Məhkəmə qərarları › İş №2-1(103)-1719/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1719/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1719/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Günel Məhərrəm qızı Abbasova ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X5 qanuni nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxs: X11) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2-1(112)-15367/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ona məxsus ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 3 ünvanında ona məxsus tikili var. Həyat yoldaşı ilə rəsmi nikahları pozulduqdan sonra övladı X11 atası ilə birlikdə digər ünvanda yaşayırlar. X2 tikilidə pasport qeydiyyatında olması əmlak hüquqlarını pozur. X5 pasport qeydiyatında qalması formal xarakter daşıyır. İddiaçı X8 qeydiyyatdan çıxması ilə bağlı xəbərdarlıq etsə də, nəticəsi olmadığı üçün məhkəmə qaydasında həll olunması üçün müraciət etməli olmuşdur. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2-1(112)-15367/2023 nömrəli qərardadı (hakim S.Salahova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AİHM-in mövcu məslə ilə bağlı mövqeyi qətidir. Belə ki, X6rşı olan işində AİHM xx.xx.2002-ci il tarixli qərarı ilə müəyyən etmişdir ki, əgər dövlət tərəfindən şəxsin tikdiyi tikiliyə uzun illər ərzində heç bir müdaxilə yoxdursa, illər sonra onun sökülməsi və ya məhv edilməsi şəxsin AİHK-ın 1 saylı Protoklunun 1-ci maddəsi ilə müəyyən edilmiş mülkiyyət hüququnun pozulması deməkdir. Sözügedən Qərarda qeyd edilir ki, 1 saylı protokolun 1-ci maddəsində qeyd edilən “mülk” anlayışı daha geniş mənaya malikdir. Geniş anlamda “mülk” dedikdə maddi varlıq təşkil edən bəzi haqq və mənfəətlər mülkiyyət haqqı səbəbi ilə mülk olaraq qəbul edilməlidir. AİHM-in bu yanaşmasını hazırki mübahisəyə ona görə tətbiq etməliyik ki, Ə.Rəsul iddiaçının fərdi yaşayış evində qeydiyyata düşmüşdür. Lakin hal hazırda o həmin fərdi yaşayış evində yaşamasa da əsassız olara həmin yaşayış evində qeydiyyatda qalmaqda davam edir. Ümumiyyətlə cavabdehin qeydiyyatda olduğu fərdi yaşayış evi qeyd edilənlərə əsasən mübahisəsiz olaraq ona məxsusdur. İlk növbədə qeyd edilən fərdi yaşayış evinin birinci və ikinci mərtəbəsinin plan cizgisi Binəqədi RİH Başçısının Biləcəri qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçi mühəndisi O.Qasımov tərəfindən təsdiq edilmişdir. İkinci məqam da ondan ibarətdirki, qeyd edilən fərdi yaşayış evinin su və işıq pulları iddiaçı tərəfindən ödənilir. Hətta Azəri qazla iddiaçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı satqısına dair” AKX -05188xx/xx-2023 saylı müqavilə bağlanmışdır. Bu hallar onu təsdiq edir ki, iddiaçının qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ var. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin qanuni nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Kollegiya ilk növbədə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Kollegiya hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-37850/23 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında xx.xx.2007-ci il təvəllüdlü X11 xx.xx.2015-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadır. Binəqədi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-46/2-48337/2023 nömrəli məktubundan görünür ki, X11 xx.xx.2015-ci il tarixdə ünvan 3 ünvanına qeydiyyata alınmış və azyaşlı vəsiqəsi ilə təmin olunmuşdur. İddiaçı hazırda R.Əsgərlinin həmin ünvanda yaşamadığını iddia edərək onun 25 saylı evdən qeydiyyatdan çıxarılmasını xahiş edir. Lakin iş materialları ilə müəyyən olunur ki, həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Belə olan halda aydındır ki, iddiaçının özbaşına tikili olan həmin əmlaka hər hansı bir hüququ mövcud deyil. İşdən görünür ki, iddiaçı evin onun mülkiyyətində olması barədə məhkəməyə sübut təqdim etməməklə yanaşı, özü də üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etdiyi həmin ünvanda deyil, başqa ünvanda qeydiyyatdadır. Belə ki, iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, o, ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçı aparılmış qeydiyyatın yalnız onun hüququnu pozması ehtimalının mövcud olduğu halda həmin qeydiyyatın ləğvini tələb edə bilərdi. Başqa sözlə, aparılmış qeydiyyatın ləğvini tələb etmək üçün iddiaçı ən azından iddia etdiyi yaşayış sahəsi üzərində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçının mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1892/2023 saylı, 25.102023-cü il tarixli qərarı). O da qeyd edilməlidir ki, işdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı daha əvvəl də eyni tələblə, yəni üçüncü şəxsin ünvan 3 ünvanında qeydiyyatdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 2725/2021 saylı qərarı ilə iddia tələbi təmin edilsə də, həmin qərardan üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-294/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2725/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsi qərarında göstərmişdir ki, “...Birincisi, iddiaçı mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Bakı şəhəri Biləcəri bələdiyyəsinin 1035 saylı 08 dekabr 2006-cı il tarixli qərarına əsasən onun istifadəsinə ayrıldığını bildirsə də, hazırkı mərhələdə məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Bilcəri Bələdiyyəsinin 1035 saylı 08 dekabr 2006-cı il tarixli qərarına əsaəsən məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, Biləcəri Bələdiyyəsinin həmin qərarı ilə torpaq sahəsi İddiaçı deyil, ünvan 6 ünvanında yaşayan “Həsənov Kamal oğlu” adında şəxsə ayrılmışdır. İkincisi, mübahisəli torpaq sahəsində yerləşən evin İddiaçı adına qanuni əsaslarla rəsmiləşdirilməsinə və ən azından, onun həmin evə pasport qeydiyyatını təsdiq edən hüquqmüəyyənedici sənəd (çıxarış, qeydiyyat sənədi və s.) mövcud deyil. Üçüncü bir tərəfdən, üçüncü şəxsin qanuni nümayəndəsi A.Əsgərovun apellyaşiya şikayətinin dəlillərindən göründüyü kimi, onun tərəfindən mübahisəli - Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5, ev 25 ünvanında qeydiyatda olan “X11”nun həmin evə köçürüldüyü və yaşayış hüququnun mövcud olduğu mübahisələndirilir. İddiaçı və onun keçmiş əri (üçüncü şəxsin qanuni nümayəndəsi) A.Əsgərovun məhkəməyə verdiyi izahatlarına əsasən də müəyyən olunur ki, onlar arasında hal-hazırda həmin yaşayış evi ilə bağlı aralarında mülki icraat qaydasında məhkəmə mübahisəsi mövcuddur (Ali Məhkəmədə baxılır) və bununla bağlı yekun məhkəmə aktı mövcud deyil. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının işin hazırkı durumunda, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5, ev 25-ə və həmin ünvanda qeydiyatda olan üçüncü şəxs X5 qeydiyyatdan çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik olması müəyyən edilmir. Belə olan halda isə İddiaçı tərəfindən verilən üçüncü şəxsin həmin evdən qeydiyyatdan çıxarılması barədə öhdəliyin icrası haqqında iddia tələbi, əsaslandırılmış iddia tələbi kimi qiymətləndirilə və onun inzibati məhkəmə icraatının mümkün sayıla bilməzdi.” AR İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kollegiya qeyd edir ki, iddianın mümkün sayılmaması ilə bağlı qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı yenidən eyni iddianı qaldırması üçün subyektiv hüququnu təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3127/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına gəldikdə, həmin qərardan görünür ki, iddiaçı X9 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri və qanuni sahiblik və istifadələrində olan Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 08 dekabr 2006- cı il tarixli, 1035 saylı qərarı ilə cavabdehin adına ayrılmış ünvan 3 ünvanında yerləşən 200 kvadrat metr torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş 2 mərtəbəli yaşayış evinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə cavabdehin pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(001)-939/2021 saylı tarixli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmələr qərarlarında göstərmişlər ki, “...mübahisələndirilən torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ və ya hər hansı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Hüquqi nəticə etibarı ilə həm mübahisəli torpaq sahəsi, həm də onun üzərində yerləşən fərdi yaşayış evi tərəflərin hər hansı birinin mülkiyyətində deyil. Digər tərəfdən, məhkəmə kollegiyası Biləcəri bələdiyyəsinin “xx.xx.2006-ci il tarixli” qərarı və s. sənədlərini də etibarlı sənəd kimi qəbul etməyərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı hər iki tərəf bildirmişdir ki, torpaq sahəsini Biləcəri Bələdiyyəsindən deyil X1 2013-cü il tarixdən almışlar və Biləcəri bələdiyyəsi arxa tarixə sənədləşmə aparmışdır. Bununla bağlı mübahisəli fərdi yaşayış evin yerləşdiyi ərazinin Binəqədi rayon Biləcəri Bələdiyyəsininin inzibati ərazi dairəsinə aid olub-olmamasını araşdırmaq üçün ekspertiza təyin edilmiş, lakin mütəxəssis rəyinin verilməsi üçün müəyyən olunan xidmət haqqı ödənilmədiyindən ekspert rəyi verilməmişdir. ...nə qədər ki, mübahisə predmeti olan fərdi yaşayış evi qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmədiyindən, digər tərəfdən torpaq sahəsi ilə bağlı Biləcəri Bələdiyyəsi tərəfindən aparılmış sənədləşmə (qərar, akt və s.) etibarlı olmadığından (sənədləşmə tərəflərin bildirdiklərinə əsasən, arxa tarixə aparılmış, mübahisəli ünvanın Biləcəri Bələdiyyəsininin inzibati ərazi dairəsinə aid olub-olmamasını mütəxəssis rəyinin verilməsi üçün müəyyən olunan xidmət haqqı ödənilmədiyindən müəyyən etmək mümkün olmamış) iddiaçının torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinə pay hüququnun müəyyən edilməsi barədə iddiası təmin oluna bilməz.” Göründüyü kimi, həmin məhkəmə qərarları ilə mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməməsi səbəbindən tərəflərin həmin əmlaka hüququnun olmadığı müəyyən edilmişdir. Beləliklə, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, həmçinin iddiaçının həmin evə hüquqları təsdiqini tapmadığından kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, həmçinin, birinci instansiya məhkəməsinin iddianın mümkün hesab edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2- 1(112)-15367/2023 nömrəli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2-1(112)-15367/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar