Məhkəmə qərarları › İş №2-1(103)-1720/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1720/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1720/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X4 və üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı “X2 LLC” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın ləğv olunması” tələbi barədə iddiası üzrə işə üçüncü şəxs qismində "xxxx" firması cəlb edilməklə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2021 saylı 16.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 23-25 noyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X2 LLC” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin, 1 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində "xxxx" firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı “X2 LLC” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi 9a saylı evin 44 saylı mənzili, Bakı şəhərXəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2 saylı evin 100 saylı mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi 15 a saylı evin 20 saylı mənzilinin mülkiyyət hüquqlarının dövlət reyestrində "xxxx" firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-29/2021 nömrəli, 05 yanvar 2021-ci il tarixli qərardadı ilə eyni tərəflər arasında eyni mübahisə predmetləri olan yuxarıda qeyd olunan iddia ərizələri üzrə müstəqil işlər bir icraata birləşdirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, 9a nömrəli evin, 44 nömrəli mənzili, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhü küçəsi, 2 nömrəli evin 100 nömrəli mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 15a nömrəli evin 20 nömrəli mənzili və Bakı şəhəri, Binəqədi rayonu və Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin, 1 nömrəli mənzili mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin törəmə müəssisəsi olan İddiaçı MMC-yə ("xxxx" MMC) məxsusudur. Lakin həmin daşınmaz əmlaklara dair mülkiyyət hüquqları qanunsuz və əsassız olaraq cavabdeh "xxxx" firmasının adına dövlət qeydiyyatına alınmış və buna dair çıxarışlar verilmişdir. Belə ki, "xxxx" MMC-nin mülkiyyətində olmuş yuxarıda qeyd edilən daşınmaz əmlakların "xxxx" firmasının adına qeydiyyatdan keçib-keçməməsinə dair onlar tərəfindən 16.06.2017-ci il tarixdə, 7/197 nömrəli sorğu ilə cavabdehə müraciət edilmişdir. Həmin sorğuya cavab olaraq cavabdeh tərəfindən 23.06.2017-ci il tarixli, **********19 nömrəli məktubla bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)- 58/2009 nömrəli, 05.08.2009-cu il tarixli, icra vərəqəsinə və qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, 9a nömrəli evin, 44 nömrəli mənzil, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhü küçəsi, 2 nömrəli evin, 100 nömrəli mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 15a nömrəli evin 20 nömrəli mənzili, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin 1 nömrəli mənzili "xxxx" firmasının adına keçirilmişdir və onun mülkiyyətindədir. İstinad olunan 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2 inz(81)- 58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərarı ilə iddiaçı "xxxx" firmasının cavabdeh İddiaçı ("xxxx" MMC) MMC və İİ cavabdeh X3 arasında bağlanmış 29.05.2009-cu il tarixli Barışıq sazişi qəbul edilərək təsdiq edilmişdir.Həmin barışıq sazişinə əsasən tərəflər arasında "xxxx" MMC-nin "xxxx" firmasına borcunun ƏDV daxil olmaqla 210000 manat məbləğində müəyyən edilməsi, həmin borc ƏDV daxil olmaqla 210000 manat məbləğinin "xxxx" MMCnin hal-hazırki, təsisçilərdən başqa şəxslərə satılması barədə bağlanmış alqı-satqı müqaviləsinin icrasından sonra, 30%-ni 1- ci ayda, 60%-nin – növbəti 3 ay müddətində və qalan 10%-nin isə növbəti ayda ödənilməsi, "xxxx" MMC ilə mövcud olmuş və hazırda məhkəmə qaydasında tələb edilən imzalanmış nəqliyyat ekspedisiya xidmətinin göstərilməsi barədə müqaviləni təzələməklə, gələcəkdə də onunla dostcasına əməkdaşlıq edilməsi, "xxxx" MMC-nin "xxxx" firmasına və İİ cavabdeh X6 qarşı “Bağlanmış müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın tutulması haqqında” qarşılıqlı iddia tələbindən imtinanın qəbul edilməsi, X3 üzərinə "xxxx" MMC-nin hal-hazırda, nə də bundan sonra olacaq təsisçilərinə Barışıq razılaşmasının predmetinə və ya digər hallar üzrə mövcud olmuş mübahisələr haqqında iddia tələblərini qaldırmayacağı və "xxxx" MMC ilə bağlı informasiyalaradan istifadə etməyəcəyi və onları yaymayacağı barədə öhdəlik qoyulması razılaşdırılmışdır. Həmçinin 23.04.2015-ci il tarixdə 2 inz(81)-58/2009 nömrəli, 05.08.2009cu il tarixli eyni məzmunlu icra vərəqəsi verilmişdir. Həmin qərarın və icra vərəqəsinin məzmunundan göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istinad etdiyi qərarda qeyd edilən daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının "xxxx" firmasının adına dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində "xxxx" MMC-nin qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Qeyd edilən dövlət qeydiyyatının və çıxarışların ləğv edilməsinə dair cavabdehə müraciət edilsə də bundan imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2021 saylı 16.03.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddia ərizəsində göstərilən dəlilləri mahiyyəti üzrə və həqiqi olaraq araşdırmadan, mövcud olan məhkəmə qərarına formal olaraq istinad etməklə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, “İşin faktiki hallarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının ləğv edilməsini tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını icra məmurunun qərarı əsasında aparmışdır və icra məmurunun bu hərəkətinə münasibətdə artıq apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi mövcuddur”. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə yanlış olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasının İPM-nin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir”. Lakin, məhkəmə nəzərə almamışdır ki, AR İPM-nin 87.9-cu maddəsi bütün apelyasiya instansiya məhkəmələrinin bütün qərarlarının bütün işlər üzrə mütləq qaydada presedent əhəmiyyətli olmaqla məcburi xarakter daşımasını ehtiva etmir. Belə ki, AR İPM-nin 87.9-cu maddəsi müstəqil mənaya malik olmamaqla, sistemli şəkildə həmin məcəllənin 87.7-ci maddəsində göstərilən hala, yəni məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apelyasiya instansiyası məhkəməsinin barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərdiyi hallara aiddir. Göründüyü kimi AR İPM-nin 87.9-cu maddəsinə istinad yanlışdır və iddiaçının iddia ərizəsində göstərilən hallara araşdırma aparılmaqla, mahiyyəti üzrə və həqiqi olaraq qiymət verilməli idi. Qeyd edilməlidir ki, digər məhkəmə qərarının mövcudluğuna formal istinad edilməklə, işə mahiyyəti üzrə baxılmasından imtina edilməsi milli qanunvericiliyin təsbit etdiyi məhkəmə müdafiəsi hüququnun pozulması ilə yanaşı həm də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinin məhkəməyə çatımlılıq ilə bağlı müddəalarının pozulmasıdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin, 1 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində "xxxx" firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışın ləğv olunmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı ilə "xxxx" firması arasında məhkəmə mübahisəsi mövcud olmuşdur, həmin məhkəmə mübahisəsinin gedişi zamanı qeyd edilən tərəflər barışıq sazişi imzalamışlar və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiqlənmiş və müvafiq icra vərəqi verilmişdir. Qeyd edilən icra vərəqinə əsasən iddiaçı “X2 LLC” MMCnin "xxxx" firmasına olan borcu 210000 manat müəyyən edilmiş və borclu tərəfindən borcun 30 %-nin 1-ci ayda, 60%-nin növbəti 3 ay müddətində və qalan 10 %-nin isə növbəti ayda ödənilməli olması göstərilmişdir. ”X2 LLC” MMC tərəfindən icra vərəqi könüllü icra edilmədiyindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” 04.05.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev, mən.1-in "xxxx" firmasının adına keçirilməklə rəsmiləşdirilməsinin, dövlət reyestrində müvafiq qeydlər aparmaqla çıxarışın verilməsinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı MMC 04.04.2018-ci il tarixdə şikayət ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə 04.05.2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etsə də müraciəti təmin edilməmiş, həmin qərardaddan verilən şikayətə baxılan zaman apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadının icrası ilə bağlı həyata keçirilmiş bütün məcburi icra tədbirləri qanunun tələblərinə uyğun olmuşdur. Hazırda iddiaçı “X2 LLC” MMC cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 10, mən.1-in üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində "xxxx" firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunmasını tələb edir. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının ləğv edilməsini tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını icra məmurunun qərarı əsasında aparmışdır və icra məmurunun bu hərəkətinə münasibətdə artıq apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi mövcuddur. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-761/2019 nömrəli, 05.11.2019-cu il tarixli qərardadında ifadə olunan apelyasiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra məmurunun 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadının icrası ilə bağlı həyata keçirdiyi bütün məcburi icra tədbirləri qanunun tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi, ev 9, mən. 44, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Mustafa Sübhü küç., ev 2, mən.100, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küç., ev 15a, mən.20 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev, mən.1-in üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində "xxxx" firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv edilməsi barədə iddiaçının iddiası əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı yerli iqtisad Məhkəməsinin 2inz(81)- 58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadına əsasən qərara alınmışdır: “İddiaçı "xxxx" firmasının cavabdeh “X2 LLC” MMC və cavabdeh X7 arasında bağlanmış 29 may 2009-cu il tarixli Barışıq Sazişi qəbul edilərək təsdiq edilsin. ”X2 LLC” MMC-nin "xxxx" firmasına borcu ƏDV daxil olmaqla 210000 manat məbləğində müəyyən edilsin. Həmin borc daxil olmaqla 210000 manat “X2 LLC” MMC-nin hal-hazırki təsiçilərindən başqa şəxsə satılması barədə bağlanmış alqı-satqı müqaviləsinin icrasından (yəni Satıcı tərəfindən tərtib edilmiş bank ödəmə tapşırığının Alıcı tərəfindən qəbul edildikdən) sonra 30 %-ni 1 ayda, 60%-ni növbəti 3 ay müddətində və qalan 10 %-ni isə növbəti ayda ödənilsin. ”X2 LLC” MMC ilə mövcud olmuş və hazırda məhkəmə qaydasında etibarlığı tələb edilən imzalanmış nəqliyyat ekspedisiya xidmətinin göstərilməsi barədə müqaviləni təzələməklə gələcəkdə də onunla dostcasına əməkdaşlıq edilsin. “X2 LLC” MMC-nin iddiaçı "xxxx" firmasına və ikinci cavabdeh X5 qarşı “Bağlanmış müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın tutulması haqqında qarşılıqlı iddia tələbindən imtina qəbul edilsin. X5 öhdəlik qoyulsun ki, o, “X2 LLC” MMC-yə nə hal-hazırki, nə də bundan sonra olacaq təsisçilərinə Barışıq Razılaşmasının (Sazişinin) predmetinə və ya da digər hallar üzrə mövcud olmuş mübahisələr haqqında iddia tələbləri qaldırmayacaq və “X2 LLC” MMC ilə bağlı informasiyalardan istifadə etməyəcək və onları yaymayacaq”. Qeyd edilən qərardadla iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı 26726743 manat əsas borcun, 362.370,28 manat məbləğində faiz borcunun tutulması haqqında iddia ərizəsi üzrə işə tərəflər arasında barışıq sazişi imzalandığı üçün xitam verilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli iş üzrə verdiyi icra vərəqəsinə əsasən 1 saylı Bakı yerli iqtisad Məhkəməsinin 2(81)- 58/2009 nömrəli, 05.08.2009-cu il tarixli qərardadın nəticə hissəsində göstərilənlər həmin icra vərəqəsində öz əksini tapmışdır, icra vərəqəsində tələbkar kimi "xxxx" firması, borclu kimi “X2 LLC” MMC BM göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********19 nömrəli, 23.06.2017-ci il tarixli "xxxx" MMC-yə ünvanlanmış məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli icra vərəqəsinə və qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, S.Əliyev küçəsi, ev 9a,44 saylı mənzil, Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhü küçəsi, ev 2, 100 saylı mənzil, Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 15a, 20 saylı mənzil, Bakı şəhəri, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 10, 1 sayı mənzil "xxxx" firmasının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan “X2 LLC” MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 7/225 nömrəli, 11.07.2017-ci il tarixli müraciətinə əsasən iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, S.Cəfərov küçəsi, ev 9a, 44 saylı mənzil, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhü küçəsi, ev 2, 100 saylı mənzil, Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 15a, 20 saylı mənzil, Bakı şəhəri, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 10, 1 saylı mənzil üzərində hüquqların "xxxx" firmasının adına aparılmış dövlət qeydiyyatını və buna dair çıxarışları ləğv etməyi xahiş etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-761/2019 nömrəli, 05.11.2019-cu il tarixli, qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı Birgə müəssisəsinə qarşı “borcun qaytarılması, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş üzrə 2(81)-58/2009 nömrəli, 23.04.2015-ci il tarixdə verilmiş icra vərəqəsi əsasında əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 04.05.2017-ci il tarixli qərarının ləğv edilməsinə dair borclu İddiaçı MMC-nin ərizəsinin təmin edilməməsi barədə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 27.08.2019-cu il tarixli, 2-2(81)-58/2019 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Göründüyü kimi mübahisə predmetini təşkil edən mənzil Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, 05.08.2009-cu il tarixli icra vərəqəsinə və qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. İddia ərizəsindən görünür ki, hazırki mübahisənin mahiyyəti daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi barədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında göstərilir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunan Qərarın 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışın mübahisələndirilmə əsasını mülki hüquq münasibətləri təşkil edir. Bu halda kollegiya hesab edir ki, iddiaçının həmin tələbi hüquqi təbiəti baxımdan mülki-hüquqi tələbdir. Bu səbəbdən iddiaçının həmin tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən çıxarış daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə olduğundan, həmin çıxarış inzibati akt hesab olunmadığından və tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı çıxarışın verilməsinə əsasını təşkil etmiş sənədlərin ləğvinə və ya etibarsızlığına nail olduqdan sonra həmin hala istinadla çıxarışın ləğvinə dair inzibati orqana müraciət etməli, həmin müraciəti təmin edilmədikdə isə inzibati orqanın hərəkətini məhkəmədə mübahisələndirməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan halları araşdırmaq apelyasiya instansiyası məhkəməsinin də xidməti vəzifəsinə aid olduğundan məhkəmə kollegiyası bu barədə araşdırma apararaq müəyyən etmişdir ki, işə birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin mümkünlük şərtlərini düzgün yoxlamadan işi mahiyyəti üzrə araşdırıb müvafiq qərar qəbul etmişdir ki, bununla da düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “X2 LLC” MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2021 saylı 16.03.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı “X2 LLC” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv olunması tələbinə dair İddiası mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar