Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1716/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-4701/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 16-19 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli “Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti”nin Beynəlxalq Münasibətlər ixtisası magistr pilləsi diplomunun tanınması və nostrifikasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə Bakı şəhərində orta məktəbi bitirib, Türkiyə Respublikası Bilkent Universitetində “beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil almaq hüququ əldə etmiş və 2009 – 2014-cü illərdə həmin Universitetdə təhsil almışdır. 8 avqust 2014-cü il tarixdə bakalavr pilləsi üzrə diplom almışdır. Bu diplom əsasında İsveçrə Konfederasiyasında Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetinin “beynəlxalq münasibətlər” ixtisası üzrə magistr pilləsinə daxil olmuş və magistr təhsili almaq məqsədilə həmin ilin sentyabr ayından İsveçrəyə getmişdir. Onun bakalavr təhsili barədə diplomunun ekvivalentliyi 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. O, magistr təhsilini başa vurmaq üçün zəruri hesab edilən dərs yükünü (diplom işi və təcrübə proqramı) bitirmədən 2015-ci ilin avqust ayında Azərbaycana qayıtmış, həmin ilin oktyabr ayında hərbi xidmətə getmişdir. Hərbi xidmətini 2016-cı ilin oktyabr ayında başa vurduqdan sonra təhsilini başa çatdırmaq üçün təcrübə proqramını yerinə yetirmək üçün müxtəlif təşkilatlara müraciət etmişdir. 2018-ci ilin sentyabr və oktyabr aylarında Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayindəliyində təcrübə keçmiş və bundan sonra diplom işini tamamlamaq üçün İsveçrəyə getmək qərarına gəlsə də, müəyyən səbəblərdən həmin ölkəyə yalnız 2020-ci ilin fevral ayında getməyə nail olmuş və təhsilini başa çatdırmaq üçün zəruri hesab edilən dərsləri, diplom işini bitirərək 28 iyul 2020-ci il tarixdə magistr diplomu almışdır. Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetindən əldə edilmiş magistr diplomunun Azərbaycan Respublikasında tanınması məqsədilə lazımi sənədləri hazırlayaraq 29 yanvar 2021-ci il tarixdə cavabdeh Təhsildə X3 internet səhifəsi vasitəsilə müvafiq qaydada elektron imza ilə müraciət etmişdir. Lakin cavabdeh magistr diplomunun tanınmasından 11 fevral 2021-ci il tarixli elektron bildirişlə imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, ali təhsil sənədlərinin arşdırılması zamanı X1 Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetinin adının X7 tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında yer almadığı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, 1997-ci ildə imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İ bəndinə və AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə əsasən müraciəti üzrə onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün sayılmır. Cavabdehin imtinası qanunsuz və əsassız hesab edilir. Cavabdeh tərəfindən istinad edilən qanunvericilik sözügedən diplomun tanınmaması üçün heç bir əsas vermir. Belə ki, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti yarandığı gündən etibarən İsveçrə Konfederasiyasının Cenevrə Kantonu tərəfindən beynəlxalq münasibətlər və diplomatiya sahəsində təhsil verən ali məktəb kimi tanınır. Qeyd olunan bakalavr diplomu Cenevrədə notarial qaydada təsdiq edilmiş və Cenevrə Kantonu səlahiyyətli orqanı tərəfindən apostillə təsdiqlənmişdir. Universitet İsveçrə Konfederasiyasının “EduQua” sertifikatına sahibdir. “EduQua” İsveçrə Hökuməti tərəfindən tanınan və dəstəklənən akkreditasiya orqanıdır və sertifikat İsveçrədəki dövlət və özəl təhsil müəssisələri üçün tələb olunan ən qabaqcıl keyfiyyət təsdiqi sənədi sayılır. X10 Özəl Məktəblər Federasiyası – FSEP (CH) üzvüdür. İsveçrə təhsil müəssisələrinin səviyyəsinin digər ölkələr tərəfindən tanınması istiqamətində fəaliyyət göstərən bu qurumun özvlərinin milli və beynəlxalq səviyyədə tanınması üçün keyfiyyət qarantiyası, o cümlədən akkreditasiyaya sahibliyi var. Təhsil Nazirliyinin internet səhifəsində daha öncə diplomları tanınmış şəxslər barədə məlumat bazasından əldə olunan məlumata görə Nazirlik tərəfindən Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetində eyni ixtisas üzrə magistr təhsili almış başqa bir şəxsin diplomu üzrə magistr təhsili almış başqa bir şəxsin diplomu ölkə ərazisində tanınmışdır. Cavabdehin qeyd etdiyi kimi adı İsveçrə Akkreditasiya Şurasının siyahısında yer almayan bir çox başqa İsveçrə universitetlərinin məzunlarının da diplomlarının ölkə ərazisində tanınmasına dair faktlar var. Cavabdehin imtina məktubu ona (iddiaçıya) 11 fevral 2021-ci il tarixdə təqdim edilmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4701/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı İsveçrə Konfederasiyasının Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli magistr diplomu üzrə aldığı ixtisasın tanınması məqsədilə 29 yanvar 2021-ci tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi İsveçrə Konfedarasiyasının səlahiyyətli qurumu tərəfindən akkreditasiya olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə X3 Nizamnaməsi”nin 2.2.2-ci yarımbəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın İ hissəsinə görə ali təhsil müəssisəsi ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Bildirilir ki, İsveçrə Akkreditasiya Şurasına işçi qaydada ünvanlanan müraciətə cavab olaraq sözügedən ali təhsil müəssisəsinin akkreditasiya olmaması öz əksini tapmışdır. Eyni zamanda İsveçrə Akkreditasiya Şurası tərəfindən akkreditasiya olunan universitetlərin siyahısı onun rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Həmçinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici ali təhsil ixtisaslarının tanınması sahəsində işçi qaydada Avstriya Respublikası, Gürcüstan, Almaniya Federativ Respublikası, Böyük Britaniya və X8 xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınmasını həyata keçirən səlahiyyətli qurumlarına ünvanlanan sorğulara cavab olaraq qeyd edilmişdir ki, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin akkreditasiyasız fəaliyyət göstərməsi səbəbilə həmin müəssisədən məzun olmuş şəxslərin əldə etdikləri diplomlar üzrə kvalifikasiyaların tanınması qeyri-mümkün hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 00-03-416/TKTA nömrəli məktubda məhkəməyə İsveçrə Konfederasiyasının Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi dövlət akkreditasiyasına sahib olmaması səbəbilə həmin müəssisədən əldə edilən diplomlar üzrə ixtisasların tanınmasının mümkün olmaması və bir sıra dövlətlərdə analoji praktikanın mövcudluğu barədə bildirilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi İddiaçı arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərt kimi onun təhsil aldığı təhsil müəssisəsinin fəaliyyətinin qanuniliyinə, bununla da həmin təhsil müəssisəsi tərəfindən iddiaçıya verilmiş magistr diplomunun mötəbərliyinə şübhə edərsə, o, bununla bağlı tədbir görməli və zəruri sübutları toplamalı idi. Qeyd olunan məsələ ilə bağlı bildirirlər ki, Təhsildə Keyfiyyət Təminatı X5 və Beynəlxalq Münasibətlər Məktəbinin fəaliyyətinin qanuniliyini mübahisələndirməmiş, müvafiq səlahiyyətli qurum tərəfindən akkreditasiyadan keçməməsini bildirmişdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi İsveçrə Konfederasiyasının müvafiq səlahiyyətli qurumu tərəfindən akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinin siyahısının dərc edildiyi rəsmi internet səhifəyə keçidi öz rəsmi internet saytında yerləşdirmişdir ki, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi həmən siyahıda yer almamışdır. Məhkəmə qeyd edir ki, İsveçrənin səlahiyyətli orqanı tərəfindən iddiaçının magistr diplomuna apostil verməklə, həmin ölkədə diplomun qanuniliyini tanınmışdır. Halbuki 1961-ci il oktyabrın 5-də “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın 2-ci maddəsindən də göründüyü kimi, bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə sənəd sahibinə digər ölkədə hansı hüquqların verilməsi yox, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi İddiaçı təqdim etdiyi magistr diplomunun həqiqiliyini mübahisələndirmir, onun əldə etdiyi kvalifikasiyasının akademik və peşə tanınmasına dair həddləri müəyyən edir. Cavabdeh orqan ali təhsil müəssisəsinin İsveçrə Akkreditasiya və X3 tərəfindən akkreditasiya olunmamasını müəyyən etmişdir ki, bu da iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmamasına dair qərar qəbul edilməsi üçün əsas olmuşdur. İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, apelyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apelyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Belə ki, işdən göründüyü kimi, birinci instansiya məhkəməsində tərəflərindən iddianın qanuni və əsaslı olmasını təsdiq edən daha bir mötəbər sübut məhkəməyə təqdim edilmişdir. Həmin sübutla müəyyən olunur ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı 2-1(82)-226/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə X4 Təhsil Nazirliyinə qarşı iddiası təmin edilərək, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi tərəfindən X11 oğluna verilmiş xx.xx.2012-ci il tarixli diplomunun tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulması haqqında iddiası təmin olunmuş, həmin qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-146/2016 saylı xx.xx.2016-cl il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-846/2016 saylı xx.xx.2016«çl il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, cavabdehin müvafiq olaraq apellyasiya və kasasiya şikayəti təmin edilməmişdir. Onlarda olan dəqiqləşdirilməmiş məlumata görə daha bir neçə belə fakt mövcuddur. Həmçinin o da müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı həmin iş üzrə iddiaçı Yusif Hüseynovdan 8 il sonra həmin ali məktəbin məzunu olmuşdur. Belə olan halda, eyni ali məktəbin məzunlarından birinin diplomunun tanınması, digərinin diplomunun tanınmaması həm ayrıseçkiliyə, həm də hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsinə səbəb ola bilər ki, hesab edir ki, bu hal da müvafiq qərar qəbul edilərkən nəzərə alınmalıdır. Bundan başqa, işdən göründüyü kimi, birinci instansiya məhkəməsində tərəfləridən iddianın qanuni və əsaslı olmasını təsdiq edən daha bir mötəbər sübut - İsveçrə Konfederasiyasının Cenevrə Respublikası və Kantonu Xalq təhsil şöbəsi Xüsusi Təhsil Xidmətinin arayışı əldə edilmiş və məhkəməyə təqdim edilmişdir. Belə ki, həmin arayışda göstərilir: “Xalq təhsili haqqında Qanunun 14A maddəsinin C1 10-cu bəndinə və Xüsusi Təhsil Haqqında Qaydaların C1 10.83-cü bəndinə əsasən Xalq təhsil şöbəsi aşağıda göstərilən özəl məktəbin fəaliyyət göstərməsinə icazə verdiyini təsdiqləyir: GCD Cenevrə Diplomatiya Məktəbi” Bildiyiniz kimi, İsveçrə Konfederasiyası bir neçə Respublikadan ibarətdir ki, onlardan biri də Cenevrə Respublikası və Kantonudur. Cenevrə Respublikası və Kantonu Xalq təhsil şöbəsi Xüsusi Təhsil Xidmətinin təsdiq olunmuş arayışı ilə GCD Cenevrə Diplomatiya Məktəbinin özəl məktəb kimi fəaliyyət göstərməsinə icazə müəyyən edilir. Bundan başqa, apelyasiya şikayətindən göründüyü kimi, apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər yoxdur. Apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər yoxdur. Apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər əsaslandırılmamışdır. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamaması ilə məhkəmə iclas protokollarına dair qeydlər verilməmişdir. Apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər yoxdur. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər yoxdur. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər yoxdur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı və onun vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan Təhsildə Keyfiyyət Təminatı Agentliyi İddiaçı arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərt kimi yuxarıda qeyd edilən təhsil müəssisəsinin fəaliyyətinin qanuniliyinə, bununla da həmin təhsil müəssisəsi tərəfindən iddiaçıya verilmiş magistr diplomunun mötəbərliyinə şübhə edərsə, o bununla bağlı tədbir görməli və zəruri sübutları toplamalı idi. Lakin Agentlik ondan asılı olan heç bir hərəkəti yerinə yetirmədən, yalnız “sayt məlumatları” ilə kifayətlənməklə «İnzibati icraat haqqında» AR Qanununun 19.2-ci maddəsində müəyyən edilmiş sübutetmə yükünü daşımaqdan yayınmış və məsələnin əksinin sübuta yetirilməsinin iddiaçının üzərinə qoyulmasına cəhd göstərmişdir. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, İsveçrənin səlahiyyətli orqanı İddiaçı Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti tərəfindən verilmiş 28 iyul 2020-ci il tarixli magistr diplomuna (təhsil sənədinə) apostil verməklə, həmin ölkədə diplomun qanuniliyini tanımışdır. Göstərilənlərə əsasən məhkəmə sonda belə qənaətə gəlmişdir ki, İddiaçı diplom üzrə ixtisasının tanınması ilə bağlı müraciəti üzrə cavabdeh Təhsildə X3 imtinası AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndində təsbit olunmuş hallarla uzlaşmır. Odur ki, inzibati orqanın iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1. bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.5. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nin Nizamnaməsinin 1.1-ci bəndinə görə Təhsildə Keyfiyyət Təminatı Agentliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizaminamənin 2.2-ci bəndində nəzərdə utulmuş Agentliyin fəaliyyət istiqamətləri sırasına xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək də daxildir. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti tərəfindən “beynəlxalq münasibətlər” ixtisası üzrə 28 iyul 2020-ci il tarixli magistr diplomu verilmişdir. Diplom İsveçrənin səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, lakin Agentlik məsələnin həllindən imtina etmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi İsveçrə Konfedarasiyasının səlahiyyətli qurumu tərəfindən akkreditasiya olunmamışdır. Məhkəmə kollegiyası qeyd olunan dəlillə razılaşmır və qeyd edir ki, cavabdeh orqan Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin İsveçrənin akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında olmaması haqqında əsaslı dəlillər nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərt kimi yuxarıda qeyd edilən təhsil müəssisənin fəaliyyətinin qanuniliyinə, bununla da, həmin təhsil müəssisi tərəfindən iddiaçıya verilmiş diplomun mötəbərliyinə şübhə edirsə, o, bununla bağlı tədbir görməli və sübutları əldə etməli idi. Lakin cavabdeh ondan asılı olan heç bir hərəkəti yerinə yetirmədən Qanunun 19.2-cı maddəsi ilə müəyyən edilmiş ona aid sübutetmə yükünü iddiaçının üzərinə keçirməyə çalışmışdır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, xarici dövlətin səlahiyyətli orqanı məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”ın 1.2-ci bəndi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi ali təhsilə aid kvalifikasiyanın tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4701/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1716/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1716/2022
19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver