Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-172/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi, plan və ölçünün tərtib edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi, plan və ölçünün tərtib edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-49/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Səbail RİH başçısının 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Bakı şəhəri Səbail RİH-in 30 iyul 2018-ci il tarixli məktubu ilə İddiaçı RİH-in 30 dekabr 1998-ci il tarixli 2066 nömrəli ərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı (nümayəndəsi vasitəsilə) ünvanlanmış 11 sentyabr 2018-ci il tarixli məktubunda (bildirişində) qeyd olunmuşdur ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 31 iyul 2018-ci il tarixli ərizəyə baxılmışdır. Təqdim edilmiş Səbail RİH başçısının 1971 saylı 30 dekabr 1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında ərizəçinin (İddiaçı) adına verilmiş Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşdiyindən, bu torpaq sahəsinin dövlət torpağı olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri Ərazi Şöbəsinə sorğu göndərilmişdir. Sorğuya cavab verilənədək ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat 1 ay müddətinə dayandırıla bilər.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı (nümayəndəsi vasitəsilə) ünvanlanmış 24 yanvar 2019-cu il tarixli məktubunda (bildirişində) qeyd olunmuşdur ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 31 iyul 2018-ci il tarixli ərizəyə baxılmışdır. Sözügedən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşir. Bundan başqa, 15 mart 2017-ci il trixli ərizəyə əlavə edilmiş Səbail RİH başçısının 2066 saylı 30 dekabr 1998-ci il tarixli sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hal-hazırda təqdim edilmiş yerləşmə cizgisi (sərəncamla) fərqlənir. Bundan əlavə, sözügedən torpaq sahasi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3174/2017 saylı iş üzrə 21 iyul 2017-ci il tarixli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minməsinə dair yekun məlumat İdarəyə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 7, 11.1, 15-ci maddələrinə əsaslanaraq, ərizənin icrasından imtina edilir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində hüququn reyestrdə qeydiyyata alınması, reyestrdən çıxarışın və planı-ölçünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Səbail RİH-in 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin inşa edilməsi üçün 0,06 ha torpaq sahəsi ayrılmişdir. İddiaçı həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və ona hüququn qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 31 iyul 2018-ci il tarixdə cavabdehə müraciət etmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olsa da, məsələnin həllindən cavabdeh tərəfindən imtina olunmuşdur. 11 sentyabr 2018-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş Səbail RİH-in 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı əsasında iddiaçıya ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşdiyindən, bu torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhər Ərazi Şöbəsinə sorğu göndərilmişdir. Sorğuya cavab verilənədək ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. «Daşınmaz əmlakm dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Buna baxmayaraq, məsələnin həllindən imtina edilmiş və bununla da onun (iddiaçının) qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə, İPM-in 2.2.2, 33, 68, 75-ci maddələrinə əsaslanaraq, İddiaçı ona ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-49/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə (X1, X8) ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ ilə bağlı reyestrdən çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyi nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimə qiymətləndirilir. Bütün bunların məcmusunda məhkəmənin qənaətinə görə İddiaçı ona Səbail RİH-in 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın imtinası qanunun, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 16, 19, 24-cü maddələrinin tələblərinə ziddir və mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur.
9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 49/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə idarəyə müraciəti zamanı hazırki sahədən 45 metr kənarda daş karxanasının ərazisini göstərmişdir. İddiaçının xx.xx.2017-ci il tarixdə idarəyə müraciət edərkən təqdim etdiyi yerləşmə cizgisi ilə xx.xx.2018-ci il tarixdə idarəyə müraciəti zamanı ərizəyə əlavə etdiyi yerləşmə cizgiləri fərqli olmuşdur. Hazırki göstərilən torpaq sahəsi iddiaçı tərəfindən şərti olaraq göstərilir və əraziyə X4 və X6 tərəfindən müraciətlər olunmuşdur. Bakı İnzibati Məhkəməsi iddiaçı tərəfindən fərqli ərazilər göstərilməsi və digər şəxslərin müraciətləri dəlillərinə münasibət bildirməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 7. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarı
16.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Səbail RİH başçısının 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılması işin mübahisəsiz halıdır.
27. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahının: 2.7. Yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısında nəzərdə tutulmuşdur.
28. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Bu sənədlər həm «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində, həm də Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan, hüququn yaranmasına səbəb olan əsaslardır.
29. İş materiallarında olan Bakı şəhəri Səbail RİH-in 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin sərəncam ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.
30. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
31. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2724/2024 nömrəli, xx.xx.2025-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1971 nömrəli, xx.xx.1998-ci il tarixli Sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
32. İş materiallarında əsasən kollegiya müəyyən etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən eyni faktiki və hüquqi əsaslarla imtina verildiyi halda Səbail Rayon İcra Hakimiyyəti başçısının 1971 nömrəli, xx.xx.1998-ci il tarixli Sərəncamı əsasında X6, X5 2066 nömrəli, xx.xx.1997-ci il tarixli Sərəncamı əsasında isə X4 mülkiyyət hüquqları məhkəmə qərarları əsasında qeydiyyata alınmışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, maddi hüquq normalarının tələbləri baxımından («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı əsasən) yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət hüquqlarının qeydə almasından imtinaya dair gətirdiyi dəlilləri (sübutları) yetərli və əsaslı deyil.
34. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının xx.xx.2018-ci il tarixdə idarəyə müraciəti zamanı hazırki sahədən 45 metr kənarda daş karxanasının ərazisini göstərməsini və iddiaçının xx.xx.2017-ci il tarixdə idarəyə müraciət edərkən təqdim etdiyi yerləşmə cizgisi ilə xx.xx.2018-ci il tarixdə idarəyə müraciəti zamanı ərizəyə əlavə etdiyi yerləşmə cizgiləri fərqli olmasını qeyd etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, torpaq sahəsinin Daş Karxanasının ərazisində yerləşməsi məhkəmə icraatında təsdiqini tapmamışdır. Belə ki, işin apellyasiya məhkəməsində icraatı zamanı, yerində müayinə keçirilmiş və göstərilən və hasara alınmış üzərində yarım tikili olan torpaq sahəsinin qonuşuluğunda həyətyanı sahələrinin və fərdi yaşayış evlərinin olduğu müəyyən olunmuşdur. Bundan başqa, iş üzrə məhkəmə tərəfindən aparılmış yerində müayinə ilə bağlı tərtib olunmuş protokola əsasən məlum olur ki, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin inşa edilməsi üçün 0,06 ha torpaq sahəsinin yaxınlığında Daş Karxanası aşkar edilmədi. Səbail RİH-in 30 dekabr 1997-ci il tarixli 2066 nömrəli sərəncamı əsasında verilmiş yerləşmə cizgilərinin fərqli olmasına gəldikdə isə, cizgilərin birinin digərindən fərqi əsasən istinadların dəqiq əks olunmasındadır. Həm zaman etibarı ilə, həm də müvafiq texniki vasitələrin tətbiqi baxımından sonuncu alınmış cizgi daha mötəbər qiymətləndirilə bilər.
35. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.
36. Qeyd etmək lazımdır ki, eyni qərar əsasında iddiaçı ilə bərabər əsaslarla ayrılmış torpaq sahələrinə digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir. Bununla bağlı iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan və ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-30/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarını və iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək çıxarışın verilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1197/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarını qeyd etmək zəruridir.
37. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
38. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
39. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
40. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.
41. Məhkəmə kollegiyası qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasını 2-1(102)- 1138/2023 nömrəli qərarında qeyd edilmişdir: “Məhkəmə kollegiyası Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutulan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir”.
43. İddiaçı iddia etdiyi torpaq sahəsi faktiki olaraq başqa fiziki şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olan hər hansı sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməməklə birlikdə, qonşuluqda olan və eyni hüquq müəyyənedici sənədə malik olan torpaq sahələri üzərində digər fiziki şəxslərin mülkiyyət hüquqları qeydiyyata alındığı aşkar edilmişdir.
44. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməsi, iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol vermişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-49/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-49/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.