Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-172/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X28 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X20, 3-cü şəxslərin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X15 və X11) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və hüquqların reyestrdə qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 iyun 2017-ci il tarixdə vəfat etmiş X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixli ******* nömrəli “Hüquqların daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” verilmişdir. İddiaçı sözügedən qeyri-yaşayış binasının mülkiyyətçisidir və həmin çıxarışın verilməsi onun maraqlarına toxunur. Onun apardığı araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş Bünyamin Məmmədzadənin vəfatından iki ay sonra Bakı şəhəri 13 saylı Notariat Kontorunun müraciəti əsasında cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəfat etmiş həmin şəxsin adına reyestrdə qeydiyyat aparılmış və onun adına 15 avqust 2017-ci il tarixli çıxarış verilmişdir. Hesab olunur ki, vətəndaş Bünyamin Məmmədzadə vəfat etdikdən sonra cavabdeh tərəfindən onun adına 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması və reyestrdən çıxarış verilməsi daşınmaz əmlakın dövlət reyestri haqqında qüvvədə olan qanunvericiliyə birbaşa ziddir. Belə ki, ölmüş şəxsin adına dövlət reyestrində qeydiyyat aparılması və çıxarış verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı bununla əlaqədar cavabdeh təşkilata yazılı müraciət etsə də, onun tələbi yerinə yetirilməmiş və məhkəməyə müraciət etmək hüququ ona bildirilmişdir. İddaçı hesab edir ki, daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin tələblərinə zidd olaraq vətəndaş Bünyamin Məmmədzadə vəfat etdikdən sonra onun adına Bakı şəhəri, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və vəfat etmiş şəxsin adına verilmiş 15 avqust 2017- ci il tarixli ******* nömrəli reyestrdən çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli qərarına əsasən: 1. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkəti və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə əsaslanaraq, vəfat etmiş X5 adına Bakı şəhəri, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və vəfat etmiş X5 adına verilmiş 15 avqust 2017ci il tarixli ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış iddiaya etirazda göstərilmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. O, müvafiq məsələ ilə bağlı İdarəyə 24 fevral 2020-ci il tarixdə müraciət etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu barədə İddiaçı 28 fevral 2020-ci il tarixli məktub ünvanlanmışdır. Belə ki, AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 19 yanvar 2006-cı il tarixli 000156 nömrəli şəhadətnaməsinə əsasən Bakı şəhəri, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binası ümumi birgə mülkiyyət kimi İddiaçı və mərhum Bunyamin Məmmədzadənin adına ********** qeydiyyat nömrəsi ilə 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 18 dekabr 2017-ci il tarixli 2V-222 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müvafiq qeyri-yaşayış binasının 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X16 və 1/2 hissəsi isə X2 adına ********** və ********** qeydiyyat nömrələri ilə 25 dekabr 2017-ci il və 26 dekabr 2017-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Sözügedən daşınmaz əmlak üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4239/2019 nömrəli 13 sentyabr 2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. AR Mülki Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 13-cü bəndinə əsasən reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin sözügedən arayış inzibati akta (hüquqmüəyyənedici sənəd) əsaslanaraq İdarə tərəfindən verilmişdir. Buna görə də iddianın İdarəyə qarşı qaldırılması mümkün hesab edilməməlidir. Yenə həmin qərarda qeyd olunur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə, inzibati məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 11, 18, 23-cü maddələrinə, AR Mülki Məcəlləsinin 150-ci maddəsinə, İPM-in 35.1, 38.1-ci maddələrinə əsaslanaraq, eləcə də İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmənin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə X15 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxs kimi cəlb olunmuşlar. Üçüncü şəxslər tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan, ləğv edilməlidir. Hazırkı işə müxtəlif məhkəmə instansiyalarında baxılaraq mübahisəyə hüquqi qiymət verilmiş və iş üzrə məhkəmə qərarları qəbul olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1277/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X6 və X3 cavabdeh İddiaçı Qasını oğluna, 3-cü şəxs DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı «əmlakın naturada bölünməsi və payların müəyyən edilməsi» tələblərinin təmin edilməməsi, İddiaçı iddiasının təmin edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması, X12, həmçinin X16 və X2 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun onların özlərinə aid edilməsi, aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri iddiaçılardan müştərək qaydada 200 manat məbləğində pul tutularaq müvafiq hesaba keçirilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli həmin qətnaməsindən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3479/2019 saylı iş üzrə 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçıların iddia tələblərinin təmin olunması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş 10.10.2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab olunması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4, 8 saylı tikililərə keçid qapıları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə, 4 saylı tikililərin 8 saylı tikiliyə keçid qapıları açılmaqla texniki pasport üzrə göstərilən 1, 2, 5, 6, 7, 9 saylı tikililərin X9 və X7, 3, 4, 8, 10, 1,1, 12 saylı tikililərin və texniki pasportda əks olunmayan əlavə tikililərin isə İddiaçı verilməsi qaydasında əmlakın naturada real bölgüsünün həyata keçirilməsi, İddiaçı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə, X9 və X8 qarşı «mülkiyyət hüququna xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi» tələblərinə dair iddiasının rədd edilməsi qət edilmiş, iş üzrə keçirilmiş ekspertizanın xərci qismində 200 manat məbləğində pulun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və AR Ali Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. AR Ali Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilmiş, Konstitusiya Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qərardadı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı bununla kifayətlənməmiş, X16 və X7 qarşı iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X16 və X1 350.000 manat məbləğində pul alınaraq ona ödənilməsini xahiş etmişdir. Daha sonra həmin iş üzrə iddiaçı iddia ərizəsində dəqiqləşmə apararaq, cavabdehlərdən müştərək qaydada 450.000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Hal-hazırda həmin iddia tələbi üzrə mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında baxılmaqdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdğı pul tələbi ilə paralel olaraq, X16, X13, Bakı şəhəri 13 saylı Notariat Kontruna və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin paylar müəyyən edilməklə cavabdehlər X10 və X8 verilməsi barədə Bakı şəhəri 13 saylı notariat kontorunun hərəkətlərinin qanunsuz sayılması, buna dair həmin notariat kontoru tərəfindən daşınmaz əmlakın reyestr xidmətinə ünvanlandığı göstəriş məktubları və vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin notariat hərəkətləri əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində cavabdehlərin 1/4 hissədə paylarının müəyyən edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* və ******* nömrəli çıxarışların ləğv edilməsi, dəymiş mənəvi ziyana görə Bakı şəhəri 13 saylı notariat kontorundan 15.000 manat pulun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddiaçı X4 cavabdehlər X15, X14, Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK-nm yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik işi ilə bağlı daşınmaz əmlakın reyetrinə ünvanlanmış məktubların etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışların ləğv edilməsi» barədə iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Hələlik qeyd edilən qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilməmisdir. Bunun səbəbi isə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddətin sonuna hələ bir müddət vaxtın olmasıdır və məqsədi əsassız iddialar qaldırmaqla süründürməçilik olan İddiaçı həmin işdə də müddətin sonunu gözləməklə kassasiya şikayəti verəcəkdir. Göstərilənlərə və İPM-in 1.2, 35.1-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 22.2-ci maddəsinə, AR Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 7-ci bəndinə əsaslanaraq, İddiaçı hazırkı iddiasının mümkün sayılmaması məhkəmədən xahiş olunur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «vəfat etmiş vətəndaş X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017- ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bünyamin Məmmədzadənin adına daşınmaz əmlakın dövlət reyestrində mübahisəli qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyat və onun adına verilmiş ******* nömrəli 15 avqust 2017-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 saylı ilə İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X15 və X11) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, mübahisəli daşınmaz əmlakı səlahiyyəti olmadan paylara bölmüş və cavabdehdən üçüncü şəxsə əmlakın ½ hissəsinə dair reyestrdən çıxarışın verilməsini xahiş edən notariusun 18 iyul 2017-ci il tarixli məktubu əsasında çıxarış verilsə də, həmin çıxarışda mülkiyyət hüquqları paylı deyil, ümumi birgə mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır. Beləliklə, notariusun xahişi tam yerinə yetirilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, hüquqların dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin Ərazi İdarəsinə zəruri sənədləri başqa şəxs (orqan) deyil, məhz vərəsə təqdim etməlidir. İş materiallarında vərəsənin belə bir müraciəti yoxdur. Eyni zamanda, məhkəmə iclasında vəkili belə bir müraciətin mövcudluğunun araşdırılması, habelə həmin müraciətin və ona əlavə olunmuş sənədlərin surətlərinin cavabdeh tərəfindən təqdim edilməsini xahiş etsə də, məhkəmə buna heç bir münasibət bildirməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: 3-cü şəxslərin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayətyinə etiraz təqdim etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, o qardaşı ilə birlikdə orda işləyirdilər, o dövlət işində işlədiyindən qardaşının adına özəlləşdirdilər. Bünyamin orada işləyirdi. Özəlləşmə olduğu üçün pay söhbəti var idi, kollektivdə iki nəfər var idi. Müdir Telman, satıcı Bünyamin idi. 77 milyon qiymət qoymuşdular. Yarısı onların, yarısı Bünmayinin payına düşürdü, onlar yarısını ödədilər, sonra dedilər ki, Bünyamin ödəməyib, Bünyaminlə danışdılar, dedi ki ödəmir, sonra onlar 2005-ci ildə ödədilər. Bünyamin dedi ki, xəstədir İrana gedib-gəlir ödəyə bilmir, qəbzlər bizdədir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxslərin nümayəndəsi apellyasiya şikayətinə etirazı müdafiə edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 885833 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 15 iyun 2017-ci il tarixdə vəfat etmişdir. ünvan 3 ünvanlanmış 18 iyul 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X5 15 iyun 2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 13 iyul 2017ci il tarixdə Notariat Kontoru tərəfindən vərəsəlik işi açılmışdır. Qanunauyğun olaraq mərhum X5 vərəsələrindən biri – qızı X11 müəyyən olunmuşdur. Bunu nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən ümumi sahəsi 132,8 kv.m qeyri-yaşayış sahəsində mərhum X5 adına olan 1/2 hissəsinə dair reyestrdən çıxarışın verilməsi xahiş olunur. DƏDRX ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına X5 və İddiaçı mülkiyyət hüquqlarının (ümumi birgə) 15 avqust 2017-ci il tarixdə qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, mövcud qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində şəxsin hüquqları qeydiyyata alınmamışdan əvvəl öldüyü halda müvafiq daşınmaz əmlaka hüquqların qeydiyyata alınmasını deyil, əmlakın ona məxsus olmasına dair arayışın verilməsini mümkün saysa da, həmin arayışın ayrıca, yəni reyestrdən çıxarışdan fərqlənən formasını müəyyən etmədiyindən, ardıcıl olaraq növbəti addım kimi vərəsəlik sənədləri əsasında əmlakın vərəsələrin mülkiyyəti kimi qeydiyyata alınacağı da nəzərə alınmaqla, “əmlakın ölmüş şəxsə məxsus olması barədə arayış”ın “reyestrdən çıxarış” formasında verilməsi qanuna zidd sayıla bilməz. Bu qənaət həm də ondan irəli gəlir ki, əmlaka dair “müvafiq arayış” əvəzinə “reyestrdən çıxarış” verilərkən hazırkı iddiaçının əmlakına 1/2 payına toxunulmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, daşınmaz əmlakdakı miras qalan hissə müvafiq vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrin (hazırkı üçüncü şəxslərin) mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bundan sonra hazırkı iddiaçı X18 vərəsəlik şəhadətnaməsinin və növbəti qeydiyyatın mübahisələndirilməsi üzrə iddiası mülki məhkəmə icraatı üzrə məhkəmə qərarı ilə təmin edilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı ünvan 5 ünvanında yerləşən 132,8 kv.m ölçüsü olan paylı mülkiyyətdəki qeyri-yaşayış binasına dair X5 adına 15 avqust 2017-ci il tarixli qeydiyyat və ******* nömrəli reyestrdən çıxarışın verilməsi hərəkətləri qanuna zidd qiymətləndirilməməlidir. Odur ki, məhkəmə iddiaçının iddiasını əsaslı saymır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sənədlər təqdim edilmişdir. Qeyri-yaşayış sahələri üzrə 16 yanvar 1999-cu il tarixli, 3690 saylı icarə müqaviləsinin surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 132,7 kv.m olan qeyri-yaşayış sahəsi ticarət məqsədilə 27 saylı təsərrüfat hesablı mağazanın müdirinə (Əsgərova A.Q) icarəyə verilmişdir. ünvan 7 ünvanda yerləşən 27 saylı mağazaya dair 22 yanvar 1999-cu il tarixdə texniki paport tərtib edilmişdir. 27 saylı təsərrüfat hesablı mağazanın 27 yanvar 1999-cu il tarixinə işçilər haqqında məlumatdan görünür ki, mağazanın müdiri İddiaçı və satıcı X19 olmuşdur. 30 mart 1999-cu il tarixli, 01 saylı auksion protokolundan görünür ki, ünvan 7 ünvanda yerləşən 27 saylı təsərrüfat hesablı mağaza ilə bağlı keçirilmiş auksionun qalibi (alıcı) İddiaçı olmuşdur. Obyektin tam dəyəri 77896000 manat, satış qiyməti 66211000 manat göstərilmişdir. Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000156 qeydiyyat nömrəli, 19.01.2006-cı il tarixli şəhadətnaməyə əsasən ünvan 7 ünvanda yerləşən 27 saylı mağaza İddiaçı və X19 tərəfindən satın alınmışdır. 46 milyon 348 min dörd yüz manat (9269,68 AYM) dövlət büdcəsinə köçürülmüşdür. RX seriyalı ******* saylı reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binası ümumi birgə mülkiyyət kimi İddiaçı və Bünyamin Məmmədzadənin adına ********** qeydiyyat nömrəsi ilə 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18 dekabr 2017-ci il tarixli 2V-222 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müvafiq qeyri-yaşayış binasının 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X16 və 1/2 hissəsi isə X2 adına ********** və ********** qeydiyyat nömrələri ilə 25 dekabr 2017-ci il və 26 dekabr 2017-ci il tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Sənədlərdən görünür ki, həmin mağazaya dair texniki pasport itdiyindən qəzetdə elan verilmiş, DİN Bakı şəhər Baş Polisi İdarəsi tərəfindən verilmiş 07.10.2017-ci il tarixli, 039-16331-1217 saylı məktuba əsasən İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən 27 saylı mağazaya verilmiş texniki pasportun tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmadığı bildirilmişdir. RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli 10.10.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, 47E saylı envanda yerləşən 27 saylı mağaza (tam) 10.10.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Adı çəkilən Təlimatın 2.4-cü bəndinə görə daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Təlimatın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında hüquqmüəyyənedici sənəd olaraq çıxarış və ya qeydiyyat vəsiqəsi verilməsi barədə fərqli tənzimləmə mövcuddur. Başqa sözlə, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktlar ziddiyyətli olmaqla, normativ hüquqi aktların kolliziyası vardır və bu kolliziya, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.6-cı maddəsinə əsasən, təlimata nisbətdə qanuna üstünlük verilməsi yolu ilə həll edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələbləri pozulmuşdur. Hazırkı halda, qanunvericilik cavabdeh inzibati orqan tərəfindən vərəsəyə daşınmaz əmlakın ölmüş valideynin adına qeydiyyata alınması barədə çıxarış deyil, əmlakın ölmüş valideynə məxsus olması haqqında arayışın verilməsini nəzərdə tutur. Lakin iş materiallarından göründüyü kimi inzibati orqan tərəfindən ilk növbədə üçüncü şəxslər X15 və X8 əmlakın ölmüş valideynə məxsus olması haqqında arayış verilməli olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq birbaşa çıxarış verilmişdir. Bununla yanaşı, qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə elektron çıxarış tərtib edilir, lakin hazırkı halda işdə olan materiallardan görünür ki, qanun üzrə vərəsələrin belə bir müraciəti olmamış, cavabdeh inzibati orqan əsassız olaraq Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun müraciəti əsasında X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair çıxarış vermişdir. Beləliklə kollegiya hesab edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və Bünyamin Məmmədzadənin adına daşınmaz əmlakın dövlət reyestrində mübahisəli qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyat və onun adına verilmiş ******* nömrəli 15 avqust 2017-ci il tarixli reyestrdən çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Nəricə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-906/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 15 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilsin və X5 adına daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 27 ünvanında yerləşən qeyri-yaşayış binasına dair aparılmış qeydiyyat və onun adına verilmiş ******* nömrəli 15 avqust 2017-ci il tarixli reyestrdən çıxarış ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-172/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-172/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver