Məhkəmə qərarları › İş №2-1(103)-1717/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1717/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1717/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-14611/2023 saylı 04 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrinin etibarsız hesab edilməsi və ordu sıralarına hərbi xidmətə qəbul olunması öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 il 05 ay 22 gün qüsursuz xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmri ilə hərbi xidmətdən heç bir qanuni əsas olmadan və özündən xəbərsiz azad edilmişdir. Hətta əmr barədə uzun müddət ona xəbər verilməmiş və o, qazan təminatında qalmışdır. Sonradan onun işdən azad edilməsinə əsas olmuş hallar aradan qalxmasına baxmayaraq onun barəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Hərbi xidməti zamanı əldə etdiyi nailiyyətlər fəxri fərmanlar və medallar, hərbi xidmət zamanı nümayiş etdirdiyi nümunəvi hərbi intizam nəzərə alınmamış və nəticə etibarilə qanunsuz əlverişsiz inzibati akt qəbul edilmişdir. İddiaçı barəsində N nömrəli hərbi hissənin komandiri tərəfindən 2 xidməti xasiyyətnamə tərtib olunmuşdur. Bir xidməti xasiyyətnamə cinayət işində təqsirləndirildiyi zaman prokurorluğa və məhkəməyə təqdim olunmuş, digər xidməti xasiyyətnamə isə dəyişdirilmiş formada barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrə dair sənədlərə əlavə edilmişdir. Barəsində eyni vəzifəli şəxs tərəfindən tərtib olunmuş xidməti xasiyyətnamələrdə çox böyük fərq vardır. Bir xidməti xasiyyyətnamədə iddiaçının hərbi xidmət keçdiyi dövrdə intizamlı, tələbkar və bacarıqlı bir zabit kimi xidmət etdiyi qeyd olunmuşdur. Digər xidməti xasiyyətnamə isə onun tam əksidir. İlk olaraq barəsində müsbət xidməti xasiyyətnamənin tərtib olunması, çox qısa müddət keçdikdən sonra onun ziddinə mənfi xidməti xasiyyətnamənin tərtib olunması inandırıcı deyil. Bu onu göstərir ki, iddiaçının işdən çıxarılmasına səbəb olan xasiyyətnamə həqiqəti əks etdirmir. Əmr uzun müddət iddiaçıdan gizlədilmiş, lakin iddiaçı həmin əmri xx.xx.2022-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə əldə etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14611/2023 saylı 04 dekabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2023-ci il tarixli e-2-1(112)-14611/2023 saylı qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iddianı qeyri-mümkün hesab edərkən ona əsaslanmışdır ki, iddiaçının başqa iddiası üzrə iddia müddətinin keçməsi barədə qanuni qüvvədə olan qərardad var. Məhkəmə bildirib ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 4 fevral 2019-cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və iddiaçının tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmçinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmiş, məhkəmənin həmin qərardadı ilə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməyərək iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-2058/2021 saylı qərardadı ilə təmin edilməmiş və 01 iyun 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-2163/2021 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işi qeyri-mümkün sayarkən iddia müddətinin keçməsi və bu işdə eyni predmet üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasını əsas gətirib. Halbuki iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrinin etibarsız hesab edilməsi, AR İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsi üzrə ((müəyyən etmə və ya tanınma haqqında iddia) iddia qaldırıb. Məhkəmə hər bir işdə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə müstəqil baxmalıdır. Başqa iddia predmeti üzrə iddia müddətinin ötürülməsi hazırkı iddia tələbi üzrə iddia müddətinin müstəqil qiymətləndirilməsini istisna edə bilməz. Məhkəmənin iddiaçı barəsində Bakı İnzibati Məhkəmənin qərarı olan digər işə istinad etməsi mövqeyindən belə çıxır ki, bir dəfə iddia müddətinin ötürülməsi barədə qərardad qəbul edilməsi bütün predmetlər üzrə iddia müddətinin ötürülməsinə səbəb olur ki, bu da birbaşa Konstitusiyanın 60-cı və Konvensiyanın 6-cı maddəsinin birbaşa pozuntusudur. Preyudisiya prosessual hərəkətlərin deyil, faktların müəyyən edilməsini nəzərdə tutur. Ona görə də həmin müəyyən edilmiş faktın yenidən sübut edilməsi üçün əlavə vaxtın və mübahisənin olmaması üçün preyudisiya tətbiq edilir. Yoxsa ki, hər hansı bir iddia üzrə iddia müddətinin ötürülməsi başqa bir iddiada preyudisiya hesab edilməsinə yol verilmir. Məhkəmənin hazırkı iş üzrə iddianı mümkünsüz hesab etməsi işin heç bir halı ilə sübut edilmir. Ona görə də, məhkəmə heç bir qanuni əsas olmadan əvvəlki məhkəmə işinə istinad edib. İş üzrə faktları araşdırmayıb. İddiaçının barəsində eyni vəzifəli şəxs tərəfindən tərtib olunmuş xidməti xasiyyətnamələrdə olan fərqlə bağlı məhkəmə araşdırma aparmayıb. Bir xidməti xasiyyyətnamədə iddiaçının hərbi xidmət keçdiyi dövrdə intizamlı, tələbkar və bacarıqlı bir zabit kimi xidmət etdiyi qeyd olunub, digərində isə bunun əksi qeyd olunub. Bununla da iddiaçı qanunsuz olaraq işdən azad olunub. İlk olaraq barəsində müsbət xidməti xasiyyətnamənin tərtib olunması, çox qısa müddət keçdikdən sonra onun ziddinə mənfi xidməti xasiyyətnamənin tərtib olunması inandırıcı deyil. Bu onu göstərir ki, iddiaçının işdən çıxarılmasına səbəb olan xasiyyətnamə həqiqəti əks etdirmir, əmr etibarsızdır. Ona görə də, İddiaçı Nəhmət oğlunun Konstitusiyanın 60-cı və Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlarının pozuntusuna son qoyulmalı və qərardad ləğv edilməlidir. Tərəflərin izahatları xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə iddiaçı və cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı tələbi “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrinin etibarsız hesab edilməsi və ordu sıralarına hərbi xidmətə qəbul olunması öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırda mübahisələndirdiyi əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (N nömrəli hərbi hissənin qrupun sabiq komandiri-dalğıc) kapitan-leytenant İddiaçı Nəhməd oğlu həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırda həmin əmrin etibarsız hesab edilməsi və onun hərbi xidmətə qəbul olunmasını xahiş edir, hansı ki, bu iddia müəyyən etmə və tanınma haqqında iddia növünə aiddir. Qeyd olunan iddia növü digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilməlidir ki, subsidiarlıq tələbinə əsasən, müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Yəni, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-nin 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində ümumi tələbdir. Yəni, məsələn, mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş şəxs eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. İş materiallarından müəyyən olunur ki, iddiaçı bundan öncə də cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 4 fevral 2019-cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmçinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməyərək iddia mümkün sayılmamışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-2058/2021 saylı qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(102)2163/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, iş materiallarından məlum olur ki, iddiaçı yenidən 2022-ci ildə cavabdehin xx.xx.2019-cu il tarixli 0119 nömrəli əmrinin ləğv edilməsi və ordu sıralarına hərbi xidmətə qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9667/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 21(103)-986/2023 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9667/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmış, iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(102)-2163/2021 saylı qərarı ilə şikayət təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1186/2023 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı təkrarən həmin əmrin etibarsız sayılması ilə bağlı xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsində iddia irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddiaçının hazırki iddiasını da qeyri-mümkün sayaraq hesab etmişdir ki, hazırda iddiaçı onun barəsində olan əmrin etibarsız sayılması barədə iddia irəli sürsə də, hazırki iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır, iddiaçı daha əvvəl mümkün sayılmayan iddianın faktiki əsaslarına istinad etməklə, eyni məsələ ilə bağlı yenidən iddia irəli sürmüş və prosessual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün həmin əmrin ləğvini deyil, etibarsızlığını xahiş edərək hazırki iddianı “müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən 2021-ci ildə sözügedən əmr məhkəmədə mübahisələndirilmişdir, iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və İPM-nin 38.1-ci maddəsinin tələbləri nəzərə alındıqda, iddiaçı hazırda mübahisələndirdiyi əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti ötürüldükdən sonra eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldırıla bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qeyrimümkün sayılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14611/2023 saylı 04 dekabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14611/2023 saylı 04 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar