Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1716/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı (21.12.1968-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qarşı “qətnamənin icra edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-5617/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 08.04.2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə (mətnə əsasən şikayət) məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2889/2019 saylı, 29.07.2019-cu il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 13 yanvar 2015-ci il tarixdə özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi , 2578-ci məhəllədə yerləşən və X6 məxsus iki hissədən ibarət olan sexin təmiri və tikintisi ilə əlaqədar Beton Piltələr alıb gətirərək sexin tavanına düzdürmüşdür. O, həmin vaxtı X1 işləyərkən sexin ikinci mərtəbəsinə döşənmiş betonun dayağı olmadığı üçün uçmuş və beton piltələrin iri parçaları onun üstünə düşərək onu ölümcül vəziyyətə salmışdır. Bundan sonra heç nə yadına gəlməmiş və təxminən 10-15 gündən sonra özünə gəldikdə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsində olduğunu bilmişdir. Orada ümumilikdə 47 gün köməksiz vəziyyətdə olmuş, hadisənin üzərindən 5 il keçməsinə baxmayaraq bu müddət ərzində X7 tərəfindən ona heç bir köməklik göstərilməmişdir. Halbuki , o, onun mülkiyyətində olan sexin ikinci mərtəbəsindən yıxılaraq ömürlük şikəst olmuşdur. Ona 2-ci dərəcəli əlillik verilmişdir. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi başlanmış və cinayətkar cinayət məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2889/2019 saylı 29.07.2019-cu il tarixli Qətnaməsi ilə cavabdeh X3 ona vurulmuş maddi və mənəvi zərərə görə 9084.6 (doqquz min səksən dörd ) manat, və 16.08.2018-ci il tarixdən başlayaraq 22.07.2021-ci il tarixədək ona təyin edilmiş əlillik dövrü üçün hər ay 164,50 manat (Yüz altımış dörd manat əlli qəpik) həddində pulun ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və 06.03.2020-ci il tarixində İcra Vərəqəsi verilmişdir. Sonradan , yəni 18.05.2020-ci ildə Sabunçu rayon İcra Şöbəsi işin icraata götürülməsi barədə icra məmuru X2 qəbul etmişdir. İşin icrası Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə həvalə edilməsinə baxmayaraq , İcra Şöbəsi uzun müddət icra işini hərəkətsiz saxlamış və daha sonra İcra məmuru Şəmmədli Şəhram icra işi üzrə heç bir qanuni tədbir görməmidir. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 8.2-ci maddəsinə əsasən “ icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.” Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-5617/2021 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qarşı “qətnamənin icra edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. 17.05.2021-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-5617/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1827/2021 saylı, 01.02.2021-ci il tarixli qərardadı ilə (hakim T.Əsədova) İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə qarşı icra məmuru barədə qanuni tədbir görülməsi və pul tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Eyni zamanda qərardadda iddiaçıya hazırkı məsələ ilə bağlı icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət formasında müraciət etmək hüququna malik olmasının izah edilməsi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2840/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı ilə (hakim Z.Hacıyev) İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə qarşı “məcburetmə haqqında” iddia tələbinə dair icra məmurunun hərəkətsizliyi haqqında iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı qaytarılması qərara alınmışdır. Eyni zamanda qərardadda Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin üzərinə öhdəliyin qoyulması tələbinə Azərbaycan Respublikası İPM-in 2.2.2-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında baxılmalı olması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin 12.04.2021-ci il tarixli məhkəmə bildirişi ilə məhkəmə hüquqi yardım göstərərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı ərizəyə icra sənədini verən məhkəmə tərəfindən baxılmalı olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən bildiriş 12.04.2021-ci il tarixli olmaqla, 20.04.2021-ci il tarixə təyin edilmiş iddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası barədə olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.2-ci maddəsinə əsasən məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Həmçinin iş materiallarında göstərilən hüquqi yardım barədə bildirişin iddiaçıya göndərilməsini təsdiq edən reyestr, eyni zamanda bildirişin iddiaçı tərəfindən alınması barədə xəbərnamə və s. sənəd sübut mövcud deyildir. Yəni iddiaçının məhkəmə iclası barədə hansı qaydada məlumatlandırılması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya göstərilən hüquqi yardım barədə bildiriş göndərilməli və bildirişin iddiaçı tərəfindən alınmasını təsdiq edən sənəd-sübut iş materiallarına əlavə edilməlidir. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)- 5617/2021 nömrəli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82 və 87 -ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-5617/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qarşı “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2889/2019 saylı, 29.07.2019-cu il tarixli qətnaməsinin icra edilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1716/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1716/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver