Məhkəmə qərarları › İş №2-1(103)-1716/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1716/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1716/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(112)-5949/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5949/2022 nömrəli inzibati iş üzrə xx.xx.2022- ci il tarixli qərarı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması hərəkətlərinin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehin İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz sayılmış və iddiaçıya təyin edilmiş həmin pensiyanın ödənişinin bərpa olunması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və şikayətin qəbulundan imtina olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-323/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3459/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1995/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5949/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-995/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1995/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2253/2022 nömrəli inzibati iş üzrə xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdən İddiaçı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi (qanunvericilikdə müvafiq dəyişiklik edilənədək), 12 aprel 2007-ci il tarixdindən xx.xx.2014cü il tarixə qədər olan müddət üçün əmək pensiyası məbləğinin və həmçinin 12 aprel 2024-cü il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.2-ci bəndinin və 27-ci maddəsinin 23 fevral 2008-ci il tarixində qüvvədə olan tələbləri əsasında 2004-2005-ci illərin əmək haqqısını nəzərə almaqla hesablanıb birdəfəyə İddiaçı ödənilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə həvalə edilmişdir. İş üzrə qərarın icra edilməsi üçün 2- 1(82)-2253/2014 nömrəli xx.xx.2023-cü il tarixli İcra vərəqəsi verilmişdir. İş üzrə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “yeni açılmış hallarla bağlı” ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(82)- 2253/2014 nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2627/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2253/2014 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-2355/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5949/2022 nömrəli inzibati iş üzrə xx.xx.2022ci il tarixli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2024-cü il tarixli məktubla icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Nazirlik) tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar İddiaçı ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixindən dayandırılıb. Belə ki. adıçəkilən şəxsin güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşdan deyil, 57 yaşdan, yəni xx.xx.2014- cü il tarixindən olduğu müəyyən edilib. Nəticədə ona qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək ümumilikdə 172214,31 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Eyni zamanda, adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbələrinə uyğun qaydada 57 yaşının tamamlandığı xx.xx.2014-cü il tarixindən hesablanaraq 849,16 manat olmaqla xx.xx.2022-ci il tarixində bərpa edilib. Həmçinin pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 17049,48 manat pul vəsaiti hesablanıb. Həmin 17049,48 manat vəsait İddiaçı artıq ödənilmiş 172214,31 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 155164,83 manat pul vəsaitinin 2022-ci ilin iyun ayından etibarən hər ay 169,83 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilir ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-246mat-22/4788 nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün Baş İdarənin İstintaq İdarəsinə göndərildiyi qeyd olunub. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(112)-5949/2022 saylı qərardadı ilə cavabdehin 500 (beş yüz) manat cərimə olunması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçıya münasibətdə hər hansı hüquq pozuntusu ilə bağlı məsuliyyət tədbirinin tətbiq edilməsi və ya ona münasibətdə pensiyanın təyin edilməsi ilə bağlı cinayət işinin mövcud olması müəyyən edilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktubları ilə cavabdehdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5949/2022 nömrəli inzibati iş üzrə xx.xx.2022-ci il tarixli qərarının icra olunub-olunmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmənin sorğularına cavab olaraq, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən xx.xx.2024-cü il tarixli məktubla eyniməzmunlu xx.xx.2024-cü il tarixli 3-171/2-240357/2024 nömrəli məktub təqdim edilmişdir. Məhkəmənin qərarının icrası təmin edilmədiyindən İPM-in 120-ci maddəsinə uyğun olaraq məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi ilə bağlı məsələnin müzakirəsi üçün məhkəmə iclası təyin edilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5949/2022 nömrəli inzibati iş üzrə xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini almasına baxımayaraq, cavabdeh tərəfindən heç bir əsas olmadan qərar icra edilməmişdir. Hazırkı məhkəmə iclası tarixinədək, xəbərdarlıq məktubunun göndərildiyi tarixdən 6 ay ərzində sözügedən qərarın icrası təmin edilməmiş, icranın baş tutmamasının üzrlü səbəbləri cavabdeh tərəfindən əsaslandırıla bilməmişdir. Dəfələrlə məhkəmə iclasları qərarın icra ediləcəyi barədə cavabdehin vəsatətləri əsasında təxirə salınmasına baxmayaraq icra tədbirlərinin yerinə yetirilməsinə (pensiya ödənişlərinə) başlanılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir; 120.2-ci maddəsinə əsasən, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir; 120.3-cü maddəsinə əsasən, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər; 120.4-cü maddəsinə əsasən, cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsasən, ...İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. ...İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. (25-29-cü bəndlər) Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası cavabdeh inzibati orqan üçün müəyyən edilmiş müddətlər bitdikdən və qərarın icraya yönəldilməsindən 6 ay ərzində təmin edilməmiş qaldığından, icranın baş tutmamasının üzrlü səbəbləri cavabdeh tərəfindən əsaslandırılmadığından ilkin tədbir qismində cavabdehin minimal həddə, yəni 500 (beş yüz) manat məbləğində cərimə olunması məqsədəuyğundur. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu ilə eyni məzmunda əsaslandırılmışdır və həmin dəlillər qərardadın ləğvinə əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(112)-5949/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar