Məhkəmə qərarları › İş №2-1(103)-1719/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1719/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1719/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs BOKT "xxxx" MMC) “xəstəlik vərəqi üzrə hesablanmış vəsaitin ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2459/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq ona xx.xx.2020-ci il tarixli SN0006 797115 xəstəlik vərəqi üzrə hesablanmış 1524.48 manat vəsaitin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı onunla "xxxx" MMC arasında mövcud olmuş xx.xx.2020-ci əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 1.022 manat olmaqla, baş ofisin regional icra mütəxəssiz vəzifəsini icra edirdi. xx.xx.2021-ci il tarixdə əməliyat olunmuş və bununla bağlı **********9 nömrəli xəstəlik vərəqəsi təqdim etmişdir. Xəstəlik vərəqəsində işdən azad olunduğu tarixin başlanğıcı xx.xx.2020-cil il sonu isə xx.xx.2020-ci il göstərilib. "xxxx"MMC həmin vərəqəni qəbul etdikdən sonra, qanunveriliciyə uyğun olaraq 14 təqvim gününün müavinətı ona ödəmişdir, 14 təqvim günündən sonrakı dövrə düşən məbləğ isə DSMF tərəfindən ödənilmişdir. O, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaracuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yolda gedən zaman ayağı burxulub yıxılmış və sol ayağının baldır hissəsi əzilmişdir. Hadisə iş vaxtı baş verməmiş, bununla bağlı Azkredit MMC-də izahat da vermişdir. xx.xx.2020-ci il tarixdə 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsinə müraciət etmiş, Xəstəxananın poliklinika şöbəsi tərəfindən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi əmək qabiliyyətinin olmaması barədə vərəqə verilmişdir. Buna görə "xxxx" MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək xəstəlik vərəqəsinə əsasən müalicədə olduğu dövrdə buraxılan 28 təqvim iş günü üçün hesablanmış müavinətin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubu ilə imtina edərək ilk 14 gün sığortaedən tərəfindən ödənildikdən və zədənin məişətdə alınmasına dair informasiyanın “altsisteminə daxil edilməsindən sonra qalan günlərin sığortaçı tərəfindən ödənilə biləcəyini bildirərək ona imtina cavabı vermişdir. 14 aydan artıq vaxtın keçməsinə baxmayaraq cavabdehlər tərəfindən heç bir müavinat ödənilməmişdir. xx.xx.2020-ci il tarixdə Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2020-ci il ilin iyun 08-dən iyulun 06-dək əmək qabiliyyəti olmama vərəqəsinə əsasən, müalicə olunduğu dövrdə ümümilikdə 28 gün muavinatın ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(005)- 731/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, lakin sonradan, cavabdeh Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmiş , Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7119/2021saylı qərardadı ilə Nərimanov rayon Məhkəməsinin həmin qətnaməsi ləvğ edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş və ona mübahisənin inzibati məhkəmənin səlahiyyətinə aid olduğu izah edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, sığortaedən "xxxx" ASC tərəfindən İddiaçı “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə” müavinətin ödənilməsi ilə bağlı elektron qaydada göndərilmiş SN 00006 seriyalı 842779 nömrəli xəstəlik vərəqəsi üzrə xx.xx.2020xx.xx.2020-ci ilə aid dövrləri əhatə edən haqq-hesab cədvəli 2020-ci ilin 13 iyul tarixində qeyd edilmiş rekvizitlər üzrə ödənişə göndərilmiş, 14 təqvim gününə düşən 577,32 manat "xxxx" ASC tərəfindən , 14 təqvim günündən sonrakı dövrə düşən 494,84 manat isə Filial tərəfindən ödənilmişdir. X1 sisteminin “Sığorta” altsisteminə daxil edilmiş sığortaolunan İddiaçı aid SN 00006 seriyalı 797115 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixinədək olan dövrü əhatə edən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı **********300107200393944, ********************39119 nömrəli haqq-hesab cədvəlləri Fonda göndərilmiş, lakin aşağıdakı səbəblər qeyd edilməklə geri qaytarılmışdır: 1. xəstəlik vərəqəsi davamlı olmadığı üçün ilk 14 gün üçün hesablanmış müavinət sığortaedən tərəfindən ödənilməlidir; 2. zədənin məişətdə və ya istehsalatda baş verməsi barədə müvafiq sənəd sistemə daxil edilməlidir. Birinci səbəb ilə əlaqədar bildirilir ki, SN 00006 seriyalı 842779 nömrəli və SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqələrindən aydın olur ki, ilk xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixi, növbəti xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixləri əhatə edir və xəstəlik vərəqəsi davamlı deyil, fasilə verilərək tərtib edilmişdir ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə istinad olunur) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2459/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan, iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, apellyasiya şikayəti vermiş və Bakı İnzibati Məhkəməsinin qeyd edilən xx.xx.2022-ci il tarixli qərarı ilə razı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının bu ifadə tərzini - həmin qərarın ləğv edilməsi və iddiasının təmin olunması barədə yeni qərar çıxarılması barədə” xahişi kimi qiymətləndirir. Apellyasiya şikayətində iddiaçı eyni zamanda qeyd etmişdir ki, üçüncü şəxs BOKT "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məhkəməyə təqdim etdiyi rəyində internet saytı vasitəsilə AR ƏƏSMN-nin X1 Sisteminə xəstəlik vərəqəsi daxil edilmiş, sistem 2-ci xəstəlik vərəqəsini 1-cinin davamı kimi qeydə almış və məbləğin 1524,48 AZN DSMF tərəfindən ona ödənilməsi göstərilmişdir. Əgər xəstəlik vərəqələri fasiləsiz deyildirsə, nə üçün sistem həmin vərəqəni fasiləsiz olaraq qeydə almışdır. Sistemdə belə problemlərin olduğu üçün, ona xəstəlik vərəqəsinə görə ödənilməli olan məbləği 2 ilə yaxın ala bilmir. Odur ki, qərardan verdiyi apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsini xahiş edir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş hesab edərək və apellyasiya icraatını mümkün sayır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs T.Məmmədova AR ƏƏSMN-nin X1 Sisteminə xəstəlik vərəqəsi daxil edilərkən, alt sistemin 2-ci xəstəlik vərəqəsini 1-cinin davamı kimi qeydə alındığını və xəstəlik vərəqi üzrə 14 gün tərəflərindən ödənildiyini, qalan günlər üçün ödənişin cavabdeh tərəfindən edilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Orucov iddiaçı və üçüncü şəxsin nümayəndəsi ilə razılaşmayraq vurğulamışdır ki, AR ƏƏSMN-nin X1 Sistemində belə yanlışlıqlı qeydlər ola bilər. Fakt budur ki, iddiaçının xəstəlik vərəqələri arasında 2 gün fasilə mövcuddur. Ödəmə də məhz, xəstəlik vərəqəsinə əsasən aparılır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia tələbindən göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixli SN0006 797115 saylı xəstəlik vərəqi üzrə hesablanmış 1524.48 manat əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik müavinətinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələb etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi qərarında belə qənaətə gəlmişdir ki, “SN 00006 seriyalı 842779 nömrəli və SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqələrinə əsasən ilk xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixi, növbəti xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixləri əhatə etdiyindən, yəni xəstəlik vərəqəsi davamlı olmadığından, yəni xəstəliyi fasiləli olduğundan, hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razlaşır. Belə ki, iddiaçının iş materiallarında olan əmək kitabçasının surətinə, üçüncü şəxs “Azkredit" MMC-nin xx.xx.2020-ci il tarixli aktının surətinə, eləcə də, xx.xx.2020-ci il tarixli həkim arayışına və xx.xx.2020-ci il tarixli iddiaçının özünün verdiyi izahatına əsasən müəyyən olunur ki, iddiaçı: - xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərində "xxxx" MMC-nin baş ofisində regional icra mütəxəssis vəzifəsində çalışmışdır. O, xx.xx.2020-ci il tarixində Bakı şəhəri Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində yol gedərkən yıxılmış, sol ayağının baldır hissədən xəsarət almış, həmin tarixdən xəstəlik məzuniyyətində olmuşdur. Belə ki, 15 saylı BŞX-nın poliklinikasına müraciət etmiş, rentgen müayinəsi olunmuş, ona sol baldır ayaq oynağının əzilməsi, hemoartroz diaqnozu qoyulmuşdur. O, ambulator müalicə almış və əmək qabiliyyətinin olmamsı barədə barəsində iki xəstəlik vərəqəsi tərtib olunmuşdur: -SN 00006 seriyalı 842779 nömrəli xəstəlik vərəqəsində onun “xarici burun deformasiyası diaqnozu” ilə xx.xx.2020-ci il tarixindən işdən azad edilməsi, xx.xx.2020-ci il tarixində işə başlamalı olması; -SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqəsində isə onun “ sol baldır ayağının əzilməsi, hemartroz diaqnozu” ilə xx.xx.2020-ci il tarixindən işdən azad edilməsi və xx.xx.2020-ci il tarixində işə başlamalı olması - barədə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrlər təsbit olunmuşdur. İş materiallarına, eləcə də işdə iştirak edən şəxslərin izahatlarına əsasən müəyyən olunur ki, birinci SN 00006 seriyalı 842779 nömrəli xəstəlik vərəqəsi üzrə müvəqqəti əmək qabiliyyətini itirdiyi xx.xx.2020 - xx.xx.2020 dövrün ilk 14 günü ona işlədiyi sığorta edən qürum (üçüncü şəxs "xxxx" MMC) tərəfindən, qalan günlər isə sığortaçı (cavbdeh) tərəfindən ödənilməsi işin mübahisələndirilməyən hallarını təşkil edir. İşin mübahisələndirilən hallarını isə SN 00006 seriyalı 797115 nömrəli ikinci xəstəlik vərəqəsi üzrə iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi xx.xx.2020-xx.xx.2020 xəstəlik dövrü üzrə ona üçüncü şəxs və cavabdeh tərəfindən ödənilməli olan 1524,48 manat ibarət pul vəsaitinin iddiaçıya ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçının çalışdığı "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli “Məcburi dövlət sosial sığorta ödəmələri komissiyası” iclasının, işə əlavə olunmuş, 8 nömrəli protokolundan görünür ki, sözügedən 00006 797115 nömrəli xəstəlik vərəqəsinə və haqqhesab cədvəllərinə baxışın elektron qaydada əldə edilmiş surətində əsasən xx.xx.2020xx.xx.2020-ci il tarixədək olan dövr üzrə iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə DSMF hesabından cəmi 1524,48 manat müavinətin ödənilməsi təyin edilməklə, həmin dövrün ilk 14 təqvim gününə düşən, sığorta edən üçün hesablanmış məbləğ 0.00 manat, 14 təqvim günündən sonrakı dövrə düşən hesablanmış ödəniləcək məbləğ isə 1524,48 manat hesablanmışdır. Başqa sözlə, üçüncü şəxsin qeyd olunan hesablamasından, habelə onun iş materiallarına əlavə edilmiş yazılı rəyinə və nümayəndəsinin məhkəməyə verdiyi izahatlarına əsasən müəyyən olunur ki, iddiaçının ikinci xəstəlik vərəqəsi üzrə xx.xx.2020xx.xx.2020-ci il tarixədək olan əmək qabilliyyətini itirdiyi dövr, onun birinci xəstəlik vərəqəsi üzrə müalicəsinin fasiləsiz olaraq davamı kimi qəbul edilmiş və həmin dövr üzrə iddiaçının xəstəliyinə görə hesablanan 1524,48 manat xəstəlik müavinətinin bütövlükdə iddiaçıya ödəmək öhdəliyi cavabdehin (sığortasçının) üzərinə düşdüyü qeyd olunmuşdur. İşin konkret hallarından da görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli SN0006 797115 xəstəlik vərəqi üzrə hesablanmış həmin 1524.48 manat məbəlğində xəstəlik müavinətinin cavabdehdən ödənilməsini tələb etmiş, sonuncu isə ona ünvanladığı xx.xx.2020-ci il tarixli məktubu ilə imtina edərək ilk 14 gün sığortaedən tərəfindən ödənildikdən və zədənin məişətdə alınmasına dair informasiyanın “altststeminə daxil edilməsindən sonra qalan günlərin sığortaçı tərəfindən ödənilə biləcəyini bildirərək ona imtina cavabı vermişdir. Məhkəmə kollegiyası qanunvericilyin tələbləri baxımından hesab edir ki, iddiaçının hazırkı cavabdehə qarşı yönələn bu tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 may 2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması” Qaydasının 11-ci bəndinə əsasən əmək qabiliyyəti olmamaq vərəqəsinin “işə başlamalı” qrafasında əmək qabiliyyətinin bərpa olunduğu tarix xəstənin əmək qabiliyyətinin bərpa olunduğunu müəyyən etmiş müayinədən sonrakı günün tarixi ilə qeyd olunur. Əmək qabiliyyətinin itirilməsi davamlı olduğu halda “davamı” ifadəsinin altından xətt çəkilir və yeni vərəqənin tarixi və nömrəsi qeyd olunur. Yeni vərəqədə “ N -li vərəqənin davamı” qeyd olunur. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Həmin Qərarın 34-cü bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi, növbəti əmək haqqı verildiyi vaxtdan davam edərsə, bu halda müalicə həkimi sığorta edilmiş şəxsə xəstəlik vərəqəsinin «davamını» verir. Birinci xəstəlik vərəqəsində isə «işə başlamalı» qrafasında xəstəlik vərəqəsinin «davamını» verməsi haqqında qeyd edir. Birincisi, işdən görünür ki, sığortaedən (üçüncü şəxs "xxxx" MMC) tərəfindən X1 Sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqəsinin “davamı” ifadəsinin altından xətt çəkilməmiş, “ilk dəfə” ifadəsinin altından xətt çəkilmiş və SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqəsinin SN 00006 seriyalı 842779 nömrəli vərəqənin davamı olması qeyd edilməmişdir. İkincisi, ən azından, faktiki olaraq 1-ci xəstəlik vərəqsinə əsasən iddiaçının müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrün son günü xx.xx.2020-ci il tarixi, işə başlamalı gün xx.xx.2020-ci il tarixi olduğu, 2-ci xəstəlik vərəqsinə əsasən isə onun xəstəliyinin başlanğıc tarixi xx.xx.2020-ci il tarixi təşkil etdiyi halda, arada 2 gün fasiləyə yol verilmişdir. Həm də qeyd olunmalıdır ki, “birinci xəstəlik vərəqində iddiaçıya “xarici burun deformasiyası diaqnozu”, ikinci xəstəlik vərəqəsində isə “sol baldır ayağının əzilməsi, hemartroz diaqnozu” ilə xəstəlik vərəqi tərtib olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, 2-ci xəstəlik vərəqinin 1-ci xəstəlik vərəqinin davamı hesab oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (Bundan sonra - Əsasnamə) 6-cı bəndinə əsasən: - əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının ikinci xəstəlik vərəqəsinin bütün dövrü üzrə iddiaçıya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 1524.48 manat məbləğin pul vəsaitinin tam məbləğdə cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlı olmadığı sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən onun hüquqları pozula bilməz. İPM-in 73.1-ci maddəsi də onu nəzərdə tutur ki, məhz, o halda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyuula bilər ki, cavabdehin imtinası və onun hərəkətsizliyi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, tərəfindən hərtərəfli araşdırma aparılmış və iddianın rədd olunması barədə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2459/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2459/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar