Məhkəmə qərarları › İş №2-1(103)-1719/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1719/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1719/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Həmidov Həmid Üzeyir oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və üçüncü şəxs X4 qarşı qərarın ləğv edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-4701/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 9 dekabr 2019-cu il tarixli səyyar vergi yoxlaması aktının və həmin aktın nəticələri üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196367 nömrəli 17 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh inzibati orqan kimi “AR Vergi Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti”ni göstərsə də, bu hal formal xəta qismində qiymətləndirilməli və iddia ərizəsində cavabdeh qismində “AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi” göstərilmiş sayılmışdır. Məhkəmənin qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-4701/2020 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2016/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-4701/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər V.Məmmədov məruzəçi, E.Nağıyeva və C.Yusifov) Həmin qərardaddan narazı qalan iddiaçı kassasiya şikayət vermişdir. AR Ali Məhkəməsinin İK-nın 2-1(102)-462/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2016/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, 17.01.2020-ci il tarixli qərarda göstərilmişdir ki, qərardan 30 gün müddətində məhkəməyə, 3 ay müddətində yuxarı vergi orqanına şikayət verilə bilər. İddiaçı 17.01.2020-ci il tarixli qərarın qəbul edilməsindən 23.01.2020-ci il tarixdə məlumat əldə edən kimi 5 gün sonra cavabdehə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Ən azından həmin 28.01.2020-ci il tarixli şikayətin verilməsi müddətin ötürülməsini istisna edir. Cavabdeh 28.01.2020-ci il tarixli şikayətə baxıb qərar çıxarmamış, 1 ay 16 gün sonra - 16.03.2020-ci il tarixli məktub yazaraq, səyyar vergi yoxlaması aktında göstərilən vergidən yayınma ilə əlaqədar 12.03.2020-ci il tarixdə cinayət işinin başlanıldığı bildirmiş və şikayətdə qeyd edilən hallara dair sübutların cinayət prosesini həyata keçirən orqana təqdim edilməsini tövsiyə etmişdir. İddiaçı bu məktubun elektron kabinetə yerləşdirilməsindən 2020-ci ilin aprel ayının 10-u ərəfəsində məlumat əldə edən, yəni məktub oxunan kimi 22.04.2020-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. “İnzibati icraat haqqında” AR Qanununun 78.2-ci maddəsinə əsasən, şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, əslində cavabdeh qanun pozuntusuna yol vermiş, 17.01.2020-ci il tarixli aktdan 1 ay ərzində şikayətə baxmamış, qərar çıxarmamışdır, 16.03.2020-ci il tarixli məktub qərar hesab edilmir. Bu halda iddiaçının tövsiyə məktubunu aldıqdan sonra “İnzibati icraat haqqında” Qanunun 73.1 və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək məhkəməyə müracət etmək hüququ olmuşdur ki, bu hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 38.3.1-ci maddəsində nəzərdə tutulmuşdur. Hazırkı mübahisələndirmə haqqında iddia İPM-in 38.3.1-ci maddəsində göstərilən vəziyyətə tam uyğundur, yəni iddiaçı 17.01.2020-ci il tarixli qərardan Vergilər Nazirliyinə şikayət etmiş, Nazirliyin tövsiyə məktubundan isə həmin Nazirliyin yaratdığı quruma şikayət verməmişdir və bu səbəbdən şirkətin İPM-in 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə müddətlər daxilində məhkəməyə müraciət etmək hüququ olmuşdur. Məhkəmə isə qərar qəbul edərkən İPM-in 38.3.1-ci maddəsinə müraciət etməmiş, əksinə göstərmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 73.1-ci və ya 73.2-ci maddələrində göstərilən müddətlər mübahisələndirmə haqqında iddialara şamil edilə bilməz. Hesab edir ki, məhkəmənin bu mövqeyi ədalətli deyil, çünki İPM-in 38.3.1-ci maddəsində “İnzibati icraat haqqında” Qanunun 73.1-ci və ya 73.2-ci maddələrinin o cümlədən mübahisələndirilmə haqqında iddialara şamil edildiyi göstərilir. İş üzrə vacib əhəmiyyət kəsb edən başqa bir məqam Vergilər Nazirliyinin 16.03.2020-ci il tarixli tövsiyə xarakterli məktubunun ümumiyyətlə rəsmi qaydada iddiaçıya təqdim edilməməsidir. Məhkəmə bu sənədin təqdim edilməsini Vergi Məcəlləsinin 70.2- 1.3-cü maddəsi ilə əsaslandırmışdır. Bu maddə ilə bərabər eyni tarixdə Məcəlləyə 13.2.72- ci maddə əlavə edilmişdir. Həmin maddədə elektron kabinetin açıqlaması verilir. Göründüyü kimi, hər hansı sənədin elektron kabinetdə oxunmuş hesab edilməsi üçün mütləq qaydada vergi orqanı ilə vergi ödəyicisi arasında müəyyən edilmiş formada müqavilə olmalıdır ki, belə bir müqavilə iş materiallarına əlavə edilməmişdir və bağlanması barədə məlumatımız yoxdur. İş materialarına eyni zamanda 16.03.2020-ci il tarixli tövsiyə məktubunun oxunma tarixi barədə sənəd əlavə edilməmişdir. Məktubu oxumadan təbii ki, məhkəməyə müraciət edə bilməzdi, oxunma tarixi iş üzrə sübut edilmir. Başqa vacib əhəmiyyət kəsb edən və hamıya bəlli olan fakt ondan ibarətdir ki, 2020-ci ilin mart ayından respublika pandemiya şəraitindədir və qanuna uyğun olaraq bir çox məhdudiyyətlər müəyyən edilmişdir. Bununla bağlı Ali Məhkəmənin Plenumu tərəfindən 05 saylı 19.03.2020-ci il tarixli qərar qəbul edilmiş, bu qərarara əsasən məhkəmələrin fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31,03.2020-ci il tarixli 122 saylı qərarı ilə 31.03.2020-ci il tarixdən 31.05.2020-ci il tarixədək Respublikada xüsusi karantin rejimi müəyyən edilmiş, 18.04.2020-ci il tarixli 144 saylı qərarı ilə xüsusi karantin rejiminin müddəti 04.05.2020-ci il tarixdədək uzadılmışdır. Yəni bu şəraitdə hamıya bəllidir ki, martaprel aylarında evdən çıxmaq, məhkəməyə sənəd təqdim etmək mümkünsüz idi. İddiaçı isə məcbur olub 22.04.2020-ci il tarixdə kuryer çağırmış və iddia ərizəsini məhkəməyə göndərmişdir. ona görə də apellyasiya şikayətinin təmin ediulməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılaraq baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansoya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəısinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı iddiasında iki tələb irəli sürür: - cavabdehin 9 dekabr 2019-cu il tarixli səyyar vergi yoxlaması aktının ləğv edilməsi; - cavabdehin 9 dekabr 2019-cu il tarixli aktının nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********196367 nömrəli 17 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM) ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. İPM-in 24-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. MPM-in 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: (49.1.1) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, (49.1.2) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, (49.1.3) əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, (49.1.4) əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, (49.1.5) əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, (49.1.6) yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: - (70.2-1.3) elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının birinci tələbində mübahisələndirilən 9 dekabr 2019-cu il tarixli akt inzibati akt sayıla bilməz, çünki, həmin akt hər hansı şəxs üçün özü müstəqil şəkildə hüquqi nəticə yaratmır. Odur ki, iddia həmin hissədə mümkün sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd edilən hissəsini mümkün saymayaraq haqlı olmuşdur. İddianın ikinci hissəsinə gəldikdə isə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin **********196367 nömrəli 17 yanvar 2020-ci il tarixli qərarı əlverişsiz inzibati akt kimi mübahisələndirilsə də, iddia qanunla müəyyən edilmiş iddia müddəti buraxılmaqla qaldırılmışdır. İddiaçı tərəfin yuxarı vergi orqanına (AR Vergilər Nazirliyinə) təqdim etdiyi 28 yanvar 2020-ci il tarixli şikayətdə **********196367 nömrəli 17 yanvar 2020-ci il tarixli qərar konkret göstərilməmişdir, lakin şikayətin yekun hissəsində (sonunda) tarixi və nömrəsi qeyd olunmadan məhz qərarın ləğv olunması xahiş edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi həmin şikayətin verilməsi ilə iddia müddətinin axımının dayandırılmasını məğbul qiymətləndirir. Lakin birinci instansiya məhkəməsi nəzərə almışdır ki, AR Vergilər Nazirliyinin 16 mart 2020-ci il müvafiq cavab məktubu AR Vergi Məcəlləsinin 70-ci maddəsinə əsasən elektron üsulla göndərildiyindən, 19 mart 2020-ci il tarixdə artıq vergi ödəyicisi kimi hazırkı iddiaçıya çatdırılmış sayılır. Belə məlum olur ki, 19 aprel 2020-ci il tarixdə **********196367 nömrəli 17 yanvar 2020-ci il tarixli qərarın mübahisələndirilməsi üçün iddia müddəti başa çatmışdır. İş materiallarında olan “X6” MMC-nin aktında qeyd olunur ki, "xxxx" MMC-nin Bakı İnzibati Məhkəməsinə ünvanladığı zərf həmin quruma 22 aprel 2020-ci il tarixdə təqdim edilmiş və sözügedən sənədlər məhkəməyə 22 may 2020-ci il tarixdə çatdırılmışdır. Bu əsasla mötəbər sübut qismində qəbul olunduğu halda da, iddiaçı “iddia ərizəsini (sənədlərlərlə birlikdə)” rabitə qurumuna 17 yanvar 2020-ci il tarixli qərarın mübahisələdirilməsi üçün müəyyən edilmiş 30 günlük iddia müddətinin başa çatmasından 3 gün sonra təqdim etmişdir (MPM-in 129.3-cü maddəsinə görə rabitə xidmətinə çatdırılma nəzərə alınır). Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf iddia müddətinin buraxılmamış sayılmasında israrlı olduğundan, məhkəmə İPM-in 13, 24-cü maddələrinin tələbləri baxımından “buraxılmış prosessual müddətin bərpası” barədə vəsatət verilməsinin tövsiyyə olunmasını məqsədəuyğun saymamışdır. Bundan başqa, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 72.4-cü maddəsinə əsasən bu fəslin müddəaları (71 – 80-cı maddələr) inzibati qaydada verilən şikayətlərə şamil olunur. Həmin Qanunun 73-cü maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsində göstərilən “6 ay” müddətində şikayət verilməsinin analogiya üzrə inzibati məhkəmə icraatı qaydasında baxılan “mübahisələndirmə haqqında” iddialara münasibətdə tətbiqi yolverilən deyil. Bu qənaət ondan irəli gəlir ki, İPM-də həmin növ iddialar üzrə iddia müddətini nəzərdə tutan müddəa (maddə 38.1) mövcuddur, həm də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 72-ci maddəsi həmin Qanunun müvafiq fəslinin, o cümlədən 73-cü maddəsinin tələblərinin “inzibati şikayət”lərə şamil olunduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17.01.2020-ci il tarixli, **********196367 nömrəli qərarın ləğv edilməsi” hissəsini mümkün saymayaraq düzgün nəticəyə gəlməmişdir. Cavabdeh iddia edir ki, 21.01.2020-ci il tarixli qərarını iddiaçının elektron kabinetinə göndərməklə həmin qərar 23.01.2020-ci tarixdə çatdırılmışdır. Lakin işin 1-ci cildinin 166, 167-ci səhifələrində olan “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan və məktubdan görünür ki, həmin hesabatın “sənədi göndərən şəxs VÖEN” sətirində iddiaçının VÖEN-i qeyd edilmiş, “sənədi göndərən şəxs @ AZİ” sətirində isə "xxxx" MMC” yazılmış sözügedən məktubda və ən əsası da odur ki, hər hansı elektron imza mövcud deyildir. Halbuki “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; 1.1.15-ci maddəsinə görə informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mühahisələndirilən qərarın elektron üsulla göndərildiyindən, 19 mart 2020-ci il tarixdə artıq vergi ödəyicisi kimi hazırkı iddiaçıya çatdırılmış sayılması və həmin qərarıın mübahisələndirilməsi üçün iddia müddəti başa çatması dəlillərini əsassız hesab edir. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: Elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) 31. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda əksini tapmış VM-nin 70.1,70.2,70.2-1, 70.2-1.3, 70.2-ci maddələrinə əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. İş materiallarında olan və mübahisələndirilən qərar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin iddiaçıya çatdırılmamış hesab edilməlidir. Eyni zamanda, kollegiya qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin iş materialları ilə adıçəkilən sənədin iddiaçıya sifarişli məktubla göndərilməsi müəyyən olunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2- 1(112)-4701/2020 saylı qərardadı qismən – iddia tələbinin mümkün sayılmayan “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17.01.2020-ci il tarixli, **********196367 nömrəli qərarın ləğv edilməsi” hissəsində ləğv edilməli və iş həmin hissədə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməli, qərardad qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-4701/2020 saylı qərardadı qismən - iddia tələbinin mümkün sayılmayan “vergi ödəyicisinini vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17.01.2020-ci il tarixli, **********196367 nömrəli qərarın ləğv edilməsi” hissəsində ləğv edilsin və iş həmin hissədə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Həmid Həmidov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar