunsuzluqların aradan qaldırılmasını təmin etmək əvəzinə onun hüquqlarını pozmuş və əsassız olaraq onun 25 ildən artıq iş stajını nəzərə almamışdır. Hazırkı işdə iş üçün əhəmiyyətli olan hallar ondan ibarətdir ki, onun əmək kitabçasında iş stajı tam olaraq qeyd edilmiş, məhkəmənin hansı əsasa görə həmin illəri nəzərə almaması aydınlaşdırlmamışdır. Yol verilmiş bu qanunsuzluqlara görə onun hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri, eləcə də imtinada mübahisələndirilən dövrlərin araşdırılması ilə bağlı məhkəmə kollegiyası tərəfindən müvafiq sorğular göndərilmişdir. İş materiallarına əlavə edilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********779900 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə baza və arxiv məlumatlarına əsasən "xxxx" X7 xx.xx.1994-cü il tarixdə 10712 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması, xx.xx.2005-ci il tarixdə ********** saylı VÖEN alması və xx.xx.2020-ci il tarixdə nizamnaməsinə dəyişiklik olunması barədə məlumat mövcuddur. Məktuba əlavə olunmuş “Təsərrüfat subyektlərinin dövlət qeydiyyatı haqqında” 10712 nömrəli Şəhadətnamədən müəyyən olunur ki, "xxxx" X9 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi "xxxx" X9 xx.xx.1994-cü il tarixdə qeydiyyatdan keçmişdir. Lakin iddiaçının həmin müəssisədə işlədiyi müddət xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrü əhatə edir. Həmcinin məhkəmə araşdırması zamanı iddiacı sərnişin daşıma fəaliyyəti ilə məşgul olmaqla avtobus sürücüsü kimi "xxxx" firmasında işlədiyini bildirmişdir. Məhkəmənin sorgusu əsasında Dövlət Vergi Xidmətindən daxil olmuş "xxxx" Müstəqil X1 fəaliyyəti ilə məşgul oması müəyyən edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiacının əmək kitabcasında qeyd edilən "xxxx" kiçik müəssisəsinin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X6gu müəyyən edilmədiyindən, iddiaçının müəssisənin mövcud olmadığı müddətdə işlədiyi qeyd olunan (1 il 11 ay) dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. İş materiallarına əlavə edilmiş sorğuya cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 7-2825/17 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı işlədiyi 2 nömrəli AAHM “Bakısərnişinnəqliyyat” idarəsinin və "xxxx" müəssisəsinin sənədləri Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Göründüyü kimi iddiaçının mübahisələndirilən "xxxx" müəssisəsində işlədiyi dövr iş stajını arxiv məlumatları və qarşılıqlı yoxlanılma ilə müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının həmin müəssisədə işləməsini təsdiq edən başqa mötəbər sübut aşkar edilməmişdir. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının işlədiyini iddia etdiyi həmin dövr onun sosial sığorta stajına daxil edilməklə hesablana bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı iddiaçının qanunvericiliyin tələbinə əsasən 25 il sığorta stajının olması iş materialları ilə müəyyən olunmamışdır. Həmçinin iddiaçının qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan iş stajını toplamadığı və qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-7476/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1714/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1714/2022
26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver