Məhkəmə qərarları › İş №2-1(103)-1720/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1720/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1720/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-9314/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X2 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, X5 yerləşən sahəsi 0.12 hektar olan 273 “k” sahəsinə dair çıxarışın, plan və ölçüsünün verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X2 bağlar sahəsindəki 152 saylı kooperativi tərəfindən verilmiş orderə, Baki şəhər X1 İcraiyyə Komitəsinin tərəfindən verilmiş qərara və məhkəmə qətnaməsinə əsaslanaraq mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnun olduğunu bəyan edir. Müvafiq olaraq qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin cavabdeh iddiaçının hüquqlarının qeydiyyatından imtina edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə etiraz təqdim edərək, qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkar edilməmişdir. Həmçinin, bağ sahəsinin ayrılmasına dair order və orderin verilməsinə əsas olan qərar İdarənin arxivində aşkar edilməmişdir Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-9314/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X2 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, X5 yerləşən sahəsi 0.12 hektar olan 273 “k” sahəsinə dair çıxarışın, plan və ölçüsünün İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Əlavə olaraq, Binəqədi Rayon Məhkəməsinin 2(001)-943/2012 saylı, 01.02.2012-ci il tarixli qətnaməsində istinad edilmiş İddiaçı adına 152 nömrəli BTK nəzdində X5 273k saylı bağ sahəsinin ayrılmasına dair b/s nömrəli order, həmçinin Bakı şəhər İcraiyyə Komitəsinin 20.10.1998-ci il tarixli 1/16 nömrəli qərarı idarənin arxivində aşkar edilməmişdir. Həmçinin Bakı şəhər İcraiyyə Komitəsinin 20.10.1998-ci il tarixli 1/16 nömrəli qərarı ilə iddiaçı tərəfindən idarəyə təqdim edilmiş arxiv çıxarışında qeyd edilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 9/333 nömrəli, 30.08.1989-cu il tarixli qərarı arasında nömrə və tarixlərdə uyğunsuzluq mövcuddur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin həm imtina cavabının, həm də etirazın, həm də apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi mübahisəli torpaq sahənin iddiaçının adına keçirilməsini mümkünsüz hesab etməsinin əsasları kimi göstərilmişdir ki, müvafiq bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkar edilməmiş, həmçinin bağ sahəsi ilə bağlı order və qərar İdarənin arxivində mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin imtinasının qanuni olubolmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara cavab məktublarından məlum olur ki, Goradil ərazisində yerləşən 273 K saylı bağ sahəsi ilə bağlı İddiaçı adına verilmiş order aşkar olunmasa da, həmin bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən Bakı şəhər X1 İcraiyyə Komitəsinin 30.08.1989-cu il tarixli qərarı mövcuddur. Təkzib olunmaz haldır ki, hazırki qanunvericilik vətəndaşın əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərdən biri olaraq orderin mövcudluğunu şərtləndirmişdir. Lakin, nəzərə alınmalıdır ki, həmin qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin əhatə dairəsi konkretləşdirilmiş və daha geniş təsvir olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinə əsasən, fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənziltikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd X1 icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar bağ evləri, habelə onların altında olan və torpaq sahələrinə münasibətdə hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq bağ sahəsi ilə bağlı orderin olub-olmaması istiqamətində zəruri araşdırma aparmış və müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-943/2012 saylı, 01.02.2012-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar həmin bağ sahəsinə münasibətdə cavabdeh tərəfindən plan-sxem verilmişdir. Məhkəmə sorğusu əsasında tələb olunmuş mülki icraat materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-943/2012 saylı, 01.02.2012-ci il tarixli qətnaməsinin qəbul olunmasının əsasında məhz Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X2 bağlar sahəsindəki 152 saylı kooperativinin notarial qaydada təsdiq olunmuş orderi əsas durur. Həmin dövrdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən mübahisəli bağ sahəsi ilə bağlı plan-sxeminin verilməsinə dair qətnamə qəbul edilərkən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi həmin qətnaməni yuxarı instansiya məhkəmələrində mübahisələndirməyərək, bağ sahəsinin iddiaçıya ayrıldığını öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Həmçinin, cavabdeh hazırda orderin mövcudluğunu mübahisələndirsə də, mülki məhkəmə mübahisəsi zamanı bu məqama toxunmamış, əksinə məhkəmə qətnaməsini mübahisələndirməyək icra etmiş və plan-sxeminin verilməsini həyata keçirmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən sərəncamın və orderin olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mərhələdə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X2 bağlar sahəsindəki 152 saylı kooperativi tərəfindən iddiaçının adıına verilmiş order aşkar olunmamışdır. Nəzərə alınmalıdır ki, həmin orderin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən digər hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən olunduğundan, orderin hazırki mərhələdə müəyyən edilməməsi onun ziyanına şərh edilə bilməz. Məhkəmə sorğusu əsasında tələb olunmuş mülki icraat materiallarında mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən notarial qaydada təsdiq olunmuş order aşkar edilmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən məhkəmə mübahisəsi qiymətləndirilərkən sözügedən orderin mövcudluğuna istinad olunmuşdur. Bu istiqamətdə aparılmış zəruri araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin orderin surətinin təsdiq edilməsi Bakı şəhəri 11 saylı Notariat ofisi tərəfindən həyata keçirilmiş və müvafiq olaraq reyestr kitabında qeydə alınmışdır (reyestr kitabından çıxarış təqdim olunmuşdur). Birinci instansiya məhkəməsi bildirmişdir ki, hazırda mülki mübahisə zamanı qəbul edilmiş məhkəmə qətnaməsi qüvvədə olduğundan, həmçinin həmin dövrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qətnamə əsasında bağ sahəsi ilə bağlı iddiaçıya plan-sxem verildiyindən, o cümlədən də sözügedən orderin notarial qaydada təsdiq edilməsi ilə bağlı notarial iş mövcud olduğundan, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X2 bağlar sahəsindəki 152 saylı kooperativi tərəfindən iddiaçının adıına verilmiş orderin mövcudluğu şübhə doğurmamalıdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-cı maddəsinin, həmçinin də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinin tələbləri baxımından bağ sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərə sahib olmuşdur. Bununla yanaşı, cavabdehin bağ sahəsi ilə sxematik xəritə arasında olan uyğunsuzluğun olmasına dair irəli sürdüyü mülahizələr təkzib olunur. Çünki, məhz məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən plan-sxemin verilməsi həyata keçirilmişdir ki, bu da onu göstərir ki, cavabdeh inzibati orqan tərəfindən bağ sahəsinin ölçüsü və naturada yeri təhkim olunmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir Birinci instansiya məhkəməsi, eyni zamanda orderdə adıçəkilən 20.10.1998-ci il tarixli 1/16 saylı qərarı ilə 30.08.1989-cu il tarixli 9/333 nömrəli qərarı arasında nömrə və tarixlərdə uyğunsuzluğun mövcudluğu dəlilinə münasibətdə isə qeyd etmişdir ki, həmin hal iddiaçının hüquqmüəyyənedici sənəd əsasında mülkiyyət hüququnun tanınmasında formal imtina əsası qismində çıxış edir. Belə ki, hər nə qədər orderdə digər bir qərara istinad edilsə də, həmin hal iddiaçının bağ sahəsinə hüquqmüəyyənedici sənəd kimi 30.08.1989cu il tarixli 9/333 nömrəli qərarının mövcudluğunu istisna etmir. Göründüyü kimi bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd mövcuddur. İddiaçının faktiki istifadəsində olan bağ sahəsi ilə bağlı tərtib edilən texniki sənəd isə, adından da göründüyü kimi hüquqmüəyyənedici sənəd əsasında iddiaçıya məxsus torpaq sahəsinin yerləşmə yerini müəyyən edir. Bu zaman həmin sənədin verilməsinə əsas olan orderin verilməsinə əsas sənəd kimi göstərilən 1998-ci il tarixli qərara istinad edilməsi iddiaçının iradəsindən asılı olmayan işin faktiki halı kimi qiymətləndirilməlidir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıya məxsus orderin arxiv materiallarında aşkar edilmir, nəinki onun verilməsinə əsas olan sənəd. Lakin həmin qərarın aşkar edilməməsinin, həmçinin də həmin qərarın mövcud olmamasına münasibətdə məhkəmə həmin hala şübhə ilə yanaşır. Başqa sözlə, qərarın arxiv sənədlərində mövcud olmaması, həmin qərarın mövcud olmaması demək deyil. Cavabdehin dəlilindən də göründüyü kimi orderin də əsli aşkar edilməmişdi. Halbuki mülki icraat üzrə işin materialında həmin orderin təsdiq edilmiş surəti mövcud idi. Göründüyü kimi arxiv sənədləri içərisində qərar və orderin aşkar edilməməsi, həmin sənədlərin mövcud olmaması demək deyil. Hətta həmin order və qərar mövcud olmasa belə, 30.08.1989-cu il tarixli 9/333 nömrəli qərar mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir. Bağ sahəsinin yerləşdiyi yerin müəyyən edilməsi isə məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir ki, işin qeyd olunan halları birlikdə götürüldükdə iddianın təminin istisna edən halların mövcud olmadığı bir daha təsdiq edilir. Cavabdeh tərəfindən mötəbərliyi şübhə altına alınan Orderin olmaması, orderdə adıçəkilən qərarın 30.08.1989-cu il tarixli 9/333 nömrəli qərar qeyd edilməməsi isə müraciətin təminindən imtinanın formal əsası qismində məhkəmə tərəfindən qiymətləndirilir. Belə ki, həmin order hüquqmüəyyənedici sənəd qismində cavabdeh tərəfindən mübahisələndirilsə belə, mübahisəyə açıq olmayan hal məhkəmə qətnaməsi və həmin qətnamə əsasında verilən texniki sənəddir ki, adıçəkilən texniki sənəd, yəni plan çizgi, order və orderdə adıçəkilən qərardan kənar, təkcə yuxarıda göstərilən 30.08.1989-cu il tarixli 9/333 nömrəli qərarla birgə mülkiyyət hüququnun qeydiyyata alınması əsası qismində çıxış edir Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtinanın və iddia ərizəsinə etirazın dəlilləri ilə üst-üstə düşür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, X5 yerləşən sahəsi 0.12 hektar olan 273 “k” bağ sahəsinə çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-9314/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar