Məhkəmə qərarları › İş №2-1(103)-1718/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1718/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1718/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X2 ürə Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1688/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı cavabdehin onun barəsində tərtib edilmiş 24.12.2018-ci il tarixli, **********3385 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı iddiaçı barəsində tərtib edilmiş 24.12.2018-ci il tarixli, **********3385 nömrəli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddia tələbi üzrə müddətin bərpa edilməsi barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-1688/2020 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəf apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.01.2021-ci il tarixli, 2- 1(103)-403/2021 nömrəli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1688/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan iddiaçı kassasiya şikayəti vermiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-810/21 saylı, 28 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 403/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz edərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Kollegiya işin hallarını, kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəli qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi qərardadında göstərir ki, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi orqanının 24.12.2018-ci il tarixli **********8009700 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış, e-qutuda 12.01.2019-cu il tarixdə saat 23:33-də oxunmuşdur. İddiaçı ərizədə həmin qərardan elektron kargüzarlıq vasitəsi ilə məlumatlı olmasını da qeyd etmişdir”. Birinci instansiya məhkəməsi qərardadı əsaslandırarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsini tətbiq etməklə hüquq normasının tətbiqində kobud səhvə yol vermişdir. Qeyd edilən maddənin məzmunu bundan ibarətdir ki, qərar elektron üsulla elektron kabinetə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra vergi ödəyicisinə lazımi qaydada çatdırılmış sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin maddi hüquqi norma Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il tarixli qanunla əlavə edilmiş, qanun isə 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Lakin tərəflər arasında sözügedən mübahisə 01 yanvar 2019-cu il tarixə qədər yaranmış (akt 24.12.2018-ci il tarixdə tərtib edilmişdir) və adıçəkilən maddi hüquq normasının tətbiq edilməsi yolverilməzdir və qanunsuzdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin cavabdeh iddiaçıya sözügedən qərarı sifarişli məktubla (poçt vasitəsi ilə) göndərdiyini bildirsə də, iş materiallarından göründüyü kimi, mübahisə predmeti olan qərarın iddiaçıya Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada təqdim edilməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli qərarı alması cavabdeh tərəfindən sübut olunmadığından iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən ötürülmüş prosessual müddətin bərpası barədə ərizə məhkəmə tərəfindən edilən yardım nəticəsində məhkəməyə təqdim edilmişdir. Məhkəmənin yardımına qədər isə iddiaçı tərəf prosessual müddətin bərpası barədə ərizənin verilməsində maraqlı olmamışdır. Çünki iddiaçı tərəf prosessual müddəti ötürdüyünü hesab etməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını nəzərə almadan iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia tələbi üzrə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75, 80 və 87 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1688/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X2 ürə Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar