Məhkəmə qərarları › İş №2-1(103)-1715/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1715/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1715/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Əmlak Məsələləri Dövlət Xidməti 3cü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: « torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12920/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin 29 dekabr 2003-cü il tarixli 548 saylı sərəncamı ilə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində idman və ticarət mərkəzinin yaradılması üçün “MMM-98” firmasının istifadəsinə icarə əsasında 0.5 ha torpaq sahəsi ayrılmışdır.

2. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış 4 noyabr 2023-cü il tarixli **********10 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1196/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qərarı İdarə tərəfindən icra edilərək, Bakı şəhəri, Sahil qəsəbəsi, M.Seyidqv küçəsində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqları mövcud vəziyyətdə, tikintialtı sahəsi 4.752 kv.m, texniki pasporta əsasən faktiki torpaq sahəsi 4.920 kv.m olmaqla İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Yəni xx.xx.2019-cu il tarixli çıxarışa əsasən qeyri-yaşayış binası iddiaçının mülkiyyətində olsa da, 0.4752,0 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsindədir.

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən İddiaçı MMC-yə məxsus 0.5 ha torpaq sahəsinə dair istifadə hüququnun "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin 2- 1(112)-12920/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

5. Qərar qanuni qüvvəyə minmədən Əmlak Məsələləri Dövlət Xidməti ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2- 1(112)-12920/2024 nömrəli qərardadı ilə ərizə (vəsatət) təmin edilməmişdir.

7. Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və M.C.Qarayeva) 24 iyul 2024-cü il tarixli 2- 1(103)- 2193/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti hazırki iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2930/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2024-cü il tarixli, 2- 1(103)-2193/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

11. İddia ərizəsində bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 29 dekabr 2003-cü il tarixli 548 saylı sərəncamı ilə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində idman və ticarət mərkəzinin yaradılması üçün torpaq sahəsi ayrılmışdır. Sözügedən qeyriyaşayış sahəsi üçün ərazi 0.5 ha-dır. Həmin torpaq sahəsi “MMM-98” firmasının istifadəsinə verilmişdir. Sonradan Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən ümumi sahəsi 0.5 ha olan sahədə mövcud olan qeyri-yayayış binasına dair hüququun qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən reyestrdən çıxarış əldə edilmişdir. Sözügedən ərazidə yerləşən əlavə tikililər, eyni zamanda ümumilikdə qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. İddiaçı tərəfindən səlahiyyətli orqanlara müraciət edilmiş, lakin bir müddət keçsə də, hər hansı cavab verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.1, 157.8, 240.1, 240.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən İddiaçı MMC-ə məxsus 0.5 ha torpaq sahəsinə dair istifadə hüquqlarının İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsini öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

12. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı MMC-nin iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı 10 iyun 2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq **********10 xaricolma nömrəli, 4 noyabr 2023-cü il tarixli məktubla ona cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1196/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqları mövcud vəziyyətdə, tikintialtı sahəsi 4.752 kv.m, texniki pasporta əsasən faktiki torpaq sahəsi 4.920 kv.m olmaqla İddiaçı MMCnin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Bundan əlavə, qeyd olunan qeyri yaşayış binası 21 yanvar 2020-ci il tarixdən 21 yanvar 2025-ci il tarixədək "xxxx" MMC-nin xeyrinə icarə hüququ ilə yüklü edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 23.1-ci maddəsinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12920/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin halları üzrə məhkəmə belə nəticəyə gəlir ki, Bakı ŞİH 29 dekabr 2003-cü il tarixli 548 nömrəli sərəncamına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 29 dekabr 2003-cü il tarixli 548 nömrəli sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bakı ŞİH-in 29 dekabr 2003- cü il tarixli 548 nömrəli sərəncamı mötəbər sübut kimi qiymətləndirilməlidir.

15. Xüsusi ilə o da qeyd olunmalıdır ki, adıçəkilən sərəncamda torpaq sahəsinin “MMM98” firmasının istifadəsinə verilməsi nəzərdə tutulsa da, məhkəmə icraatı zamanı təqdim olunmuş nizamnamədən məlum olur ki, İddiaçı MMC "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisi olmuşdur. Başqa sözlə desək mübahisəli torpaq sahəsi torpaqayırma sənədinə əsasən qanuni olaraq "xxxx" MMCnin istifadəsindədir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12920/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

d) Proses iştirakçılarının izahatları

19. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

20. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün əsasdır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 51-ci maddəsinin altıncı hissəsinə və «Torpaq icarəsi haqqında» Qanunun 4-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanın: 2.4-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir.

26. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

31. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

32. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən İddiaçı MMC-yə məxsus 0.5 ha torpaq sahəsinə dair istifadə hüququnun "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin 2-1(112)-12920/2023 nömrəli, 07 dekabr 2023cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

33. İşin faktiki hallarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 29 dekabr 2003-cü il tarixli 548 saylı sərəncamı ilə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində idman və ticarət mərkəzinin yaradılması üçün “MMM-98” firmasının istifadəsinə icarə əsasında 0.5 ha torpaq sahəsi ayrılmışdır.

34. Adıçəkilən sərəncamda torpaq sahəsinin “MMM-98” firmasının istifadəsinə verilməsi nəzərdə tutulsa da, həmin torpaq sahəsi ilə bağlı hüquq və vəzifələr firmadan ayrılmış "xxxx" MMC-yə keçmiş, məhkəmə icraatı zamanı təqdim olunmuş nizamnamədən o da məlum olur ki, İddiaçı MMC "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisi olmuşdur.

35. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış 4 noyabr 2023-cü il tarixli **********10 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1196/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qərarı İdarə tərəfindən icra edilərək, Bakı şəhəri, Sahil qəsəbəsi, M.Seyidqv küçəsində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqları mövcud vəziyyətdə, tikintialtı sahəsi 4.752 kv.m olmaqla İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

36. Yəni xx.xx.2019-cu il tarixli çıxarışa əsasən qeyri-yaşayış binası iddiaçının mülkiyyətində olsa da, 0.4752,0 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsindədir.

37. Məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq olunan torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə sərəncam verilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olduğundan, qeyd olunan quruma müraciət olunması iddiaçıya bildirilmişdir.

38. Bakı İnzibati Məhkəməsində hazırkı iddiası üzrə işə baxılmamışdan əvvəl Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 11 oktyabr 2023-cü il tarixli 3-21-3/2-14981/2023 nömrəli bildirişlə İddiaçı MMC-yə müraciət olunmuş və «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq iddianın predmeti olan torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi cəmiyyətə təklif olunmuşdur.

39. Lakin İddiaçı MMC tərəfindən Xidmətin qeyd olunan təklifindən imtina olunduğundan, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya qarşı «icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, hazırda qeyd olunan kommersiya işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır və hazırkı işə baxılıb qurtarana kimi həmin işin icraatı dayandırılmışdır.

40. Daha sonra məhkəmə Kollegiyası qeyd edir kİ, İddiaçı MMC tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Bakı ŞİH başçısının 29 dekabr 2023-cü il tarixli 548 nömrəli sərəncamı ilə Qaradağ RİH başçısının 12 dekabr 2023-cü il tarixli 5/830 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində idman sağlamlıq və ticarət mərkəzinin layihələndirilməsi və tikintisi üçün 0.5 ha torpaq sahəsi icarə əsasında “MMM-98” firmasının istifadəsinə verilmişdir.

41. Sərəncamın 6.1-ci bəndinin yeddinci abzasından görünür ki, qeyd olunan sərəncam yalnız inşa olunacaq qeyri-yaşayış obyektinin yalnız layihələşdirilməsi məqsədilə “MMM-98” firmasının icarə əsasında istifadəsinə verilmişdir.

42. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Torpaq Məcəlləsinin 50-ci maddəsinin ikinci hissəsində dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə verildiyi subyektlərin siyahısı müəyyən olunmuşdur.

43. Məcəllədən göründüyü kimi, dövlət mülkiyyətində olanda torpaq sahələrinin daimi istifadə hüququ ilə kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatlara verilməsi qanunvericiliyə əsasən yolverilməzdir. Bu baxımdan qeyd olunur ki, birinci instansiya Məhkəməsi tərəfindən iddia tələbinin əsasını təşkil edən sərəncamın mahiyyəti və mövcud mübahisə ilə bağlı tətbiq edilməli olan qanunvericilik normaları ətraflı araşdırılmadan iddia təmin olunmuşdur.

44. İddianın predmeti olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair verilmiş 18 aprel 2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan görünür ki, qeyd olunan qeyri-yaşayış binası İddiaçı MMC-nin mülkiyyətində olmaqla, binanın yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir.

45. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər.

46. Belə ki, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir.

47. Tətbiq olunan Torpaq Məcəlləsinin tələblərinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün əsasdır. Dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. (51, 55, 66-cı maddələr)

48. Qanunvericilik normalarına görə fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahəsi Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır.

49. Lakin İddiaçı MMC ünvan 3 ünvanında yerləşən 4.920 kv.m torpaq sahəsinin icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir.

50. Göründüyü kimi, qanunvericiliyə əsasən iddiaçının iddianın predmeti olan torpaq sahəsi üzərində onun daimi istifadə hüququnun qeydiyyata alınması qeyri-mümkündür və hazırkı halda Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış müvafiq müqavilə əsasında iddiaçının torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarının qeydiyyata alınması mümkündür.

51. İddiaçının hazırki tələbi dövlətə məxsus torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydə alınması ilə bağlıdır və mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsinə yalnız icarə əsasında verildiyindən və bununla bağlı səlahiyyətlər Xidmətə məxsus olduğundan iddia rədd olunmalıdır.

52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1980/2025 saylı, xx.xx.2025-ci il tarixli, 2-1(102)- 329/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarlarında da məhkəmə oxşar mövqedən çıxış etmişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

54. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12920/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12920/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar