Məhkəmə qərarları › İş №2-1(103)-1718/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1718/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1718/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2953/2022 saylı 17 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1974-cü il tarixli hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. ZV seriyalı 686038 saylı xx.xx.1982-ci il tarixli diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1977-ci ildən 1982-ci ilədək X1 İnistutunda təhsil almışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı xx.xx.2021ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək kitabçasına, hərbi biletinin və diplomunun surətlərinə əsasən onun ümumi sığorta stajını 16 il 10 ay 12 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 10 ay 12 gün sığorta stajına uyğun olaraq 12.825,63 manat pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli aktına əsasən həmin xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi "xxxx" ATSC-nin arxiv sənədlərinin saxlanılmaması səbəbindən qeyd olunan dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Beləliklə, həmin dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən müraciətçiyə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Ona xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Həmin imina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə doğulmuş, pensiya yaşı tamam olmuş, müxtəlif sahələrdə işləmiş və əyani təhsil almışdır. Lakin əmək pensiyası ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etməsinə baxmayaraq, ona imtina məktubu göndərilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçının ümumi iş stajı 16 il 10 ay 12 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Yəni iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək həmin müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş 23 dekabr 2021-ci il tarixli, 4/2554 nömrəli məktubda "xxxx" müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Eyni zamanda “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6- 1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, xx.xx.2006cı il tarixədək olan sığorta stajına uyğun (16 il 10 ay 12 gün) sığorta kapitalı 12825,63 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İş materiallarından aydın olur ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi "xxxx" müəssisəsinin faktiki və arxiv sənədlərini saxlanıldığı ünvan məlum olmadığı üçün (müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı bir sübüt yoxdur və sənədləri arxivə təhvil verilməmişdir) həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Buna görə də həmin dövrlər (xx.xx.1993-xx.xx.2006-cı il illər) sosial sığorta stajına daxil edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2953/2022 saylı 17 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehn üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin **********6 saylı 26 noyabr 2021-ci il tarixli cavab məktubuna əsasən İddiaçı mübahisələndirilməyən sığorta stajına xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək - 2 il 5 gün (hərbi bilet), xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək - 4 il 10 ay 21 gün (təhsil illəri), xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək - 6 il 11 ay 19 gün, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək -1 il 2 ay 4 gün xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək -1 ay 28 gün, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək -1 il 7 ay, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək - 2 ay 23 gün daxildir. Beləliklə, iddaaçının mübahisələndirilməyən iş stajının müddəti 16 il 10 ay 12 gün təşkil edir. Filialın Hüquq, Daxili nəzarət və Monitorinq departamentinin Monitorinq və Araşdırma şöbəsi tərəfində tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçının işlədiyini iddia etdiyi və əmək kitabçasında qeyd olunan 05 aprel 1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan illərin "xxxx" ATSC-nin arxiv sənədlərinin saxlanılmaması səbəbindən araşdırılması mümkün olmamış və sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə, İddiaçı mübahisələndirilən sosial sığorta stajı 12 il 8 ay 26 gün təşkil edir. İşin tam və obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 14 dekabr 2021-ci il tarixli **********2 nömrəli sorğu verilmiş və 23 dekabr 2021-ci il tarixli 4/2554 nömrəli cavab məktubunda “Bakı-Aqrotəchizat" müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilməməsi qeyd edilmişdir. Beləliklə, İddiaçı "xxxx" müəssisəsində işlədiyi illəri araşdırmaq mümkün olmadığından 05 aprel 1993-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək olan dövr sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada 130 manat məbləğində yaşa görə müavinət təyin edilmiş və hal-hazırda ödənilməkdədir. Beləliklə, iddiaçının mübahisələndirilməyən iş stajının müddəti: 16 il 10 ay 12 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. İddiaçının fərdi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 311 saylı xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalar”nın 1.1, 1.3,1.4-cü bəndlərinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az, yəni 16 il 10 ay 12 gün olması və pensiya kapitalının kifayət qədər olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajının 25 ildən artıq olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1956-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil barədə sənədi (diplomu), əmək kitabçasını və arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin və diplomun surətlərindən görünür ki, İddiaçı müvafiq olaraq xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 1977-ci ildən 1982-ci ilədək X1 İnistutunda təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 20 03.1977-ci il tarixli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 01 iyul 1973-cü il tarixdən 30 oktyabr 1974-cü il tarixə kimi “Gədəbəy” İxtisaslaşdırılmış arıçılıq sovxozunda işləmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuş (xx.xx.1976 Hərbi bilet Əmr 188, xx.xx.1976-cı il), xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilədək X1 İnistutunda təhsil almış ( Diplom № 686038, xx.xx.1982-ci il), xx.xx.1982-ci ildə Maddi texniki təminat üzrə Blaqoveşensk rayon müəssisəsinin maddi texniki bazasının texniki təminat sanatoriyasına mühəndis-texnoloq vəzifəsinə qəbul olunmuş (Əmr № 95, xx.xx.1982- ci il), xx.xx.1986-cı ildə Komisyon ticarət üzrə mühəndis-texnoloq vəzifəsinə keçirilmiş (Əmr № 33, xx.xx.1986-ci il), xx.xx.1989-cu ildə öz xahişi ilə işdən azad olunmuş (Əmr № 176, xx.xx.1989-cu il), xx.xx.1989-cu il mühəndis vəzifəsinə qəbul olunmuş (protokol № 11, xx.xx.1989-cu il), xx.xx.1991-ci ildə öz istəyi ilə tutduğu vəzifədən azad olunmuş (protokol № 3, xx.xx.1991-ci il), xx.xx.1991-ci ildə Hesablama texnikası üzrə mühəndis-texnoloq vəzifəsinə işə qəbul olunmuş (Əmr № 4, xx.xx.1991-ci il), xx.xx.1992-ci ildə işdən azad olunmuş (Əmr № 27, xx.xx.1992-ci il), xx.xx.1993-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuş (Əmr № 184, xx.xx.1993-cü il), xx.xx.1993-cü ildə 2 №li Respublika Mərkəzi Təchizat Bazasına əmtəəşünas vəzifəsinə qəbul olunmuş (Əmr № 20/k, xx.xx.1993-cü il) və xx.xx.2006-cı il tarixdə işdən azad olunmuşdur. Nəzərə alınmalıdır ki, hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləcə də onun işlədiyi müəssisənin arxiv sənədlərinin olmaması səbəbindən onun xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ATSC-də işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. İddiaçının 1993-2006-cü illərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir halın olmadığı halda onları qəbul etmir, yeganə dəlil olaraq həmin müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmadığına istinad edir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 4/2554 saylı 23 dekabr 2021-ci il tarixli məktunbudan görünür ki, “Bakıaqrotəchizat” müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********92800 saylı məktubda qeyd olunmuşdur ki, xx.xx.2006- cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC xx.xx.2006-cı il tarixdə 0106-P230-46139 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********57 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin 2 saylı Respublika Mərkəzi Təchizat bazasının əsasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 393 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004cü il tarixində tam özəlləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2022-ci il tarixli **********59300 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin nizamanaməsinin surətindən müəyyən olunur ki, Cəmiyyət Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx.xx.2006-cı il tarixdə, 0106-P230- 46139 nömrə ilə Dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin bazasında yaranmışdır və onun hüquqi varisidir. "xxxx" ASC xx.xx.2006-cı il tarixdə hüquqi şəxs kimi Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyatdan keçmişdir. Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə, D-2590 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" ATSC-nin özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüquqi varisidir. Vergilər Nazirliyi yaında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın surətindən müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2006-cı ildə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı onun əmək kitabçasına əsasən xx.xx.1993-cü il tarixində işə qəbul olunduğu Kənd Təsərrüfatı Nazirliyinin 2 saylı Respublika Mərkəzi Təchizat bazası həmin dövrdə mövcud olmuş, həmin müəssisə Əmlak Məsələləri Dövlət Xidmətinin **********57 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunduğu kimi, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 393 nömrəli sərəncamı ilə bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilmişdir. Beləliklə, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi "xxxx" ATSC müəssisə olaraq işlədiyi dövrdə mövcud olmuş, cavabdehin istinad etdiyi haliddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin mövcud olmaması isə iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Bununla yanaşı, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məktublarının məzmunundan aydın olur ki, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı illərdə işlədiyi müəssisə mövcud olmuşdur. Buna görə də iddiaçının 1993-2006-cı illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək həmin dövrdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının mübahisəli dövrdə- xx.xx.1993-xx.xx.2006-cı illərdə işlədiyi müəssisənin arxiv sənədlərinin olmamasına görə həmin illərdəki stajı qəbul etməsə də, iddiaçının həmin müəssisədə işlədiyi sonrakı illərdəki iş stajını qəbul etmiş, belə olan halda istinad etdiyi imtinanın əsasını təşkil edən dəlili əsaslandıra bilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2953/2022 saylı 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2953/2022 saylı 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar