Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1716/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) “icarə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2- 1(112)-11776/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı evin, 2 saylı mənzilinin altında yerləşən zirzəmiyə (qeyri-yaşayış sahəsinə) dair icarə müqaviləsinin onunla bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı evin 2 nömrəli mənzilinin altında yerləşən zirzəmiyə dair onunla icarə müqaviləsinin bağlanması haqqında sərəncamın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11776/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı evin, 2 saylı mənzilində yaşayır, həmin mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı yaşadığı mənzilin altında yerləşən zirzəmini (qeyri-yaşayış sahəsini) icarəyə götürmək məqsədilə dəfələrlə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət etmişdir, lakin müsbət cavab ala bilməmişdir. İddiaçıya bildirilmişdir ki, həmin qeyri-yaşayış sahəsi X1 adına özəlləşdirilməsinə və icarəyə verilməsinə dair Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2022 tarixli 01-21/16 saylı razılıq məktubu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Lakin bina sakinləri tərəfindən sahənin Sahibə Seyidəhmədovaya verilməsinə dair etiraz məktubu Birliyə daxil olduqdan sonra sözügedən qeyri-yaşayış sahəsi mübahisə predmetinə çevrilmişdir. Daha sonra Birlik Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı xx.xx.2022 tarixli 01-21/79 saylı məktubunda məsələyə yenidən baxılacağını bildirmişdir. Nəhayət, iddiaçının MKTB-nə ünvanlanan sonuncu xx.xx.2022-ci il tarixli yazılı müraciətinə heç bir cavab verilməmişdir. Halbuki, məlum qanunvericiliyə əsasən qeyri-yaşayış sahəsinin üst mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan ilk olaraq ona icarəyə verilməli idi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iş üzrə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 121, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 10 mart 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsi 121 saylı binanın 2 saylı mənzilinin altında yerləşən zirzəmi hissədə mövcud qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Suraxanı rayon MKTB tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmuş razılıq məktubunun ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməsi, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsi üçün qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmasına razılıq barədə məktub verilməsi haqda Suraxanı rayon MKTB-yə daxil olmuş H/01 saylı, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmış və tərəflərindən sözügedən ünvanda yerləşən 69 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin vətəndaş X2 icarəyə verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixli, 01-21/16 saylı razılıq məktubu verilmişdir. Dövlət Xidməti tərəfindən hər hansı qərar qəbul edildikdən sonra məsələyə yenidən münasibət bildirilməsi mümkündür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 22 sentyabr 2022-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 09 sentyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən binanın sakinlərinin narazı olduqları səbəbindən Suraxanı Rayon MKTB tərəfindən Xidmətə ünvanlanmış 01-21/79 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda məsələyə yenidən baxılacağı bildirilmişdir. Odur ki, müraciətində qaldırılmış məsələyə dair balanssaxlayıcısının (Suraxanı Rayon MKTB-nin) razılıq məktubu təqdim edildikdən sonra bu məsələnin həlli üçün Xidmət tərəfindən mövcud qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcəkdir. Həmin məktubla məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 25 fevral 2022-ci il tarixli məktubdan görünür ki, yaşadığı mənzilin zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə iddiaçının ərizəsinə baxılmış, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin balanssaxlayıcısının razılığı təqdim edildikdən sonra qaldırılan məsələnin həlli üçün Xidmət tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 28 sentyabr 2022-ci il tarixli iddia ərizəsinə etiraz məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, qeyd olunan qeyri-yaşayış sahəsinin (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı evin, 2 saylı mənzilinin altında yerləşən zirzəmi) iddiaçıya icarəyə verilməsi ilə bağlı balanssaxlayıcı təşkilat olan Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən razılıq verilməmişdir və balanssaxlayıcı təşkilat Xidmətə müraciət edərək həmin sahə ilə bağlı mübahisənin mövcud olduğunu bildirmişdir. İlkin olaraq mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin üçüncü şəxs X1 adına özəlləşdirilməsinə və icarəyə verilməsinə etiraz edilməməsi barədə balanssaxlayıcı tərəfindən razılıq bildirilsə də, daha sonra balanssaxlayıcı təşkilat Xidmətə müraciət edərək sahənin Sahibə Seyidəhmədovaya icarəyə verilməsinə sakinlər tərəfindən narazılıq bildirildiyini, bu səbəbdən qeyd olunan razılıq məktubuna yenidən münasibət bildirilməsini Xidmətdən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Göründüyü kimi, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı evin 2 nömrəli mənzilinin altında yerləşən zirzəmiyə dair onunla icarə müqaviləsinin bağlanması haqqında sərəncamın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi və bununla bağlı inzibati aktın qəbul edilməsi üçün əmlakın balanssaxlayıcısının razılığı tələb edilir. İş materiallarından görünür ki, qeyd olunan qeyriyaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Lakin həmin sahə mübahisəli olduğundan balanssaxlayıcı iddiaçıya icarəyə verilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı halda, cavabdeh diskresion səlahiyyətə malik olmuş və qəbul etdiyi qərar həmin səlahiyyətlərin məqsədinə uyğun olmuşdur. Cavabdeh diskresion səlahiyyətini həyata keçirərkən iddiaçının hüququnun məhdudlaşdırılmasına yönələn hərəkətə yol verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11776/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1716/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1716/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver